TÜRKPA-NIN IX PLENAR İCLASINDA

18/12/19
Dekabrın 18-də Bakıda TÜRKPA-nın Şura iclasından sonra qurumun IX plenar iclası keçirildi.
İclası açan TÜRKPA-nın fəaliyyətdə olan Sədri, Milli Məclisin Sədri Oqtay Əsədov Assambleyanın üzvü olan Qazaxıstan Parlamenti Məclisinin Sədri cənab Nurlan Niqmatulini, Qırğızıstan Joqorku Keneşinin Sədri cənab Dastanbek Jumabekovu, Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şentopu və rəhbərlik etdikləri nümayəndə heyətlərini salamladı.
Sədr həmçinin Özbəkistan Ali Məclisi Senatının Sədri xanım Tənzilə Narbayevanı salamladı. Bildirdi ki, Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis edilməsi haqqında Naxçıvan Sazişini artıq imzalamışdır. Şuranın 2 ay öncə Azərbaycanda keçirilən 7-ci Zirvə görüşündə Özbəkistan Prezidenti hörmətli Şavkat Mirziyoyev ilk dəfə iştirak etmişdir. Sədr yaxın zamanlarda Özbəkistan parlamentinin də TürkPA-nın tam hüquqlu üzvü olacağına inamını ifadə etdi. 
Spiker diqqətə çatdırdı ki, qədim dövrlərdən başlayaraq, türk dünyasının mütəfəkkir insanları türkdilli xalqların tərəqqi və inkişafını onların  birliyində, yekdilliyində görmüşlər. Türk birliyi ideyası İsmayıl Qaspıralı, Yusuf Akçura, Əli bəy Hüseynzadə, Ziya Göyalp, Əhməd Ağaoğlu kimi ziyalıların əsərlərində dərindən araşdırılmış və “dildə, fikirdə, əməldə birliyə” nail olmaq qayəsi ifadə edilmişdir. Onlar Egey sahillərindən, Aralıq dənizindən və Orta Asiyadan şərqə doğru çox geniş ərazidə məskən salmış türk xalqlarının ortaq milli-mənəvi dəyərləri zəminində gələcəkdə mütəşəkkil qüvvəyə çevriləcəyini qabaqcadan söyləmişlər. Sonrakı proseslər gedişində türk birliyi ideyası türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşləri ilə gerçəkliyə çevrilmiş,  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi qurumda real təcəssümünü tapmışdır. Bu tarixi hadisə ilə təqribən eyni vaxtda Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev dost və qardaş xalqlarımızın Parlament Assambleyasının yaradılması təşəbbüsü ilə çıxış etmişdir. 
Sədr bildirdi ki, türkdilli xalqların əməkdaşlıq təşkilatları arasında öz yeri olan Türkdilli Ölkələrin Parlament Assambleyası 10 ildən çoxdur ki, uğurla fəaliyyət göstərir. Bu dövrdə Assambleya özünü xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmağın səmərəli bir vasitəsi kimi göstərə bilmişdir. Parlament məclisi çərçivəsində iş birliyi ölkələrimiz arasında siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafında parlament diplomatiyasının zəngin potensialından istifadə edilməsinə yol açır. Bizim plenar iclasımız da “Türk dünyasında parlament diplomatiyası: sülh və təhlükəsizlik naminə regional əməkdaşlığın möhkəmləndirilməsi” mövzusuna həsr olunmuşdur. 
Ümumiyyətlə, müasir dünyada parlament diplomatiyasının əhəmiyyəti və rolu xeyli artmışdır. Parlament diplomatiyasının üstünlüyü bir sıra mətləbləri daha tez və necə deyərlər, anlaşıqlı şəkildə çatdırmağa qadir olmasıdır. 
Bu mənada parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası ənənəvi diplomatiya mexanizmlərini uğurla tamamlayır, dövlətlərin qarşılaşdığı problemlərin həllinə parlament vasitələrinin köməyi ilə töhfə verir. 
Sədr parlamentlərarası əməkdaşlığın bölgəmizdə mövcud olan münaqişələrin nizama salınmasına kömək göstərə biləcəyinə inamını ifadə etdi. Bildirdi ki, bunun üçün ilk növbədə, qarşılıqlı etimada əsaslanan iş birliyi inkişaf etdirilməlidir. 
Türkdilli dövlətlər coğrafi-strateji baxımından dünyanın çox önəmli bölgələrində yerləşirlər. Hazırda burada həyata keçirilən transmilli iqtisadi layihələr Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə sıx bağlayır. Xəzər neftini və qazını dünya bazarlarına çıxaran Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum və TANAP qaz kəmərləri, həmçinin tarixi İpək Yolunun fəaliyyəti üçün böyük önəmi olan Bakı–Tbilisi–Qars dəmir yolu istifadəyə verilmişdir. Regional əməkdaşlığın uğurlu nümunələri olan bu layihələr dost və qardaş xalqlarımızın bugünkü və gələcək rifahının yüksəlməsinə kömək göstərir, eyni zamanda, bölgədə sülh və təhlükəsizliyə töhfə verir.  
Sədr daha sonra təəssüf hissi ilə bildirdi ki, uzun illərdən bəri közərən münaqişə ocaqları dövlətlər arasında iqtisadi əməkdaşlığa maneçilik törədir. Bildiyiniz kimi, Ermənistan Respublikasının silahlı təcavüzü nəticəsində 25 ildən çoxdur ki, Azərbaycan torpaqlarının 20 faizi işğal edilmiş, 1 milyon soydaşımız qaçqına və məcburi köçkünə çevrilmişdir. Bir çox beynəlxalq təşkilatlar, xüsusən  BMT-nin Təhlükəsizlik Şurası və Baş Məclisi, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti və digər qurumlar münaqişəyə dair qəbul etdikləri çoxsaylı sənədlərdə Azərbaycan ərazilərinin işğalına son qoyulmasını tələb etmişlər.  
Spiker bu məsələdə tutduqları mövqeyə görə dost və qardaş türkdilli ölkələrin dövlət başçılarına və parlamentlərinə bir daha təşəkkür etdi. Qeyd etdi ki,  Türkdilli Ölkələrin Parlament Assambleyası hər dəfə qəbul etdiyi bəyannamələrdə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini ifadə edir. Sədr problemin beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında tezliklə nizama salınacağına əminliyini bildirdi. 
TÜRKPA-nın fəaliyyətdə olan Sədri, Milli Məclisin Sədri Oqtay Əsədov toplantının işinə uğurlar, xalqlarımıza sülh, tərəqqi və firavanlıq arzuladı. 
İclasda çıxış edən Qazaxıstan Parlamenti Məclisinin Sədri Nurlan Niqmatulin, Qırğızıstan Joqorku Keneşinin (Parlamentinin) Sədri Dastanbek Jumabekov, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, Özbəkistan Ali Məclisi Senatının Sədri Tanzila Narbayeva TÜRKPA-nın əhəmiyyəti, gördüyü işlər, üzv ölkələrin qanunvericiliyinin uyğunlaşdırılması, problemlərin birgə həlli, turizmin inkişafı, türk dünyasının ortaq şəxsiyyətləri barədə mədəni fəaliyyətlərin həyata keçirilməsi, Assambleya üzvlərinin sayının artırılması, türkdilli ölkələrin təhlükəsizliyinin qorunması, parlament diplomatiyasının əhəmiyyəti barədə fikirlərini bölüşdülər, Bakıda keçirilən bu tədbirin yüksək səviyyədə təşkilinə görə  təşəkkürlərini bildirdilər. 
Tədbirdə çıxış edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş Katibi Bağdad Amreyev, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev, GUAM-ın Baş katibi Altay Əfəndiyev, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş katibinin müavini Əli Əsgər Məhəmmədi Sicani qurumun genişləndirilməsi,  türk dünyasında parlament diplomatiyası, regional əməkdaşlığın möhkəmləndirilməsi barədə fikirlərini bildirdilər, TÜRKPA-nın fəaliyyətinə uğurlar arzuladılar.
Sonra plenar iclasda TÜRKPA Katibliyinin 2020-ci il üçün büdcəsi təsdiqləndi, TÜRKPA-nın yenidən işlənmiş Reqlamenti, TÜRKPA Katibliyi haqqında yeni Əsasnamə  və qurumun Seçki Müşahidəsi haqqında Əsasnamə qəbul edildi. İclasda “Qeyri-maddi mədəni irsin qorunması haqqında”, “Turizm haqqında” model qanunlar qəbul edildi, TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun yaradılmasına razılıq verildi. İclasda TÜRKPA komissiyalarının bir sıra hesabat məruzələri və tövsiyə qərarları da təsdiqləndi, 9 iyun 2019-cu il tarixində Qazaxıstanda keçirilmiş erkən prezident seçkilərinə dair hesabat dinlənildi və nəzərə alındı.  
Plenar iclasın sonunda  Bakı Bəyannaməsi qəbul olundu.
Tədbirdən sonra jurnalistlər üçün brifinq keçirildi, KİV nümayəndələrini maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirildi.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi