MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

24/01/20
Yanvarın 24-də Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda keçirilən “Bakı-Moskva: Mədəniyyətlərin dialoqu”  adlı konfransın iştirakçıları ilə görüşdü. 
Qonaqları səmimi salamlayan Oqtay Əsədov əvvəlcə görüşdə iştirak edən TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanı yubileyi münasibətilə təbrik etdi. 
Sədr  bildirdi ki, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Siyasi münasibətlərimizin inkişafında dövlət başçılarımızın şəxsi münasibətlərinin və qarşılıqlı səfərlərin böyük rolu var. Hökumətlərimiz və parlamentlərimiz arasında da əlaqələr davamlı olaraq genişlənir. 2019-cu ildə ölkələrimiz arasındakı ticarət dövriyyəsi 3 milyard dollardan artıq olmuş və bunun daha da artması gözlənilir. Siyasi-iqtisadi münasibətlərimizlə yanaşı, humanitar əlaqələrimiz də getdikcə genişlənir.  Bunu bu günlərdə “Bakı-Moskva: Mədəniyyətlərin dialoqu”  adlı konfransın ölkəmizdə keçirilməsi bir daha sübut edir.
Sədr diqqətə çatdırdı ki, Azərbaycanda rus dilinə böyük hörmət var. Bakıda Slavyan Universiteti fəaliyyət göstərir, 338 orta məktəbdə rus dilində fənlər tədris olunur. 27 ali məktəbdə isə rusca tədris aparılır. 
Azərbaycanda M.V.Lomonosov adına Moskva Dövlət Univeristetinin filialı və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı fəaliyyət göstərir.
Sədr bildirdi ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya son səfəri zamanı keçirilmiş görüşlər, Moskvada keçirilmiş 10-cu Regionlararası Forum öz yaxşı nəticələrini vermişdir. Həmin səfər zamanı Mehriban xanım Əliyeva iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfələrə görə Prezident Vladimir Putin tərəfindən Rusiyanın Dostluq Ordeni ilə təltif olunmuşdu.
Ölkələrimiz arasında münasibətlərin səviyyəsini ən yaxşı xarakterizə edən Prezident İlham Əliyev bildirmişdir ki, əgər bütün ölkələr arasındakı münasibətlər Rusiya və Azərbaycanın münasibətləri kimi olsaydı, dünyada problem qalmazdı.
Səmimi görüş üçün minnətdarlığını bildirən Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov 23-26 yanvar tarixlərində Bakıda keçirilən “Bakı-Moskva: Mədəniyyətlərarası dialoqu” adlı konfransda iştirak etmək məqsədilə ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşləri yüksək qiymətləndirdi.  Bildirdi ki, bu cür tədbirlər ölkələrimiz arasındakı münasibətlərin inkişafına mühüm töhfədir.
Dağlıq Qarabağ münaqişəsindən danışan İlyas Umaxanov dedi ki, Rusiya bu münaqişənin beynəlxalq hüquq prinsiplərinə uyğun həllinə tərəfdardır və münaqişənin həlli üçün bundan sonra da dəstəyini davam etdirəcək. 
Görüşdə Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin deputatı Mixail Zabelin, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev  və digər rəsmi şəxslər iştirak edirdilər. 

Milli Məclisin 
Mətbuat xidməti






Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi