İCTİMAİ BİRLİKLƏR VƏ DİNİ QURUMLAR KOMİTƏSİNİN İCLASINDA

24/06/20
İyunun 23-də Milli  Məclisin İctimai  birliklər  və dini qurumlar komitəsinin  növbəti onlayn iclası  keçirilib. 
İclası aparan Milli Məclis  Sədrinin müavini, İctimai  birliklər  və dini qurumlar komitəsinin  sədri Fəzail İbrahimli  deputatlara məlumat verib ki, gündəliyə birinci oxunuşda 3 məsələ daxil edilib və həmin  qanun layihələri parlamentə bir zərfdə təqdim olunub. 
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişikliklər rəqəmsal texnologiyanın inkişafı nəticəsində elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi məqsədini daşıyır. Həmçinin “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının elektron sistemindən istifadə zamanı sənədlərin əldə edilməsinin asanlaşdırılmasını nəzərdə tutur. Bunlarla əlaqədar yeni layihədə qanunun 9-cu maddəsinə 9.2-3-cü və 9.2-4-cü maddələr əlavə olunur.
Komitə sədri vurğulayıb ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda bu dəyişikliklərin edilməsi “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna da müvafiq dəyişikliklər edilməsi zərurətini yaradır. Beləliklə, qanunvericiliyin uyğunlaşdırılması baxımından “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna 16.2-1, 16.2-2 və 24-3-cü maddələr əlavə olunur. Həmin maddələr təsis sənədləri ilə bağlı qeydiyyat və digər müraciətlərin (qrant müqavilələri, ianələr üzrə məlumatların təqdim edilməsi və s.) elektron qaydada aparılmasının mümkünlüyünü müəyyənləşdirir, habelə dövlət qeydiyyatının gücləndirilmiş elektron imzadan istifadə etməklə elektron məlumat sistemi vasitəsilə aparılmasını nəzərdə tutur. 
Onlayn iclasda gündəlikdəki 3-cü məsələni şərh edən vitse-spiker Fəzail İbrahimli  bildirib ki, “Qrant haqqında” qanunda edilən dəyişiklik də uyğunlaşdırma xarakteri daşıyır, QHT-lərin bağladığı qrant müqavilələrinin qeydə alınmasının elektron məlumat sistemi vasitəsilə həyata keçirilməsi üçün hüquqi əsaslar yaradır. 
Sonra onlayn iclasda müzakirələr aparılıb. Komitə üzvləri  Azər  Badamov, Sevinc  Fətəliyeva, Malik Həsənov,  Anar İsgəndərov, Ceyhun Məmmədov və  Cavanşir Paşazadə rəy və təkliflərini bildiriblər. 
Yekunda gündəlikdəki qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə  olunub. 

Milli Məclisin Mətbuat  və 
ictimaiyyətlə əlaqələr  şöbəsi

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi