ASİYA PARLAMENT ASSAMBLEYASI COVID-19 PANDEMİYASINA HƏSR OLUNMUŞ VİDEOKONFRANS KEÇİRİB

10/07/20
İyulun 9-da Asiya Parlament Assambleyası COVID-19-a həsr olunmuş videokonfrans keçirib. Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva onlayn konfransda koronavirus infeksiyası ilə mübarizədə Azərbaycanın yerli və beynəlxalq səviyyədə gördüyü işlərdən danışıb.
Videokonfransın açılışında hazırda təşkilata sədrlik edən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, İran İslam Şurası Məclisinin Sədri Məhəmməd Bakir Qalibaf, Türkiyənin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri xanım Asuman Ərdoğan və üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri çıxış edərək COVID-19-a qarşı mübarizənin gücləndirilməsi vacibliyini xüsusi vurğulayıblar. 
Asiya Parlament Assambleyasının Baş katibi Məhəmməd Rza Məcidi bildirib ki, bu tədbir üç ölkənin – Azərbaycan, Türkiyə və Küveytin təşkilatdakı nümayəndə heyətləri rəhbərlərinin təşəbbüsü ilə təşkil olunub. Onlar Katibliyə və üzv ölkələrə müraciət edərək belə bir onlayn konfransın çağırılması və COVID-19-la mübarizədə birgə səylərin gücləndirilməsi istiqamətində müzakirələrin vacibliyini qeyd ediblər.
Videokonfransdakı çıxışında Azərbaycan nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva bir çox vacib məqamlara toxunub. Qeyd edib ki,  COVID-19 pandemiyasına qarşı davamlı mübarizə aparılması çox təqdirəlayiqdir. Bildirib ki, Azərbaycan koronavirusun yayılmasının qarşısını almaq üçün təxirəsalınmaz və zəruri tədbirlər görüb. Prezident İlham Əliyevin imzaladığı sərəncam və fərmanlara əsasən Nazirlər Kabineti yanında Operativ Qərargah, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Mübarizənin effektivliyini artırmaq üçün Prezidentin Ehtiyat Fondundan lazımi vəsait ayrılıb. Bundan əlavə, Prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyeva illik maaşlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışlayıblar.  
Azərbaycan nümayəndə heyətinin rəhbəri Asiya Parlament Assambleyasındakı həmkarlarına məlumat verib ki, pandemiya zamanı bizim üçün əsas prioritet insanların sağlamlığının qorunması və sosial müdafiəsidir. Bu məqsədlə qısa müddətdə 40-dan çox xəstəxana koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb. Ölkədə 29 sınaq laboratoriyası fəaliyyət göstərir. İndiyədək 500 mindən çox test keçirilib. Epidemiya dövründə Bakıda “Yeni klinika” tibb müəssisəsi və bir neçə modul tipli xəstəxana kompleksi istifadəyə verilib. Pandemiyadan zərər çəkən iqtisadiyyat sektorlarını, işsizləri, işini itirənləri, aztəminatlı vətəndaşları və hətta qeyri-rəsmi işlə məşğul olanları dəstəkləmək üçün Azərbaycan dövləti 3 milyard manatdan çox vəsait ayırıb.
Bildirib ki, pandemiyanın ilk günlərindən ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə sıx əlaqədə olub. ÜST-ün fikrincə, Azərbaycan pandemiyaya qarşı mübarizədə model ölkələrdən biri hesab olunur. 
Milli Məclisin komitə sədri bir məqama da toxunub ki, koronavirus pandemiyası dünyadakı vəziyyəti tamamilə dəyişdi, nəticədə yeni reallıqlar ortaya çıxdı. Lakin Azərbaycan yeni vəziyyətə tez və adekvat reaksiya verdi. Bunu Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən,  Qoşulmama Hərəkatının Təmas Qrupunun, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının koronavirusa qarşı mübarizəyə həsr olunmuş Zirvə toplantıları və digər tədbirlər də sübut edir.  
Xatırladıb ki, “COVID-19 qarşı birlikdəyik” adlı zirvə toplantısına dünyanın müxtəlif ölkələrindən 40-dan çox yüksək vəzifəli şəxs qatıldı. Yüksək səviyyəli görüşdə BMT-nin və ÜST-ün rəhbərliyi altında göstərilən səylərə toxunuldu, beynəlxalq əməkdaşlığın bilik mübadiləsi və ən yaxşı təcrübələri tətbiq edilməklə pandemiyanı idarə etmək yolları araşdırıldı. 
Q.Paşayeva çıxışında Azərbaycanın 30-dan çox ölkəyə və 3 beynəlxalq təşkilata dezinfeksiyaedici maddələr, qoruyucu vasitələr, tibbi maskalar və digər zəruri avadanlıqlar göndərdiyini, koronavirusla mübarizə üçün ÜST-ə 5 milyon ABŞ dolları ayırdığını, Qoşulmama Hərəkatının üzv ölkələrindən ən çox yardıma ehtiyacı olan ölkələrə dəstək vermək üçün əlavə 5 milyon ABŞ dolları ayırdığını, bir çox ölkələrə humanitar yardım göndərdiyini vurğulayıb. 
Pandemiyanın nəticələrini yüngülləşdirmək üçün Azərbaycan parlamentinin səylərindən söz açan Q.Paşayeva videokonfrans iştirakçılarına məlumat verib ki, epidemiya dövründə Milli Məclis öz fəaliyyətini davam etdirib, COVID-19-a qarşı mübarizənin səmərəliliyini artırmaq  üçün bir sıra təcili qərarlar qəbul edib.
Asiya Parlament Assambleyasının tədbirində quruma üzv olan 20-dən çox ölkənin nümayəndə heyətinin rəhbərləri çıxış edərək təkliflər irəli sürüblər, fikir mübadiləsi aparılıb, qətnamə layihəsi müzakirə olunub.

Milli Məclisin Mətbuat  və
ictimaiyyətlə əlaqələr şöbəsi









Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi