AZƏRBAYCAN-PAKİSTAN PARLAMENT SƏDRLƏRİNİN VİDEOKONFRANS FORMATINDA GÖRÜŞÜ OLUB

05/09/20
Bu gün Milli Məclisin Sədri xanım Sahibə Qafarovanın Pakistan İslam Respublikası Senatının Sədri cənab Məhəmməd Sadiq Sancrani ilə videokonfrans formatında görüşü keçirilib.
Pakistan Senatı Sədrinə görüş təşəbbüsü üçün təşəkkürünü bildirən Sahibə Qafarova bildirib ki, bu, Milli Məclisin Sədri vəzifəsinə seçiləndən sonra xarici həmkarı ilə videokonfrans formatında ilk görüşüdür. Milli Məclisin spikeri xatırladıb ki, Azərbaycanla Pakistan arasında diplomatik münasibətlər 1992-ci ildə yaradılıb, 1993-cü ildə Pakistanın Azərbaycanda, 1997-ci ildə isə Azərbaycanın Pakistanda səfirliyi fəaliyyətə başlayıb.
Sahibə Qafarova ölkələrimizin dost və qardaşlıq münasibətlərindən söz açaraq, beynəlxalq arenada Pakistanın Dağlıq Qarabağ probleminin həlli istiqamətində ölkəmizə verdiyi daimi dəstəyə və işğalçı Ermənistanı dövlət olaraq tanımadığına görə təşəkkürünü bildirib. Xanım Sədr 2013-cü ildə Pakistan Senatının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat verməsini, 2012-ci ildə Senatın Beynəlxalq münasibətlər komitəsinin, 2017-ci ildə isə Pakistan Milli Assambleyasının Xarici əlaqələr üzrə daimi komitəsinin Xocalı soyqırımına dair qətnamələr qəbul etməsini məmnuniyyətlə xatırlayıb. 
Sahibə Qafarova Azərbaycanın həmişə Pakistanın yanında olduğunu və ölkəmizin Kəşmir problemi ilə əlaqədar BMT-nin qəbul etdiyi qətnamələri əsasında həll edilməsini dəstəklədiyini  diqqətə çatdırıb.
Pakistan İslam Respublikası Senatının Sədri Məhəmməd Sadiq Sancrani Milli Məclisin Sədri Sahibə Qafarovaya  görüş dəvətini qəbul etdiyinə görə minnətdarlığını bildirib. Senat Sədri Prezident İlham Əliyevə pandemiya dövründə Pakistana Azərbaycan tərəfindən göstərilən 1 milyon dollar məbləğində yardıma görə təşəkkür edib.
O, qeyd edib ki, hər iki ölkənin parlamentində qarşılıqlı işçi qrupları fəaliyyət göstərir və parlamentlərarası əlaqələrin inkişafında yaxından iştirak edirlər. Pakistan Senatının Sədri 2018-ci ildə ölkəmizin müstəqilliyinin 100 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Azərbaycanda olduğunu  və pandemiyadan sonra qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının vacibliyini vurğulayıb. 
Senat Sədri bildirib ki, Pakistan da həmişə Azərbaycanın yanındadır və hər zaman olduğu kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələr əsasında həllini dəstəkləyir.
Parlament sədrləri bir-birini pandemiyadan sonra öz ölkələrinə səfərə dəvət ediblər.

Milli Məclisin Mətbuat və 
ictimaiyyətlə əlaqələr şöbəsi

   

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi