2016-ci il 7 dekabr tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
V SESSİYASI İCLASININ

PROTOKOLU  № 29

Milli Məclisin iclas salonu.
7 dekabr 2016-cı il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 109 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.18 dəq.)
İştirak edir  100
Yetərsay  83

İclasa dəvət olunmuşlar:

Elçin Əfəndiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Əhmədov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.
İsmət Abasov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadiyyat naziri.
Səlim Müslümov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Heydər Əsədov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Mikayıl Cabbarov, Azərbaycan Respublikasının təhsil naziri.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Ramin Quluzadə, Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri.
Yavər Camalov, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri.
Kəmaləddin Heydərov, Azərbaycan Respublikasının fövqəladə hallar naziri.
Hicran Hüseynova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri.
Tahir Budaqov, Azərbaycan Respublikası Dövlət Statistika  Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri.
Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının  sədri.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Firsənd Qurbanov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Fazil İbrahimov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini.
Səfər Mehdiyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini.
Natiq Abbasov, Azərbaycan Respublikası energetika nazirinin müavini.
Vaqif Əliyev, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini.
Musa Pənahov, Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini.
Firdovsi Əliyev, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini.
İsmayıl İsmayılov, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini.
Səyyad Salahlı, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il üçün xərclər smetası haqqında.
6. Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında.

Aşağıdakı məsələ  müzakirə edilmişdir:

Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Jalə Əliyeva, Tahir Rzayev, Musa Quliyev, Yevda Abramov, Məlahət İbrahimqızı, Ziyafət Əsgərov, Aqiyə Naxçıvanlı, Elmira Axundova, Ağalar Vəliyev, Tahir Mirkişili, Elçin Quliyev, Əhliman Əmiraslanov, Çingiz Qənizadə, Siyavuş Novruzov, Əflatun Amaşov, Eldar Quliyev, Gövhər Baxşəliyeva, Bahar Muradova, Əli Həsənov, Elman Nəsirov, İqbal Məmmədov, Səməd Seyidov, Sevinc Hüseynova, Elşən Musayev, İlham Məmmədov, Mirzəcan Xəlilov, Rauf Əliyev,  Mikayıl Cabbarov,  Şahin Mustafayev, Samir Şərifov

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

MİLLİ MƏCLİSİN İCLASI

7 dekabr  2016-cı il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.18 dəq.)
İştirak edir  100
Yetərsay  83

Çox sağ olun, yetərsay var. Dünənki siyahı ilə iclasımıza davam edirik. Jalə Əliyeva buyursun.
J.Əliyeva. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hökumət üzvləri və media mənsubları! Hamımıza məlum olan  həqiqəti bir daha vurğulamaq istəyərdim. Biz bütün dünyanın içərisində olduğu iqtisadi burulğanın təsirini, onun mənfi fəsadlarını ölkədə aparılan uğurlu və düzgün siyasət nəticəsində minimuma endirməyə nail olduq. Biz təqribən 10 il bu böhranı ölkəmizdən uzaq tutduq. Amma bütün cəhdlərimizə baxmayaraq, bu böhran beynəlxalq iqtisadi sistemin bir parçası olan Azərbaycandan da yan keçmədi. Bununla belə dayanıqlı iqtisadi inkişafın təmin olunması üçün cənab Prezidentin rəhbərliyi altında bu gün də müvafiq tədbirlər görülür. Müzakirə etdiyimiz büdcə layihəsi də həmin tədbirlər planının icrasının tərkib hissəsi və hətta deyə bilərik ki, onurğa sütunudur. Əlbəttə, necə deyərlər, kəmərləri sıxmağımızın və bu müvəqqəti çətinliklərin aradan qaldırılması üçün dövlətimizin yanında olmağımızın, cənab Prezidentə yardımçı olmağımızın vacibliyini hər birimiz dərk edirik. Bu baxımdan yanaşdıqda təqdim olunan layihəni birmənalı olaraq dəstəkləyirik. Lakin, eyni zamanda, həllini gözləyən bir sıra məsələlər var ki, mən onları səsləndirməyi əhəmiyyətli hesab edirəm. Vaxt darlığını nəzərə alaraq bəzi fikirlərimi tezisvari şəkildə deyəcəyəm.
Bu yaxınlarda cənab Prezident ölkədə sosial evlərin tikilməsi üçün sərəncam verdi. Bu, sözün əsl mənasında, vətəndaşa, az təminatlı ailələrə böyük bir töhfə və qayğı kimi qiymətləndirilməlidir. Eyni zamanda, bu, cənab Prezidentin həssaslığından xəbər verən bir məsələdir. Lakin biz bu həssaslığı həmin sərəncamdan irəli gələn vəzifələri yerinə yetirməli olan əlaqədar təşkilatlardan və icra orqanlarından da gözləyirik. Arzu edirik ki, büdcənin gərginliyi sosial evlərin tikilməsi ilə bağlı  işləri ləngitməsin.
Həlli vacib məsələlərdən digəri icbari tibbi sığorta ilə bağlıdır. Doğrudur, artıq ölkəmizin bir neçə rayonunda pilot layihələrə başlanılıb. Lakin əhalinin xüsusi ilə aztəminatlı təbəqəsinin sosial müdafiəsinin əhəmiyyətli bir hissəsini təşkil edən tibbi sığortanın bütün ölkədə ən qısa zamanda təmin edilməsinin prioritet məsələlərdən biri kimi nəzərdə tutulmasını xahiş edirik.
Digər bir məsələ. Təəssüflər olsun ki, bu gün ölkədə hələ də məişət zorakılıqları  baş verir. Ailə münaqişələri zamanı ən çox zərər görən qadınlar və uşaqlar olur. Həyat yoldaşı tərəfindən hücuma məruz qalan, dəfələrlə xəsarət alan qadın çox vaxt getməyə yeri olmadığı üçün bu işgəncələrə dözmək məcburiyyətində qalır. Təəssüflər olsun ki, bəzən bu vəziyyətin sonu kədərli bitir. Biz bunu daha əvvəlki illərdə də səsləndirmişdik. Bu məqsəd ilə yeni dövlət sığınacaqlarının və yardım mərkəzlərinin açılması cəmiyyətimizin sağlamlaşdırılmasına xidmət edərdi. Mədəniyyətin inkişafı və təbliği üçün büdcədən ayırmalarda bu sahəyə diqqətin ayrılmasını xahiş edirik.
Mən, eyni zamanda, bütün sahələr kimi, Azərbaycanda durmadan inkişaf edən nəqliyyat sektoru haqqında da danışmaq istərdim. Tranzit imkanları, yük daşımaları və bu sahədə əldə olunan dividentlər haqqında fikirlərimi yürütmək istəyirəm. Ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı və ölkədə loqistika mərkəzlərinin qurulması unikal coğrafi mövqeyə malik olan Azərbaycanı regionun iqtisadi mərkəzinə çevirmək və tranzit marşrutlarından faydalanmaq imkanı yaradır. Bu imkanlardan maksimum dərəcədə istifadə etmək üçün logistika sahəsinin inkişaf etdirilməsi, yeni logistik məhsulun ortaya çıxarılması günün tələbidir. Bu baxımdan məsələyə kompleks şəkildə yanaşmaq, infrastruktur layihələr həyata keçirmək və yaxud mövcud olanları tamamlamaq, yeni avadanlıqların alınmasını təmin etmək, bu prosedurları sadələşdirmək kimi məsələlərin həll edilməsi əhəmiyyətlidir. Bu məsələlərin həlli xarici iş adamları tərəfindən ölkəmizə sərmayə yatırımının səmərəsini də artıra bilər. Hər birimizə məlumdur ki, beynəlxalq nəqliyyat dəhlizlərinə çıxış və daxili infrastrukturun mükəmməl olması xarici investorları özünə cəlb edən amillərdəndir.
Digər tərəfdən bu sahənin inkişafının turizmin çiçəklənməsinə verəcəyi töhfəni də yaddan çıxarmamalıyıq. Məsələn, Bakı–Tbilisi–Qars dəmir yolunun inşası başa çatdıqdan və yaxud Azərbaycan–İran dəmir yolları birləşdirildikdən sonra bunun Azərbaycanın turizm imkanlarına  pozitiv təsir edəcəyini görməmək, əlbəttə ki, mümkün deyil. Eyni zamanda, Bakı dairəvi dəmir yolunun, Bakı hava limanına qədər yolun nəzərdə tutulan inşası həm Azərbaycan vətəndaşlarının, həm də ölkəmizə gələn turistlərin rahat və çevik hərəkət etməsinə imkan yaradacaq. Gələcəkdə isə Azərbaycanın bütün turizm məkanlarına dəmir yolu servisinin təşkili, yeni yolların salınması haqqında da düşünmək olar. Bu addımlar,  eyni zamanda, birmənalı olaraq yeni məşğulluq imkanlarının yaranmasına yol açacaqdır. Bu məqsəd ilə, əlbəttə ki, büdcədə müəyyən ayırmalar nəzərdə tutulubdur. Lakin bütün sadaladığımız məsələlərin kompleks həllinə nail olmaq üçün dünənki çıxışlarda da bu fikirlər səsləndi. Bu sahəyə yetərli miqdarda vəsaitin ayrılması lazımdır.
Mən sonda seçicilərdən daxil olan təşəkkür məktubları haqqında da söz demək istəyirəm. Bu günlərdə dövlət başçısı İlham Əliyev və ölkənin birinci xanımı Mehriban xanım Əliyeva regionlara növbəti səfərləri çərçivəsində deputatı olduğum Zərdab rayonuna səfər etdilər. Bu, cənab Prezidentin son illər ərzində həmin rayona dördüncü səfəri idi.  Prezidentin bu rayona bütün səfərləri onlarla əhəmiyyətli dövlət müəssisəsinin, yeni məktəb binalarının, yolların, mərkəzlərin, obyektlərin açılması ilə hər zaman yadda qalıb. Bu dəfəki səfəri isə Zərdab Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra açılışı ilə yadda qaldı. Uzun illər baxımsız vəziyyətdə qalan həmin xəstəxananın  müasir standartlara cavab verən modern bir müalicə və tibb mərkəzinə çevrilməsi, əlbəttə, vətəndaşımıza verilən dəyərin və uğurla həyata keçirilən sosial siyasətin daha bir nümunəsidir.
Mən, eyni zamanda, deputatı olduğum ucarlı seçicilərimin də təşəkkürlərini sizə çatdırmaq istəyirəm. Mən bu günlərdə həmin rayonun bir qrup tibb işçisindən  məktub almışam. Belə ki,  bir müddət əvvəl “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan tibb müəssisələri özəlləşdirməyə çıxarılmışdı. Həmin müəssisələr özəlləşdiriləcəyi təqdirdə orada çalışan 3029 nəfərin işsiz qalma təhlükəsi yaranmışdı. Eyni zamanda, həmin tibbi personaldan 40 nəfəri  özəlləşdirilməli olan Ucar xəstəxanasında çalışırdı. Lakin məhz ölkə Prezidenti İlham Əliyevin ölkədə işsizliyə qarşı apardığı islahatlara dəstək olaraq Baş nazir Artur Rasizadə tərəfindən sərəncama müvafiq dəyişikliklər edilib və həmin tibb müəssisəsinin özəlləşdirilməsinin qarşısı alınıb. Hökumət tərəfindən atılmış bu mühüm addıma görə, əlbəttə, birinci növbədə ölkə Prezidenti İlham Əliyevə  və eyni zamanda, çox hörmətli Artur müəllimə minnətdarlığımızı çatdırmaq istəyirəm. Mən sonda bir daha 2017-ci ilin dövlət büdcəsini dəstəklədiyimi bildirirəm və bütün millət vəkillərini bu layihəyə səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, əvvəldən sizə demədim, mənə elə gəlir ki, bu gün biz birinci məsələnin müzakirəsini başa çatdıracağıq. Müzakirələrdən sonra maliyyə nazirinə, iqtisadi inkişaf nazirinə və ya çıxış etmək istəyən hər hansı nazirə söz verərik,  sabah isə gündəliyin o biri məsələlərinə baxarıq. Ona görə çıxışların vaxtını dəyişmirik, olduğu kimi saxlayırıq. Çalışın, bir az konkret olun ki, çox millət vəkili çıxış edə bilsin. Tahir Rzayev buyursun.
T.Rzayev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli hökumət üzvləri və deputat həmkarlarım! Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinə müxtəlif prizmalardan yanaşmalar mövcuddur. Açıq fikirli insanlar büdcəyə mövcud reallıqdan qiymət verdikləri halda, bəzi qüvvələr bundan siyasi məqsədlər üçün istifadə etməyə çalışırlar. Dünyada baş verən hadisələri dərindən təhlil edərək qiymətləndirənlər yaxşı bilirlər ki, digər regionlarda olduğu kimi, ölkəmizdə yaranan müəyyən iqtisadi çətinliklər, büdcənin azalması bəzi iri dövlətlərin siyasi oyunlarının, kiçik dövlətləri öz mənafelərinə tabe etdirmək cəhdlərinin nəticəsində meydana gəlmişdir. Azərbaycan 25 ildən çoxdur ki, öz torpaqlarını erməni təcavüzkarlarından azad etmək uğrunda mübarizə aparır. Ordumuzun təmin olunmasına, yeni silahların alınmasına, qaçqın və köçkünlərin həyat şəraitinin yaxşılaşmasına, sərhədlərimizin möhkəmlənməsinə külli miqdarda vəsait sərf olunur. Torpaqlarımızın bir hissəsinin işğal altında olması, əkilib-becərilməməsi iqtisadiyyatımıza xeyli ziyan vurur. Əgər bu amillər olmasa idi, sosial məsələlərə milyardlarla əlavə vəsait ayrılmış olardı. Dünyada baş verən iqtisadi böhran, neftin qiymətinin aşağı düşməsi, dolların bahalaşması, münaqişələr, müharibə ocaqlarının yaranması Azərbaycandan da yan keçə bilməzdi.
Bu gün Azərbaycan Prezidentini, xalqımızı Qarabağ problemi, torpaqlarımızın, qaçqın və köçkünlərimizin taleyi daha çox düşündürür. Aprel döyüşləri zamanı xalqın bütünlüklə öz rəhbərinə, orduya dəstək verməsi, mübarizə əzmi bunu aydın göstərdi. Ölkədə hökm sürən ictimai-siyasi sabitlik, insanların sərbəst, dinc, qorxusuz yaşayışı ən böyük iqtisadi-siyasi nailiyyətdir. Bu sabitliyi qoruyub saxlamaq iqtisadiyyatımızın gələcək inkişafı, büdcənin artırılması üçün əsasdır. Ancaq biz dövlət büdcəsinin vəziyyətini tamamilə xarici amillər və dünyada baş verən hadisələr ilə əlaqələndirsək, səhv edərik. Məruzə və çıxışlarda büdcə ilə əlaqədar bir çox məsələlərə aydınlıq gətirildi, faktlar açıqlandı. Deyilənləri təkrar eləmək deyil, müəyyən məsələlərə münasibətimi bildirmək istəyirəm.
Birincisi, büdcənin qəbul olunmasına səs verəcəyəm. Çünki o, mövcud reallıqları özündə əks etdirməklə vəziyyətdən çıxmağın gələcək yollarını göstərir, sosialyönümlüdür. Ancaq bəzi vəzifə sahiblərinin büdcəyə qənaət etmək yolunu işçiləri ixtisar etməkdə görmələri məni çox narahat edir. 140–150 manatlıq ştatları ixtisar edib, insanları işsiz qoyanlar digər tərəfdən yüksək əmək haqqı ilə özlərinə neçə-neçə müşavir, köməkçi, xidmətçi təyin edənlər, bahalı xidməti maşınlar alanlar, dəbdəbəli inzibati binalar tikdirənlər büdcəyə qənaət etmirlər. Əksinə, insanlara sayğısızlıq göstərirlər, vəzifələrindən sui-istifadə edirlər. Yüzlərlə xadimənin, sürücünün, gözətçinin, kitabxanaçının illik əmək haqqı büdcədə çox cüzi olsa da,  neçə-neçə ailənin çörək puludur. Bu pulu kəsmək insafsızlıq olardı. Azmaaşlı ştatları ixtisar edib, insanları işsiz qoymazdan əvvəl büdcə xərclərinə nəzarəti artırmaq, israfçılığın qarşısını almaq lazımdır. Əslində, insanların məşğulluğunu təmin etmək üçün əmək haqqı az olsa da, iş yerlərinin, xidmət sahələrinin sayı artırılmalıdır. Özəl sektor inkişaf etdirilməlidir. Kiçik sahibkarlığa, azad ticarətə yaşıl işıq yandırılmalıdır. Tikinti sektorunun inkişafı büdcəyə əlavə vəsaitin cəlb edilməsinin səmərəli yoludur. Şəhər ətrafında müəyyən massivlər ayırıb orada planlı şəkildə insanlara fərdi evlər tikmələri üçün imkan yaradılsa, bu, vətəndaşların mənzil təminatında, məşğulluğunda, həm də büdcəyə külli miqdarda vəsaitin daxil olmasında mühüm rol oynaya bilər.
Büdcə kəsirinə ayrılan vəsaitin bir neçə dəfə azaldılması yaxşı hal deyil. Bu, yüzlərlə gəncin ümidini qırmaq, marağını söndürmək, neçə-neçə layihənin qarşısını almaq deməkdir. Büdcənin formalaşması və artımı tapşırılan işə məsuliyyəti, çevik idarəetmə mexanizmini, münasibətlərin düzgün qurulmasını, hakimiyyətin yerlərdə möhkəmlənməsini tələb edir. Regional idarələrin yaranması idarəetmə sistemində bir islahatdır və dəyərləndirilməlidir. Ancaq yaradılan bəzi regional idarələr yerli hakimiyyət orqanlarını eşitmirlər. Biz sərbəst idarələrik, rayona tabe deyilik deyərək istədikləri kimi hərəkət edirlər. Bu, yolverilməzdir. Biz hamımız dövlətə və xalqa xidmət etməliyik. Elə bilirəm ki, bu sahədə süründürməçiliyə son qoyulmalıdır. Bir məsələnin mərhələli həlli işə xeyir vermir. Bu gün söhbət rayonların özünümaliyyələşdirməsindən, büdcəyə qənaətdən, qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının, sahibkarlığın inkişafından gedirsə, yerli hakimiyyət orqanları ilə səmərəli işləmək və ərazidə işlərə hərtərəfli nəzarət etmək üçün lazımi imkan yaradılmalıdır. Dövlət büdcəsi hər bir vətəndaşın, vəzifəli şəxsin dövlətə və öz işinə münasibətinin göstəricisidir. Bu həm də dövlət rəhbərinin qayğısına və etimadına sədaqətin ifadəsidir. Hər bir kəs bu qayğı və etimadı qiymətləndirməyə, həm də doğrultmağa borcludur. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M.Quliyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri və qonaqlar! 2017-ci ilin dövlət büdcəsi layihəsi “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun şəkildə hazırlanıb. Bu büdcə mövcud reallıqlar, neft gəlirlərinin azalması, dünyada davam edən və getdikcə dərinləşən iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsirini nəzərə almaqla hazırlanan yığcam bir büdcədir. Belə büdcənin hazırlanması, doğrudan da, peşəkarlıq tələb edir. Bütün parametrlər və təsirlər nəzərə alınaraq elə bir büdcə formalaşdırılmalıdır ki, həm Azərbaycan iqtisadiyyatı inkişaf eləsin, həm sosial müdafiə təmin olunsun, həm hərbi qüdrətimiz artırılsın, həm də ölkənin beynəlxalq imicinə müsbət təsir edən addımlar atılsın. Bunlar hamısı bizim büdcədə yığcam şəkildə öz əksini tapıb. Belə büdcənin hazırlanmasında əməyi olan hər kəsə, xüsusilə Maliyyə Nazirliyinin peşəkar kollektivinə minnətdarlığımı bildirirəm. Büdcə ilə bağlı Hesablama Palatası bizə çox dəyərli bir rəy hazırlayıb veribdir. Mən deyərdim ki, Hesablama Palatasının son illərdəki fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Bu gün bizə təqdim edilən layihə, doğrudan da, elmi əsaslara və ciddi təhlilə söykənən layihədir və buna görə Hesablama Palatasına minnətdarlıq edirəm. Yeri gəlmişkən, dünən cənab Prezident sərəncamla Hesablama Palatasının yaranmasının 15 illiyi ilə əlaqədar bir qrup işçini təltif etdi. Onları da təbrik edirəm.
Büdcəmizin gəlirləri və xərcləri  ötən illərə nisbətən azalmışdır. Amma hər şey balanslı şəkildə müəyyən edilmişdir. Şübhəsiz ki, biz  gələcək illərdə daha geniş büdcə tərtib etməkdən ötrü,  rifah halını yüksəltməkdən ötrü büdcənin artırılması barədə düşünməliyik. Bu barədə cənab Prezident həm hökumətə, həm də dövlətə yol göstəribdir. Bu yol artıq qeyri-neft iqtisadiyyatı yoludur. Qeyri-neft iqtisadiyyatının inkişafı ilə bağlı, hesab edirəm, kənd təsərrüfatının, nəqliyyat sektorunun, ipoteka sektorunun, turizm sektorunun,  yüngül sənayenin inkişafına ciddi fikir verilməlidir. Cənab Prezidentin dünən imzaladığı fərmanla milli iqtisadiyyatın  əsas sektorlarının inkişafı üzrə yol xəritəsi də bu məqsədə xidmət edir. Büdcədə sosial xərclər 40,3 faiz təşkil edir və ötən ilin büdcəsindən faiz nisbətində yüksəkdir. Bu da onu göstərir ki, Azərbaycan hökuməti, Azərbaycan Prezidenti xalqın sosial müdafiəsini öz daxili siyasətində prioritet istiqamət kimi nəzərdə tutub. Gələn ilin yığcam büdcəsinin içərisində belə sosial müdafiə xərclərinin artırılması Azərbaycan vətəndaşının, sadə Azərbaycan insanının sosial rifahının artmasını təmin edəcəkdir.
Ünvanlı sosial yardım ilə bağlı mən öz təklifimi söyləmək istəyirəm. Keçən illərdə də bu məsələlər həm hökumətin hesabatında, həm də büdcədə müzakirə olundu. Düşünürəm ki, ünvanlı yardım proqramlarından  imtina etmək vaxtı gəlib çatıbdır. Konkret ünvanlılıq tələb edən pensiyaların, əlil müavinətlərinin və uşaq müavinətlərinin üzərinə bu vəsaiti gəlməklə biz daha konkret və yığcam sosial müdafiəni təmin edə bilərik. Ünvanlı sosial yardım proqramları bütün dünyada sosial müdafiənin bir keçid proqramı kimi tətbiq olunur. Azərbaycanda da  hesab edirəm ki, artıq hökumət bu barədə düşünməlidir. Çünki nə qədər şəffaf işləsə də, – Səlim müəllimin bu barədə çox ciddi cəhdləri  və uğurları da var, –  etiraf olunmalıdır ki,  ortada bir insan amili var. Bu insan amili olduğuna görə, istənilən halda büdcədən yayınmalar, kənarlaşmalar, ünvanına çatmayan ödənişlər  ortaya çıxır.
Səhiyyə ilə bağlı söyləmək istəyirəm. Səhiyyədə neçə illərdir uğurla davam edən islahatlar yaşadığımız ildə də davam etdi, 500-dən çox səhiyyə müəssisəsi tikilərək müasir avadanlıqlarla təchiz olundu. Səhiyyənin idarə edilməsi modernləşdi və bu gün fəxrlə deyə bilərik ki, dünyadakı ən mürəkkəb əməliyyatlar Azərbaycan klinikalarında da aparılır. Səhiyyədə 13 proqram üzrə maliyyələşmə bu il də davam edəcəkdir. Ötən il büdcədə 137 milyon manat nəzərdə tutulmuşdusa, bu il həmin proqramlar üzrə 146 milyon manat vəsait nəzərdə tutulub ki, bu da  sosial əhəmiyyətli xəstəliklər üzrə bizim apardığımız fəaliyyətin daha da yaxşılaşmasına gətirib çıxaracaq.
Mən burada bizim hörmətli deputat həmkarlarımızın, o cümlədən Qənirə xanımın qaldırdığı koxlear implantasiya ilə bağlı məsələyə də öz münasibətimi bildirmək istəyirəm. Uşaqların anadangəlmə lal-karlığının aradan qaldırılması ilə əlaqədar keçən dəfə də söylədik, amma büdcədə, görünür, bu işin həyata keçirilməsinə imkan tapılmadı. İldə 100–150 uşağın bu əməliyyata ehtiyacı var və bu, çox vacibdir. Çünki biz bu işi görmədikdə 3 yaşından sonra artıq bu uşaqlar lal-kar və ömürlük əlil olurlar. Hesablasaq, ildə bu uşaqların pensiyalarına çəkilən xərc bunların implantasiyası üçün çəkilən xərcdən on dəfələrlə çox olur. Həmin bu proqramların içərisində uşaqların dispanserləşdirilməsi üçün 4,5 milyon manat vəsait nəzərdə tutulub. Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması üzrə dövlət proqramı üçün də 3 milyon manat vəsait nəzərdə tutulub. Onların hərəsindən 1 milyon götürüb həmin vəsaitlə bu koxlear implantasiyanı həyata keçirmək olar.
Burada bizim deputat həmkarlarımızın dediyi bir fikrə də öz dəstəyimi vermək istəyirəm. Dəmir Yolu Xəstəxanası və Neftçilər Xəstəxanası  özəlləşdiriləcək və onlarla əlaqədar maliyyə nəzərdə tutulmayıb. Amma bizim Əmək Məcəlləsinə görə işçi ixtisarla və ya müəssisənin bağlanması ilə əlaqədar işdən çıxarılırsa, iki ay öncədən ona xəbərdarlıq edilir ki, iş yeri tapsın və iki aylıq maaşı ona əvvəlcədən verilir. Bu məsələ necə həll olunacaq? Çünki büdcədə bu vəsait nəzərdə tutulmayıb. 3500-ə yaxın da tibb işçisi var. Tibb işçiləri də bilirsiniz ki, gedib ayrı sahədə  işləyə bilməzlər. Bunlar ancaq həkim və tibb bacısı peşəsində işləməlidirlər. Bu işi  tapmaq o qədər də asan olmayacaq, xüsusən də Bakı şəhərində. Bu məsələyə, hesab edirəm ki, hökumət aydınlıq gətirsə idi, yaxşı olardı.
Gəncə ilə bağlı bir neçə təklifimi irəli sürmək istəyirəm, o bölgədən  olan deputat həmkarlarımla da məsləhətləşdik. Yüngül sənaye, şübhəsiz ki, ölkə iqtisadiyyatının əsas sahələrindən biridir. Milli iqtisadiyyatı qaldırmaq, ölkənin milli gəlirlərini artırmaqdan ötrü Gəncədə belə potensial var. Vaxtilə Gəncə xalça kombinatında 3000-dən çox insan işləyirdi, ildə  2 milyon 500 min kvadratmetr xalça istehsal olunurdu. Biz bu gün bu xalçaları istehsal etmirik, kombinatın işini dayandırmışıq, amma Çindən, Dubaydan, Türkiyədən xalça məmulatları alıb gətiririk. Bir tərəfdən valyuta ölkədən axıb gedir, digər tərəfdən də həmin işi qaldırmaqla 3000 nəfəri işlə təmin edə bilərik. Eləcə də Gəncədəki tikiş fabrikinin, Çini qablar zavodunun istehsalını qaldırmaqdan ötrü müəyyən maliyyə dəstəyi olsaydı, minnətdarlığımızı bildirərdik.
Eyni zamanda, qeyd edim ki, bir il bundan öncə Gəncədə cənab Prezidentin iştirakı ilə gözəl bir klinika açıldı. Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı xəstəxana. Hər cür avadanlıqla təmin olunub. Ən müasir diaqnostika və müalicə aparatları alınıb, yaxşı kadrları var, idarəetmə sistemi də qurulub. Ancaq orada laporoskopik cərrahiyyə aparılması üçün avadanlıqlar çatışmadığına görə müəyyən əməliyyatları eləmək üçün yenə də xəstələrimiz Gəncədən və Gəncəbasardan Bakıya gəlməli olurlar. Bu avadanlıqlar böyük vəsait tələb eləmir. Onun üçün də imkan tapılmasını  xahiş edərdim.
İcbari tibbi sığorta ilə bağlı burada fikirlər səsləndi. Mən də o fikirləri dəstəkləyirəm. İcbari tibbi sığorta artıq cənab Prezidentin diqqət mərkəzindədir və icbari tibbi sığorta agentliyi pilot layihələrini başlamaq üzrədir, pilot layihələr üçün büdcədə 20 milyon manat vəsait nəzərdə tutulub. 4 milyon manat cari xərclər üçün nəzərdə tutulub. Hesab edirəm ki,  pilot layihələrin həyata keçirilməsi üçün bu vəsait yetərli olacaqdır. Ancaq icbari tibbi sığortanın tətbiqində, hesab edirəm, tələsməli deyilik, tam ölçüb-biçməliyik. Bəzən fikirlər səslənir ki, 2018-ci ildən sonra bütün ölkə ərazisində icbari sığorta tətbiq olunacaq. Bu işə çox ehtiyatla yanaşmaq lazımdır. Birinci növbədə əmək münasibətlərini tam tənzimləməliyik, yəni əmək müqavilələri şəffaflaşmalıdır, sığorta olunanların sayını müəyyənləşdirməliyik. Burada çox vəsait tələb olunacaq, çünki səhiyyənin maliyyələşməsi tamamilə dəyişəcəkdir və biz uğurlu nəticələr...
Sədrlik edən. Sağ olun. Yevda Abramov.
Y.Abramov. Təşəkkür edirəm, Oqtay müəllim. Bu gün Şərqdə ilk parlament yaradılıb. Siz başda olmaqla, Oqtay müəllim, bütün Milli Məclisin deputatlarını bu gözəl bayram münasibəti ilə təbrik edirəm.
Artıq 4 gündür ki, ölkənin əsas maliyyə sənədi müzakirə olunur. Millət vəkilləri bu sənəd barədə öz fikirlərini deyirlər və yenə də deyəcəklər. Mən də  Azərbaycan vətəndaşı olaraq, millət vəkili kimi, seçicilərimi narahat edən, Azərbaycan xalqını düşündürən, gələcək taleyimizi müəyyən edən bu sənəd ətrafında öz şəxsi fikirlərimi demək istəyirəm. Büdcə, ümumiyyətlə, bütövlükdə Azərbaycanda qəbul edilmiş “Büdcə sistemi haqqında” Qanuna tam uyğun olaraq hazırlanıb. Dünyada gedən iqtisadi və siyasi kataklizmlər, iqtisadiyyatdakı forsmajorlar, neftin qiymətinin aşağı düşməsi və digər proseslər büdcəmizin püxtələşməsinə təsir göstərib. Mən bu gün büdcə ilə əlaqədar haradasa əlavə bir vəsait gizlənibsə, onu tapmaq, ya da tapmaca tapmaq istəmirəm. Valeh müəllimin gözəl bir sözü var, deyir ki, büdcəyə əlavə vəsaitin yerini tapın, göstərin, sonra onu xərcləməyi tələb edin. Məndə belə bir bacarıq yoxdur, iqtisadçı deputat da deyiləm, amma düz 12 ildir, sərasər büdcə haqqında fikirlərimi deyirəm. Ola bilər ki, bəzən mətbuatda mənim çıxışlarımın ümumi mətnindən  xarakterimə uyğun olmayan cümlələri seçib versinlər. Çünki haradasa emosional danışıram, Oqtay müəllim, bunu boynuma götürürəm, bunun üçün üzr istəyirəm. Amma mən həmişə bu salona xalqın dərdini  gətirmişəm və kimisə tənqid etmişəmsə, onunla mənim şəxsi qərəzliyim  olmayıb. Bu gün də, təbii ki, bəyənmədiyim bəzi mülahizələri dilə gətirəcəyəm.
Bu məsələ barədə mənimlə eyni rayondan seçilmiş deputat qardaşım Vahid müəllim çox ətraflı danışdı. Mən Tarif Şurası haqqında mülahizələrimi demək istəyirəm. Mən bilmirəm, bu şura hər dəfə belə bir qərar qəbul edəndə hansı dəlilləri əsas götürür? Orada bizim bir millət vəkili olmalıdırmı? Heç olmasa, İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsindən bizim bir millət vəkilimiz iştirak etdimi ki, bu gün bu salonda hesabat verib desin, bu artımın səbəbi budur. Mən bu artımla heç razı deyiləm. Birinci növbədə orada faizlər göstərilib ki, 62 və 72 faiz əhaliyə bu təsir etməyəcək, mən bu rəqəmə inanmıram. Bu rəqəm cənab Prezidentin apardığı uğurlu iqtisadi siyasətin məqsədləri ilə düz gəlmir. Biz dəfələrlə cənab Prezidentdən eşitmişik ki, Azərbaycanda yoxsulluq faizi aşağı düşüb. Amma bu rəqəmlər göstərir ki, əhalinin yoxsulluq faizi hələ çoxdur. Ona görə az yandırırlar, gücləri çatmır. Mənim təklifim nədir? Geriyə yol yoxdur, mən bunu başa düşürəm. Amma çıxış yolları var. 300 milyonu tapmaq böyük bir problem deyil. Nazirliklərə, şirkətlərə dotasiya şəklində dövlətdən də ötürmək olar. Elə bu kvotanı ikiqat artırmaq olar, 20 faizini çoxaltmaqla bu bəladan bir az qurtulmaq da olar. Qərar elə bir vaxtda qəbul edilib ki, artıq Qubada dünən 20 sm qar oturub, şaxta 10–12 dərəcədir. Belə bir vaxtda xalqı çətinliyə salmağın, mənə elə gəlir ki, bir az zamanı deyil. Xalq o gözəl referendumun təsiri altında yaşayır. Biz referendumda bir ay sərasər dağ rayonlarında olduq. İki rayonda oldum, həm Qubada, həm də Xaçmazda. Cənab Prezidentə olan sevginin bir daha şahidi oldum. Bu, sadəcə, bir referendum deyildi, Oqtay müəllim. Bu, Prezidentin elə bil təzədən seçilməsi idi, xalq referenduma deyil, Prezidentə səs verdi. Amma mən bilmirəm, məmurlarımız, bəzi insanlarımız belə ciddi qərarları qəbul edərkən, xalqı düşünürlərmi? Mən buna şübhə ilə baxıram.
Valyuta haqqında deyildi, ona süni müdaxilələr var. Mən bunu gözümlə həm “Xalqlar dostluğu” və “28 May” metrolarında, həm də Quba bazarının yanında görmüşəm. Eyni gündə 4 saatın içində dollar 5 manat fərqlə satıldı, alındı. Bu qədər dollar, bu qədər pul kütləsi o insanların əlinə haradan düşür? Mən məəttəl qalıram. Biz Elman müəllimin, Samir müəllimin peşəkar çıxışlarına həm qibtə edirik, həm də sevinirik ki, bizim belə bank rəhbərimiz, maliyyə nazirimiz var. Bu qara bazara kim nəzarət edir? Valyuta məntəqələrini ləğv etdik. Bütün deputatlar xaricdə olublar, xaricdə  avronu, dolları dəyişmək üçün pasportumuzu təqdim edirik. Orada seriya yazılır, adımız, soyadımız yazılır. Burada insanları işsiz qoyduq, qara bazara möhtəkirlik üçün imkanlar yaratdıq. Bu məntəqələri ləğv etmək düzgün olmadı, səmərə də vermədi. Eyni vəziyyət Rusiyada da oldu, Oqtay müəllim, amma Rusiya bu xəstəliyi belə keçirmədi.
Mən “dünya böhranı” sözünü qəbul etmirəm. Bu gün bir sıra deputatların leksikonunda  “böhran” sözü işlədildi. Bu, “böhran” deyil. Sadəcə olaraq, bir çox ölkələr  neft ölkələrini diz çökdürmək üçün bu musiqini çaldırırlar, bu, məlumdur. Ona görə biz də kəmərlərimizi bərkidib hərəkət etməli idik, kənara çəkilməli deyildik. Bir az səriştə göstərməli idik. Mən hər dəfə büdcə qəbul olunanda, bu düyməni basanda halallıq verirəm ki, uğurlu, düşərli olsun, büdcəmizdən haram əllər kəsilsin, haram gözlər kor olsun. Amma nə fərqi,  yenə həmin musiqi. Xalq biz deputatlardan çox şey gözləyir. Danışmamaq olmur, danışanda da bəziləri incik düşür. Elə-belə də çəkilib oturmaq olmur, Oqtay müəllim. Siz hər cür reaksiya görürsünüz, mütərəqqi fikirlərə tərəfdarsınız. Amma mən yenə deyirəm,  rayonum üçün büdcədən heç bir şey istəmirəm.
Cənab Prezident demişkən, 2016-cı il çox çətin ildir, 2017-ci il də heç asan olmayacaq. Bunu gizlətmək lazım deyil. Amma elə məsələlər var ki, Azərbaycan məmurundan çox şey asılıdır. Mən deyirəm ki, kim cənab Prezidentə kömək etmirsə, qazandığı pul, mən içərisində olmaqla, ona haram olsun. Bu korrupsiyadan əl çəkmək lazımdır. Millətə yaxın getmək lazımdır. Bir, iki, üç il yaxşı yaşamayaq, amma xalqın yanında  olaq. İnsanın dəniz qırağında, dağda, bağda neçə villası olar? Mən Qonaqkənddə oldum, nazirlərin, komitə sədrlərinin sürüləri qışlağa gedir, ad çəkmək istəmirəm. Ona görə mən, sadəcə olaraq, xahiş etmək istəyirəm. Qubada “Soyqırımı” muzeyi tikilir. Mehriban xanım sağ olsun, o tikdirir, hamımızın gözlədiyi bir muzeydir, analoqu yoxdur. Yərusəlimdə olan “Yadva-Şen” muzeyinə bənzər bir muzeydir. Mən oraya çoxlu qonaq aparıram. Allah cənab Prezidentin canına dəyməsin, bütün qonaqları Qubaya, qəsəbəyə göndərir və mən də onları müşayiət edirəm. Sonra, “Koroğlu” muzeyi var, işığı yanmır, camaatın köməyi ilə Gənclər mərkəzi tikilib, onun da işığı yoxdur. Kimin balansındadır, bilinmir. Yaxşı, bu qazı bahalaşdırırıq, qazın keyfiyyətinə fikir verən varmı, təzyiq yoxdur.
Sədrlik edən. Çox sağ olun. Mən heç bir deputatın fikrinə müdaxilə etmək istəmirəm, amma bir söz dediniz, “68 faiz” kasıbçılıq meyarı demək deyil. 68 faizin içində 4 otaqlı evi olan da var,  yəni bu, kasıbçılıq meyarı deyil, onu demək istəyirəm. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hökumət üzvləri, həmkarlarım, media mənsubları! Mən də öz növbəmdə bir neçə gündür, parlamentin istər komitələrində, istərsə də plenar iclaslarında müzakirə olunan 2017-ci il dövlət büdcəsinə  təklif olunan dəyərli fikirlərin tərəfdarıyam, onları dəstəkləyirəm. Həmkarlarımın xalqımızın rifahı naminə səsləndirilmiş bu gözəl, dəyərli təkliflərini mən də bölüşürəm. Biz səsləndiririk ki, dövlət büdcəmiz bizim hökumət üzvləri, xüsusilə də maliyyə naziri tərəfindən hazırlanaraq çox yüksək səviyyədə təqdim edilmişdir. Sözsüz ki, bu, belədir, amma yəqin, siz də mənimlə razılaşarsınız ki, dövlət büdcəsinin formalaşmasında  Azərbaycanın hər bir vətəndaşının zəhməti var və bu, onun haqqıdır. Bu mənada təklif olunan bütün müsbət dəyişikliklərin həyata keçirilməsi çətin olsa da, biz onları yüksək dəyərləndirməliyik.
Hörmətli müzakirə iştirakçıları, hər birimiz 2017-ci ildə dövlət büdcəsinin daha zəngin olmasını, bütün sahələrdə problemlərin həll olunmasını istərdik. İstərdik ki, qaçqınlarımız, Qarabağ əlilləri, şəhid ailələri, valideyn himayəsindən məhrum olanlar, müəllimlərimiz, tibb işçilərimiz daha gözəl yaşasınlar. Bu bizim arzumuzdur və mən düşünürəm ki, hər birimiz o düşüncəyə malikik və həmin düşüncələrimiz uğrunda da çalışırıq. Amma bir şeyi də nəzərə almalıyıq ki, bu gün dünyada, xüsusilə də bölgəmizdə  siyasi,  hərbi, humanitar və iqtisadi  sahədə ciddi böhranlar gedir. Nəzərə alsaq ki, Azərbaycan hərb və sülh şəraitində yaşayır, onda 2017-ci il üçün Azərbaycanın dövlət büdcəsi paketinin hazırlanmasının nə qədər çətin olduğunu dərk edərik. Biz bütün bunları nəzərə almaqla,  2017-ci il dövlət büdcəsinin sosialyönümlülüyünün saxlanılmasını yüksək dəyərləndirməliyik. Biz Azərbaycan üçün beynəlxalq səviyyəli layihələrin həyata keçirilib başa çatdırılmasına 2017-ci il büdcəsində maliyyə vəsaiti ayrılmasını yüksək qiymətləndirməliyik. Biz Azərbaycanın ən vacib logistik, nəqliyyat, enerji layihələri, eləcə də möhtərəm Prezidentimizin rəhbərliyi ilə 2017-ci ildə də həyata keçiriləcək islahatlar üçün maliyyə təminatının bu büdcədə öz əksini tapmasını çox təqdirəlayiq hesab edirik.
Hörmətli müzakirə iştirakçıları, tarix üçün 10 il bir göz qırpımından da azdır. Biz xatırlayırıq ki, 2003-cü ildə möhtərəm İlham Əliyev ilk dəfə Prezident seçilən zaman  beş minə yaxın obyekt, səhiyyə ocağı, nəqliyyat strukturu  sovet dövründən bizə dağılmış vəziyyətdə miras qalmışdır. Ancaq 13 il ərzində ölkəmizdə minlərlə sosial infrastruktur layihələrinin, hətta ən inkişaf etmiş Avropa ölkələrindən də gözəl səviyyədə təqdim olunub, xalqın istifadəsinə verilməsini biz hər zaman qiymətləndirməliyik. Bir şeyi qeyd etmək istəyirəm, bir neçə gün bundan qabaq möhtərəm Prezidentimiz Tərtərdə aprel döyüşlərində dağılmış  300-ə yaxın evin ən gözəl formada təmir olunaraq avadanlıqlarla təmin olunaraq barədə sərəncam verdi. Həqiqətən, biz bununla qürur duymalıyıq. Çünki bu, bir kənd deməkdir. Qonşu respublikalarda bir kəndin, hətta bir evin təmir olunması illərlə vaxt aparır.
Əlbəttə, dövlət büdcəsində müəyyən çatışmazlıqlar da var, biz bunları da dilə gətirməliyik, səsləndirməliyik. Dövlət büdcəsinin proqnozlaşdırılmasında  məsul olan dövlət qurumlarının nöqsanlarını, maliyyə israfçılığı edənləri və ayrı-ayrı sahələrdə məsuliyyətsizliyin olmasını biz mütləq dilə gətirməliyik. Bu mənada, düşünürəm ki, həmin nöqsanlar və səbəblər olmasa idi, bəlkə də 2017-ci il büdcəsi daha güclü və zəngin olardı. Bütün bunlara baxmayaraq, müzakirəmizə təqdim edilmiş 2017-ci il dövlət büdcə paketinin hazırlanmasında zəhməti keçən hər kəsə öz təşəkkürümü bildirirəm.
Hörmətli müzakirə iştirakçıları, vaxta qənaət məqsədi ilə fikirlərimi daha çox sual formasında ifadə etmək istərdim. 2014-cü ildə ilk dəfə olaraq möhtərəm Prezidentimiz “Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təqdimatı zamanı belə bir fikir səsləndirdi. Biz siyasətimizin qarşısında konkret hədəf və məqsədlər qoymuşuq. Biz bu hədəf və məqsədlərimizə çatmaq üçün konkret proqram və layihələri həyata keçirəcəyik. Həqiqətən də, bu günə qədər həyata keçirilən bütün siyasətimizdə bu hədəf və məqsədlərimizə necə uğurla çatmağımızın şahidi olmuşuq. Bu günlərdə möhtərəm Prezidentimizin imzası ilə davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi ilə bağlı dövlət komitəsi yaradıldı. Respublikamızın ən mötəbər dövlət qurumları və hökumət üzvləri bu komitədə təmsil olunur. Onu da qeyd etmək istəyirəm ki, Minilliyin inkişaf sammitinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatında keçirilən 10 illiyində Azərbaycan hökumətinin hesabatında bu məqsəd və hədəflərin yüksək səviyyədə həyata keçirilməsi xüsusi vurğulandı. Həqiqətən də, bu davamlı inkişafın 17 məqsədinə və 169 hədəfinə baxsaq, görərik ki, Azərbaycanda nə qədər böyük nailiyyətlər əldə olunubdur.
Lakin mən bir neçə məsələni hörmətli hökumət üzvlərinin diqqətinə çatdırmaq istəyirəm. Davamlı inkişaf məqsədlərinin içərisində Azərbaycan üçün demək olar ki, prioritet məsələlərdən biri də infeksion keçici  xəstəliklərdir ki, biz bu sahədə də böyük nailiyyətlər əldə etmişik. Məsələn, cəzaçəkmə müəssisələrində vərəm xəstəliyinə qarşı, xüsusilə rezident vərəmə qarşı mübarizə ilə bağlı çox böyük mərkəzlər yaradılıb və beynəlxalq bir təlim mərkəzi kimi bu  gün də təqdir olunur. Mən 15 ilə yaxın müddətdə kənd bölgəsini təmsil etdiyim üçün özümə borc bilirəm, bunu səsləndirim. Bu məsələ ilə bağlı hörmətli Artur müəllimin də  yanında olmuşam, hörmətli səhiyyə naziri Oqtay Şirəliyev də bu problemin həll olunması ilə bağlı öz fikirlərini səsləndirib. Gəncəbasar bölgəsində, Şəmkirdə 5–6 rayonu əhatə edən vərəm dispanseri var. Mən hesab edirəm ki, o vərəm dispanserinin vəziyyəti bölgənin gözəlliyinə,  xüsusilə də rayonda əldə olunan nailiyyətlərə kölgə salır. Sosial bəla olan vərəm xəstəliyinin, ən əsası, rezident vərəm xəstəliyinin müalicə olunması  çox önəmli və vacib məsələlərdən biridir.
Ölkəmizdə müxtəlif sahələrdə gedən islahatlarla bağlı fikrimi söyləmək istəyirəm. Bu günlərdə  özəlləşdirmə paketində gördüyüm bəzi məsələlər məndə, həqiqətən, təəccüb doğurdu. Məsələn, təhsil sahəsində universitetlərin idman zalları özəlləşdirilir. Dünyanın  bütün inkişaf etmiş ölkələrindəki universitetlərdə, məsələn, Harvard Universitetində, Avropa universitetlərində, Sarbon Universitetində, Kembric Universitetində  gözəl idman zalları var. Universitetlərin özlərinin futbol və ya basketbol komandaları var. Bu gün tələbələrin onsuz da təhsilin maliyyə tərəfi ilə bağlı çətinlikləri olduğu bir dövrdə necə ola bilər ki, İqtisad Universitetinin öz zəhməti ilə tikdirdiyi təlim mərkəzi və yaxud da  Memarlıq Universitetinin elmi araşdırma  mərkəzi, habelə idman kompleksi özəlləşdirilsin. Hesab edirəm ki, biz qeyri-rentabelli müəssisələrin özəlləşdirilməsini daha çox vurğulamalıyıq. Sözsüz ki, səhiyyə sahəsində də belə olmalıdır. Təhsil Nazirliyində texnikumların birləşdirilməsi məsələsini mən çox təqdir edirəm. Bu gün təkrarçılıq edən universitetlər də var. Hesab edirəm ki, bu universitetlərin də birləşdirilməsinin zamanı gəlibdir. Səhiyyə ilə əlaqədar söyləmək istərdim ki, icbari tibbi sığorta ilə bağlı Mingəçevirdə olarkən bizə söylədilər ki, laparoskopiya aparatı yoxdur. Laparoskopiya aparatının olmaması üzündən orada çox ciddi problemlər yarana bilər.
Nəhayət, sözümü yekunlaşdırarkən artezianlarla bağlı bir-iki kəlmə demək istəyirəm. Bu günə qədər inşa edilən artezianlar ortada qalıbdır, “Azərenerji” mənim deyil deyir, Kənd Təsərrüfatı Nazirliyi mən baxmıram deyir, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti mənlik deyil deyir, icra hakimiyyəti də həmçinin. Sizdən çox xahiş edirəm, əgər biz kənd təsərrüfatını inkişaf etdirmək istəyiriksə, suvarma sistemini düzəltməliyik. Sözsüz ki, bunu sizlər məndən daha gözəl bilirsiniz. Çox xahiş edirəm ki, mənim əvvəldən təmsil etdiyim Gəncəbasar bölgəsində, Şəmkirdə, – bayaq burada hörmətli millət vəkilləri də söylədilər, – onlarla, yüzlərlə artezianlar iş adamları tərəfindən inşa olunubdur. Amma enerji  təchizatının olmaması...

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Aqiyə Naxçıvanlı. Elmira Axundova hazırlaşsın.
A.Naxçıvanlı. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Milli Məclisin komitə iclaslarında da qeyd etmişdik ki, 2017-ci il dövlət büdcəsinin layihəsi və büdcəyə əlavə olunan bütün sənədlər mükəmməl səviyyədə hazırlanaraq Milli Məclisə təqdim edilmişdir. Layihədən göründüyü kimi, 2017-ci ilin həm gəlirlər, həm də xərclər üzrə büdcə göstəriciləri az nəzərdə tutulub. Dünyanı bürümüş iqtisadi böhran Azərbaycandan da yan keçməyib. Lakin komitəmiz hesab edir ki, büdcəmiz həmişəki kimi sosialyönümlü olduğundan hər bir ailə dövlətin qayğısı ilə əhatə olunacaqdır. Azərbaycan hökuməti müvafiq qanunvericilik aktları əsasında Azərbaycan Respublikasının 2017-ci il və sonrakı 3 il ərzində iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri hazırlamışdır.
Konsepsiyanın əsas məqsədi dayanıqlı iqtisadi inkişafa və əhalinin layiqli həyat səviyyəsinə nail olmaqdan ibarətdir. Konsepsiya layihəsinin 4.5.11-ci bəndi ailə, qadın və uşaq siyasətinin əsas istiqaməti kimi göstərilmişdir. Düşünürəm ki, bu, gələcəkdə nəzərə alınması vacib olan bir məsələdir. Belə ki, Azərbaycan 2018-ci ildə BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının yerinə yetirilməsinə dair növbəti 5-ci və 6-cı hesabatlarını təqdim etməlidir. BMT-nin Uşaq hüquqları komitəsinin ölkəmizə dair 2012-ci ildəki rəyində uşaqlara dair xüsusi strategiyanın qəbul edilməsi və həyata keçirilməsi məqsədi ilə müvafiq insan, texnika və maliyyə resurslarının təmin olunması tövsiyə edilmişdir. Eyni məsələ Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da nəzərdə tutulmuşdur. Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış milli uşaq strategiyasının layihəsi məhz maliyyə tutumlu olduğundan Maliyyə Nazirliyinin müsbət rəyini ala bilməmişdir. Ölkəmizin qarşısında BMT-nin dayanıqlı iqtisadi inkişaf məqsədlərinin həyata keçirilməsi kimi çox mühüm bir öhdəlik var. Sənəddə gender bərabərliyinin təmin edilməsi və bütün sahələrdə qadınların və qızların imkanlarının genişləndirilməsi məsələsi bir məqsəd olaraq müəyyən edilmiş və bu məqsədə çatmaq üçün 9 hədəf göstərilmişdir. Qeyd edilməlidir ki, lazımi resurslar olmadan bu hədəflərə çatmaq çətin məsələdir. Düşünürəm ki, bu istiqamətdə nəzərdə tutulan layihələrin gələcəkdə diqqətə alınması çox vacib məsələdir. Belə ki, Milli Məclisdə komitəmiz tərəfindən planlaşdırılmış, daha sonra isə dövlət başçısı tərəfindən hökumətə tapşırılmış Uşaqların sağlamlığa və inkişafa ziyan vuran informasiyadan qorunması haqqında qanun layihəsi demək olar ki, hazırdır, ancaq maliyyə tələb edir.
Qadınlara qarşı məişət zorakılığı ilə bağlı narahatedici statistika var. 2016-cı ildə 420 cinayət faktının olması bu sahədə fəaliyyətin gücləndirilməsini tələb edir. Bu istiqamətdə müxtəlif yöndə çoxsaylı tədbirlər keçirilmişdir. Yerli icra hakimiyyətlərində gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmışdır. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununda bir çox dəyişikliklər edilmişdir. Lakin statistika ürəkaçan deyil. Məişət zorakılığının qarşısının alınması ilə məşğul olan qurumların potensialının gücləndirilməsinə, yerlərdə davamlı olaraq fəaliyyət göstərmək imkanına malik olan yardım mərkəzlərinin yaradılmasına, bu sahədə milli fəaliyyət planının qəbul edilməsinə ciddi ehtiyac vardır. Həm dövlət komitəsi tərəfindən, həm də bizim komitə tərəfindən yerlərdə maarifləndirmə işlərinə üstünlük verilir. Lakin yuxarıda göstərdiyim vacib məsələlərin həyata keçirilməsi üçün hökumətin gələcəkdə bu sahəyə daha çox diqqət yetirməsi çox vacib bir məsələdir.
Həmkarlarımız çıxışlarında təhsilin, elmin, mədəniyyətin inkişafının vacibliyindən bəhs etdilər. Mən də bu fikirlərlə razıyam. Ancaq bir şeyi anlamaq lazımdır ki, ailələrimiz möhkəm olmasa, uşaqlarımız sağlam olmasa, digər sahələrdə inkişafa nail olmaq çox çətin olacaqdır. Bütövlükdə mən də büdcəni mükəmməl, əhatəli hazırlanmış sənəd hesab edirəm və ona səs verəcəyəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Buyursun Elmira Axundova, hazırlaşsın Ağalar Vəliyev.
E.Axundova. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Keçən illərdəki uğurlu nəticələri əldə etmək üçün Azərbaycan iqtisadiyyatının qarşısında cənab Prezident tərəfindən qeyri-neft sahələrinin inkişafı, məşğulluq və gəlir səviyyəsinin, habelə iqtisadiyyatda səmərəliliyin və rəqabətin artırılması kimi əsas məqsədlər qoyulub. Bu baxımdan deputatlara təqdim edilən büdcə layihəsi  gələcəkdə mümkün risk və problemləri nəzərə alan balanslaşdırılmış və yüksək peşəkarlıqla hazırlanmış bir sənəddir. Layihəni hazırlayan hökumət nümayəndələri böyük iş görüblər. Mən layihənin lehinə səs verəcəyəm, amma bununla bərabər bəzi təkliflərimi də səsləndirmək istəyirəm.
Bu yaxınlarda cənab Prezidentin sərəncamı ilə ölkəyə idxal olunan bir sıra malların, yəni qida, tikinti və sair məhsulların gömrük rüsumları artırıldı. Bu addım, əslində,  əhalinin  yerli mallara üz tutmasına, daxili istehsalın artmasına xidmət etməli idi. Amma hələ ki, qiymətlərə nəzarət mexanizmi güclü deyil. Artıq bir çox yerli malların qiyməti süni şəkildə artırılır, bu da əhalinin narazılığına səbəb olur. Çünki əgər bir-iki ayda ərzaqların qiyməti 25–30 faiz artıbsa, bu vaxt ərzində insanların gəlirləri yaxşı halda 10–15 faiz artıb. Ona görə də bu uyğunsuzluğu aradan götürmək hökumətin əsas vəzifələrindən biridir.
İkincisi, biz yerli kənd təsərrüfatı malları istehsalının artmasını istəyiriksə, bir sıra məsələləri diqqətdə saxlamalıyıq. Öncə qeyd edim ki, respublikada bir çox torpaq sahəsi hələ ki, əkilmir. Məsələn, Masallıda  9000 hektar münbit torpaq istifadəsiz qalmaqdadır. Səbəblər çoxdur, amma ən birincisi suvarma çətinliyidir. Arzu edərdim ki, meliorasiya və suvarma işləri gələn il daha sürətlə həyata keçirilsin. Digər məsələ tədarük mərkəzləri ilə bağlıdır. Belə ki, əgər tədarük mərkəzləri rayonlar üzrə yaradılmasa, kəndli məhsul istehsal etməkdən yenə də çəkinəcək. Çünki keçən il Masallıda pomidorun bir yeşiyi 30 qəpiyə satılırdı və kəndli pomidoru 3 qəpiyə heç vaxt yetişdirməyəcək. Mən təklif edirəm ki, məsələn, Müdafiə Nazirliyi dövlət ehtiyacları üçün qida və kənd təsərrüfatı məhsullarının alınması ilə bağlı tender elan edərkən yerli malların alınmasına tam üstünlük versin.
Digər bir təklifim ixrac edilən kənd təsərrüfatı məhsulları ilə bağlıdır. Yaxşı olardı ki, bir çox ölkələrdə olduğu kimi, kənd təsərrüfatı malları ixrac edildikdə ixrac edilən məhsulun ümumi məbləğinin 5 faizi qədər vəsait dövlət tərəfindən sahibkara geri qaytarılsın. Bu həm ixracı stimullaşdıracaq, həm də sahibkara imkan verəcək ki, malı xarici ölkədə daha ucuz qiymətə və qısa müddətə satsın, ölkəyə valyuta axını təmin olunsun. Lakin cənab Prezidentin dediyi kimi, bu prosesə də ciddi nəzarət olunmalıdır. Bildiyimə görə, respublikada növbəti geniş özəlləşdirmə mərhələsi başlayır, bu barədə deputatlarımız da danışdılar. Mənim bu prosesə bir qədər fərqli baxışım var. Özəlləşdirmə labüddür, çünki bəzi dövlət müəssisələrinin, hətta səhiyyə ocaqlarının səmərəliliyi istənilən qədər deyil və onların saxlanılması dövlət üçün böyük maliyyə yüküdür. Bu baxımdan mən onların özəlləşdirilməsinin tərəfdarıyam. Lakin o şərtlə ki, tibbi sığorta tam gücü ilə işə salınsın, özəlləşdirmədə də lazımi şərtlər nəzərə alınsın. Misal üçün, özəlləşdirilən müəssisənin işçiləri ixtisar edilməsin, müəssisənin profili dəyişdirilməsin. Bildiyimə görə, belə şərtlər var. Baxın, respublikada özəlləşdirilməyə ehtiyacı olan nə qədər idman obyekti var. Bu da əlavə gəlir mənbəyidir. Deməli, bildiyimiz kimi, neft gəlirlərinin azaldığı bir vaxtda alternativ gəlir mənbələrini axtarmaq lazımdır və onlar da göz qabağındadır. Misal üçün, bizim tranzit yük daşımalarını götürək. Burada bizim çoxlu perspektivlərimiz var. Şimal–Cənub dəmiryolu da tezliklə işə düşəcək. Hesab edirəm, dövlətimiz bu sahəyə də diqqət yetirməlidir. Yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində böyük işlər aparılmalıdır. Ölkəmiz dünya dəmiryolu şəbəkəsinin vacib həlqəsinə çevrilməlidir.
Digər məsələ. Bilirsiniz ki, artıq büdcədən rayonlara dotasiya ayrılması dövrünə son qoyulur. Regionlar özlərini daxili yığım hesabına saxlayacaqlar. Bu, çox gözəldir, labüd bir prosesdir. Lakin rayon icra hakimiyyətləri xüsusən yerli sahibkarlara güzəştli şərtlər təqdim etməklə, rayon ərazisində əlverişli mühit yaratmalı, yerli və xarici investisiyaları cəlb etməlidirlər. Müəssisə tikmək üçün torpaq, fermer təsərrüfatı yaratmaq üçün örüş yeri ayırmalıdırlar. Buna görə isə məncə, hökumət tərəfindən bütün icra hakimiyyətləri üçün konkret hədəflər müəyyən edən vahid plan hazırlanmalıdır. Yenə də əsas prinsip sahibkarlar üçün əlverişli şəraitin yaradılmasıdır. Onlar da öz növbələrində rayon büdcəsini dolduracaqlar, mən buna inanıram.
Üçüncü, valyuta bazarı haqqında Yevda Abramovun çıxışını tam dəstəkləyirəm. Artıq Azərbaycanda qara bazar tüğyan edir. Qara bazarın əvəzinə hökumət nümayəndələrindən çox xahiş edərdim, valyuta dəyişmə məntəqələrini bərpa edək. Mən bilmirəm, bu kimə lazım idi. Həm iş yerləri azaldı, həm peşəkarlar küçədə qaldı, həm də bizlər misal üçün, valyuta tapa bilmirik. Günlərlə axtarırıq ki,  harada var, amma qara bazarda var. Düz deyirlər ki, əsasən, turizm sektoruna çox ciddi ziyan vuruldu. Görürsən ki, turistlər valyuta əllərində onu dəyişdirə bilmirlər, əsasən də şənbə və bazar günləri. O valyuta ilə də qayıdırlar. Həmin valyuta axını bizim cibimizə girməkdənsə, xaricə qayıdır.
Toxunmaq istədiyim digər məsələ əlillərlə bağlıdır. Ümumiyyətlə, Azərbaycanda əlillərə, xüsusən Qarabağ əlillərinə dövlət qayğısı yüksək səviyyədədir. Amma əlillərin iş məsələsini həll etmək lazımdır. Bilirsiniz ki, bizdə bir kvota var ki, bu və ya digər bir müəssisədə 25 iş yerindən biri əlilə ayrılmalıdır, amma bu qayda işləmir. Çünki işəgötürən əlili işə götürməkdənsə, cüzi cəriməni ödəməyi üstün tutur. Ona görə xahiş edirəm, bu məsələni bir də fikirləşək, lazım olsa, cərimələri sərtləşdirmək lazımdır. Bir çox inkişaf etmiş dövlətlərdə əlillərə qarşı güzəştlər var. Belarusiyada   birinci və ikinci qrup tənha əlillərin kommunal xidmətləri güzəştlidir, dərmanlara 90 faiz güzəşt var, Almaniyada bütün əlillər üçün ictimai nəqliyyat və dərmanlar pulsuzdur. Əsas problem ondadır ki, bizdə anadangəlmə əlillərin pensiya məbləği 50–70 manat arasındadır. Bax, bu pensiya ilə bunlar necə yaşaya bilərlər? Bilirsiniz, anadangəlmə əlil övladına baxan ana onu evdə tək qoyaraq, adətən, başqa yerdə işləməyə də gedə bilmir. Başa düşürəm, bizim maliyyə çətinliklərimiz var, amma çalışıb gələcəkdə hansısa şəkildə anadangəlmə əlillərin pensiyasını artırmalı və bu kateqoriya vətəndaşların heç olmasa, pulsuz dərman problemlərini həll etməliyik.
Sonda qeyd etmək istədiyim məsələ rayon məktəblərində istilik sistemləri ilə bağlıdır. Mən bununla bağlı dəfələrlə çıxış etmişəm, aidiyyəti qurumlara müraciət etmişəm, amma məsələ həll olunmaq bilmir. Təsəvvür edin ki, dövlət müasir səviyyədə məktəb binasını tikir, istilik sistemini qurur, qaz xəttini çəkir, lakin binaya qaz verilişi təmin olunmur. Bizdə  respublikada belə məktəblərin sayı 100-dən çoxdur. Bizim rayonumuzda 14 belə məktəb var. Əsas kimi də göstərilir ki, “Azəriqaz”a vəsait ödənilməlidir. Nəticədə uşaqlar soyuq otaqlarda dərs keçirlər, müəllimlər böyrək çatışmazlığından əziyyət çəkirlər, çünki günlərlə vaxtlarını soyuq otaqlarda keçirirlər. Artıq dərəcədə xahiş edirəm, bu övladların səsinə səs verək. İnanın ki, bu problem bütün rayonlarımızda aktualdır. Diqqətinizə görə çox sağ olun. Peşəkarlıqla işlənən büdcəyə görə isə mən Samir müəllimə, Artur müəllimə dərin minnətdarlığımı bildirirəm və bu büdcəyə səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Buyursun Ağalar Vəliyev, hazırlaşsın Tahir Mirkişili.
A.Vəliyev. Hörmətli sədarət, hörmətli hökumət üzvləri, hörmətli deputatlar! Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qloballaşan dünyanın tələblərinə uyğun uğurla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının bu gün başlıca məqsədi müasir qlobal çağırışlar fonunda Azərbaycanın davamlı inkişafını təmin etməkdir. Hazırda ölkənin iqtisadi potensialının artırılmasına müsbət təsir göstərən mükəmməl qanunvericilik bazası  yaradılır. İqtisadiyyatın strukturunun təkmilləşdirilməsi prosesi sürətlənir və dövlət tərəfindən iqtisadiyyatın keyfiyyətli inkişafı üçün çox mühüm layihələrə önəmli dəstək verilir. Görülən ardıcıl və sistemli tədbirlərə baxmayaraq, qlobal və regional səviyyədə gedən mürəkkəb  siyasi-iqtisadi proseslər dünya iqtisadiyyatına inteqrasiya olunmuş Azərbaycana da öz təsirini göstərmiş, neftin qiymətinin aşağı düşməsi xarici valyuta gəlirlərinin və tədiyə balansının azalmasına gətirib çıxarmışdır. Bu proseslər nəzərə alınmaqla ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, normativ iqtisadiyyatın formalaşması istiqamətində əhəmiyyətli işlər görülür. Özəl sektorun inkişafı üçün əlverişli biznes-investisiya mühiti formalaşmışdır.
Məhz qeyd etdiyim meyillər bu gün bizim müzakirəmizə təqdim olunan 2017-ci il dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin hazırlanmasında öz əksini tapmışdır. Bu baxımdan yeni ildə dövlətin iqtisadi siyasətinin, o cümlədən büdcə-vergi siyasətinin əsas prioritet istiqaməti qeyri-neft sektorunun dinamik inkişafı və həmin sektordan daxilolmaların büdcə gəlirlərində xüsusi çəkisinin artırılmasıdır. Belə ki, Vergilər Nazirliyi üzrə proqnozlaşdırılan daxilolmaların 75,7 faizi qeyri-neft sektorunun, 24,3 faizi isə neft sektorunun payına düşür. Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin həcmini tədricən azaltmaqla fondun vəsaitlərinə qənaət etmək və ölkənin strateji valyuta ehtiyatlarını qorumaq büdcə-vergi siyasətinin gəlirlər üzrə müəyyən edilmiş əsas parametrlərindən biridir.
Təsadüfi deyil ki, 2017-ci ilin büdcə layihəsində Neft Fondundan dövlət büdcəsinə transferlər 2016-cı ilin proqnozu ilə müqayisədə 19,9 faiz azalmışdır. Büdcə zərfi hazırlanarkən hökumət tərəfindən büdcənin gəlirlərinin real vəziyyətinə uyğun olaraq bütövlükdə sosialyönümlü  büdcə xərclərinin strukturunun səmərəliyinin və ünvanlığının artırılması diqqətdə saxlanılmışdır. Eyni zamanda, yeni büdcə layihəsində mövcud mikroiqtisadi mühitdə ölkənin uzunmüddətli dayanıqlı sosial-iqtisadi tərəqqisi, regionların ayrı-ayrı sahələrində, o cümlədən təhsil, səhiyyə, sosial, mədəniyyət və digər sahələrdə inkişafın maliyyə təminatı planlaşdırılmışdır. Valyuta məzənnəsinin tənzimlənməsi ilə yanaşı, əvvəlki ilə nisbətən qarşıdakı ildə milli təhlükəsizliyin və müdafiə qabiliyyətinin gücləndirilməsinə, kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsinə və digər sahələrə yönələn əsaslı xərclər artırılmışdır. 2016-cı ildə manatın valyutaya nisbətən ucuzlaşması nəticəsində ölkə ərazisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi və devalvasiyanın nəticələrinin yumşaldılması məqsədi ilə artırılmış əmək haqlarının maliyyə təminatı üçün gələn ilin dövlət büdcəsində müvafiq  məbləğdə vəsait nəzərdə tutulmuşdur. Dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi 40,3 faiz olmaqla 2015-ci illə müqayisədə 5,7 faiz çox vəsait proqnozlaşdırılmışdır ki, bu da 2016-cı illə müqayisədə 4,6 faiz artım deməkdir. Qeyd etmək istəyirəm ki, dövlət büdcəsində əsaslı xərclərin xüsusi çəkisi 31,4 faiz təşkil edəcəkdir ki, bu da 2016-cı illə müqayisədə 6,1 faiz çoxdur.
Bütün bunlarla yanaşı, onu da vurğulayım ki, dövlət büdcəsi kəsirinin yuxarı həddi 645 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin proqnoz göstəricisindən 61,5 faiz azdır. Büdcə kəsiri ümumi daxili məhsula nisbətdə  1,1 faiz səviyyəsində gözlənilir. Beynəlxalq təcrübəyə istinad etsək, görərik ki, bir çox ölkələr dövlət büdcələrini kəsirlə planlaşdırırlar. Dünyanın əksər dövlətlərində büdcə kəsirləri qat-qat çoxdur və bu, heç bir narahatçılıq doğurmur. Çünki inkişaf üçün dövlət büdcəsində kəsirin nəzərə alınması artıq qəbul edilmiş norma hesab edilir. Bu baxımdan, hesab edirəm ki, biz də öz növbəmizdə dövlət büdcəsi kəsirini ümumi daxili məhsula nisbətən 3 faizdən artıq olmaqla planlaşdırsaq, bununla  iqtisadi fəallığın müəyyən qədər artırılmasına nail ola bilərik. Bu nisbəti 2 faizədək yüksəldərək yaranmış əlavə vəsaiti digər sahələrə, o cümlədən  tikinti sektoruna yönəltmək olar. Məlumdur ki, tikinti sektorunun inkişaf səviyyəsi dövlətin iqtisadi rifahının ən mühüm göstəricilərindən biridir. Azərbaycanda inşaat sektorunun inkişafı  bütünlüklə ölkənin sosial-iqtisadi tərəqqisinə yönəlmiş planlı və ardıcıl islahatların nəticəsidir.
Cənab Prezidentin son dövrdə imzaladığı sərəncam və fərmanlar ölkədə iqtisadi fəallığın artırılmasına və insanların rifahının yüksəldilməsinə yönəlmişdir. Mənzil İnşaat Dövlət Agentliyinin yaradılmasını, ipoteka kreditlərinin yeni şərtlərlə verilməsinin nəzərdə tutulmasını bu qəbildən olan tədbirlər sırasına daxil etmək olar. Bütün bunlar isə son nəticədə tikinti sektorunun canlanmasına istiqamətləndirilmişdir. Bildiyiniz kimi, məşğulluq probleminin həlli yollarından biri də tikinti sektorunun inkişaf etdirilməsidir. Hazırda inşaat sektorunda 90 mindən çox insan çalışır.
Dövlət büdcəsinin proqnoz göstəricisinə görə 2017-ci  ildə dövlət xətti ilə tikintiyə 2,5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur ki, bu da 2015-ci ildə icra göstəricisi olan 4,9 milyard manatla müqayisədə təxminən 2 dəfə azdır. Hesab edirəm ki, bu vəsaiti artırmaqla yaranmış vəziyyəti nisbətən yumşaltmaq mümkündür. Heç şübhəsiz ki, burada  sosial mənzil tikintisini, ipoteka kreditini də diqqətdən kənarda qoymaq olmaz. Bir sözlə, inşaat-tikinti sektorunun canlanması hər şeydən əvvəl yeni iş yerlərinin yaradılması, büdcəyə əlavə vəsaitlərin daxil olması, abadlaşdırma və insanların rifah halının yüksəldilməsidir. Zənnimcə, Azərbaycan Respublikasının büdcə-vergi siyasəti prioritet istiqamətləri özündə ehtiva edir. 2017-ci ilin büdcə zərfinə daxil olan qanun layihələri qarşıdakı ildə iqtisadiyyatın səmərəliliyinin və dayanıqlığının təmin edilməsinə, onun aparıcı sahələrinin modelləşməsinə və şaxələnməsinə, sosial prioritetlərin saxlanmasına, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına və sosial rifahının artırılmasına yönələcəkdir.
Bütün bunları və eləcə də komitələrin birgə iclaslarında və Milli Məclisin plenar iclasında səslənən təklifləri və tövsiyələri nəzərə almaqla 2017-ci ilin büdcə zərfinə daxil olan sənədlərin qəbul olunmasını məqsədəuyğun sayıram və dəyərli həmkarlarımı müvafiq qanun layihələrinə dəstək verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun. Tahir Mirkişili.
T.Mirkişili.  Hörmətli Oqtay müəllim, hörmətli həmkarlar, hörmətli hökumət üzvləri! Son 10 ildə Azərbaycan iqtisadiyyatı yüksək nailiyyətlər nümayiş etdirmişdir. Ümumi daxili məhsul bu müddət ərzində 3,2 dəfə, qeyri-neft sektoru isə  2,6 dəfə artmışdır. Dünya iqtisadiyyatında Azərbaycanın payı 2005-ci ildə  0,07 faizdən 2015-ci ildə 0,15 faizə qalxmış, yəni 2,2 dəfə artmışdır. Bu dövr ərzində dövlət büdcəsinin gəlirləri dəfələrlə artmışdır. Təkcə onu qeyd edim ki, 2004-cü ildə dövlət büdcəsinin gəlirləri indiki kursla cəmi 2,6 milyard manat təşkil edirdi. Ölkədə aparılan büdcə siyasəti həmişə zamanın tələbinə uyğun olmuş və qarşıya qoyulmuş məqsədlərə xidmət etmişdir. Azərbaycan iqtisadiyyatının istisnasız uğurlu inkişaf dövrü 2015-ci ildə iqtisadi çətinliklərlə üzləşmiş, dünyada gedən makroiqtisadi proseslər, tərəfdaş ölkələrdə baş verən iqtisadi təlatümlər və neftin qiymətinin kəskin düşməsi Azərbaycanın iqtisadi artımına da ciddi təsir etmişdir. Əvvəlki illərdə ümumi daxili məhsulun orta illik artımı 10 faizdən yüksək idisə, 2015-ci ildə ümumi daxili məhsulun artımı 1,1 faiz olmuşdu. 2016-cı ildə proqnozlaşdırılan azalma 2,8 faiz, 2017-ci ildə proqnozlaşdırılan  artım  cəmi 1 faiz həcmindədir.
Qeyd edim ki, büdcə, əslində, bir nəticə olduğundan gəlirlərin mənbə yükündə daxili məhsulun həcmi çox böyük önəm daşıyır.  İlk öncə onu qeyd edim ki, neft gəlirləri azaldığı üçün büdcədə konsolidasiya prosesinin getməsi çox müsbət addımdır.  Çünki bu, birincisi, büdcə kəsirinin artımına yol vermir, inflyasiyanı cilovlayaraq 2017-ci ildə cəmi 7,5 faiz müəyyən edir ki, bu hədəf də ölkə başçısı tərəfindən qoyulmuşdur. İkincisi, strateji valyuta ehtiyatlarının qorunmasına səbəb olur. Bildiyiniz kimi, ehtiyatlar ölkənin təhlükəsizlik yastığıdır, ölkənin beynəlxalq reytinqinin qorunmasına dəstək olur və tədiyə balansının kəsirinin zəruriyyət yarandıqda maliyyələşməsinin ən etibarlı mənbəyidir. Nəhayət, üçüncüsü, maliyyə intizamının güclənməsinə xidmət edir. Bu səbəblər isə makroiqtisadi sabitliyin və dayanıqlığın zəruri şərtləridir.
Hörmətli həmkarlar, son illər ilk dəfə olaraq qeyri-neft sektorunun büdcə daxilolmalarında xüsusi çəkisinin 50 faizi keçməsi proqnozlaşdırılır. Bu gəlirlər 2016cı illə müqayisədə 503 milyon manat çoxdur. Vergi daxilolmalarının 75 faizindən çoxunu qeyri-neft sektorunun payına düşməsi dayanıqlı planlaşdırmadan xəbər verir. Qeyd edim ki, Azərbaycanda  yığılan hər 100 manatdan vergiyə çəkilən xərc cəmi 46 qəpikdir ki, bu da Avropada ən yaxşı göstəricilərdən biri sayılır. Cari xərclərin azaldılması makroiqtisadi sabitliyə nail  olmağın əsas yollarından biri kimi yüksək qiymətləndirilməlidir. Büdcə xərclərində sosialyönümlü xərclərin daim artaraq ümumi xərclərin 40 faizindən çoxunu təşkil etməsi ölkə Prezidentinin sosial siyasətinin heç bir azalmaya baxmayaraq, davam etdirilməsinin göstəricisidir. Əlavə olaraq, hesab edirəm ki, gələn ilin büdcəsində elm, təhsil xərclərinin artırılması və ayrıca elmi tədqiqatlar və innovasiyalar, standartlar üçün vəsaitin nəzərdə tutulması uzunmüddətli iqtisadi artım üçün çox faydalı ola bilərdi. Ümumilikdə büdcə rəqəmləri makroiqtisadi sabitliyin planlarına tam uyğundur.
Hörmətli cənab Sədr, büdcə gəlirləri və xərcləri, bütövlükdə büdcənin həcmi iqtisadi artımdan və ümumi daxili məhsulun həcm və strukturundan asılı olduğundan gəlirlərin artımını təmin edə biləcək yeni iqtisadi artım  strategiyası ilə bağlı bəzi fikirlərimi bölüşmək istərdim. Qeyd edim ki, ölkə Prezidenti cənab İlham Əliyevin iradəsi ilə aparılan iqtisadi islahatlar ölkədə yeni iqtisadi artım strategiyasını artıq formalaşdırmaqdadır. Maraqlı faktdır ki, hələ 2014-cü ildə tərtib olunan proqnozlarda Azərbaycanda ümumi daxili məhsulun  artım tempi 2017-ci ildə 6 faiz göstərilir. Bəs Azərbaycanda son illərdə iqtisadi artımın əsas mənbəyi nə idi və niyə o mənbələr bu gün aktivlik göstərə bilmirlər? Ümumi daxili məhsulun inkişaf tempinin azalmasının səbəblərini tam müəyyən etmədən iqtisadi inkişafın stimullaşdırılması üçün atılan addımlar fikrimcə, yetərli olmaya bilər.
İqtisadiyyatın inkişaf tempinin azalmasının əsas səbəblərini aydınlaşdıraraq vəziyyətin təkcə yaxşılaşması deyil, həm də onun keyfiyyətcə dəyişməsi üçün sürətli addımların atılmasına geniş ehtiyac yaranmışdır ki, bu addımlar da artıq atılmaqdadır. Qeyd edim ki, indiyə qədərki büdcə siyasəti, əsasən, sıçrayışlı iqtisadi artıma xidmət edirdi. Yəni yüksək büdcə xərcləri xeyli sayda iş yerləri yaratmaqla məşğulluğun artmasının əsas mənbəyi idi. Sosial rifahı artırmaq və vergi bazasını genişləndirmək də büdcədən qaynaqlanırdı. Eyni zamanda, demək olar ki, bütün bank kreditləşməsi də bu iqtisadi strategiyaya xidmət edirdi.  Bu, bəlkə də resurs modeli deyildi. Yəni dövlət xərclərinin artımı bank kreditlərinin və istehlakın artımına səbəb olurdu.
Büdcə xərclərinin əsas mənbəyi bildiyiniz kimi, neft gəlirləri idi. Beləliklə də, neft gəlirləri milli iqtisadiyyatda böyük həcmdə daxili tələbi, o cümlədən istehlak və investisiya  tələbini formalaşdırırdı. Hesab etmək olar ki, indiyə qədərki iqtisadi artım strategiyası daxili tələbin, xüsusilə də istehlak tələbinin üzərində qurulmuşdu. Hazırda isə obyektiv səbəblərdən neft gəlirləri artıq əvvəlki miqyasda daxili tələbi maliyyələşdirə bilmir. Nəticə etibarilə daxili tələbin də iqtisadi artıma töhfəsi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Buradan sual yaranır, hazırda büdcə xərclərinin artması iqtisadi artıma gətirib çıxara bilərmi? Çünki mənim bir çox deputat həmkarlarım  və Azərbaycanda da səslənən fikirlər büdcə xərclərinin artırılması yönümündədir. Təcrübə göstərir ki, belə addımlar yalnız əvvəlki modelin ömrünün bir az  uzanmasına xidmət edir. Nəzərə almaq lazımdır ki, büdcə xərclərinin maliyyələşməsinin mənbəyi yalnız və yalnız ehtiyat fondlarında toplanmış vəsaitlərdən ola bilər. Təbii olaraq bu addım ehtiyat fondları və sair bitənə qədər ölkədə istehsal və istehlakın həcmini müəyyən qədər artıracaq. Buna görə də tamamilə doğru olaraq 2017-ci ildə  dövlət investisiya xərcləri xeyli azaldılmışdır ki, bu da iqtisadi  blokun əməkdaşlarının peşəkarlığına dəlalət edir. Buradan o nəticəyə gəlmək olar ki, büdcə gəlirlərinin və iqtisadi artımın alternativ mənbələri tapılmalıdır.
Azərbaycan kiçik ölkədir və əhalisi cəmi 10 milyon nəfərdir. Bu o deməkdir ki, 10 milyon insanın tələbi üzərində böyük sərvət qurmaq mümkün deyil. Dünya təcrübəsi göstərir ki, bu vəziyyətdə iqtisadi artımın və ümumi daxili məhsul artımının ən etibarlı mənbəyi yalnız ixracyönümlü, o cümlədən xərci birbaşa investisiyaya əsaslanan özəl investisiyalar iqtisadiyyatının yaranmasıdır. Məhz belə bir iqtisadiyyatın qurulması dayanıqlı iqtisadi artıma, dayanıqlı büdcəyə və makroiqtisadi sabitliyə səbəb olacaqdır. Bu modelin quruluşu və hədəfləri artıq ölkə Prezidenti tərəfindən imzalanan fərmanlarla, o cümlədən dünənki fərmanla tam müəyyən olunmuşdur.  Qeyd edim ki, hazırkı strategiya bank kreditləri əsasında istehlakın və idxalın modelləşməsini təmin etmişdir. İqtisadi strategiya dəyişdiyindən bank kreditləşməsini artıra biləcək yeni mənbələrə ehtiyac var. Bu yeni mənbələr isə ixracyönümlü qeyri-neft sənayesi və kənd təsərrüfatı, habelə valyuta gətirə biləcək xidmət sahələri olacaqdır.
Hörmətli cənab Sədr, bəs yeni iqtisadi modelin əsas istiqamətləri hansılardır? Beynəlxalq təcrübəyə və ümumi iqtisadi artıma nail olan  Cənub-Şərqi Asiya ölkələrinin təcrübəsinə əsasən bu istiqamətlər aşağıdakılardır. Əvvəlcədən qeyd edim ki, aşağıdakı istiqamətlərin hər biri ölkə Prezidentinin müvafiq fərman və sərəncamlarında, habelə Milli Məclisin qəbul etdiyi qanunlarda var. 
Birincisi, yeni nəsil struktur islahatlarının, yəni rəqabət qabiliyyətli özəl sektorun güclənməsinə yönələn islahatların aparılmasıdır. Qeyd edim ki, ölkə Prezidentinin fərmanı ilə qeyri-neft məhsulları ixracının  stimullaşdırılması haqqında fərman imzalanıb, artıq nəticələr var. Hazırda 30-dan çox sahibkara investisiyanı təşviq edən sənədlər verilmişdir. İxrac missiyaları həyata keçirilir. Dünən hörmətli iqtisadiyyat naziri bu barədə ətraflı məlumat verdi. Xaricdə artıq bir çox “duty free” dükanlarda Azərbaycan məhsullarını görmək mümkündür.
İkincisi, sahibkarlığın dövlət tənzimlənməsinin optimallaşdırılması. Ölkə Prezidentinin fərmanı ilə sahibkarlıq subyektlərində yoxlamalar tamamilə dayandırılmış və artıq lisenziyaların, icazələrin sayı kəskin surətdə azaldılmışdır.
Üçüncüsü, böyük özəlləşdirmə proqramının həyata keçirilməsi. Bu istiqamətdə də artıq böyük işlər kifayət qədər görülməkdədir. 
Dördüncüsü, xarici investisiyanın birbaşa ölkəyə genişmiqyaslı axınını  təşviq etmək. Bu məqsədlə  ölkədə artıq azad sənaye zonaları yaradılıb, bir çox investisiyalar vergi və rüsumlardan azad olunub.
Sonuncusu, iqtisadi idarəetmənin islahatı kimi ölkə Prezidentinin 2016-cı il 15 iyul tarixli fərmanı ilə Maliyyə Sabitliyi Şurası, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası və Azərbaycan Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti yaradılmışdır. Göründüyü kimi, ölkə başçısının fərmanları uğurlu beynəlxalq təcrübəyə əsaslanan yeni iqtisadi modelin, ixracyönümlü özəl iqtisadiyyatın yaradılmasına tam şərait yaradır. Azərbaycan iqtisadiyyatının artım tempinin yüksəlməsi potensialı kifayət qədər yüksəkdir. 2017-ci il büdcə layihəsinin indiki reallıqları tam əks etdirdiyini və növbəti ildə ölkə qarşısında duran çağırışlara cavab verdiyini nəzərə alaraq ona səs verəcəyimi bildirirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Elçin Quliyev.
E.Quliyev. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli həmkarlar! Dünyada gedən qeyri-müəyyən iqtisadi proseslər Azərbaycan iqtisadiyyatına da öz mənfi təsirini göstərmişdir. Heç şübhəsiz ki, dövlət büdcəsinə xarici və daxili təsirlər təhlil olunarkən, bütün amillər nəzərə alınmaqla hazırlanması bu təsirləri minimuma endirəcəkdir.  Təqdim olunmuş büdcə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı çevik  siyasət nəticəsində makroiqtisadi sabitliyin qorunub saxlanması, struktur islahatlarının sürətləndirilməsi istiqamətində mühüm sistemli tədbirlərin həyata keçirilməsini nəzərdə tutmuşdur. Ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi, bank sektorunun sağlamlaşdırılması, qeyri-neft ixracının artırılması məqsədi ilə sənayenin, kənd təsərrüfatının inkişaf etdirilməsi əsas məsələlərdəndir. 2017-ci ildə büdcə-vergi siyasətinin reallaşmasında qeyri-neft gəlirlərinin   ümumi daxili məhsulda, büdcə gəlirlərində xüsusi çəkisinin artırılması, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transferin tədricən azaldılması, dövlət büdcəsinə hesablanmış vergilərin və sair daxilolmaların yığım faizinin artırılması, vergi öhdəliklərinin optimal gəlirliyinin və investisiya mühitinin daha da yaxşılaşdırılması məqsədi ilə vergi yükünü optimallaşdırmaqla qeyri-neft sektorundan vergi  daxilolmalarının artımına nail olunması, sadələşdirilmiş verginin tətbiqinin dairəsinin genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsi, vergi bazasının gücləndirilməsi, vergi uçotunun təkmilləşdirilməsi istiqamətində səmərəli vergi nəzarəti mexanizminin qurulması, o cümlədən elektron qaimə-faktura sisteminin tətbiqi, nağdsız əməliyyatların stimullaşdırılması kimi tədbirlərin nəzərdə tutulması yuxarıda qeyd olunan məqsədlərə nail olmağa güclü təkan verəcəkdir.
İqtisadiyyatın aparıcı sektorlarından biri olan qeyri-neft sənayesinin inkişaf etdirilməsinin iqtisadi artıma müsbət töhfə verəcəyi danılmaz faktdır. Bu istiqamətdə hökumət tərəfindən, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən görülən işlər təqdirəlayiqdir.  Belə ki, investisiya təşviqi sənədini almış hüquqi şəxslərin və fərdi sahibkarların texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı gömrük rüsumundan, əlavə dəyər vergisindən, torpaq və əmlak vergisindən azad olunmasının, bu şəxslərin mənfəət vergisini və fiziki şəxslərin gəlir vergisini 50 faiz güzəştlə ödəməsinin, habelə ixrac subsidiyalarının, brendləşmənin, regionlarda yaradılan sənaye parkları və sənaye məhəllələrinin iqtisadiyyata təsirinin orta müddət dövründə şahidi olacağıq.  Bununla yanaşı, qeyd edildiyi kimi, iqtisadiyyatla məşğul olanların təqribən 40 faizini təşkil edən aqrar sektorun inkişafı vacib məsələlərdəndir. Son dövrlər ölkənin regionlarında aqroparklar, müasir tipli istixanalar, intensiv bağçılıq və tərəvəzçilik, baramaçılıq, pambıqçılıq inkişaf etməkdədir. Mən pambıqçılığa xüsusi diqqət çəkmək istərdim.
Təmsil edildiyim Sabirabad rayonunda 1970–1980-ci illərdə pambıq istehsalı 100–110 min ton təşkil edirdi. Ötən il dövlətin dəstəyi və diqqəti nəticəsində əkin sahələri də buraya cəlb edilmişdi. Bundan başqa rayonda tərəvəzçilik, meyvəçilik, baramaçılıq inkişaf etdirilir. Ulu öndər Heydər Əliyev Sabirabad rayonuna dəfələrlə səfər etmiş, rayonun ölkə iqtisadiyyatına verdiyi töhfələri yüksək qiymətləndirmişdi. Rayonda mövcud potensialı nəzərə alaraq aidiyyəti təşkilatlardan Sabirabadda aqropark və sənaye məhəllələrinin yaradılması məsələsinə baxılmasını xahiş edərdim. Əgər rayonda aqropark, sənaye məhəlləsi yaradılarsa, bu, ölkə iqtisadiyyatına çox böyük töhfə vermiş olar. Eyni zamanda, rayonun qazlaşdırılmasının sürətlə getməsinə baxmayaraq, bəzi problemlər yaranmışdır. Belə ki, magistral qaz kəmərinin yaxınlığından keçməsinə baxmayaraq, 247 nəfər əhalisi olan Yastıqobu kəndinə indiyə kimi qaz verilməmişdir. Aidiyyəti qurumların burada olmasından istifadə edərək bu kəndin qazlaşdırılmasını xahiş edirəm. Mən 2017-ci ilin dövlət büdcəsinə səs verəcəyəm və deputat həmkarlarımı da bu büdcəyə səs verməyə çağırıram. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Əhliman Əmiraslanov.
Ə.Əmiraslanov. Çox hörmətli Oqtay müəllim, hörmətli hökumət üzvləri, hörmətli həmkarlar! Mən də hesab edirəm ki, dünya iqtisadiyyatında mənfi meyilli proseslərin olması Azərbaycan iqtisadiyyatına da mənfi təsirini göstərmişdir, yəni ondan yan keçməmişdir. Burada qeyd olunduğu kimi, ölkəmizdə mənfi meyilli iqtisadi proseslərin baş verdiyi bir vaxtda 2017-ci il üçün büdcə zərfinin hazırlanması və büdcənin sosialyönümlü olması o qədər asan iş deyil. Mənə belə gəlir ki, biz bu büdcəni hazırlayan mütəxəssislərin əməyinə yüksək qiymət verməliyik. Çünki büdcə çox mükəmməl və Azərbaycan qanunvericiliyinə uyğun hazırlanıb. Təqdirəlayiq haldır ki, büdcəmiz sosialyönümlüdür. Burada dəfələrlə qeyd olundu və  bu gün biz 2017-ci il büdcəsini təsdiq etməklə bir daha möhtərəm cənab Prezidentimizin əhalinin sosial sahəsinə olan diqqət və qayğısının şahidi oluruq. Çox yaxşı haldır ki, büdcədə səhiyyə xərcləri keçənilkindən bir qədər də artıq olmaqla, yəni 746 milyon manat səviyyəsində saxlanıbdır. Bu səhiyyə xərclərinin azalmaması ölkədə əhaliyə tibbi xidmətin səviyyəsinin stabil saxlanmasına kömək edəcəkdir.
Mən xüsusi vurğulamaq istəyirəm ki, səhiyyə sahəsində dövlət proqramları həyata keçirilir. Bunlara məqsədyönlü dövlət səhiyyə proqramları deyilir. Bu, xroniki böyrək çatışmazlığı, irsi qan xəstəlikləri, talassemiya, onkoloji xəstəliklər və dağınıq skleroz ilə bağlıdır. Bir də son dərəcə böyük əhəmiyyət kəsb edən bir məsələ var. Uşaqların icbari dispanserləşdirilməsi ilə bağlı olan dövlət proqramlarına da 171 milyon manat nəzərdə tutulub ki, bu proqramların həyata keçirilməsi əhalinin sağlamlığının qorunması istiqamətində görülən tədbirlərin stabil saxlanmasına kömək edəcəkdir. Mən istərdim qeyd eləyim, – komitədə də bu məsələləri demişəm, – neçə illərdir ki, möhtərəm cənab Prezidentin şəxsi təşəbbüsü ilə büdcədən onkoloji xəstələr üçün  kimyəvi dərman preparatlarının alınmasına məqsədyönlü vəsait ayrılır. Bizim Maliyyə Nazirliyi və büdcəmizi tərtib eləyən insanlar çox sağ olsunlar ki, bu vəsait bu il də nəzərdə tutulubdur. Ancaq nəzərə alsaq ki, bu preparatların demək olar, hamısı Avropada istehsal olunur və manatın devalvasiyası da məlumdur, bütün bunlar preparatların həm kəmiyyətinə, həm də keyfiyyətinə mənfi təsir göstərə biləcək. Mən bilirəm, bu, çətin bir işdir. Ancaq mən yenə maliyyə nazirindən xahiş edirəm ki, imkan daxilində bu işə kömək eləsinlər. Yoxsa bu, bir çox onkoloji xəstəliklərin adekvat müalicəsi üçün problem yaradacaqdır.
Digər bir məsələ icbari tibbi sığorta məsələsidir. Bu məsələ neçə illərdir, geniş müzakirə predmetinə çevrilib. Artıq bu sahədə  uğurlu addımlar atılmağa başlanıb. Yeni qurum yaranıbdır. O qurum, yəni agentlik artıq fəaliyyətə başlayıbdır. Pilot layihələr nəzərdə tutulubdur. Möhtərəm cənab Prezidentimiz noyabrın 29-da imzaladığı sərəncam ilə icbari tibbi sığortaya keçilməsinin prinsip və mexanizmlərini təsdiq etdi. Bu istiqamətdə genişmiqyaslı işlər aparılır. Bunun üçün büdcədə 24 milyon manat vəsait nəzərdə tutulubdur, yəni möhtərəm cənab Prezidentin sərəncamı ilə icbari tibbi sığortanın həyata keçirilməsi üçün vəsait ayrılıb. Şübhəsiz ki, bu sahədə də problemlər var. Bu sahə çətin sahədir. Hansı ölkə icbari tibbi sığortaya keçibsə, çətinliklər ilə üzləşərək keçibdir. Çoxlu maneələr də olubdur. Ancaq mən həmkarlarımdan fərqli olaraq icbari tibbi sığortanın yaxın vaxtda Azərbaycanda reallaşması sahəsində optimistəm. Hər birimiz bilməliyik ki, hansı ölkə tibb sahəsində çox böyük uğurlar qazanıbsa, əhaliyə tibbi  xidmətin səviyyəsini yüksəldibsə, onun yalnız bir yolu olub, o da icbari tibbi sığortanın həyata keçirilməsidir. Biz icbari tibbi sığortanı nə qədər tez həyata keçirsək, əhalimizə göstərdiyimiz tibbi xidmətin səviyyəsi də bir o qədər yüksələr.
Burada qeyd olundu, xəstəxanaların və tibb müəssisələrinin özəlləşdirilməsi ilə bağlı deputat həmkarlarım fikirlərini söylədilər. Mən də hesab edirəm ki, bu, düzgün addımdır. Ancaq bu məsələdə bir qədər ehtiyatlı olmaq lazımdır. Şübhəsiz ki, səmərəsiz fəaliyyət göstərən xəstəxanalarımız özəlləşdirilməlidir. Bu gün bu özəlləşdirmə həm büdcəyə vəsait gətirəcək,  həm də dövlət büdcəsinin yükünü bir qədər azaldacaq. Ancaq yaxşı fəaliyyət göstərən, yeni təmir olunmuş və bu gün əhaliyə yüksək tibbi xidmət göstərən hər hansı bir xəstəxananın və ya tibb müəssisəsinin özəlləşdirilməsi yolverilməzdir və bunu etmək olmaz. Mən son olaraq hesab edirəm ki, bizim 2017-ci il büdcə zərfimiz çox peşəkarlıqla hazırlanıb və Azərbaycan qanunvericiliyinə tam uyğundur.  Mən bu büdcənin lehinə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli həmkarlarım, hörmətli qonaqlar! Mən də Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə, təbii ki, səs verəcəyəm. Biz bu məsələlərdə öz təklif və arzularımızı maliyyə naziri Samir Şərifovun iştirakı ilə keçirilən tədbirdə bildirmişik. Amma bir şeyi qeyd etmək istəyirəm ki, mən bu dəfə  büdcə haqqında fikirlərimi, sadəcə,  ürəyimdən keçən təkliflər üzərində quracağam. Çünki  bu gün hökumətdən nəyinsə tələb olunması, mən hesab edirəm ki, bir az məntiqdənkənar olar. Beynəlxalq dünyada, aləmdə baş verən bu iqtisadi böhranlar içərisində bizə edilmiş təsir nəticəsində hökumətdən  nələrinsə tələb olunması, belə hesab edirəm ki, başa düşülən olmaz. Amma  büdcə xərclərinin nəyə sərf olunması istiqamətində həmkarlarımın indiyə qədər söylədikləri fikirləri mən də bölüşürəm və belə hesab edirəm ki, bəzi sahələrə pul ayırmalarda digər sahələrə nisbətdə dəyişmələr olmalıdır.
Sadəcə, bir şeyi deyim. Dünən burada həmkarlarım tərəfindən bir fikir səsləndi. Bu gün ölkədə doqquz yüz min qaçqın və məcburi köçkün ailəsinin mənzil şəraiti hələ də yaxşılaşmamışdır. Amma, eyni zamanda, burada qeyd olundu ki, müəyyən idman obyektlərinin və sairin tikintisinə pullar ayrılıb. Mən də istərdim ki, qaçqın və məcburi köçkünlərimizin mənzil şəraitinin yaxşılaşması məsələsi digər sahələrə nisbətən birinci növbədə həll olunsun. Çünki, doğrudan da, bizim soydaşlarımızın bəziləri bu gün acınacaqlı bir vəziyyətdə yaşayır. Eyni zamanda, bir şeyi də qeyd eləyim, bu, büdcəyə əlavə bir gəlirin gətirilməsi ilə bağlıdır. Mən bir-iki gün öncə APA xəbər agentliyinə müsahibəmdə də bildirmişdim ki, Hesablama Palatasının açıqlamalarına görə qaçqın və məcburi köçkünlərin  kommunal xərclərinə görə ayrılan vəsaitlərdə yeyintilər müşahidə olunub və bununla bağlı dəqiq faktlar və rəqəmlər var. Ona görə, mən təklif etmişdim ki, Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli  qərarında düzəlişlər edilsin. Yəni qaçqın və məcburi köçkünlərimizə olan güzəştlər müavinətlə əvəz edilməlidir. Yəni onlara verilən bu güzəştlər yerli icra hakimiyyəti orqanlarının əli ilə deyil, məhz qaçqınların özləri tərəfindən  həyata keçirilməlidir. Əgər bu gün müəyyən icra strukturlarında  məhz bu müavinətlərin ödənilməsi ilə bağlı korrupsiya və yeyinti halları  varsa və bunu rəsmi dövlət orqanı açıqlayırsa, onda gəlin, bu pulları bizim qaçqın və məcburi köçkün soydaşlarımıza verək, qoy işıq pulunu, su pulunu və digər ödəmələri onların özləri ödəmiş olsunlar. Beləliklə, Hesablama Palatasının  açıqlamasındak