QULİYEV Musa İsa oğlu

Dairə: 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi

1961-ci il noyabrın 25-də Ermənistan Respublikası Sisian rayonunun Urud kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Tibb üzrə fəlsəfə doktorudur. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür. «Nizami», «Aydın», «Araz» və Yusif Məmmədəliyev ədəbi mükafatları laureatıdır. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının gümüş medalı və BMT-nin I dərəcəli Hippokrat ordeni ilə təltif edilmişdir. 18 kitabın və 150-dən çox məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
1984-cü ildən Gəncə şəhərində narkoloji dispanserdə həkim-narkoloq, 1990-cı ildən Bakıda poliklinikada həkim-nevropatoloq, 1993-cü ildən Yasamal rayon Həkim-əmək ekspert komissiyasında ekspert-nevropatoloq, 1994–2000-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri, idarə rəisi vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Milli Məclis yanında Toponimiya komissiyasının üzvüdür. Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çexiya, Estoniya, Qazaxıstan, Litva, Özbəkistan, Pakistan, Rumıniya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU