“Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
18 oktyabr 2024
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 11-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 470 (Cild I); 2024, № 4, maddə 365) 53-cü maddəsinin birinci hissəsinin on birinci abzası aşağıdakı redaksiyada verilsin:
“heyvanlarla rəhmsiz rəftar etdikdə, yəni onlara ağrı, əzab, işgəncə verilməsi, onların döyülməsi və döyüşdürülməsi nəticəsində onları şikəst və ya tələf etdikdə, rəhmsiz rəftarı nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törətdikdə, belə rəftarı təbliğ etdikdə və ya belə rəftara açıq çağırışlar etdikdə və bu cür rəftarı özündə əks etdirən materialları kommersiya məqsədləri üçün istifadə etdikdə;”.
Maddə 2. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 472 (Cild I); 2024, № 3, maddə 250, № 4, maddə 365) 27-ci maddəsinin 3-cü hissəsinə “dəyəri” sözündən sonra “və ya dəymiş ziyan” sözləri əlavə edilsin.
Maddə 3. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 606 (Cild I); 2024, № 3, maddə 250) 3-cü maddəsinin mətni aşağıdakı redaksiyada verilsin:
“Bu Qanun meşə fonduna daxil olan və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir.”.
Azərbaycan Respublikasının Prezidenti