“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
18 oktyabr 2024
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 14 (Cild I); 2024, № 1, maddə 19, № 2, maddə 137; Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli 1177-VIQD nömrəli Qanunu) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 175-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. ikinci hissə aşağıdakı redaksiyada verilsin:
“Hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi təlim toplanışlarına aşağıdakı qaydada çağırıla bilərlər:
birinci dərəcəli ehtiyatda olanlar – hər dəfə iki ayadək müddətə beş dəfəyədək, müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər isə hər dəfə iki ayadək müddətə on dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq;
ikinci dərəcəli ehtiyatda olanlar – hər dəfə iki ayadək müddətə üç dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq;
üçüncü dərəcəli ehtiyatda olanlar – bir ayadək müddətə bir dəfə.”;
1.2. üçüncü – onuncu hissələr müvafiq olaraq dördüncü – on birinci hissələr hesab edilsin və aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Ehtiyatda olan birinci dərəcəli uçuş heyəti bu maddədə göstərilən hərbi təlim toplanışları ilə yanaşı, birinci dərəcə üzrə ehtiyatda olma müddətində, habelə uçuş təlimi keçmək üçün hər dəfə 40 günədək müddətə beş dəfəyədək toplanışa çağırılırlar.”;
1.3. altıncı hissədə “günlük” sözü “günədək müddətə” sözləri ilə əvəz edilsin;
1.4. yeddinci hissədə “Hərbi toplanışların” sözləri “Toplanışların” sözü ilə əvəz edilsin;
1.5. səkkizinci hissə aşağıdakı redaksiyada verilsin:
“Toplanışlara cəlb ediləcək hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Müvafiq icra hakimiyyəti orqanı toplanışlara cəlb edəcəyi hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən edir.”;
1.6. doqquzuncu hissə aşağıdakı redaksiyada verilsin:
“Müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin toplanışlarda olmağının ümumi müddəti 30 aydan, ehtiyatda olan digər hərbi vəzifəlilərin toplanışlarda olmağının ümumi müddəti isə 18 aydan çox ola bilməz.”;
1.7. onuncu hissədə “ay müddətinə” sözləri “ayadək müddətə” sözləri ilə əvəz edilsin;
1.8. on birinci hissəyə “və” sözündən əvvəl “təlim” sözü əlavə edilsin və həmin hissədə “ay müddətinə” sözləri “ayadək müddətə” sözləri ilə əvəz edilsin.
Maddə 2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56 (Cild I); 2024, № 2, maddə 137, № 4, maddə 363) 45-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 45.2.1-ci maddəyə “dəfəyədək,” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər isə hər dəfə 2 ayadək müddətə on dəfəyədək,” sözləri əlavə edilsin;
2.2. 45.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
“45.6. Müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin toplanışlarda olmağının ümumi müddəti 30 aydan, ehtiyatda olan digər hərbi vəzifəlilərin toplanışlarda olmağının ümumi müddəti isə 18 aydan çox ola bilməz.”.
Azərbaycan Respublikasının Prezidenti