“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanun layihələri
07 noyabr 2024   
    

07 noyabr 2024

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 14-cü bəndlərini rəhbər tutaraq qərara alır:
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 10, maddə 836 (Cild I); 2024, № 4, maddə 361, № 5 (I kitab), maddə 484) aşağıdakı dəyişikliklər edilsin:
1.5.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“5.2. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətə bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş qaydada baxılır.”.
2. 6.2-ci maddədə “5-ci maddəsində müəyyən edilmiş müvafiq icra hakimiyyəti orqanlarına” sözləri “9.1-ci maddəsində müəyyən edilmiş müvafiq icra hakimiyyəti orqanına” sözləri ilə əvəz edilsin.
3. 9-cu maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 9. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətə baxılma qaydası
9.1. Məişət zorakılığı ilə bağlı şikayətə zərər çəkmiş şəxsin yaşadığı (olduğu) yerin müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu Qanunun 6.3-cü və 8-ci maddələrinin tələbləri nəzərə alınmaqla 5 (beş) gün müddətində, bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan halda müraciət edilən vaxtdan 24 saat keçənədək baxılır.
9.2. Araşdırma aparmaq üçün əlavə materiallar tələb etmək və ya əlavə halları öyrənmək zərurəti yarandıqda, şikayətə baxılma müddəti 5 (beş) gündən çox olmayaraq (bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) uzadıla bilər.
9.3. Zərər çəkmiş şəxsin tələbi ilə dinləmədə vəkil və psixoloqun iştirakı təmin edilir. Zərər çəkmiş şəxs Azərbaycan dilini bilmədikdə, tərcüməçi xidmətlərindən istifadə etmək hüququ təmin olunur.
9.4. Məişət zorakılığından zərər çəkmiş şəxslərdən biri 16 yaşınadək və ya əlilliyi olan şəxs olduqda, aparılan araşdırma və dinləmələrdə pedaqoqun və ya psixoloqun iştirakı təmin olunur. 
9.5. Məişət zorakılığı barədə şikayətə baxılmasının nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan biri və ya bir neçəsi qəbul olunur:
9.5.1. məişət zorakılığı törətmiş şəxsə qanunla müəyyən olunmuş məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi;
9.5.2. məişət zorakılığı törətmiş şəxsin qanunla müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi;
9.5.3. əməllərində cinayət və ya inzibati xəta tərkibi olan şəxsin qanunla müəyyən olunmuş qaydada cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi;
9.5.4. zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi;
9.5.5. zərər çəkmiş şəxsin yardım mərkəzində müvəqqəti sığınacaqla təmin edilməsi.”.
4. 11.2-ci maddənin ikinci cümləsi üçüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: 
“Xəbərdarlığın icrasına bu barədə qərar qəbul etmiş orqan tərəfindən zorakılığı törətmiş şəxsin hərəkətlərinə diqqət yetirilməsi, habelə onunla və zərər çəkmiş şəxslə söhbətlərin aparılması formasında nəzarət həyata keçirilir.”.
5. 17.3-cü maddənin ikinci cümləsində “qanunvericiliklə” sözü “qanunla” sözü ilə əvəz edilsin.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU