26.05.2009 - tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
XI  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  115

Mill Məclisin  iclas  salonu.
26  may  2009-cu  il . Saat  12.

Mill Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 110 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

O. Zalov, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini.
F. Quliyev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Qərargahının rəisi.

* * *

Ə. Mirzəliyev, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi.

* * *

R. Həşimov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri.
M. Səlimzadə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi.
Ə. Babayev, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Sumqayıt bələdiyyəsinin sədri.
İ. Xəlilov, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri, Biləcəri bələdiyyəsinin sədri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi haqqında.
2. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Saxta və ya keyfiyyətsiz malların idxal edilməsinə, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə əlavə və dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. Azərbaycan Respublikası Füzuli rayonunun ərazisində Birinci Zobucuq və Beşinci Zobucuq bələdiyyələrinin yaradılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. Azərbaycan Respublikasında bəzi bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın yeni redaksiyada verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu” (birinci səsvermədə).
2. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. “Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
4. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
6. “Saxta və ya keyfiyyətsiz malların idxal edilməsinə, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
7. “Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
8. “Azərbaycan Respublikası Füzuli rayonunun ərazisində Birinci Zobucuq və Beşinci Zobucuq bələdiyyələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu.


* * *

Azərbaycan Respublikasının bəzi bələdiyyələrinin birləşməsi haqqında Azərbaycan Respublikası qanunu layihəsinin müzakirəsinə başlanılmışdır.


Azərbaycan  Respublikası
Mill Məclisinin  Sədr                                  O. ƏSƏDOV
 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

26  may  2009-cu  il.  Saat  12.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 94
Yetərsay 83

Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik. Mayın 26-da və 29-da keçiriləcək iclaslarımızın gündəliyi sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.06 dəq.)

Lehinə 88
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 2 
İştirak edir 91
Nəticə: qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq olundu. Gündəliyin müzakirəsinə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, yazılın. Zahid Oruc.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, Fəzail Ağamalı, buyurun.
F. Ağamalı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən bir məsələ ilə bağlı danışmaq və diqqətinizi ona cəlb etmək istəyirəm. Bu yaxınlarda kütləvi informasiya vasitələri belə bir məlumat yaydılar ki, yaxın günlərdə İsrailin Prezidenti Bakıya rəsmi səfərə gələcək. Əlbəttə, bu, alqışlanan bir səfərdir. Düşünürəm ki, bu səfər Azərbaycanla İsrail arasındakı münasibətlərin daha yüksək səviyyədə qurulmasına bir təkan verəcək, Azərbaycanın dövlət maraqlarına tamamilə uyğun olacaq və hər iki xalqın maraqlarını ifadə edəcəkdir.
Mən çox təəssüf edirəm ki, bu səfərlə bağlı İranın rəsmi dairələri çox böyük narahatlıqlar keçirməkdədir. O da etiraf olunmalıdır ki, İran bundan əvvəl də dəfələrlə Azərbaycanın suveren hüquqlarını və beynəlxalq hüquq normalarını pozaraq Azərbaycanın daxili işlərinə müdaxilə etməyə cəhdlər göstəribdir. Əlbəttə, bütün bunlar millət vəkilləri tərəfindən narahatlıqla və etirazla qarşılanıb. Mən bir millət vəkili olaraq bu gün də öz mövqeyimi ortaya qoyuram və düşünürəm ki, Həsən Firuzabadinin dilindən İranın rəsmi dairələrinin Azərbaycana yönəlmiş olan təhdid xarakterli ittihamlarının heç bir əsası yoxdur. Azərbaycan müstəqil dövlətdir və siyasətini özü müəyyənləşdirir.
Necə olur ki, İran Azərbaycan xalqının qanına əli bulaşan, Xocalı soyqırımını törədən, Azərbaycanın ərazisinin 20 faizini işğal edən Sarkisyanı qucaqlayıb öpüşlərə qərq edəndə, onunla hərtərəfli münasibətlər quranda, bu, qonşuluq siyasətinə, qonşuluq münasibətlərinə xələl gətirmir, lakin Azərbaycan ayrı-ayrı dövlətlərlə öz münasibətlərini dövlət maraqlarına uyğun olaraq quranda, bu, İranın maraqlarına toxunur? İranın bu addımı qətiyyən yolverilməzdir. Xarici İşlər Nazirliyi və ya Müdafiə Nazirliyi səviyyəsində Həsən Firuzabadiyə cavab verilməlidir və o, yerində oturdulmalıdır. İranda molla rejimidir. Yaxşı olar ki, onlar öz ağıllarına dua yazdırmaq üçün öz mollalarına müraciət etsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Hörmətli Oqtay müəllim keçən dəfə cari məsələlərdə görülən işlər haqqında da fikir yürütməklə bağlı çox vacib bir məsələ qaldırdı. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Milli Məclis son zamanlarda Türkiyə–Azərbaycan münasibətlərində yaranmış soyuqluğun aradan qaldırılması istiqamətində çox vacib işlər gördü. Həm Türkiyə millət vəkillərinin Azərbaycana dəvət edilməsi və konfransın keçirilməsi, həm də Türkiyənin Baş nazirinin Azərbaycanın Milli Məclisində çıxışı ilə bağlı görülən işləri mən yüksək qiymətləndirirəm. Amma təsadüf təkrar olunmur. Son dövrlərdə – Türkiyə–Azərbaycan münasibətlərinə aydınlıq gələndən, Azərbaycanın dövlət başçısının, Türkiyənin dövlət rəhbərlərinin bəyanatından, bu münasibətlər əvvəlki məcraya daxil olandan, hətta mən deyərdim ki, “Evrovision” mahnı müsabiqəsində də irəliyə doğru çox ciddi addım atılandan sonra, aparılan sosioloji sorğular da göstərdi ki, Türkiyədə Azərbaycanın dəstəklənməsi 90 faizdir. Mən sosioloji sorğuların nəticələrini deyirəm. Azərbaycanda Türkiyə ilə strateji müttəfiqlik tərəfdarları olanlar 60 faizdən yuxarıdır. Görünür, bu, kimlərinsə xoşuna gəlmir, yenidən bu məsələni qaynatmaq istəyirlər.
Bununla əlaqədar olaraq mən mediaya müraciət edirəm. Hesab edirəm ki, Milli Məclisdə əyləşən media nümayəndələri dövlətçilik təfəkkürünə və səlahiyyətlərinə görə çox yüksək səviyyəli insanlardır. İstərdim ki, onlar bu prosesə qoşulub bir daha Türkiyə–Azərbaycan münasibətlərində yeni soyuqluq yaratmaq istəyən insanlara “yox” demək istiqamətində əməklərini əsirgəməsinlər. Belə bir məsələnin həm də Türkiyə parlamentində qaldırılması mümkün olsa, mən bunu alqışlayardım.
İkinci bir vacib məsələni qeyd edirəm. Azərbaycan Respublikası Prezidentinin Dövlət bayrağı meydanının yaradılması ilə bağlı sərəncamı rəğbətlə qarşılanan bir sənəddir. Mən bu sənədə yüksək qiymət verdiyimi də qeyd edirəm. Bu yaxınlarda bu istiqamətdə görülən işlərin yoxlanılması da kifayət qədər ruh yüksəkliyi yaratdı. Azərbaycanda ucaldılacaq Dövlət bayrağının dayağı dünyanın ən yüksək qurğularından biri olacaq. Bununla əlaqədar mən qanunvericilik təşəbbüsü ilə çıxış eləmişəm. Yaxşı olar ki, hər il noyabr ayının 9-u Azərbaycan Respublikası ərazisində Dövlət bayrağı günü kimi qeyd edilsin. Bu istiqamətdə sənədləri təqdim eləmişəm. Ola bilsin ki, müəyyən formal məqamlar var.
Sədrlik edən. Sağ olun. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bilirsiniz ki, artıq orta məktəblərdə dərslər yekunlaşır və attestatların alınmasına çox az bir müddət qalıb. Bu il həm valideynlər, həm də müəllimlər tərəfindən sonuncu sinfi qurtaran məzunların ətrafında çox ciddi bir psixoloji gərginlik yaradılıb. Keçən il bu məsələlərlə bağlı bir neçə fakt mətbuatda da dərc olundu və biz də ətrafımızdan məlumatlar əldə etdik. Məsələ ondan ibarətdir ki, məzunların arasında ciddi psixoloji sarsıntılar keçirən, hətta beyninə qan sızan və digər diaqnozlarla xəstəxanalara düşən uşaqlar var. İlkin olaraq belə bir sual qarşıya qoyulmalıdır: Bizə əsas olan bu uşaqların sağlamlığıdır, yoxsa onların məzun olması, ali məktəbə qəbul olunmasıdır? Bu baxımdan, mənə elə gəlir ki, həm valideynlərin, həm də müəllimlərin çox ciddi məsuliyyət yükü var.
Bütün məktəblərdə psixoloq ştatı var. Amma təəssüflə qeyd eləmək istəyirəm ki, bu psixoloqlar məzunlarla bağlı yaşanan ciddi travmatik vəziyyətləri nə aradan qaldıra, nə də bunların qarşısını ala biləcək profilaktik tədbirləri həyata keçirə bilirlər. Bu gün bu uşaqların arasında orduya gedəcək oğlanlar və ana olacaq qız uşaqları var. Mən xahiş edirəm ki, həm Səhiyyə, həm də Təhsil nazirlikləri bu məsələ ilə bağlı müəyyən addımlar atsınlar.
Məlumdur ki, dünyanın hər bir yerində bu məsələlərlə bağlı ciddi psixoloji tədbirlər görülür və psixoloqlardan istifadə olunur. Mən istəməzdim ki, keçən il olduğu kimi, bu il də məzunların arasında belə psixoloji sarsıntılar keçirənlər və xəstəxanaya düşənlər olsun. Bu baxımdan məsələyə həm də mətbuatın diqqətini cəlb eləmək istərdim. Çox istərdim ki, kütləvi informasiya vasitələrində psixoloqların köməyindən istifadə etməklə, valideynlərə, müəllimlərə uyarıcı fikirlər təlqin olunsun. Təşəkkür edirəm.
Sədrlik edən. Fazil Mustafa.
F. Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Hörmətli Sədr, mən bu gün Siz başda olmaqla Milli Məclisin bütün üzvlərini 28 May Xalq Cümhuriyyətimiz – ən müqəddəs günümüz münasibətilə təbrik edirəm.
Mən hesab edirəm ki, bu gün Azərbaycanın bir sıra problemləri var. Amma bu problemlərin həlli çox vaxt xarici faktorla deyil, daxili faktorla əlaqəlidir. Son vaxtlar mətbuatın gündəmində olan bir neçə məsələyə toxunmaq istəyirəm. Xüsusilə yoxsulluq mövzusunda bizdə tez-tez müqayisələr aparırlar və qeyd edirlər ki, yoxsulluğun səviyyəsi xeyli aşağı düşüb. Hətta bunun göstəriciləri statistik məlumatlarda elmi əsaslara söykənmədən aşağı da salınır. Amma Azərbaycandakı yoxsulluğun xarici yoxsulluqdan əsas fərqi ondan ibarətdir ki, Azərbaycandakı yoxsul Amerikada və Avropada olan yoxsullardan fərqli olaraq əlavə xərclərdən, qeyri-qanuni ödənişlərdən azad olunmur. Məsələn, məktəblərdə pul yığmaq ənənəsini, ayrı-ayrı məmurlara qeyri-qanuni ödənc verilməsi məsələsini götürək. Bunlar Azərbaycanda bir reallıqdır. Amma ən dəhşətlisi odur ki, orta məktəblərdə bu proseslərin kökü hələ də kəsilmir. “Gül bayramı” ilə bağlı şagirdlərdən, valideynlərdən vəsait yığılması barədə onlarca informasiya oldu. Hamımız bilirik ki, bu pullar qeyri-rəsmi şəkildə yığılır. Qarşıdan “son zəng” gəlir. Yenə də pul yığmaq məsələsi gündəmdədir. Hörmətli təhsil naziri Misir Mərdanov haqlı olaraq bunu qadağan elədi. Bilir ki, imkan versə, bundan sui-istifadə edib pul yığacaqlar. Amma aşağı səviyyədə buna əhəmiyyət verən yoxdur. Onsuz da yoxsul yaşayan valideynin üzərinə məktəbdə əlavə ödənişlərin qoyulması, məncə, yanlışdır.
İkinci toxunmaq istədiyim məsələ mətbuatda gedən bir sıra ciddi məsələlərə heç bir reaksiyanın verilməməsidir. Bu günlərdə mətbuatda Sahil qəsəbəsində bir nazirin öz villasına gedən yolu bağlaması haqqında material dərc olunub. Bu ölkədə hamı bilir ki, nazirlərin yaşayış səviyyəsi ilə digərlərininki fərqlənir. Heç olmasa, bunu xalqın yolunu bağlamamaq hesabına eləsinlər. Bu məsələlərə, məncə, rəsmi səviyyədə münasibət bildirilməlidir. Hamı qanun qarşısında bərabərdirsə, heç olmasa, əhalini incitməmək xatirinə bunu eləmək lazımdır. Bu baxımdan Sahil qəsəbəsində yolun bağlanması yanlış addımdır, buna dövlət səviyyəsində reaksiya verilməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Fazil bəy, “rəsmi səviyyədə münasibət” deyirsiniz, bu, rəsmi sənəddir? Mətbuatda çox şey yazırlar. Əgər rəsmi sənəd varsa, rəsmi şəkildə də araşdırırlar.
Siz deyirsiniz ki, məktəblərdə pul yığırlar. Bu bizim düşüncələrimizdir, yığanlar da elə bizimkilərdir. Təhsil Nazirliyində “qaynar xətt” yaradıblar, əgər belə söhbət varsa, zəng edib, desinlər. Amma rəsmi sənəd olmadan Milli Məclisdə belə sözləri demək düzgün deyil. Nəsib Nəsibli.
N.Nəsibli. Cənab Sədr, təşəkkür edirəm. Hörmətli millət vəkilləri, deyiləsi sözlər çoxdur, xüsusən Fəzail Ağamalının qaldırdığı məsələ çox önəmlidir. Güman edirəm ki, Cənubi Azərbaycanda və İranda bizim soydaşlarımızın milli hərəkatının bugünkü mərhələsi haqqında da fikirlər söylənəcək. Amma mən çoxdan demək istədiyim bir məsələni diqqətinizə çatdırmaq istəyirəm.
Mütəxəssislər dünyada mövcud olan qanunvericilik orqanlarını, əsasən, dörd qrupa bölürlər. Bunlardan birincisi, hərfi tərcümədə “möhür vurulan yer” (Rubber Stamp) deyilən və məna baxımından notariat kontoru saya biləcəyimiz qrupdur. İkinci qrupa keçid üçün sərt qanunvericilik orqanı üzvlərinin, heç olmasa, burada danışa bilmələridir. Bizim Milli Məclis də məhz birinci qrupa aid edilir. Onun bu çağırış müddətində ikinci qrupda yer alması və Milli Məclisin Ali Sovetdən parlamentə çevrilməsi üçün rəhbərliyin təxminən bir il vaxtı qalır. Milli Məclisin aktiv hissəsi bu tarixi transformasiyada iştirak etməyə meyillidir. Yetər ki, rəhbərlik burada fərqli fikirlərin səslənməsindən narahat olmasın. Burada müxtəlif fikirlərin səslənməsi həm də Milli Məclisin özünün nüfuzunun artması demək olardı. Halbuki icraedici hakimiyyətin nümayəndələrinin iştirak etdiyi iclaslarda rəhbərlik çalışır, mümkün qədər az danışılsın, xüsusən müxalifət deyilən kəs, ümumiyyətlə, heç danışmasa, daha yaxşı olar.
Bizə gəldikdə isə bilirik ki, Azərbaycan tipli ölkələrdə siyasətlə məşğul olmaq ya şəxsiyyətin intiharı, ya da vücudun intiharı deməkdir. Hələ ki əsəbdən çatlamamışıq, hələ ki bizi məhv etməyiblər, biz öz vəzifəmizi yerinə yetirmək istəyirik. Millət vəkilinin vətəndaşları daha yaxşı təmsil etməsi üçün təklif edirəm:
1. Gündəliyin müzakirəsi adı altında 3 dəqiqəlik çıxışların vaxtı 10 dəqiqəyədək artırılsın. Cari məsələlərə ayrılan 30 dəqiqə ən azı 1 saata çatdırılsın. Millət vəkilinin bu çıxışlarda istədiyi mövzuda bəyanat vermək haqqı tanınsın.
2. Daxili Nizamnamənin 13-cü maddəsinin, yəni israr edən deputata söz vermək imperativinin tez-tez pozulması praktikasına son qoyulsun. Çoxluğun çıxışlar dayandırılsın tələbi və iş gününün saat 18.00-da bitməsi qanun pozuntusu üçün əsas sayılmasın. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Hörmətli Nəsib bəy, deyirsiniz ki, bir il qalıb. Deyəsən, narahat olan sənsən, çünki sənin də bir ilin qalıb. Ona görə xahiş edirəm, çıxış edəndə diqqətli olun. Nə mən, nə də müavinlərim narahat deyillər.
İkinci, nizamnamədə dəyişiklik etmək tamamilə başqa bir məsələdir. Azərbaycandakı mövcud vəziyyətdən xoşu gəlməyənlər özləri bilərlər. Azərbaycanda mövcud vəziyyət çox yüksək səviyyədədir, parlamentdə də işlər normal qaydada gedir. Heç kimin də sözü kəsilməyib. İndiyə qədər kimin sözü kəsilib? Söz əlavə vaxt istəyəndə kəsilir. Heç olmasa, bir az insafla danışın.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Nə vaxt sədr olarsan, onda sən elə eləyərsən. İsrar edəndə söz verilmir. Reqlament var, ona əməl etmək lazımdır. Bura bazar deyil, Milli Məclisdir. İqbal Ağazadə.
İ.Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bir neçə dəfə burada “Hərbi çağırışın əsasları haqqında” Qanuna dəyişiklik edilməsi və hərbi çağırış yaşının 35-dən 27-yə, 4 dəfə çağırış müddətinin 2 dəfəyə endirilməsi ilə bağlı məsələ qaldırmışam. Bunu həm psixoloji, həm də hüquqi cəhətdən əsaslandırmışam. Bir daha istəyirəm, bu məsələyə qayıdım.
Son günlər Azərbaycan ordusunda ciddi bir hadisə baş verib. Bir əsgər 5 nəfər əsgəri güllələyib və verdiyi izahatında bildirib ki, ona qarşı edilən haqsızlıqlara dözməyərək bu hadisəni törədib. Bu, ərazisi işğal olunmuş ölkənin ordusu üçün bağışlanılmaz bir haldır. Ordu ilə bağlı problemlər çox həssas mövzu olduğuna görə dəfələrlə tələb etmişik ki, qapalı iclas keçirilsin və biz bu məsələlərə öz münasibətimizi bildirək. Hökumət hesabatı zamanı da demişik ki, müdafiə naziri burada olsun və deputatların suallarını cavablandırsın. Çox təəssüflər olsun ki, bunların heç birinə əməl olunmur. Ona görə məcburam ki, bu məsələyə yenə qayıdım.
35 yaşlı əsgərlə 18 yaşlı əsgər bir yerdə qulluq edə bilməz. Bunun psixoloji tərəfləri var. Az qala iki dəfə o birisindən böyükdür. Təbii ki, burada “detovşina” halları baş verəcək. Buna görə də yaş həddi 27-yə endirilməlidir. Sual olunmalıdır ki, əgər 27 yaşına qədər bu, hərbi çağırışdan yayına bilibsə, 35 yaşında bunu axtarıb tapmaq üçün çalışan səlahiyyətli qurumlar hara baxırdılar? Niyə 27 yaşına qədər bunu çağırmamışdılar? Niyə 27 yaşına qədər bu, hərbi qulluğa getməmişdir? Heç kim bunu təhsillə və yaxud da imtiyazlarla əsaslandırmasın.
Biz “Hərbi çağırışın əsasları haqqında” Qanuna dəyişiklik edəndə magistrlər üçün də güzəştli şərtləri bu və ya digər şəkildə ləğv etdik. Buna görə də mən hesab edirəm ki, dərhal çağırış yaşı 35-dən 27-yə, hərbi çağırış 4 dəfədən 2 dəfəyə endirilməlidir. 3 aylıq hazırlıq dönəmini mükəmməl həyata keçirsinlər və əsgərləri psixoloji cəhətdən də hazırlasınlar. Yoxsa bir ay karantin keçəndən sonra onlar dərhal hərbi hissəyə göndərilirlər.
Bundan başqa, hərbi hissədə qulluq keçmə ilə bağlı çox ciddi şəkildə qapalı müzakirə keçirib ordu hissələrinin dislokasiyası ilə bağlı məsələ qaldırmaq lazımdır. Necə ola bilər ki, bir əsgər il yarım Bakıda qulluq etsin, başqa əsgər bir cəbhə bölgəsində? Niyə bu şəkildə olmalıdır? Niyə kimsə əvvəlcədən gedib orada öz yerini müəyyənləşdirməlidir, bir başqası da səngərdə qulluq etməlidir? Vətən təkcə onun üçün deyil. Ona görə də sovet ordusunda və bu gün müasir dünyanın ordu tiplərində olduğu kimi, hərbi hissələr yerlərini dəyişməlidir.
Sədrlik edən. Sağ olun. Aqil Abbas.
A.Abbasov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Təxminən bir il öncə hörmətli Arif müəllim burada Ağdərə rayonunun ləğv olunması ilə bağlı bir məsələ qaldırdı. O vaxt dedilər ki, Xalq Cəbhəsi xəyanət edərək, bu rayonu ləğv edibdir. Biz ağdərəlilər, yəni qarabağlılar da, fikirləşdik ki, yaxşı ki bu məsələ qalxdı, xəyanət edənləri güllələyərlər və o işi də həll edərlər. Təəssüf ki, nə xəyanət edənləri güllələdilər, – təbii ki, dırnaq arasında, – nə də deyilənə əməl etdilər. Onda da mən demişdim, heç bir ağdərəli ağdamlı, kəlbəcərli, tərtərli olmaq istəmir.
Bilirsiniz ki, Xocavənd, Xocalı rayonları var. Allah onları torpaqlarına qaytarsın və biz özümüz də Allaha kömək edək. Onlar var, amma dörd böyük kəndi azadlıqda olan, – bizim əsgərlər vaxtında oranı təmizləyiblər, – Ağdərə rayonu yoxdur. Ağdərədə on beş min azərbaycanlı yaşayırdı, indi, yəqin ki, bu say çoxalıb. Biz bilirik ki, böyük oyunlar gedir və gələcəkdə referendum keçirilməsi məsələsi var. İndi bu necə olacaq, o, taleyin işidir. Birdən-birə Dağlıq Qarabağda on beş min azərbaycanlının sayını azaltmışıq. Halbuki orada ermənilərin sayı heç altmış min deyil, onlar Amerikadakı qohum-əqrəbalarının adını ora yazdırıblar. Hətta Obamanın qohumlarının adını da ora yazdırırlar ki, ermənilərin sayı çox olsun. Amma biz öz azərbaycanlılarımızın sayını Dağlıq Qarabağda azaldırıq.
Niyə Ağdərə rayonu bərpa olunmadı? Arif müəllim bu məsələni qaldırdı, amma yarımçıq qaldı. Əgər bu, Xalq Cəbhəsini söymək üçündürsə, mən hər gün qəzetdə Xalq Cəbhəsini söyə bilərəm. Ağdərəlilər xahiş eləməmişdilər ki, onların rayonları ləğv olunsun. İndi də xahiş eləməli deyillər ki, onların rayonları bərpa olunsun. Həmin səhv düzəldilməlidir. Onu Milli Məclis, o vaxtkı Ali Sovet ləğv edib. Bugünkü Ali Sovet də ağıllı Ali Sovetdir, o vaxtkı kimi deyil. Buyursunlar, Ağdərə rayonunu bərpa eləsinlər, camaatın vətəndaşlığını özlərinə qaytarsınlar. On beş min azərbaycanlı qayıdıb.
İkincisi, niyə Xankəndi? rayonunun icra strukturları bərpa olunmur? Biz artıq Xankəndini, doğrudanmı, ermənilərə vermişik? Orada da 15 min azərbaycanlı yaşayırdı. İndi niyə onlar da onun-bunun qoltuğu altında yaşamalıdırlar? Oqtay müəllim, çox xahiş edirəm, yaxın zamanlarda Arif müəllimin komitəsi bu məsələni gündəliyə gətirsin və Xalq Cəbhəsinin xəyanətini ləğv edək, yazıqdırlar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, hörmətli Sədr. Hörmətli Aqil müəllimin axırıncı ifadəsini mən, sadəcə, ona yaraşdırmıram.
Hörmətli Sədr, icra hakimiyyətlərinə və digər hakimiyyət orqanlarına bizim bir sıra sorğularımız olur. Əvvəllər sorğularımıza nazirlər, nazir müavinləri, daha sonra şöbə müdirləri cavab verirdi, indi isə şöbə müdirlərinin müavinləri cavab verməyə başlayıblar. Bu təcrübə Milli Məclisə də keçib. Belə ki, mənim Sizə ünvanladığım müraciətə qətiyyən bu məsələyə aidiyyəti olmayan Komitə və komissiyalar ilə iş şöbəsi cavab veribdir. Həmin müraciətdə mən bildirmişdim ki, mənə Əsədli bələdiyyəsinin bir qrup üzvü müraciət edib ki, onların adından göndərilən protokollar saxtadır. Mən rayonda olmuşam, bunun, həqiqətən, belə olduğuna inanmışam və bu məsələnin düzəldilməsi üçün Sizə müraciət eləmişəm. Amma mənə çox maraqlı cavab gəlib ki, guya Milli Məclisin müvafiq orqanları tərəfindən həmin məsələ araşdırılıb və həmin əhalinin Məmişlər bələdiyyəsinə birləşməsi haqqında sənədlərin doğru olması təsdiqlənib. Halbuki bizə bələdiyyələrin siyahısı paylanılıbdır, bu da gündəlikdə olan məsələdir. 23-cü səhifədə həmin Əsədli kəndinin Qaralar bələdiyyəsinə birləşməsi haqqında məlumat gedibdir. Bu da ikinci bir saxtakarlıq və orada olan sahibkarlığın əyani sübutu.
Mən bir neçə dəfə Prezident Administrasiyası və Ədliyyə Nazirliyi ilə, bizim hörmətli komitə sədrləri ilə əlaqə saxlamışam. Bir daha bildirirəm ki, bu, birləşmə deyil, zorla birləşdirmədir. Sabirabad rayonunda bir dənə də iclas olmayıb. O iclasların hamısı saxtadır. Bu saxta sənədlər əsasında qanunvericilik aktının qəbul olunması doğru deyildir. Mən bunun düzəldilməsini, onların nümayəndələrinin Sizin tərəfinizdən,  yaxud Milli Məclisin rəhbər işçiləri tərəfindən qəbul edilməsini xahiş və tələb edirəm.
Mənə indi Milli Məclis Aparatının bu sənədini təqdim ediblər. Mən bir məsələni də qeyd edim ki, əhalinin böyük bir hissəsinin bundan xəbəri yoxdur və mən burada sual edirəm: Əgər bu bələdiyyələrin birləşdirilməsi belə mütərəqqi və müsbət haldırsa, nə üçün Naxçıvan Muxtar Respublikasının ərazisində bir dənə də bələdiyyə birləşdirilməyib? Nə üçün, məsələn, Qəbələ rayonunda bir dənə də bələdiyyə birləşdirilməyib? Nədir, indi biz Sabirabad bələdiyyələrinin guya qayğısını çəkirik, Naxçıvan, yaxud Qəbələnin yox? Bu cür düzgün olmayan, qeyri-səmimi, ayırıcı bələdiyyə siyasətinə son qoyulmasını və öz seçicilərimin haqq və hüquqlarının qorunmasını Sizdən tələb edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Yəqin, bu sualınıza Arif müəllim cavab verəcək, Siz həmişə bərabər hüquqdan danışırsınız. Bəs onda necə olur ki, Siz məsələni araşdıran Milli Məclisin şöbə müdirinin vəzifəsini çox kiçik sayırsınız və onun verdiyi arayışı bəyənmirsiniz? Mən hesab edirəm, bu, düzgün yanaşma deyil.
İkinci, 2 700 bələdiyyədən 1000 bələdiyyə azaldılır. İndi Siz deyirsiniz ki, Milli Məclis 1000 bələdiyyədə yoxlama keçirsin və bu sənədin düzgün olub-olmadığını araşdırsın.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yerindən danışma. Özü də xahiş edirəm, səsinizin tonunu qaldırmayın, bir az sakit danışın.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mənə sual ünvanlayırsan, cavab verirəm. Səsim də səsindən gurdur. Bir balaca özünüzə hörmət edin. Müraciət eləmisən, cavabını veriblər. Qane eləmir, bir də müraciət edərsən. Lazım gələrsə, özünü də ora göndərərik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Birincisi, normal cavab verilib. Əgər qane eləmirsə...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Cavabı oxuyun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sən deyirsən, saxtadır, deyirlər ki, saxta deyil. Yoxlanılıb, saxta deyil. Gərək elə sən deyən olsun. Məktub var, 750 imza var.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən inanmıram ki, 30 yox, 130 dəfə əlini qaldırasan ki, düz deyirsiniz.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qoşarıq. Yenə də deyirəm, adamı da qoşaram, amma inanmıram ki, 100 yox, 230 da olsa, boynuna alasan.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əyləş yerinə, artıq bəsdir. İnsanları hövsələdən çıxarma.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Millət vəkilisən, özünə hörmət elə.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Birinci, qabiliyyətin olsun, yerindən danışma. Əyləş yerində, otur.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yerində əyləş. Sənin sözün kəsilməmişdi. Göydən zənbillə düşmüsən ki, istədiyin vaxt danışasan?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Özünə hörmət qoymasan, cavab da belə olacaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Özün özünə belə hörmət eləyirsən. Sənə ayıb olsun ki, deputata qoyulan hörməti qiymətləndirmirsən. Bir misal var, çəkmək istəmirəm. O, düzələn deyil. Arzu Səmədbəyli.
A. Səmədbəyli. Çox sağ olun, hörmətli Sədr. Mən iclasın gedişində gündəlikdə olan məsələlərlə bağlı fikrimi deyəcəyəm. İndi iki məsələ ilə bağlı mövqeyimi bildirmək istəyirəm. Birinci, ötən dəfə burada Pənah bəy çıxışında Müsavat Partiyasının Gənclər Təşkilatına olan hücumlarla bağlı müsavat deputat qrupunun mövqeyini bildirdi. Hörmətli Sədr, biz Sizdən xahiş elədik ki, parlament rəhbərliyi güc strukturlarından, hakimiyyət orqanlarından bu məsələlərin araşdırılmasını istəsin. Siz də dediniz ki, müraciət edin. Biz də həm Daxili İşlər Nazirliyinə, həm də Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə sorğu hazırlamışıq. Ancaq o çıxışdan sonrakı dövrdə də bu təqiblər davam edir.
Sahə müvəkkili əlində heç bir sənəd olmadan Müsavat Gənclər Təşkilatının üzvü Emil Abbaslının evinə gəlib onu təhdid eləyir. Valideynlərindən onun təcili Bakı Şəhər Baş Polis İdarəsinə gəlməsini istəyib. Ondan sənəd istəyiblər, heç nə göstərməyib. Tural Abbaslı evindən ta Sahil bağına qədər təqib olunub. Həmin adamlardan nə üçün təqib edildiyini soruşanda bəlli olub ki, bunlar 39-cu polis bölməsində vaxtilə ondan izahat alan polis əməkdaşlarıdır. Nigar Yaqublunun qeydiyyatda olduğu əmisinin evinə gedilib və ailə tərkibi haqqında məlumat istənilib. Bu, elə bil ki, 37-ci ilin ab-havasını xatırladır. Biz hansı zəmanədə yaşayırıq? Bu, XXI əsrdir. Biz beynəlxalq qurumların üzvüyük, Azərbaycan demokratik ölkədir deyirik. Gənclərə qarşı bu təzyiqlər dayandırılmalıdır. Gənclərin guya fəaliyyətini bununla azaltmaq istəyirlərsə, çox səhv edirlər. Çünki təsir əks-təsirə bərabərdir.
İkinci, burada çıxış edən deputat həmkarlarım Fəzail Ağamalının və Nəsib Nəsiblinin fikirlərinə qatılıram. Son dövrlərdə İranda baş verən proseslərə hakimiyyətin susqunluğunu qınayıram. Bu bir neçə dəfədir təkrar olunur. Bilirsiniz ki, 22 may hərəkatının üçüncü il dönümündə soydaşlarımıza çox böyük təzyiqlər oldu, onları tutdular, döydülər. İranın molla rejimi bu siyasətindən əl çəkmir, azərbaycanlılara onların istədiyi haqları vermək istəmir. Hətta konstitusiyasında təsbit olunmuş haqqı belə tanımaq istəmir. Biz İranın hakimiyyət orqanlarının bu qanunsuz əməllərini pisləyirik və eyni zamanda, oradakı soydaşlarımızın haqlı tələblərini də müdafiə edirik. Görün, iş nə yerə çatıb ki, İranın ordu generalı Azərbaycana kimi çağırmaq, kimi çağırmamaq barədə göstəriş verir, ölkənin suveren hüquqlarına qarışır. Mən hesab edirəm ki, Azərbaycan hakimiyyəti fikirləşməlidir və İsraildə Azərbaycan səfirliyinin açılması ilə bağlı qərar qəbul eləməlidir. Xarici İşlər Nazirliyi İrana nota verməlidir.
Sədrlik edən. Sağ olun. Ziyafət Əsgərov.
Z.Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən iki məsələyə münasibətimi bildirmək istəyirəm. Bayaq İqbal Ağazadə “Hərbi xidmətə çağırışın əsasları haqqında” Qanunla bağlı məsələ qaldırdı. Əvvəla, biz keçən il qanuna əlavə və dəyişikliklər edərkən, yadınızdadırsa, həm komitə iclasında, həm də plenar iclasda müdafiə nazirinin müavini Çingiz müəllim çıxış elədi, bütün məsələlərə tam aydınlıq gətirdi və millət vəkilləri də bununla razılaşdılar. Üstündən 6 ay keçib, mən bilmirəm, burada nə baş verir? Bizim Konstitusiyamız var, orada göstərilir ki, Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Bəli, əvvəllər nəzərdə tutulmuşdu ki, Azərbaycan vətəndaşları 27 yaşına qədər hərbi xidmət keçməlidirlər. Biz 35 yaş həddini xoş gündən qaldırmadıq. Məlum oldu ki, müəyyən adamlar 27 yaşına qədər başqa ölkələrdə gizlənirlər və yaxud da saxta yollarla hərbi xidmətdən yayınırlar. Ona görə məcbur olduq, bunu 35 yaşa qaldırdıq.
İkinci, bu heç də o demək deyil ki, bu adam mütləq 35 yaşında əsgərliyə getməlidir. Vaxtında getsin. Burada nə problem var ki? Niyə biz hərbi xidmət adı gələndə həmişə bu 35 yaş məsələsini qaldırırıq və onu 27 yaşa salmaq istəyirik. Qardaş, bu, sənin millət, xalq, dövlət qarşısında borcundur. Vaxtında get, borcunu ver. Nə tələb olunur, nə var?
İqbal müəllim, nəzərinizə çatdırım ki, dislokasiya məsələsi ilə dəfələrlə maraqlanmışam, müdafiə nazirinə də mən müraciət eləmişəm. Həm də Çingiz müəllim bunu burada dəfələrlə deyib. Dislokasiya həm zabitlərə, həm də əsgərlərə şamil edilir. İstəyirəm, bunu biləsiniz. Hər şey qaydasındadır, normasındadır.
Hərbi xidmətə çağırışın müddətləri ilə bağlı danışdınız. Çingiz müəllim bu məsələni də burada əsaslandırdı və belə hesab olundu ki, Azərbaycanın indiki müharibə şəraitində hələlik bu cür məqbuldur. Hətta elmi cəhətdən də bunu əsaslandırdılar. Onlar da etiraf elədilər ki, gələcəkdə, bəli, iki dəfəyə endirmək olar. Hər dəfə bu məsələni qaldırmaq, hər dəfə bu məsələyə qayıtmaq, mən hesab edirəm ki, düzgün deyil.
Sonra, Arzu Səmədbəyli müsavatçı gənclərin guya tutulması, təqib olunması ilə bağlı danışdı. Arzu müəllim, Siz burada guya təqib olunan adamların, belə deyək, üçüncü şəxsin adından danışırsınız. Amma bizim əlimizdə konkret fakt, məlumat yoxdur. Buyurun, müraciət edin, biz də araşdıraq. Siz bir tərəfin adından danışırsınız, amma biz indi o biri tərəfi eşidə bilmirik axı. İndi mən haradan bilim ki, Siz həqiqəti deyirsiniz. Ona görə buyurun, müraciət edin, ondan sonra araşdıraq, Sizə cavab verək.
Ümumiyyətlə, mən hesab edirəm ki, Pənah bəy burada çox emosional çıxış etdi, hörmətli Sədrə qeyri-adekvat cavab qaytardı. Mən düşünürəm ki, burada oturan hər bir millət vəkili millətin seçdiyi insandır və danışığına, tərbiyəsinə, qanacağına, mərifətinə fikir verməlidir. Sədr hamımız tərəfindən seçilib, iclası o aparır. Bilirsiniz ki, həm bizim Daxili Nizamnamədə, həm də “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunda Sədrin səlahiyyətləri var. İclası necə aparmaq onun səlahiyyətinə aid olan məsələdir. Ona görə xahiş edirəm, bu məsələlərə fikir verin. Sağ olun.
Sədrlik edən. Dəfələrlə demişik ki, o məsələlərə fikir verin. Deyəsən, fikir vermək niyyətləri də yoxdur. Çünki bu onlara lazım deyil. Bunların bəzilərinə lazımdır ki, bu sözü dedi, danışdı desinlər deyə özünü mikrofonla göstərsin. Söhbət bundan gedir. Ancaq qarşılıqlı hörmət, münasibət, özünü normal aparmaq çoxlarına əl vermir.
Gündəliyə keçirik. Gündəliyin birinci məsələsi “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədədir. Buyursun Əli Hüseynov.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq 63 və yaxud ondan daha çox millət vəkili “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi haqqında Konstitusiya qanunu layihəsini təqdim etmişlər. Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrində müzakirə olunmuş və parlamentin müzakirəsinə tövsiyə edilmişdir. Bilirsiniz ki, bizim Konstitusiyamızda sonuncu dəfə referendum yolu ilə etdiyimiz əlavə və dəyişikliklərdə belə bir müddəa da öz əksini tapmışdır: hər bir qanun əsaslandırılmalıdır. İstərdim ki, bu qısa çıxışımda bu dəyişikliyi əsaslandıram.
Bilirsiniz ki, 2001-ci ildə “İnsan hüquqları üzrə müvəkkil haqqında” Konstitusiya Qanunu parlamentdə çox geniş müzakirə olunmuş və qəbul edilmişdir. Fürsətdən istifadə edib yada salmaq istəyirəm ki, bu Konstitusiya Qanunu parlamentdə işlənib hazırlanmış və bizim komitələr tərəfindən parlamentin müzakirəsinə tövsiyə edilmişdir. O zaman ən çox müzakirə olunan müddəalardan biri də bu qanunun 4-cü maddəsi ilə – “Müvəkkilin səlahiyyət müddəti ilə” bağlı idi. Hələ o zaman millət vəkilləri Müvəkkilin səlahiyyət müddəti, onun bir və ya bir neçə dəfə seçilməsi ilə bağlı müddəanı ciddi müzakirə etmişdilər. Çoxlu təkliflər olmuşdu. Təkliflər olmuşdu ki, bu müddət 5 il və yaxud da 6 il, 7 il, 8 il olsun. Eyni zamanda, təkliflər olmuşdu ki, Müvəkkilin 2 dəfə və yaxud daha artıq seçilmək imkanı olsun. Sözsüz ki, biz o zaman da beynəlxalq təcrübəni öyrənmişdik, bilirdik. Qeyd edə bilərəm ki, bu qanun işlədiyi dövrdə bir çox ölkələr üçün bir nümunə kimi göstərilmişdi.
Çox mütərəqqi, Müvəkkilin səlahiyyətini özündə təcəssüm etdirən lokal, aydın bir qanundur. O zaman uzun müzakirələrdən sonra biz Müvəkkilin bir dəfə, 7 il müddətinə seçilməsi müddəası üzərində qaldıq. İdeyamız ondan ibarət idi ki, Azərbaycanda İnsan hüquqları üzrə Müvəkkil təsisatı yeni yaranır, o, müəyyən təcrübə toplamalıdır, formalaşmalıdır, əlaqələr yaratmalıdır və bundan sonra qanuna hansısa bir əlavə və dəyişikliklər etmək fikrinə qayıtmaq olar.
Qeyd etmək istəyirəm ki, ötən dövr ərzində biz bir neçə dəfə bu Konstitusiya Qanununa dəyişikliklər etmişik. Hazırda etdiyimiz təklif ondan ibarətdir ki, “eyni şəxs Müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz” müddəası qeyd olunsun, yəni Müvəkkilin yalnız bir dəfə seçilməsi müddəası dəyişdirilsin.
İstərdim ki, mövcud olan təcrübəni də bir daha xatırladım. Onu 2001-ci ildə də müzakirə aparılsın deyə xatırlatmışdım. Hazırda Müvəkkil institutları çox məşhur olan ölkələrdə, o cümlədən Danimarkada, İsveçrədə, Avstriyada Müvəkkilin iki dəfə seçilmək təcrübəsi mövcuddur. İsveçrədə, ümumiyyətlə, Müvəkkilin seçilməsinə hər hansı bir məhdudiyyət yoxdur. Litvada Müvəkkil 4 il müddətinə seçilir. Amma onun sonradan dəfələrlə seçilmək imkanı vardır. Makedoniyada Müvəkkil 8 il müddətinə 2 dəfə, Slovakiyada 5 il müddətinə 2 dəfə seçilə bilər. Qeyd etmək istəyirəm ki, Avropa İttifaqının ombudsmanı da 5 il müddətinə seçilir, amma onun da yenidən seçilmək imkanı var. Qonşu ölkələrdə – misal üçün, Gürcüstanda, Rusiyada da belə bir təcrübə var. Amma mən MDB təcrübəsini qeyd etmək istəmirəm. Ümumiyyətlə, Avropada bu təcrübə mövcuddur və Avropa Hüquq İnstitutunda çox normal qəbul olunur. Bir daha vurğulamaq istəyirəm ki, o zaman məqsədimiz ombudsman təsisatının formalaşması üçün müəyyən bir imkanın yaradılması olmuşdur. Təklif etdiyimiz müddəa beynəlxalq təcrübəyə uyğundur və burada hər hansı bir problem görmürəm. Hesab edirəm ki, bizim qanunun yaratdığı imkanlar, yəni 3 nəfər namizədin dövlət başçısı tərəfindən təqdim olunması, parlamentin 83 səs çoxluğu ilə bir namizədi qəbul etmək müddəaları, eyni zamanda, bu institutun müstəqil seçilərək fəaliyyət göstərməsi üçün əlavə təminatlar da yaratmış olur. Yəni iki dəfə seçilməyin özü də istənilən halda başqa müddəalarla bu institutun müstəqilliyinin qorunmasını təmin etmiş olur.
Təklif etdiyimiz digər bir dəyişiklik isə 4.3-cü maddəyədir: “Müvəkkilin səlahiyyət müddətinin bitdiyi gün yeni Müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni Müvəkkilin seçildiyi gündən bitmiş hesab olunur”. Əslində, bu müddəa, hesab edirəm ki, bizim mövcud qanunvericiliyimizdə olan boşluğu doldurmaq məqsədi güdür. Çünki praktik baxımdan belə bir hal ola bilər. Misal üçün, Müvəkkilin səlahiyyət müddəti artıq bitib, namizədlər təqdim olunub, amma Konstitusiya Qanununda göstərilmiş səs çoxluğunu heç kim toplamayıb. Onda sual doğur ki, bu müddət bitibsə, Müvəkkil institutu necə fəaliyyət göstərəcək? Yəni faktiki olaraq biz bu halları aradan qaldırmaq, bu boşluğu doldurmaq məqsədi güdürük. Sözsüz ki, bu, qanunla edildiyinə görə burada da bir problem görmürəm. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, bu cür hallar bizim digər qanunlarda da nəzərdə tutulmuşdur.
Mənim demək istədiklərim bu qədər. Hesab edirəm ki, həmkarlarım komitə iclaslarında olduğu kimi, burada da bu müddəanı müdafiə edəcəklər. Komitənin iclasında müzakirələr zamanı müxalifət nümayəndələri fərqli fikirlər söyləyiblər. Suallar olarsa, biz onları cavablandırmağa hazırıq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Çox təəssüflər olsun ki, mən hörmətli Əli müəllimə qulaq asandan sonra bunun zərurəti barədə bir şey yadımda qalmadı. Mənə aydın olmadı ki, bunun zərurəti nədir? Əli müəllimin dediklərini də ardıcıl olaraq qeyd etmişəm: millət vəkilləri o vaxt ciddi müzakirə etmişlər, biz istəyirdik ki, beynəlxalq təcrübəni öyrənək, beynəlxalq təcrübəni də yadda saxlamışıq, bir sıra ölkələrdə 5 ilə seçilir, bir sıra ölkələrdə 7 ilə seçilir, birində 2 dəfə seçilir – bu, əsaslandırma deyil. Azərbaycan tipli kifayət qədər Avropa ölkəsi var ki, bir dəfə seçilir və səlahiyyətlərini bitirir. Dəyişmək zərurəti nədən yaranıb? Məsələnin mahiyyəti budur. Niyə dəyişirik? Bunu əsaslandırmalıyıq. Yoxsa “filan təcrübədə var ki, iki dəfə seçilsin...” Başqa təcrübələr də var. Niyə o təcrübələrdən istifadə etmirik? Başqa təcrübələrdə var ki, müxalifət nümayəndələri ictimai institutların hamısında təmsil olunurlar. Niyə Azərbaycan Əfv Komissiyasında, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyada, Dövlət Neft Fondunda və başqa yerlərdə təmsil olunmur? Dünyanın hər yerində onlar təmsil olunur. Təcrübədirsə, təcrübədə bundan da istifadə edin. Yəni bu, əsaslandırma deyil. Bu, sadəcə olaraq, bir qrup söz yığnağıdır ki, millət vəkillərinə təqdim olunur.
Niyə iki dəfədən artıq seçilir? Deyilir ki, iki dəfə seçilmə əlavə təminat verir. Nəyə əlavə təminat verir? Ona əlavə təminat verir ki, ombudsman bir il ərzində iqtidarla hansı münasibətləri quracağı, növbəti mərhələdə seçilib – seçilməyəcəyi barədə düşünsün. Təminat yalnız bunadır. Çünki bir dəfə seçilsə, başa düşər ki, onsuz da ikinci müddət yoxdur və onun müəyyən bir tarixdə Azərbaycan dövlətinə İnsan hüquqları üzrə Müvəkkil kimi qulluq etmək imkanları var. Buna qulluq edəcək.
Mən mövcud ombudsman haqqında danışmaq istəmirəm. Mən həm mövcud ombudsmanın, həm də ombudsman institutunun fəaliyyətindən çox narazıyam. Dəfələrlə burada demişəm, bir ölkənin ombudsmanı ki insan haqlarını qorumalı olduğu halda hüquq mühafizə orqanlarına kasetlər çəkib təqdim edə, o, ombudsman deyil. Bu, ombudsman institutunun mahiyyəti barədə fikir irəli sürür ki, ombudsman institutu indiyə qədər necə fəaliyyət göstərib. Amma məsələnin mahiyyəti ondadır ki, təkmilləşdirmək əvəzinə hakimiyyətə şərait yaradırıq ki, bu məsələlərdə ombudsman institutunu daha çox nəzarətdə saxlasın, onun ətrafındakı pərdəni daha da sıxlaşdırsın və bu təsisat hakimiyyət institutlarına daha çox qulluq etsin. Məsələnin mahiyyəti bundadır. Mən hesab edirəm, səlahiyyət müddəti buna görə dəyişdirilir. 7 il kifayət qədər ciddi bir vaxtdır. 7 ilə ombudsman istənilən ölkədə insan haqlarına qulluq edə, özünü institut kimi təqdim edə bilərdi.
Əli müəllimin təqdimatına baxın: “Əlaqələrimiz yaxşılaşıb, biz istəyirdik ki, əlaqələr qursun. Ona görə indi ikinci dəfə də seçmək olar”. Necə əsaslandırmadır? Nəyin əlaqəsi yaxşılaşıb? Əlaqəni ombudsman yox, dövlət qurur, Müvəkkil Aparatı qurur.
İkinci, yazılıb ki, Müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni Müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni Müvəkkilin seçildiyi gündən bitmiş hesab olunur. İndi belə bir sual ortaya çıxır. İyun ayında Müvəkkilin səlahiyyətləri bitir. Bu qanun da 6 aydan sonra qüvvəyə minəcək. Onda necə olacaq? Biz bilirik ki, Konstitusiya qanunu nə vaxtdan qüvvəyə minir. 6 aydan sonra təkrar səsverməyə qoyulmalıdır. Necə olacaq? Biz indi iyun ayında Müvəkkili dəyişməyəcəyik? İyun ayında səlahiyyətləri bitir, biz hansı əsaslarla onu saxlayacağıq? Bu qanun da havadan asılı qalır.
Məsələnin mahiyyəti nədir? Mən hesab edirəm ki, Azərbaycan qanunlarını bu şəkildə təhrif edib, qeyri-ciddi şəkildə Milli Məclisə çıxarmaq, hüquq siyasəti, dövlət quruculuğu adına qondarma əsaslarla bunu Milli Məclisə təqdim etmək gülüncdür. Bu tipli şeyləri etmək doğru deyil. Nədir, Azərbaycanda ombudsman tapılmır? Nə qədər istəyirsiniz. Mən keçən dəfə İctimai Televiziyada da dedim, İctimai Televiziyaya hökmən gərək 78 yaşlı qadını təqdim edəydiniz? O qədər cavan adamlar var. Sizin siyasətinizi dəstəkləyən, sizin xəttinizi qoruyan, sizə sadiq olan adamı seçin, amma heç olmasa, bunu Milli Məclisə elə təqdim edin ki, bunun presedenti normal olsun. Biz onsuz da bilirik ki, bizim sıralarımızdan kimisə, ya da müstəqil adamı Müvəkkil təyin etməyəcəksiniz. Yenə öz bildiyinizi təqdim edin, amma qanunu bu şəkildə, gülüş doğuran formada, yəni İsveçrədə belə getdi, Danimarkada elə getdi kimi təqdim etməyə ehtiyac yoxdur. Hökmən Azərbaycan da belə etməlidir? Bilirsinizmi, Hollandiyada hansı qanunlar var? Bəlkə Hollandiyada olan qanunları da Milli Məclisdə qəbul edək. Orada milli mentalitetlə səsləşməyən kifayət qədər qanunlar var. Qorxuram, sabah onları da qəbul edəsiniz ki, Hollandiyada belədir. Çox sağ olun.
Sədrlik edən. İqbal bəy, danışanda əsəbiləşmək nəyə lazımdır? Sözünü sakit şəkildə de. İkinci, biz ombudsman seçmirik, bu, ombudsman seçkisi deyil. Qanun layihəsi verilib, müzakirə edirik. Ona görə xahiş edirəm, diqqətli olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də prinsipcə Konstitusiya qanunlarında, Konstitusiyada tez-tez dəyişikliklər edilməsinin əleyhinəyəm. Hesab edirəm ki, bu məsələlərdə daha dəqiq bir forma, prosedur tapılmalıdır. Məsələn, referendum keçiririksə, ondan əvvəl yaxın gələcəkdə dəyişəcək məsələlərin eyni vaxtda dəyişmə məsələsini düşünək. Mən hesab edirəm ki, hörmətli Əli müəllim məsələni çox ətraflı şəkildə diqqətimizə çatdırdı. Mən düşünürəm ki, bu, həqiqətən də, beynəlxalq təcrübəyə zidd olan bir dəyişiklik deyil. Amma bu dəyişiklikdə narahatedici məsələlər var. Birinci növbədə əgər belə bir dəyişiklik nəzərdə tutulursa, bunun müəyyən məntiqi əsaslandırılmasının sabah yenidən bir dəyişikliyə rəvac verməməsi barədə indidən düşünməyimiz vacibdir. Məsələn, mən nələrə toxunmaq istəyirəm? Tutaq ki, qanunda nəzərdə tutulur ki, 3 nəfərin namizədliyi Prezident tərəfindən verilir. Deməli, ikinci dəfə eyni adamın namizədliyi verilirsə, ona əlavə iki nəfəri qoşmasına hansı məntiqi əsaslandırma tapmaq olar? Buna etimad varsa, namizədliyi Prezident tərəfindən irəli sürülürsə, onda bu qanunun digər müddəaları yenə də qalır. Biz 6 aydan sonra həmin müddəalara baxmalıyıq ki, bu məsələ ilə bağlı dəyişiklik edək. Məsələn, əgər yeni Müvəkkilin namizədliyi verilirsə, o başqa məsələ. Deyək ki, yeni 3 nəfərin namizədliyi verilir. Bir dəfə bu, səs toplamırsa, 15 gün müddətində təzədən fərqli şəxslərin namizədliyi verilir və məsələ bununla həll olunur. Amma biz bunu bu gün qəbul edirik, sabah yenə bir problem çıxacaq ki, eyni adamın namizədliyi təkrar verilirsə, ona formal olaraq iki nəfəri qoşmağa nə ehtiyac qalır?
Sonra, burada müxtəlif ölkələrin təcrübələri səsləndi. Həqiqətən də, Avropa ölkələrinin bəzilərində bu təcrübə var. Amma bu 7 il müddət bir nəfər üçün bir vəzifəni uzurpasiya etməyə imkan yaradan bir məsələdir. Litva təcrübəsi deyirsiniz, heç olmasa, bunu 4 ilə, ya da Avropa təcrübəsi ilə 5 ilə endirək. Heç olmasa, bu müddət bir qədər qısa olsun ki, hesabatlılıq baxımından ombudsmanın, ya da başqalarının qarşısında bir tələb qoymaq mümkün olsun.
Digər tərəfdən, təbii ki, Konstitusiya qanunu 6 ay sonra təkrar səsverməyə çıxarılmalı və öz təsdiqini tapmalıdır. Belə bir vəziyyətdə, məncə, daha yaxşı olar ki, 6 ay sonra bu məsələni mücərrəd ifadələrlə göstərmək yerinə, qanunda qeyd edək ki, müstəsna hallarda Azərbaycan Respublikasının Prezidenti növbəti Müvəkkilin təqdimatını 6 ay müddətə qədər uzada bilər. Bu, bir az daha açıq, dolayı olmayan, birbaşa dürüst ifadədir.
Mən hesab edirəm ki, biz həm də burada prinsip məsələsinin üzərinə gəlməliyik. Ombudsmanın səlahiyyətini artırdıq, iki dəfə seçilə bilər. Bildiyiniz kimi, biz referendumda Azərbaycan Respublikası Prezidentinin də 2 dəfədən artıq seçilməsinə olan məhdudiyyəti ortadan qaldırdıq. Məncə, bu prinsip bəzi ölkələrdə var, bəzilərində yoxdur. İndi bunun demokratik, yoxsa antidemokratik olması mübahisə mövzusu ola bilər. Hərə bunu öz dünya görüşü ilə müqayisə edə bilər. Amma bu prinsip ortadan qaldırılıbsa və hər dəfə Nazirlər Kabineti formalaşanda nazirləri Prezident yenidən təyin edirsə, bu, bütün qurumlara, bütün seçkili orqanlara şamil olunmalıdır. Artıq nə mənası qalır, tutaq ki, hər hansı bir qurumun rəhbəri iki dəfədən artıq seçilə bilmir. Prokurorluq olsun, başqa qurumlar olsun. Bir nöqsana görə Prezident istədiyi vaxt onu çıxara bilər. Hətta Milli Məclisin Sədri müəyyən nöqsanlara görə ombudsmanın fəaliyyətinə xitam verilməsi barədə sərəncam verə bilər. Yəni bu da nəzərdə tutulan hallardır. Bu mexanizm varsa, bizim ölkədə 15, 20, 30 il nazir işləmək mümkündürsə, niyə ombudsman, prokuror işləmək mümkün olmasın? Əgər biz qanuna bu formada dəyişiklik ediriksə, buyurun, bütün sahələrdə məhdudiyyəti götürün. Bilək ki, bu, Azərbaycan modelli demokratiyadır, burada hamının istənilən qədər vəzifədə qalmaq imkanı var. Bir azdan da, yəqin ki, deputatların da səlahiyyətlərinin uzadılması haqqında qeyri-ciddi təkliflər səslənəcək. Amma bunu nəzərə almasanız yaxşı olar, çünki heç olmasa, deputatların 5 ildən bir seçilməsi cəmiyyətdə seçki ab-havasının qalmasına faydalı olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Pənah Hüseyn.
P. Hüseyn. Çox sağ olun. Təşəkkür edirəm, möhtərəm Sədr. Mən çıxışımı hörmətli Əli müəllimin istinad etdiyi Konstitusiyanın referendumdan sonrakı 96-cı maddəsinin yeddinci hissəsi ilə başlamaq istəyirəm. Burada yazılır: “Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir”. Hesab edirəm ki, mütərəqqi bir dəyişiklikdir. Burada qanun layihələrinin təqdim edildiyi andan yazılı şəkildə əsaslandırılması nəzərdə tutulur. Qanunların burada təqdimatı verilərkən onun məqsədinin göstərilməsi və əsaslandırılması əvvəllər də Daxili Nizamnamədə və Milli Məclisin fəaliyyətini tənzimləyən digər qanunvericilik aktlarında vardı. Nəyə görə mən bu məsələni iddia edirəm? Çünki mən, hörmətli Sədr, özüm vətəndaşlıq haqqında qanunvericilik təşəbbüsü ilə Sizə müraciət etdikdən sonra mənə yazılı sənəd göndərilmişdi ki, bura qanunvericilik təşəbbüsünün məqsədinin göstərilməsi və əsaslandırılması ilə bağlı arayış əlavə edim. Mən də Konstitusiyanın bu tələbinə əməl edərək və həmin tələbi haqlı sayaraq arayışı, hörmətli Sədr, Sizin ünvanınıza göndərmişəm. Ona görə də mən çox istərdim ki, 63 nəfər deputat və komitə sədri kimi hörmətli Əli müəllim əvvəlcədən deputatlara yazılı şəkildə arayış təqdim edəydi, bu dəyişikliyin məqsədini göstərəydi, əsaslandıraydı. Ondan sonra burada predmetin müzakirəsi gedə bilərdi. Görünür, bu məsələ olduqca çətindir ki, bu arayış əvvəlcədən hazırlanmamışdır. Yeri gəlmişkən, əgər qanunvericilik təşəbbüsü layihələrinin təqdimatı mən dediyim şəkildədirsə, bu vaxta qədər Prezidentin adından Milli Məclisə təqdim olunmuş bir çox qanunvericilik təşəbbüsləri Konstitusiyaya zidd olmuşdur. Bu gün də gündəliyə saldığımız bir sıra qanunvericilik təşəbbüsləri vardır ki, onların əsasları və məqsədlərini göstərən sənəd deputatlara yazılı şəkildə təqdim edilməmişdir. Buna görə də bunlar Konstitusiyanın tələblərinə zidd olduğundan gündəlikdən çıxarılmalı idi.
Mən konkret bu məsələyə keçirəm. Hörmətli Zahid bəyin çıxışında bir replika oldu. O replika da mənim əvvəlcədən hazırladığım və indi sizə təqdim edəcəyim məsələni əsaslandırmaq üçün bir növ əsas verdi. Bizim hörmətli hüquqşünaslardan və Konstitusiya hüququ mütəxəssislərindən də xahiş edirəm ki, bunları nəzərə alaq. Bizim hörmətli Sədr müavinimiz də Konstitusiya hüququ üzrə mütəxəssisdir və dərslik müəllifidir. Dərsliyi də mənim qarşımdadır, xahiş edirəm, belə bir suala cavab versin: Konstitusiya qanunları Azərbaycan Respublikasının Konstitusiyasının mətninə daxildir, daxil deyil? Əgər daxildirsə, hörmətli Ziyafət müəllim, Azərbaycan Respublikası Konstitusiyasının 152-ci maddəsinə görə Azərbaycan Respublikasının Konstitusiyasının mətnində dəyişikliklər, – əsas mətnində yox, ümumiyyətlə, mətnində, – yalnız referendumla qəbul edilə bilər. Əgər Konstitusiya qanunları, təkrar edirəm, mətnə daxildirsə, söhbət əsas mətndən getmir, çünki Zahid müəllim də iddia edirdi ki, ona deyilib ki, 6 aylıq məsələsi əsas mətnə aiddir.
Ümumiyyətlə, Azərbaycan Respublikasının qanunvericiliyində Konstitusiya qanunlarına dəyişikliyin proseduru yoxdur. Yalnız Konstitusiya qanunu ilə əlavələr etmək haqqında müddəalar var. Bizdə isə bu “2 dəfədən artıq seçilə bilməz” norması, hörmətli Əli müəllim də çıxışında dedi, Konstitusiya qanununa olan dəyişiklikdir. Mən hüquqşünas, mütəxəssis olmadığıma görə bu məsələlərin cavabını istərdim.
Mənim gümanıma və qənaətimə görə bu məsələlərin araşdırılması üçün Konstitusiya Məhkəməsinin xüsusi bir qərarına ehtiyac vardır. Hörmətli hüquqşünaslar, niyə belə bir qərara ehtiyac vardır? Mən deputatlardan üzr istəyirəm, çünki cavabı onlar verəcəklər. Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsinin V bəndində yazılır: “Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikası Konstitusiyasının əsas mətninə zidd olmamalıdır”. Burada da bunun mətn olması ehtiva olunur. O baxımdan mən 63 nəfərin imzasına böyük hörmətlə yanaşıram, amma Azərbaycan Respublikası Konstitusiyasının normalarından çıxış edərək hesab edirəm ki, burada ən azı problemli bir məsələ vardır. Konstitusiya qanununun mətnində bu dəyişikliyin edilməsi, mənim qənaətimə görə, nə qədər ki bunun əks-arqumentləri ortaya qoyulmamışdır, Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Ona görə də bu məsələ gündəlikdən çıxarılmalıdır.
İndi konkret işin mahiyyətinə müraciət edirəm. İqbal bəy dəyişiklik barədə olduqca maraqlı çıxış etdi. Bu, stenoqramda da əksini tapıb, mən Prezidentin iki dəfədən artıq seçilməsinə olan məhdudiyyətin götürülməsi zamanı gedən müzakirələri xatırlayıram. Burada həmin məhdudiyyətin götürülməsi lehinə səsləndirilən arqument nədən ibarət idi? Əsaslandırılırdı ki, bu, insan hüquqlarını pozur. Həm seçilənin üçüncü dəfə Prezident seçilməsi hüququnu, həm də seçənlərin hüququnu pozur. Çünki üçüncü dəfə hər hansı bir vətəndaşı prezident görmək istəyirlər. Bu həm aktiv, həm də passiv seçki hüququnu pozur. Burada dəfələrlə əsas arqumentlərdən biri kimi məhz bu səsləndirilmişdi. Gözəl. Yenə həmin arqumentlərin tərəfdarları izah etsinlər ki, niyə bura “iki dəfə” sözləri salınıb. Belə çıxır ki, o məntiqlə çıxış etsək, üçüncü dəfə Müvəkkil seçilmə məsələsində həm seçilənin, həm də Milli Məclisin üzvlərinin və yaxud onu təqdim edən dövlət başçısının hüququnu pozuruq. Çünki üçüncü, dördüncü, beşinci dəfə həmin şəxsi təqdim etmək hüququndan onu məhrum edirik. Burada məntiqsizlik açıq-aydın göz qabağındadır.
 
Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrik  edir

Əgər biz məntiqlə çıxış ediriksə, ümumiyyətlə, bu “iki dəfə” sözlərini götürək və bu normanı Konstitusiya qanunundan çıxaraq. Bunun fəlsəfəsi, cəmiyyət üçün zərərli olması haqqında arqumentlərimiz prezidentlik müddəti ilə bağlı gedən müzakirələr zamanı diqqətə çatdırılmışdı və biz bunu yolverilməz hesab edirik. Bu bir daha İqbal bəy tərəfindən də səsləndirildi, Fazil bəy də bu məsələyə dolayısı ilə olsa da, toxundu. Başqa qanunlarda da oxşar məsələlər varsa, bunu birdəfəlik götürək. Ola bilər, 7 il çoxdursa, 5 il olsun. Amma “iki dəfə” sözlərinin burada saxlanılması əvvəlki qanunvericilik hərəkətinin məntiqinə ziddir. Niyə ziddir? Ona görə ki, son dövrdə Azərbaycanda qanunvericilik təcrübəsində açıq-aydın xaos hökm sürməkdədir. Kimin ağlına nə gəlirsə, həmin qanunu bura təqdim edir.
Mən bayaq bu məsələyə toxundum. Necə olur ki, respublikanın müəyyən ərazisində bələdiyyənin birləşdirilməsi müsbət sayılır, başqa ərazisində yox? Deməli, bu şəxslərə görə edilir. Ola bilər, himayəçidən qorxurlar. Məsələn, hörmətli Vasif müəllimdən qorxub birləşdirmirlər, yaxud Qəbələnin himayəçilərindən qorxub birləşdirmirlər. Yaxud da Elmira Süleymanovaya görə bunu edirlər. Mənim Elmira xanıma böyük hörmətim var və İqbal bəyin onun barəsində dediklərini bölüşmürəm. Hesab edirəm ki, indiki siyasi rejim şəraitində bəlkə də ən yaxşı ombudsman kimi fəaliyyət göstərən şəxslərdən biri odur. Hərçənd ki, bizim Milli Məclisin özündə, elə iqtidar deputatlarının sırasından xeyli layiqli namizədlər görürəm. Təbii ki, bizdən asılı olsaydı və mən prezident olsaydım, insan hüququ fədailəri olan, bu iqtidara, bu rejimə qarşı çox ağır şərtlərlə 10–15 ildən bəri fəaliyyət göstərən Leyla Yunusun, Arzu Abdullayevanın, Novella Cəfərovanın, Çingiz Qənizadənin və digərlərinin namizədliklərini verərdim. İndi İlham Əliyev Prezidentdir, o, digərlərinin namizədliyini təqdim edə bilər və bizim də Prezidentin səlahiyyətlərinə iddiamız yoxdur.
Hörmətli deputatlar, çıxışımın sonunda hörmətli Sədrin bayaqkı sözlərinə cavab verərdim, amma burada olmadığına görə daldan danışmaq mənim adətim deyil. Amma hörmətli Ziyafət müəllimin burada olmasından istifadə edirəm. Xahiş edirəm, tez-tez tərbiyə, qanacaq və sair söhbətləri işlətməyin. Əvvəla, bu, qarşı tərəfə hörmətsizlikdir, hörmətli Ziyafət müəllim. O da Sizə həmin sözü qaytarıb deyəndə başqa bir hörmətsizlik alınır. Bir daha təkrar edirəm, bir-birimizə hörmət edək. Mən Pənah Hüseyn bu stulda oturduğuma və deputat olduğuma görə öz şərəf və ləyaqətimdən və seçicilərimin şərəf və ləyaqətindən heç vaxt əl çəkmərəm, min deputat mandatına və vəzifəsinə dəyişmərəm. Kiminsə bizi şagird hesab edib müəllim kimi bizim üzərimizə qışqırmasına yol vermərəm, onların səsini batıraram.
Sədrlik edən. Pənah bəy, Sizin heç kimin səsini batırmağa gücünüz çatmaz. Xahiş edirəm, özünüzdən müştəbeh olmayın. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlarım! Bu gün müzakirəyə çox mühüm bir qanun layihəsi təqdim olunub. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında Konstitusiya Qanununa dəyişiklik zəruridir. Ümumiyyətlə, ombudsman bir hüquqi təsisat kimi Azərbaycanda formalaşır və normal da fəaliyyət göstərir.
Məndən əvvəl çıxış edən hörmətli Pənah bəy Konstitusiya ilə Konstitusiya qanununun qarşılıqlı münasibəti məsələsinə toxundu. Bu məsələlər Konstitusiyanın özündə dəqiq tənzimlənib. Konstitusiyanın 156-cı maddəsinə görə Konstitusiya qanunu Konstitusiyaya əlavə olunur və Konstitusiya mətninin ayrılmaz tərkib hissəsidir. Konstitusiya qanununa əlavə və dəyişikliklərin olması həm Konstitusiyanın özündə, həm də hər bir Konstitusiya qanununda təsbit olunub. Bunun geniş şərhinə ehtiyac yoxdur.
Bəzi həmkarlarımın çıxışında ombudsmanın seçilməsi məsələsinə toxunuldu. Hətta mən belə başa düşdüm ki, “seçilmək” ifadəsinin özü yeni bir müstəviyə keçirildi. Çünki burada söhbət seçməkdən gedir, fəaliyyətdə olan hər hansı bir ombudsmanı yenidən vəzifədə saxlamaqdan getmir. Söhbət qanuna dəyişiklikdən gedir. Qaldı seçmək proseduruna, burada hər bir şəxs kimə istəsə, ona səs verəcək.
4.3-cü maddəyə, yeni ombudsman seçilənə qədər keçmiş ombudsmanın fəaliyyətini davam etdirməsi, bu fəaliyyətin zaman çərçivəsinə salınmaması məsələsinə münasibət bildirmək istəyirəm. Düşünürəm ki, bu maddə düzgün və obyektiv yazılıb. Çünki bildiyiniz kimi, ombudsmanın seçkisi spesifik bir qaydada, 83 səs çoxluğu ilə aparılır. Təsəvvür edin ki, ölkə Prezidentinin parlamentin müzakirəsinə təqdim etdiyi 3 nəfərdən heç biri 83 səs çoxluğu ilə seçilmir. Bu da bir neçə dəfə parlament iclaslarının keçirilməsinə səbəb olur. Son nəticədə həmin qanunla müəyyən olunan zaman çərçivəsindən kənara çıxılır. Buna görə bu prosesin özünün müəyyən zaman çərçivəsinə salınması düzgün olmazdı. Burada ombudsmanın və bir sıra dövlət məmurlarının, o cümlədən prokurorların iki dəfə seçilməsi ilə bağlı qoyulan məhdudiyyətin, ölkə Prezidentinin seçilməsi ilə bağlı Konstitusiyanın əvvəlki mətnində olan məhdudiyyətlə müqayisə olunması, düşünürəm ki, bir az uğursuz müqayisədir. Çünki ölkə Prezidentinin seçilməsi ilə bağlı məsələ ən ali hüquqi qüvvəyə malik olan xalqın iradəsinə qoyulan məhdudiyyətin ortadan götürülməsi deməkdir. Amma prokurorların, hətta icra strukturlarına daxil olan nazirin səlahiyyət müddətinin müəyyən zaman çərçivəsinə salınması daha demokratikdir. Bu baxımdan düşünürəm ki, bu dəyişikliklər Konstitusiya qanununu daha da təkmilləşdirəcək. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Rafael müəllim. Mən təklif edirəm, etiraz yoxdursa, 5 dəqiqəyə keçək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 5 dəqiqə kifayətdir. Aydın müəllim, buyurun.
A. Mirzəzadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Bu gün biz Konstitusiya qanununa dəyişikliklə bağlı qanun layihəsini müzakirə edirik. Amma çox təəssüf ki, birinci ombudsmanımızın fəaliyyəti və Konstitusiyaya dəyişiklik məsələsi bir-birinə uyğun gəlməyən şəkildə birləşdirilir və bir məsələni digəri ilə qarışdırmağa cəhd edirlər. Bunlar ayrı-ayrı məsələlərdir. Ombudsmanın fəaliyyəti ilə bağlı ildə bir dəfə birbaşa parlamentdə, digər vaxtlarda isə həm parlament tribunasından, həm də qəzet səhifələrində öz fikrimizi bildirə bilərik. Bugünkü müzakirəmizdə məqsəd Konstitusiya qanununa təklif edilən dəyişiklikləri qəbul etməkdən ibarətdir.
Eyni şəxsə 2 dəfədən artıq Müvəkkil seçilə bilmək imkanının verilməsi çox mütərəqqi bir haldır. Düzdür, burada ayrı-ayrı ölkələrdən nümunələr gətirildi və onları qəbul edən və qəbul etməyənlər oldu. Mən, ümumiyyətlə, nümunə gətirməyin tərəfdarı deyiləm. Hesab edirəm ki, hər bir ölkənin siyasi sistemi və orada hakimiyyətin fəaliyyət göstərməsi metodları tamamilə fərqlidir. Əsas odur ki, demokratik prinsiplər gözlənilsin, “hüquqi dövlət” anlayışı tamamilə uyğun gəlsin. Bu zaman harada, hansı ölkədə nəyin neçə dəfə seçilməsi artıq həmin ölkənin qanunvericilik orqanının gəldiyi bir qənaətdir.
Bu baxımdan Azərbaycanda Müvəkkil vəzifəsinə 2 dəfə seçilməni tamamilə məqbul hesab edirəm. Birincisi, parlamentin əlində imkan olur ki, hər hansı bir şəxs əgər vəzifəsinin öhdəsindən gələ bilmirsə, yaxud da onun haqqında cəmiyyətdə narazılıq varsa, səlahiyyət müddəti bitdiyi dövrdə onun ikinci dəfə seçilməsinə razılıq verməsin. Digər tərəfdən isə əgər kimsə vəzifəsinin öhdəsindən gələ bilirsə, onun imkanlarından və bacarığından ikinci dəfə istifadə edilməsində mənfi bir şey görmürəm. Bu baxımdan iki dəfə seçilmək tamamilə məqbul olan bir məsələdir.
O ki qaldı yenisinin seçilmədiyi halda səlahiyyətlərin icrasının davam etdirilməsi məsələsinə, əlbəttə, Konstitusiyamızda və Konstitusiya qanunlarımızda bu müddəa yoxdur. Bu, Konstitusiyamızda olan bir boşluq idi. Əgər bu boşluq var idisə və bu gün bunu doldurmağa cəhd edirlərsə, bunun nəyi pisdir? Niyə bu variantdan istifadə edilməsin? Bəziləri deyirlər ki, həmin dövrdə yeni ombudsman seçilməzsə, hansısa qərar qəbul ediləcək. Yuxarı halda hesab edirəm ki, Konstitusiya Məhkəməsi var, o bu məsələyə münasibətini bildirərdi. Bugünkü edilən dəyişikliklər məqbuldur və bunların qəbul edilməsinin tərəfdarıyam.
Bir məsələyə də münasibət bildirmək istəyirəm. Çox təəssüf ki, bir neçə dəfə burada bəzi deputat həmkarlarımın tərəfindən bir fikir səslənir, amma ona cavab verən olmur. Bəzən insanların yaş məsələsi ortalığa gətirilir. Xüsusilə mənim deputat həmkarım İqbal Ağazadənin deyəsən, 70 yaşından yuxarı qadınlara qarşı allergiyası var. Artıq neçənci dəfədir ki, yaşı 70-dən çox olan, ancaq bizə seçilmək üçün təklif edilən qadınların digərləri ilə əvəz edilməsi ilə bağlı təkliflər səsləndirilir. Bu onun hüququdur və öz fikrini bildirə bilər.
Ancaq gəlin, görək bizim məqsədimiz nədən ibarətdir? Vəzifələrə, seçkili orqanlara mütləq müəyyən yaşda olan insanların yerləşdirmək, yoxsa həmin vəzifənin öhdəsindən uğurla gələ bilən insanların seçilməsinə nail olmaq? Mən hesab etmirəm ki, kimsə birinci variantı seçərdi. Bu gün kimlərsə hətta yaşı çox olsa belə, vəzifəsinin öhdəsindən gəlirsə, cəmiyyətdə ictimai nüfuza malikdirsə, nəyə görə onun potensialından istifadə olunmasın və ona bir daha şans verilməsin?
Mən özüm təmsil olunduğum Avropa Şurasının Parlament Assambleyasında ayrı-ayrı ölkələrin milli nümayəndə heyətlərinin tərkibində yaşları nəinki 70, hətta 80-dən yuxarı olan kişi və qadın deputatların olduğunun şahidiyəm. Onlar öz ölkələrini, sadəcə, üzv kimi deyil, eyni zamanda, Parlament Assambleyasının seçkili orqanlarında da çox layiqincə təmsil edə bilirlər. Mən hesab edirəm ki, bu məsələni qaldırmağa ehtiyac yoxdur. Qadının yaşını yadına salmaq, birincisi, ona qarşı təhqirdir. Azərbaycan xalqında həmişə qadına qarşı böyük hörmət olub, biz həmişə qadınları uca bilmişik. Bu baxımdan mən istərdim ki, qadınların, o cümlədən cəmiyyətdə nüfuza, hörmətə malik olan qadınların yaş məsələsi parlamentdə bir daha qaldırılmasın. Bu dəyişiklikləri müdafiə edirəm və ona səs verəcəyimi bildirirəm. Sağ olun.
Sədrlik edən. Nəsib Nəsibli.
N. Nəsibli. Çox təşəkkür edirəm. Mən Əli Hüseynovun və digər hörmətli hüquqşünasların çıxışlarını çox diqqətlə izlədim. Gündəlik bizə paylananda məndə suallar yaranmışdı. Niyə məhz 14 il? Niyə 21 il olmasın? Niyə məhz 2 dəfə? Niyə bu, ömürlük olmasın? Mənə elə gəlir ki, əməli cəhətdən bu da mümkündür, irsi etmək də mümkündür. Ombudsman institutunu hansısa ailənin ixtiyarına vermək olar, ömürlük qalsın. Mənə elə gəlir ki, bu məsələnin hüquqi izahı yoxdur. Qalır bunun siyasi izahı. Bununla bağlı Fazil Mustafa və digərləri dedilər, bu da ondan ibarətdir ki, bu hakimiyyət, elə bil ki, yeni nəfəsin gəlməsinə narahatdır. Sabitliyə indeksləşmiş bir siyasət yeridilir. Amma məsələnin prinsipial cəhəti ondadır ki, ombudsman olacaq və yaxud da olan insan, həqiqətən də, hər addımda haqları, hüquqları pozulmuş Azərbaycan vətəndaşlarının ən azı problemlərini dinləməyə məcburdur. Həqiqətən də, bu çox ağır bir işdir. Məsələ bu cürdür ki, biz ifrat dərəcədə bu məsələni siyasiləşdiririk. Bu, daha çox humanitar bir vəzifədir. Azərbaycan vətəndaşı nə qədər bu məmurun hikkəsindən, ədəbsizliyindən, özünü apara bilməməsindən əziyyət çəkməlidir? Bu, həqiqətən də, çox vacib humanitar bir missiyadır ki, onu daşımağa məcburdur.
Üçüncü deyəcəyim çox kiçik bir məsələdir və bundan öncəki söhbətlərə reaksiya olaraq deyirəm. Burada deyildi ki, “bura bazar deyil”. Aqil Abbas da çox gözəl bunu ifadə elədi və dedi ki, bugünkü Ali Sovet. Mənim çıxışımın da məqsədi o idi ki, Ali Sovetdən parlamentə keçiddə Milli Məclisin sədarəti tarixi bir missiyanı daşısın. Mənim istəyim də o idi. Bizi də, hamını da ittiham edirdilər. Ziyafət müəllim, mən təklif edirəm, cənab Sədrdən mənim adımdan xahiş eləyin, bir də millət vəkillərinə “sən” deyə müraciət eləməsin. Onun 80, 90 yaşı yoxdur ki, adamlara “sən” deyir. Sonra da deyir ki, qarşılıqlı hörmət prinsiplərinə əməl eləyəsiniz. Çox təşəkkür edirəm.
Sədrlik edən. Əvvəla, cənab Sədr hamıya “siz” deyə müraciət edir. İkinci, yenə o fikrə qayıdıram ki, cənab Sədr yaşından asılı olmayaraq bu Məclisin ağsaqqalıdır, hər kəsə “sən” də deyə bilər, “siz” də. Xahiş edirəm, bunu qəbul eləyin. Bu bizim mentalitetdə qəbul olunmuş bir məsələdir. Əgər biz Sədri seçmişiksə, yaşından asılı olmayaraq ona ağsaqqal kimi yanaşmalıyıq. Bu məsələni də xahiş edirəm, nəzərə alaq. Arzu Səmədbəyli, buyurun.
A. Səmədbəyli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Əvvəla, mən Sizin dediyiniz son cümlə ilə qətiyyən razı deyiləm, çünki nə cür müraciət edəcəksən, o cür qarşılığı olacaq. Kiminsə hər hansı bir vəzifədə oturmasının ədəb qaydalarına heç bir aidiyyəti yoxdur. Qarşılıqlı qaydada əməl olunmalıdır və bütün millət vəkilləri bir-birinə hörmət eləməlidirlər.
Sədrlik edən. Mahiyyəti üzrə.
A. Səmədbəyli. Mahiyyət bəllidir, biz elə mahiyyəti üzrə danışırıq. Bizim millət vəkilləri burada çox dəyərli çıxışlar etdilər. Hesab edirəm ki, məsələnin həm hüquqi, həm də siyasi aspektləri ilə bağlı çox gözəl dəyərləndirmələr və çıxışlar oldu. Bu məsələdə diplomatik yanaşmalar da oldu, amma əsas mahiyyəti demək istəyirəm. Bu qanun layihəsini oxuyanda bəlli olur ki, – ikinci bəndə baxın, – bu, Elmira Süleymanova üçün yazılmış qanun layihəsidir. Bunun mahiyyəti, siyasi qiyməti budur. Başqa bir şey deyil. Normal, demokratik ölkələr öz qanunlarını dünyanın gəlişmiş ölkələrinin qanunlarına uyğunlaşdırır. Azərbaycanda isə qanunlar insanlara uyğunlaşdırılır.
Bir az bundan əvvəl referendum keçirildi və biz onda mövqeyimizi bildirdik. Həmin referendum İlham Əliyevin iki dəfədən artıq Prezident seçilməsi üçün qadağanın götürülməsinə xidmət edirdi. Biz o siyasi qiyməti vermişdik. Konstitusiya qanununa edilən bugünkü dəyişiklik Elmira Süleymanovanın təkrar seçilməsi üçündür. Həmin o 4.3-cü maddə də onu deyir.
Bəli, başqa bir millət vəkili, dostumuz Baş prokurorun da səlahiyyət müddətinə qadağanın götürülməsini və onun ömürlük seçilməsini istəyir. Bir azdan bu parlamentdə, yəqin ki, bir çox qanuna əlavə və dəyişikliklərin şahidi olacağıq ki, bu və ya digər nazirlərin, komitə sədrlərinin hakimiyyətdə qalmasına xidmət eləsin. Əgər günün birində Prezident seçilmə yaşı 35 olsa da, 30 yaşına çatmış bir cavan oğlanın prezident seçilməsi hakimiyyət dairəsində məsləhət bilinsə və o qadağanın 30 yaşa endirilməsi ilə bağlı Konstitusiya qanununa dəyişiklik olunsa, təəccüblənməyin. Çünki bu hakimiyyətin mahiyyəti budur, bu hakimiyyət qanunları insanlara, özlərinə uyğunlaşdırır. Bu heç də yaxşı bir yerə getmir.
Niyə Obama Azərbaycanın adını yaxşıların sırasında deyil, pislərin sırasında çəkdi? Biz də bundan xoşhal deyilik. Niyə, məsələn, Azərbaycanın adı insan haqlarını ən çox pozan ölkələrin sırasındadır? Axı, bunun əsas məsuliyyəti hakimiyyətin üzərindədir. Hakimiyyət istəsə, bu sıralardan yuxarı qalxa, demokratik qanunlar qəbul eləyə, ölkədə demokratik ab-hava yarada və insanlara sərbəst toplaşmaq hüququ tanıya bilər. Bir tərəfdən hakimiyyət, digər tərəfdən də müxalifət öz fikrini bildirər, insanlar da qulaq asarlar. Əgər müxalifət siz deyən kimi yalan danışırsa, xalqın xeyrinə danışmırsa, o zaman xalq demokratik seçkidə müxalifətə yox, hüquqlarını daha yaxşı müdafiə eləyən, onu xoş günə aparan hakimiyyətə səs verər. Axı, bu yoxdur. Bu tendensiyanın o cür davam edəcəyi, Azərbaycanı daha pis yerlərə aparacağı qənaətindəyəm. Mənim hörmətli komitə sədrləri, Əli Hüseynovun və Rəbiyyət Aslanovanın hər birinin savadına və şəxsiyyətinə böyük hörmətim var. Mən hesab eləmirəm ki, onlar və yaxud digərləri ombudsman seçilsə, Elmira Süleymanovadan daha yaxşı işləməzlər. Bunu demək mümkün deyil. Amma məhz Elmira Süleymanova məsləhətdir deyə, bu Konstitusiyaya olan dəyişiklik elə Elmira Süleymanova üçündür. Əgər Konstitusiyaya bu dəyişiklik gəlməsə idi, həmin 3 nəfərdən biri verilərdi və kimi istəsələr, o da seçilərdi. Mənə elə gəlir ki, bu tendensiyaya son qoyulmalıdır. Hakimiyyət Azərbaycanda qanunların işləməsini təmin eləməlidir. Mən sizi növbəti dəfə xəbərdar edirəm ki, normal, gözəl qanunlarımız olmasına baxmayaraq, ölkədə qanunlar işləmir. Məmurlar özləri müəyyən elədikləri qanunlarla hərəkət edirlər. Ağacların kəsilməsi ilə bağlı əmr dünən yox, srağagün verilmişdi. Sumqayıtdan İkram bəy şəkillər gətirib...
Sədrlik edən. Arzu müəllim, inciməyin, amma məcburam deyim ki, məsələnin əsas mahiyyəti qaldı bir tərəfdə, fikrinizi, 5 dəqiqənizi topladınız bir şəxsiyyətin üstünə. Ona görə məcburam müəyyən izahat verim. Əvvəla, bu Konstitusiya qanunu konkret şəxs üçün qəbul olunmur. İqbal Ağazadə dedi ki, indiki Müvəkkilin fəaliyyəti başa çatıb, bəs sonra nə olacaq? Sonra nə olacaq? Heç nə, qanunla davam edəcəyik. Ombudsmanın fəaliyyəti iyul ayının 2-də bitir. Bu gün qəbul edəcəyimiz Konstitusiya qanunu 6 aydan sonra səsə qoyulacaq. Hazırda qüvvədə olan qanunla hərəkət edəcəyik. Bu qanun qüvvəyə mindikdən sonra o şəxslərə şamil olunacaq. Hər şey qaydasındadır.
Pənah Hüseyn, əgər Ziyafət Əsgərovun kitabını yaxşı oxumusunuzsa, Sizə izahat verirəm. Əvvəla, bir məsələni deyim. Hörmətli deputatlar, əgər yadınızdadırsa, mart ayının 18-də keçirilən referendumdan öncə müxalifət başqanları İctimai TV-də çıxış etdilər və məsələ qoydular ki, Konstitusiyanın birinci bölməsində göstərilən məsələlərin referenduma çıxarılması mümkün deyil və iqtidar düz eləmir. Əvvəla, mən deyim ki, bu məsələlər referenduma çıxmazdan əvvəl Konstitusiya Məhkəməsinin rəyi alınır. Konstitusiya Məhkəməsində professional insanlar çalışırlar. Onlar rəy vermişdilər ki, bu məsələ referenduma çıxarıla bilər və burada Konstitusiyaya zidd bir şey yoxdur.
Mən birinci dəfə televiziyada bunu eşidəndə dedim ki, yəqin, bilmirlər. Ola bilər də, bunlar hüquqşünas deyillər. Baxdım, ikinci dəfə yenə təkrar olunur ki, bu, düzgün deyil, burada saxtakarlıq, qanunsuzluq var. Pənah Hüseyn 156-cı maddədən misal gətirdi. Deməli, 156–158-ci maddələr XII fəsildir, söhbət Konstitusiyaya əlavələrdən gedir. XI fəsildə isə söhbət Konstitusiyaya dəyişikliklərdən gedir. Pənah bəy, 158-ci maddədə nəzərdə tutulan məsələlər Konstitusiya qanununun predmeti ola bilməz, amma referenduma çıxarıla bilər. Əvvəlki məsələ ilə əlaqədar izahat verirəm, sonra o biri məsələyə gəlirəm. Bu izahat veriləndən sonra başa düşdülər ki, doğrudan da, bu, tamamilə başqa bir məsələdir. Yəni Konstitusiyanın birinci bölməsində göstərilən məsələlərə dair Konstitusiya qanunu qəbul edilə bilməz, amma referenduma çıxarıla bilər. Tamamilə qanunauyğundur və belə də oldu. Bununla razısınız?
İndi keçirəm bugünkü məsələyə. Deyirsiniz ki, bu da qanunsuzdur, Konstitusiya qanunu şəklində qəbul edilə bilməz. Əvvəla, siz Konstitusiyanın XI–XII fəsillərinə baxın. Konstitusiyanın XI fəslində söhbət Konstitusiyaya edilən dəyişikliklərdən gedir ki, bu, tamamilə doğrudur, ancaq referendum yolu ilə edilə bilər. Biz indiyə qədər bir neçə Konstitusiya qanunu qəbul eləmişik, amma siz onda heç bu məsələləri qaldırmırdınız. Biz XII fəslə istinad eləmişik. XII fəsildə söhbət Konstitusiyaya əlavələrdən getmir, Konstitusiya qanunu şəklində edilən əlavələrdən gedir ki, bunu da XII fəsil izah eləyir. Razılaşırsan?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bəs onda nəyə etiraz edirsən? Qəribə adamdır. Bayaqdan narazı idin, izahat istəyirdiniz, o izahatı da verdim.
Ona görə, hörmətli deputatlar, mən sizin hamınızı bu Konstitusiya qanununa səs verməyə dəvət eləyirəm. Bu Konstitusiya qanunu, hesab edirəm ki, mütərəqqi, Azərbaycanda hüquqi dövlət quruculuğunun daha da möhkəmləndirilməsinə xidmət edən bir qanundur. Burada səslənən qeyri-ciddi söhbətlərə fikir verməyin. Azərbaycan dövləti düz yoldadır, hüquqi dövlət quruculuğu yolundadır, Heydər Əliyev yolundadır. Ona görə əgər təkid eləyən yoxdursa, xahiş edirəm, bu məsələyə münasibətinizi bildirəsiniz. Bir dəqiqə, səsverməni dayandırırıq, qoyun, hamı gəlsin. Zahid müəllim, deyəsən, təkid edir. Zahid müəllim, buyurun.
Z. Orucov. Ziyafət müəllim, təşəkkür edirəm. Öncə qeyd eləyim ki, artıq düşüncələr səsverməyə köklənib, eşidilmək çətin olacaq. Birinci olaraq millət vəkili İqbal Ağazadə çıxış edərkən yerdən verdiyim replikaya aydınlıq gətirmək istəyirəm. İş ondadır ki, bu məsələ cəmiyyətdə mediada, müxtəlif elektron KİV-lərdə geniş müzakirə olunur. Belə debatların birində bu məsələ yenə də eyni səviyyədə qoyuldu və qeyd olundu ki, bu, indiki ombudsmanın ömrünü uzatmağa, onu təkrar, ikinci dəfə seçməyə yönəli addımlardır. Hörmətli Ziyafət müəllim də burada qeyd elədi, mənim dəlillərim daha çox onun üzərində idi ki, bu, 6 aydan sonra qüvvəyə minəcək Konstitusiya qanunu olduğundan onun indiki ombudsmana tətbiq edilməsi, sadəcə, mümkün deyil. Orada çox peşəkar, amma hakimiyyət mövqeyini bölüşməyən bir hüquqşünasın dəlili var idi ki, bu, Konstitusiyanın əsas mətninə əlavə və dəyişiklik olmadığından indiki dövrdə qüvvəyə minə bilər. Mən replikanı o məsələni dəqiqləşdirmədən etmişdim. Bu, məsələnin bir tərəfi.
İkincisi, əlbəttə, mən etiraf edirəm ki, bu məsələnin konteksti bizə mane olur. Mən səmimi olaraq bu məsələ ətrafında danışmaq istəyirəm. Təbii ki, ikinci ombudsman seçilmiş olsaydı və bundan sonra bu məsələ gündəmə gəlsəydi, bunun ətrafındakı ajiotaj nisbətən aşağı olardı. Bu kontekst bizə mane olur.
İkincisi, biz ombudsmanın 7 illik dövrünü başa vurması, onun az qala vida mərasiminin keçirilməsi ilə bu parlamentin işini həyata keçirmişik və bu amil də kimlərəsə mane olur.
Üçüncü, bunun ömürlük kimi təqdimatı bir çoxlarını, bu məsələni bilməyənlərin də maraqlarını, mövqelərini, iddialarını bu məsələnin əleyhinə yönəltməyə dırnaqarası əsas verir.
Dördüncü, əslində, mənim yazılmağımın ən böyük əsası bu məsələnin bütövlükdə hakimiyyət, siyasi sistem, onun fəlsəfəsi, dünyagörüşü sistemi üzərində təftiş olunmasıdır. Xüsusilə də referendumun nəticələrinin təftiş olunması, əslində, mənim aləmimdə “xalqın iradəsinin təftişidir” – deyə o məsələ üçün yazıldım.
Bir daha prinsipial olaraq mövqeyimi söyləyirəm. Mən daxilən şad, rahat olardım və bizim arqumentlərimizin kəsəri daha böyük olardı ki, ikinci ombudsman seçiləndən sonrakı dövrdə bu məsələ parlamentdə müzakirə olunardı. Amma bu mənim mövqeyimdir. İndi mən sual edirəm. Doğrudanmı, ayrı-ayrı adamların adları namizəd timsalında bizim müxalif qüvvələrin dilindən səsləndiyi təqdirdə onlar bugünkü günlərdə yeni gəlmiş namizədlərə eyni yanaşmanı eləyəcəkdilər, eyni mövqeni göstərəcəkdilər? Bunun demokratiyaya mane olmadığını, onun bu hakimiyyətin mövqeyini yox, əslində, normal bir ombudsman ola biləcək bir insan olduğunu dəyərləndirəcəkdilər? Mənim buna inamım yoxdur. Çox ciddi şəkildə deyirəm, burada adı qeyri-rəsmi, müxtəlif formalarda adlandırılan insanlar belə gündəmə gəlsəydilər, bunu yenə də hakimiyyətin əleyhinə siyasi məsələyə çevirəcəkdilər.
Burada yenə də başqa məsələyə istinad etmək istəyirəm. Deyildi ki, bu, siyasi vəzifə deyil. Əslində, Yeni Azərbaycan Partiyasının üzvlərini çıxmaq şərti ilə bu ölkədə digər siyasi partiyaların üzvlərinin sayı səsvermə hüquqlu insanların cəmi bir faizini təşkil edir. Belədirsə, onda Müvəkkil vəzifəsinə təyin olunan şəxsin məhz siyasi maraqlar nöqteyi-nəzərindən qiymətləndirilməsi tamamilə yanlışdır. Bundan sonra ola biləcək insanlara da bu yanaşmanı birdəfəlik qurtarmalıyıq.
Dəfələrlə bu parlamentdə indiki ombudsmanın hesabatları dövründə bizlər tərəfindən onun fəaliyyətinə yönəli tənqidlər qeyd olunub. Burada heç bir qəbahət yoxdur və bunu gərək kimlərsə qeyri-adi qarşılamayaydı. Belə çıxır ki, guya indiyə qədərki dövrdə insan haqları məsələsində ən ciddi problemləri bunlar görüblər və qeyd ediblər.
Bir məsələni də qeyd etmək istəyirəm. İnsan haqları məsələsində bizim qarşı tərəf öz fikirlərini çox ağrılı qeyd eləyəndə elə bir mənzərə yaradırlar ki, sanki bundan ermənilər öz müstəqilləşmələri üçün istifadə edə bilərlər. Siz bilirsiniz, ermənilər öz müqəddəratlarını təyinetməni keçmişdə daha çox qabardırdılar, indiki dövrdə bunu həm də insan haqları kontekstində qoyurlar. Yəni Azərbaycanın daxili vəziyyətinə istinad edərək deyirlər. Ona görə mən Azərbaycanda insan haqları problemini belə ağır, böyük, dramatik səviyyədə qiymətləndirənlərin büsbütün əleyhinəyəm və hətta deyirəm ki, onlardan qarşı tərəf də öz maraqları üçün istifadə edir.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 13.39 dəq.)
Lehinə 102
Əleyhinə 8
Bitərəf 0
Səs verməd 0  
İştirak edir 110
Nəticə: qəbul edildi

Qəbil edildi, sağ olun.
Gündəliyin növbəti məsələsi “Polis haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə qanun layihəsidir. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Hörmətli cənab Sədr, hörmətli həmkarlarım! “Polis haqqında” Qanuna cənab Prezident tərəfindən yeni bir hissənin əlavə olunması təklif olunub. Mətn baxımından geniş olmasa da, mahiyyət baxımından polis orqanlarının fəaliyyəti üçün yeni, ictimaiyyət və polis münasibətləri üçün də hesab edirəm ki, əhəmiyyətli və zəruri olan bir əlavədir. Ümumiyyətlə, polis orqanlarının fəaliyyətində sosial yönümlü funksiyalara üstünlük verilməsi hazırda Daxili İşlər Nazirliyi sistemində həyata keçirilən əsas islahatların və təkmilləşdirmə prosesinin bir tərkib hissəsidir.
Bilirsiniz ki, 2007-ci ildə ölkə Prezidenti tərəfindən “Polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” xüsusi bir sərəncam imzalanmışdır. Polis sahə inspektorlarının fəaliyyətinin effektivliyinin artırılması üzrə bir sıra regionlarda eksperimentlər keçirilib və bu eksperimentlərin nəticələri 2006-cı ildə Daxili İşlər Nazirliyi və ATƏT-in Bakı ofisi tərəfindən birgə həyata keçirilən “ictimai polis” şərti adlı layihə çərçivəsində görülən tədbirləri də uğurla davam etdirməyə rəvac vermişdir. Hazırda respublikamızın 7 şəhər və rayonunda – Binəqədi, Nərimanov, Xaçmaz rayonlarında, Gəncə, Mingəçevir, Şirvan və Lənkəran şəhərlərində bu proyekt həyata keçirilməkdədir.
Ümumiyyətlə, qeyd etməliyəm ki, dünyada ictimai polis fəlsəfəsi, yəni ictimaiyyət tərəfindən dəstəklənən polis ilk dəfə Böyük Britaniyada polisin fəaliyyətinə tətbiq olunmağa başlamışdır. XX əsrin sonlarında isə bu, bir sıra Avropa, Amerika ölkələrində tətbiq olunmağa başlamışdır. Son 10 ildə qonşu Türkiyədə – Ankara, İstanbul və Antalya polis orqanlarında da bu, tətbiq edilir və özünün müsbət nəticələrini verməkdədir. Əlbəttə, ola bilər ki, beynəlxalq təcrübə, istinad etdiyimiz ölkələr bəzi millət vəkillərini qıcıqlandıra da bilər. Amma düşünürəm ki, mütərəqqi beynəlxalq təcrübələr həmişə öyrənilməli və tətbiq olunmalıdır.
Təklif olunan əlavəni 3 hissəyə bölmək olar. Birincisi, qeyd etməliyəm ki, mahiyyət baxımından belə bir əlavənin olunmasında zərurət ancaq yaşayış yeri üzrə ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı yaranan sosial problemlərin həllinə yönəlmişdir. Yəni burada heç bir halda hər hansı bir əməliyyat-axtarış tədbirlərinin, istintaq fəaliyyətinin həyata keçirilməsi kimi məsələlər yoxdur. Söhbət qanun layihəsində də öz əksini tapdığı kimi, yaranan sosial problemlərin birgə həlli üçün ayrı-ayrı şəxslərin könüllülük əsasında polis orqanları ilə əməkdaşlığından gedir. Bununla bağlı polis orqanlarının yanında ictimai şuraların yaradılması təklif olunur.
Dəyişikliyin ikinci hissəsi bu ictimai fəaliyyətin hansı istiqamətdə həyata keçirildiyini dəqiq göstərir. Bu istiqamətlərdən birincisi, hüquqazidd və cəmiyyətə qarşı hörmətsiz davranışın qarşısının alınması məqsədi ilə maarifləndirmə və təbliğat işidir. İkinci, narkomaniyanın və alkoqolizmin, həmçinin yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikasıdır.
Yeri gəlmişkən, qeyd edim ki, bizim yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi ilə bağlı xüsusi bir qanunumuz var. Orada da belə bir ideyanın, belə bir fəaliyyətin ictimaiyyət tərəfindən dəstəklənməsi öz əksini tapıb. Üçüncüsü, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınmasını və araşdırılmasını təmin etmək məqsədi ilə zəruri məlumatların polis orqanlarına verilməsidir. Amma qeyd etmək istəyirəm ki, 3-cü bənddə heç bir halda söhbət polis orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə bağlı əsasnamə və digər normativ aktlarla tənzimlənən agentura fəaliyyətindən getmir. Çox xahiş edirəm ki, millət vəkilləri 3-cü bəndi başqa cür də şərh etməsinlər. Söhbət müəyyən bir ərazidə, yaşayış yerində bu halları görüb, onun qarşısını almaq məqsədi ilə verilən məlumatdan gedir. Burada məqsəd cinayətin qarşısını almaq və onun profilaktikasıdır.
Nəhayət, bu əlavənin üçüncü hissəsi, – mən bunları təxmini olaraq belə bölüb təqdim edirəm, – bu ictimai fəaliyyətə könüllülük əsasında cəlb olunan şəxslərə qoyulan müəyyən tələblərdir. İlk növbədə bu şəxslər əvvəllər məhkum olunmamış, psixi xəstəliklərlə, narkomanlıqla, alkoqolizmlə bağlı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olmayan, fəaliyyət qabiliyyəti və məhdud fəaliyyət qabiliyyəti məhkəmənin qanunu qüvvəyə minmiş qərarı ilə təsdiqlənmiş şəxslər olmalıdırlar. Təbii ki, bu şəxslər müəyyən mənada özlərinin şəxsiyyəti, davranışları ilə ictimaiyyət tərəfindən hörmətlə qəbul olunan şəxslər olmalıdırlar. Hesab edirəm ki, ictimai təhlükəsizliyin qorunması, cinayətkarlığa qarşı mübarizə, sözsüz ki, dövlət və hüquq mühafizə orqanlarının vəzifəsidir, amma ictimaiyyətimiz də heç zaman bundan kənarda olmayıb. Qanuna belə bir əlavəni etməklə düşünürəm ki, biz ilk növbədə polis orqanlarının üzərində həm də ictimai nəzarəti təmin etmiş oluruq. Polis orqanları, polis ilə vətəndaşlar, cəmiyyət arasında daha sıx, daha məlumatlı bir əlaqəni bərpa edirik. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa.
F. Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, ümumiyyətlə, bu sahədə müəyyən dəyişikliklər aparılmasına ehtiyac var. Xüsusilə də son vaxtlar baş verən terror hadisələrindən sonra bir sıra profilaktik addımların atılması və bu yükün yalnız hüquq mühafizə orqanlarının üzərinə yüklənməməsi olduqca vacibdir. İctimaiyyətin də bu kimi məsələlərdə aktiv rol almasına ehtiyac var.
Hörmətli Əli müəllim dəyişikliklərlə bağlı bir sıra məsələlərə toxundu. Mən onun əsaslandırılması ilə demək olar ki, əsasən razıyam. Amma burada məni həm narahat edən, həm də əlavə olunmasını vacib saydığım məsələlər var. Təbii ki, sovet dövründə belə bir qayda müəyyən olunmuşdu ki, ictimai drujinniklər, müəyyən funksiyanı yerinə yetirən, qeyri-rəsmi məbləğ müqabilində müxtəlif məlumatları polis orqanlarına çatdıran insanlara cəmiyyətdə yaxşı qiymət vermirdilər. Mən xatırlayıram, qonşuluqda belə bir adam vardı. Hamı gözləyirdi ki, o, işə gedəndən sonra evdən eşiyə çıxsınlar ki, şərlənməsinlər, hər hansı bir problem yaşamasınlar. Bu, Azərbaycan cəmiyyətində çox yaxşı qarşılanmır. Amma cəmiyyətin həyatında həm də elə ciddi hadisələr baş verir ki, ictimaiyyətin bu məsələlərdə aktiv rol alma mexanizmi tapılmalıdır. Burada da bu mexanizmin tapılmasına xidmət edən dəyişikliklər nəzərdə tutulur.
1-ci və 2-ci bəndlərə mənim heç bir etirazım yoxdur. Burada əlavə nələrin olmasını istərdim? Söhbət narkomaniya və alkoqolizmdən gedirsə, bura, məncə, əxlaqsızlıq, xuliqanlıq, avtoxuliqanlıq kimi məsələlər də daxil edilməlidir, çünki bu gün cəmiyyətdə sosial gərginlik yaradan məsələlərin içində bunlar əsas, aparıcı yer alırlar.
Amma üçüncü məsələ ilə bağlı ciddi problem yaranır. Bu həm beynəlxalq təşkilatların Azərbaycana qarşı müəyyən irad bildirməsinə səbəb olacaq, həm də Azərbaycanda yeni imtiyazlı mülki şəxslərin peyda olmasına imkan yaradacaqdır. Kimsə polisdə ictimai şuranın üzvüdürsə, dərhal başqasını şantaj etməklə, başqasını hədələməklə, məlumatı polisə çatdıraram deyə insanların rahatsızlığına səbəb ola biləcək addımlar ata bilər. Ona görə mən hesab edirəm ki, bu məsələni bir az daha cilalamaq lazımdır. Onsuz da hər bir vətəndaşın borcudur ki, əgər qohumluq əlaqələri yoxdursa, cinayətlə, hüquq pozuntusu ilə bağlı bildiyi məlumatları birbaşa hüquq mühafizə orqanlarına versin. Burada hüquqa, əxlaqa zidd heç bir addım yoxdur. Amma bunu bir öhdəlik kimi bu ictimai fəaliyyətdə iştirak edən insanların üzərinə qoyulması, məncə, yanlış nəticələrə gətirib çıxaracaqdır. Onsuz da polis, digər təhlükəsizlik orqanları bu tipli insanların fəaliyyətindən qeyri-rəsmi şəkildə istifadə edirlər və qeyri-rəsmi ödəniş məbləğində müəyyən informasiyaları alırlar. Bu da əməliyyat tədbirlərinin keçirilməsində önəmli rol oynayır.
Bunu qanuna salmaq sabah sərbəst toplaşmaq hüququnu həyata keçirən insanlara qarşı mülki şəxslərin hər hansı bir addımının ortaya çıxmasına səbəb ola bilər ki, bu da beynəlxalq təşkilatlarda Azərbaycana qarşı ciddi narazılıq yarada bilər. Biz buna rəvac verməməliyik. Onsuz da ictimai şurada iştirak edən insanlar bu məlumatı verə bilərlər. Bunu qanunvericilikdə göstərməyimiz, məncə, müəyyən mənfi nəticələr yarada bilər. Həm də burada başqa bir problem ortaya çıxır. Bu tədbirlərdə iştirak edən insanlar sabah xəsarət ala bilərlər, başqa bir prosesdə iştirak edə bilərlər. Kimdən məlumat veriblərsə, onların müəyyən mənada əks addımı ilə rastlaşa bilərlər. Onda bunların sığorta və müalicə məsələsi necə olacaq? Hər bir hadisə baş verə bilər. Bu dəyişiklik olursa, məncə, bu insanların həm də qorunma mexanizmi barədə düşünmək zəruri olardı. Ümumiyyətlə, mən bu dəyişikliyin əleyhinə deyiləm. Müəyyən müsbət məqamlar var, amma 3-cü bəndin burada saxlanması məqsədəuyğun deyil. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Yəqin, Əli müəllim sonra bu suala cavab verəcək, amma o, çıxışının əvvəlində dedi ki, bu, agentura məsələsi deyil. Dünyanın hər yerində agentura var. Amma bu ən çox ictimai nəzarət kimi olur. Mən belə başa düşdüm. İndi Əli müəllim buna cavab verəcək. Elmira Axundova.
E. Axundova. Çox sağ olun. Çox yaxşı və aktual bir əlavədir, mən onu qeyd-şərtsiz dəstəkləyirəm. Biz haqlı olaraq həmişə fəxr etmişik ki, respublikamızda stabillik hökm sürür, başqa ölkələrdəki kimi bizdə terror aktları törədilmir və sair. Lakin Dövlət Neft Akademiyasında törədilən kütləvi qətl bizi bir qədər ayıltdı və ictimai təhlükəsizlik haqqında daha ciddi fikirləşməyə vadar etdi. Əli Hüseynov dedi ki, burada söhbət agenturadan getmir. Mən isə deyirəm, lap agenturadan söhbət getsin, burada nə pis şey var? Biz bilirik ki, məsələn, ABŞ kimi ölkədə külli miqdarda belə insan var. Açıq şəkildə hamı onları tanıyır və onlar da hər hansı bir ərazidə cinayətkar ünsürlərin ifşa edilməsində, tutulmasında misilsiz rol oynayırlar. Biz bunu bilirik, biz bu barədə oxuyuruq. Buna görə hətta polisdən pul mükafatı da alırlar və heç kim bundan çəkinmir. İnandırım sizi ki, əgər bizdə də belə bir üsul tətbiq edilsə, cinayətlərin 50 faizi açılacaq. Çünki eyni ərazidə yaşayanlar bilirlər ki, kim kimdir, nə ilə məşğuldur. Hamı bilir ki, məsələn, filan məhəllədə filankəs narkotik maddələrin satışı ilə məşğul olur və sair. Bunların əgər maddi marağı olsa, gedib polisə xəbər verəcəklər, pul mükafatı da alacaqlar. Mən burada da heç bir qəbahət görmürəm. İnsanların səviyyəsi də qalxacaq, bir az da varlanacaqlar, cinayətkar da həbsxanada oturacaq. Çox gözəl bir üsuldur, mən bunun tərəfdarıyam.
Məni başqa şey düşündürür. Burada Daxili İşlər Nazirliyinin məsul işçiləri varsa, onlar mənim sualıma cavab versinlər, ya da Əli müəllim bunu cavablandırsın. Bilirsiniz ki, nazirliklərdə, müxtəlif dövlət qurumlarında mühafizə strukturları var və onlar bu qurumları qoruyur. Ən müdafiəsiz müəssisələr isə təhsil ocaqlarıdır. Halbuki bu ocaqlarda minlərcə cavanlarımız, uşaqlarımız oxuyur. Çox xahiş edərdim ki, cavab verəsiniz, Dövlət Neft Akademiyasında törədilən terror aktından sonra təhsil ocaqlarında ictimai təhlükəsizliyin qorunması istiqamətində hansı addımlar atılıb və atılmaqdadır? Təəssüflər olsun ki, biz mətbuatdan bilirik ki, təhsil müəssisələrində törədilən terror aktları bütün dünyada çoxalır. Biz hər gün bu dəhşətli məlumatları alırıq. Ona görə də biz təhsil ocaqlarının təhlükəsizliyi haqqında çox ciddi düşünməliyik. Mənə elə gəlir ki, dövlət və daxili işlər naziri tərəfindən bu istiqamətdə müəyyən addımlar atılmalıdır. Çünki bu, yalnız məktəb və institut rəhbərliyinin işi deyil. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Elmira xanım. Bugünkü iclasımızda daxili işlər nazirinin müavini cənab Oruc Zalov, Baş qərargah rəisi Fazil Quliyev iştirak edirlər. Lazım gələrsə, onlar suallara cavab verəcəklər. İndi bir məsələ var. Beş dəqiqəyə keçmişdiniz. Etiraz yoxdur ki, belə davam edək?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Oldu. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Güman edirəm ki, bu cür əlavənin zamanı çoxdan çatmışdır. Sözün əsl mənasında yaşayış yeri üzrə ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi, şübhəsiz ki, təkcə polisin gücü və imkanları hesabına həyata keçirilə bilmir. Bu da çox sağlam bir fikirdir ki, ümumiyyətlə, dünyanın hər yerində, ən inkişaf etmiş Avropa ölkələrində belə insanlar hüquqpozmalarla, cinayətlərlə bağlı məlumatların əldə edilməsində polisin ən yaxın köməkçiləridir və bunu özlərinin vətəndaşlıq borcu hesab edirlər.
Sovet dövründən qalma bir düşüncə tərzidir ki, hüquqpozmalarla bağlı polisə kömək edən hər hansısa bir adamı agent adlandırırıq. Bu, əslində, belə deyil. Sovet rejiminin ən çətin vaxtlarında görkəmli ziyalıların həyatdan getməsi, ləkələnməsi və digər məsələlərlə bağlı bu, insanlar arasında çox ciddi bir psixoloji problemlər yaratmışdır. Bu baxımdan bu cür insanlara xoşa gəlməyən adlarla müraciət edirlər. Amma bugünkü müasir dünya və müasir həyatımız onu diktə edir ki, bu cür hüquqpozmalarla bağlı hər hansı bir polis nəfərinin və yaxud sahə müvəkkilinin görəcəyi iş, doğrudan da, çox böyükdür.
Elementar bir misal demək istəyirəm. Bir binada yaşayan iki qonşudan bizə gələn məktublar var. İnanıram ki, çoxunuz belə məktublar alırsınız. Birinin digəri ilə mübahisələri var. Biri evində təmir aparır, digərində problemlər var. Şübhəsiz ki, ictimai şura bu cür məsələlərlə bağlı çox iş görə bilər. İctimai şurada hamı tərəfindən qəbul olunan ağsaqqal, ağbirçək, hörmətli insanların olması, şübhəsiz ki, həm cəmiyyətin, həm də polis orqanlarının xeyrinədir.
Burada deyildi ki, ictimai şurada təmsil olunan insanlar sərbəst toplaşmaqla bağlı hər hansı bir problem yaradar və onda beynəlxalq təşkilatlar buna necə baxarlar? Bayaq da qeyd elədim, indi də demək istəyirəm. Avropada əgər sən 12 yaşına kimi uşağını 45 dəqiqədən artıq evdə tək qoyub gedirsənsə, qonşu zəng vurub polisə deyir ki, bu uşaq 45 dəqiqədir, evdə təkdir, gəlin, onunla məşğul olun. O baxımdan əminəm ki, bununla bağlı beynəlxalq təşkilatlarla heç bir problem yaranmayacaq. Şübhəsiz ki, ictimai şuralarda olan insanların sayı qoçu dəstələrinin sayı ilə eyni deyil.
2-ci bəndlə bağlı fikrimi demək istərdim. Xahiş edərdim ki, sonuncu abzasda “müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər”in siyahısına valideynlik hüququndan məhrum olunmuş insanlar da əlavə olunsunlar. Çünki bu insan valideynlik hüququndan məhrum olunubsa, şübhəsiz ki, 2-ci bənddə nəzərdə tutulan yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikası ilə bağlı hər hansı bir işdə iştirak edə bilməz. Güman edirəm ki, hər hansı bir vətəndaşla bağlı bunu nəzərə almaq lazımdır və bu əlavənin edilməsini təkidlə xahiş edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Jalə Əliyeva.
J. Əliyeva. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Adından asılı olmayaraq, müxtəlif dövrlərdə dövlətlərdə vətəndaşların polisə könüllü yardımını nəzərdə tutan institutlar mövcud olmuşdur və bu gün də mövcuddur. Gəlin, xatırlayaq ki, hələ sovet hakimiyyəti dövründə ölkədə xalq milisi, drujinalar kimi tanınan ictimai institut mövcud idi. Bu institut başlıca olaraq ictimai asayişin qorunmasında milis orqanlarına yardımçı funksiyasını yerinə yetirirdi. Həmin institutun praktiki əhəmiyyəti artıq özünü doğrultmuşdur və təəssüflər olsun ki, “Polis haqqında” Qanun qəbul edilərkən belə bir institutun fəaliyyətinə əsas verən hüquq normaları nəzərdə tutulmayıb. Düşünürəm ki, bu gün müzakirə etdiyimiz qanun layihəsi bu qüsuru aradan qaldıracaq və bu istiqamətdə cəmiyyətə kömək edəcəkdir. Azərbaycanda polis orqanları yanında ictimai şuraların yaradılması ikiqat səmərə verə bilər. Bu bir yandan polisin fəaliyyətinə ictimai nəzarəti gücləndirəcək, digər bir tərəfdən isə əhali arasında hüquqi maarifləndirmə işinə böyük bir töhfə verəcəkdir. Bu fikirlər təklif olunan qanun layihəsində də öz əksini tapmışdır.
Bir az əvvəl qanun layihəsi təqdim edilərkən hörmətli Əli müəllim dedi ki, bu əlavələr kəmiyyətcə geniş olmasa da, mahiyyət etibarıilə çox böyük bir əhəmiyyət daşıyır. Mən tamamilə bu fikirlə razılaşıram və qəbul edirəm ki, həqiqətən də, bu əlavə mahiyyət etibarilə çox əhəmiyyətlidir. Gəlin, etiraf edək ki, son zamanlarda cəmiyyətimiz ətrafında baş verənlərə qarşı çox biganələşib və laqeydləşmişdir. Gecənin yarısında qonşuluqdakı qadın əri tərəfindən döyülür, zorakılığa məruz qalır, onların daxili işidir deyib, susuruq. Uşağın əməyi, – hələ başqasını demirəm, – valideyni tərəfindən istismar edilir, uşaq məktəbə göndərilmir, uşağı valideynindən daha çox sevməyəcəyik ki, deyib, yenə susuruq. Gənc bir oğlan narkomaniyaya qurşanır, dələduzluq edir, bu onun seçimidir deyib, susuruq. Gənc bir qız əxlaqsızlığa yuvarlaqlanır, böyükləri bilər deyib, yenə də susuruq. Küçələrdə dilənən uşaqları görürük, amma onlarla dövlət qurumları məşğul olacaqdır deyib, susuruq və sair və ilaxir. Yəni bu gün cəmiyyətdə müzakirə mövzusuna çevrilən bu kimi məsələlər çoxdur. Gəlin, etiraf edək ki, hər birimiz cəmiyyətin fərdi olaraq bu məsələlərə biganə yanaşırıq. Bir şeirdə də deyilir: vətəndaş olan, eyni zamanda da, vətənin vətən daşı olmalıdır. Deyəsən, son vaxtlarda bunu unutmuşuq. Məndən keçdi, başqasına dəydi prinsipi ilə yaşayıb öz yerinə kiminsə nə isə etməsini ummaq və hər şeyi dövlətdən gözləmək, təbii ki, yanlışdır. Bütün bunlar bəlkə də bir az emosional fikirlərdir, amma düşünürəm ki, bu sadalananlar könüllü ictimai fəaliyyət qanunla tənzimlənəndən sonra cəmiyyətin xeyrinə olacaqdır. Mən bu əlavənin qəbul edilməsinin lehinə səs verəcəyəm və digər həmkarlarımı da qanun layihəsinə səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Mənim bu dəyişikliklə bağlı xeyli arqumentlərim var idi. Amma bunların bir çoxunu deputat həmkarlarım səsləndirdilər. Mən hesab edirəm ki, təklif edilən dəyişiklik yerindədir. Onsuz da maddənin özünün adından (Polisin vəzifələrinin yerinə yetirilməsinə dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ayrı-ayrı şəxslərin iştirakı) həmin dəyişikliyin mahiyyəti məlumdur. Dəyişikliyi düzgün hesab edirəm və səsə qoyulmasını təklif edirəm.
Sədrlik edən. Sağ olun. 13 nəfər yazılıb. Təkid edənlər var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda tənəffüsdən sonra müzakirəni davam etdirərik. Sağ olun.

(FASİLƏDƏN  SONRA)

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə qanun layihəsinin müzakirəsini davam etdiririk. Aydın Həsənov.
A. Həsənov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin hazırlayıb müzakirəmizə təqdim etdiyi “Polis haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə qanun layihəsi, məncə, günümüzün reallığından və cəmiyyət həyatındakı neqativ meyillərə adekvat tədbirlərin görülməsindən irəli gəlir. Düzdür, indiyədək də dövlət orqanları və yerli özünüidarəetmə orqanları polisə öz vəzifələrini yerinə yetirməkdə, əsasən, kömək edirdilər. Amma bu durum qanunla rəsmən təsbit edilmədiyindən kütləvi hal almırdı və istənilən səmərəni vermirdi. İndi isə qanuna edilən bu əlavənin nəticəsində ayrı-ayrı şəxslər polis orqanları tərəfindən könüllülük əsasında ictimai asayişin və təhlükəsizliyin təmin olunması işinə cəlb ediləcək ki, bu da ölkədəki kriminal duruma öz müsbət təsirini göstərəcəkdir. Mən Daxili İşlər Nazirliyinin asayişin qorunmasındakı fəaliyyətini və cinayətkarlığa qarşı apardığı mübarizəni yüksək qiymətləndirirəm. Qanuna edilən əlavə öz-özlüyündə təqdirəlayiq olsa da, zənnimcə, burada bəzi məqamlar daha konkret xarakter daşımalıdır. Çünki hər hansı bir fikirdə konkretlik olmayanda, ələlxüsus da qanunda boşluq olanda sonra yozum yaranır. Söhbət ondan gedir ki, ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında könüllü iştirak edən şəxslərin fəaliyyətinin əlaqələndirilməsi üçün yerli polis orqanları yanında yaradılacağı nəzərdə tutulan ictimai şurada kimlərin çalışa biləcəyi aydın və konkret sadalansa da, kimlərin orada fəaliyyət göstərə biləcəyi tam dəqiqliklə açıqlanmır. Bunu ona görə deyirəm ki, qanuna edilən əlavədə təsbit olunan “hüquqazidd və cəmiyyətə qarşı hörmətsiz davranışın qarşısının alınması məqsədi ilə maarifləndirmə və təbliğat işinin aparılması”nı hər kəs bacara bilərmi? Belə bir məsuliyyətli işi hər kəsə həvalə etmək olarmı?
İkinci fikrim isə “cəmiyyətə qarşı hörmətsiz davranış” ifadəsi ilə bağlıdır. Məncə, bu, mücərrəd fikirdir. Bu cümlənin qatı açılmalıdır ki, hər kəs bu fikrin kimlərə şamil oluna biləcəyini dərk etsin və ondan çəkinsin. Ümumiyyətlə isə qanuna edilən əlavəni qeyd etdiyim redaktələrlə birlikdə təqdir edirəm və onun qəbul olunmasına səs verəcəyəm.
Hörmətli Ziyafət müəllim, həmkarlarım çıxış edərkən başqa dövlətlərin başçılarının adlarını çəkirlər, onlara qarşı tənqidi çıxışlar edirlər. Mən xahiş edirəm, bizim həmkarlarımızın başqa dövlətlərin başçıları ilə işi olmasın.
Sədrlik edən. Çox sağ olun. Hörmətli deputatlar, mən istəyirəm, bir məsələni sizinlə məsləhətləşim. Qanun layihəsinin həcmi o qədər də böyük deyil, amma mahiyyət aydındır. Bəlkə 5 dəqiqəyə keçək? Bizim digər qanun layihələrimiz də var.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 5 dəqiqə qüvvədədir?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aydındır. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli həmkarlarım, hörmətli mətbuat nümayəndələri! Mən də o fikrə qoşuluram ki, həqiqətən də, bugünkü əlavə kifayət qədər məntiqi, ağlabatandır və buna böyük ehtiyac var. Hesab edirəm ki, bütövlükdə bu əlavənin Milli Məclis tərəfindən qəbul edilməsi ilə ölkədə ictimai asayişin daha yüksək səviyyədə təminatı üçün əlavə imkanlar yaranacaqdır. Bununla yanaşı, bəzi təkliflərimi də burada səsləndirməyi vacib hesab edirəm.
Birinci təklifim maddənin adı ilə bağlıdır. Təqdim olunan formatda polisin vəzifəsinin yerinə yetirilməsində dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ayrı-ayrı şəxslərin iştirakı nəzərdə tutulur. Bu, kifayət qədər aydındır. Amma yaxşı olardı ki, bu sıraya fiziki və hüquqi şəxslər də əlavə olunsunlar. Hüquqi və fiziki şəxslər maddənin özündə ehtiva olunarsa, bu, daha əhatəli olar.
İkinci, qanun layihəsində xüsusi kursivlə verilən məsələlərə diqqəti cəlb etmək istəyirəm. Birinci, burada ictimai asayişin təmin olunması, ictimai fəaliyyətin növləri, istiqamətləri ilə bağlı məsələlər qaldırılır. Birinci məsələ “hüquqazidd və cəmiyyətə qarşı hörmətsiz davranışın qarşısının alınması” formasında verilir. Bu, kifayət qədər aydın ifadə olunsa da, “cəmiyyətə qarşı hörmətsiz davranış”ın orada yer alması müəyyən mənada məhdudiyyət yarada bilər. Bütövlükdə hüquqazidd olan digər məsələlərdə könüllülərin imkanlarını müəyyən qədər çərçivəyə sala bilər. Ona görə də əgər etiraz etmirsinizsə, bu təklifi aşağıdakı redaksiyada təqdim edərdim: “ictimai təhlükəsizlik tədbirlərinin səmərəsinin artırılması məqsədi ilə maarifləndirmə, təbliğat işlərinin aparılması”. Əgər burada bütövlükdə ictimai təhlükəsizlik tədbirlərinin səmərəsinin artırılması nəzərdə tutularsa, bu, bütün sahələri əhatə edə bilər.
İkinci, narkomaniya və alkoqolizmin, həmçinin yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası bölməsinə gəldikdə isə burada fikir bir qədər daralır. Əgər biz hüquq pozuntularının profilaktikasına əvvəl digər hüquq pozuntularını da əlavə etsək, orada məna daha genişlənə və bütövlükdə 1-ci və 2-ci maddələrdə qeyd olunan məsələlərlə yanaşı, digər sahələr də əhatə oluna bilər. Təsadüfi deyil ki, həmkarlarım da öz çıxışlarında sərxoşluğa cəlb etməklə, fahişəliklə, dilənçiliklə, digər məsələlərlə bağlı maddələrin yer almasını təklif etmişlər. Əgər biz burada digər hüquq pozuntuları formatını, bu redaksiyanı qəbul edəriksə, o daha əhatəli ola bilər.
Növbəti təklifimə, ola bilsin, siyasi rəng verən dostlarımız, həmkarlarımız tapılsınlar. Amma mən düşünürəm ki, burada siyasi rəng axtarmağa ehtiyac yoxdur. Təklifim bundan ibarətdir ki, biz könüllüləri həm də ictimai asayişin və təhlükəsizliyin pozulması zamanı kütləvi idarə etməklə zərərçəkmişlərə kömək göstərmək səlahiyyətini də verməliyik. Bu, hətta xarici ölkələrin təcrübəsində kifayət qədər yer alıbdır. Biz ictimai şuraların üzvləri formatında bu cür kütləvi hallarda ayrı-ayrı vətəndaşların imkanlarından istifadə edə bilərik.
Nəhayət, sonuncu təklif etmək istədiyim məsələ əlavə bənd kimi nəzərdə tutula bilər. 4-cü maddədə müəyyən bir hissə, bu işə cəlb olunanların sosial və hüquqi məsələlərinin həlli qeyd olunur. İndiki variantda bu, ancaq dövlət hakimiyyət orqanlarının əməkdaşlarına şamil edilir. Amma mən düşünürəm ki, bura əlavə bir bənd nəzərdə tutsaq, bu daha ətraflı, daha əhatəli olar. Zatən hörmətli həmkarım Fazil Mustafa da öz çıxışında bunu qeyd etdi və bildirdi ki, əgər həmin şəxslər bu vəzifəni yerinə yetirən zaman müəyyən xəsarət alarsa, onda onların sosial, hüquqi təminatları necə olacaq? Məncə, bununla bağlı bir maddənin bura əlavə olunması məsələni tam şəkildə tənzimləyər. Bütövlükdə bu əlavəni dəstəkləmək lazımdır və mən də buna səs verəcəyəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun, Azay müəllim. Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov. Buyurun.
V. Ələsgərov. Təşəkkür edirəm. Mənim fikrimcə, çox aydın bir məsələyə başqa məsələləri qarışdırmaqla onu mürəkkəbləşdiririk. Çox dəqiq, çox sadə dillə yazılmış bir təklifdir. Birinci, yaşayış yeri üzrə ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi. Bu sahəyə aiddir, bunu əhatə edir. Bunu xırdalamağa ehtiyac yoxdur. Bunların hamısı xırdalanıb və qanunda da izah olunub.
İkincisi, bu məhdudiyyətlərə baxmayaraq, “hər kəs” ola bilməz, ancaq polis tərəfindən cəlb edilən insanlar ola bilərlər. Bu da çox önəmli bir qeyddir.
Üçüncüsü, məqsəd budur, üsulu da maarifləndirmədir, təbliğatdır, profilaktikadır, məlumatlandırmadır və sair. Hə, ya yox. Mənim təklifim bundan ibarətdir. Əlavə edilən mətnin əleyhinə olan əlini əleyhinə qaldırar, lehinə olan lehinə qaldırar.
Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Gündəlikdə çox önəmli bir məsələ var. 11-ci məsələ Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Ayın 29-da keçiriləcək iclasda, fikrimcə, bundan önəmli məsələ olmayacaqdır. Biz bu gün bu məsələlərin müzakirəsini qurtara bilsək, 29-da bütün iclası bu məsələyə həsr edə bilərik. Ona görə xahişim, təklifim budur ki, həm bu məsələni, həm də o biri məsələləri mahiyyətinə görə müzakirə edib qəbul edək. Ayın 29-da çox önəmli bir məsələyə bütün günü həsr edə bilək. Sağ olun.
 Sədrlik edən. Çox sağ olun, Valeh müəllim. Gözəl təklifdir. Nə təklif edirsiniz? Təkid edən var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Fəzail müəllim.
F. Ağamalı. Mən Valeh müəllimin fikirləri ilə razıyam, məndən öncə çıxış edənlər də qanun layihəsi haqqında müsbət fikirlərini söyləyiblər. Mən onlarla tamamilə şərikəm. Bir daha əlavə edirəm ki, qanun layihəsi kifayət qədər təkmil bir səviyyədə hazırlanıb və bizə təqdim edilib. Bunun mahiyyəti cinayətkarlığa qarşı mübarizədə cəmiyyətin imkanından, potensialından istifadə etməkdir. Bunun arxasında güclü bir məntiq də dayanır ki, cinayətkarlığa qarşı mübarizə təkcə polis orqanlarının işi deyil, bütövlükdə cəmiyyətin problemidir. Cəmiyyət də bu işə nə qədər geniş cəlb olunarsa, cinayətkarlıqdan daha yaxşı sığortalana bilər. Dəyişikliyin mahiyyətində də bu durur. Ona görə də mən buna müsbət yanaşıram və qanun layihəsinə müsbət rəy verəcəyəm.
Hörmətli Ziyafət müəllim, çıxış üçün təkid etməyimə məndən əvvəl çıxış edən hörmətli həmkarım Aydın Həsənovun replikası səbəb oldu. Bizə tövsiyə verməyə çalışır ki, başqa dövlət başçılarının ünvanına fikirlər söyləməyin. Mən bu cür fikirləşən deputatlara, hörmətli və dəyərli həmkarlarıma xatırlatmaq istəyirəm ki, hər bir millət vəkili demiş olduğu sözün məsuliyyətini özü daşıyır və bu, unudulmalı deyil. Bir daha təkrar edirəm, Azərbaycana qarşı hədyanlar yağdıran, Ermənistan kimi təcavüzkar dövləti qucağında bəsləyən, ona qida verən, onu gücləndirən, onu dünya biliyi ilə qovuşdurmağa çalışan, onunla hərtərəfli əməkdaşlıq edən bir rejimin nümayəndəsi Azərbaycana qarşı hədyanlar yağdırırsa, mən bu cür insanlara qarşı çox dözümsüzəm və düşünürəm ki, düz hərəkət edirəm. Sağ olun.
Sədrlik edən. Aydındır. 2 nəfər də təkid edir, onlar da danışsınlar, sonra səsə qoyacağıq. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də “Polis haqqında” Qanuna edilən dəyişikliklə bağlı müəyyən fikirlərimi bildirmək istəyirəm. İndiyə qədər səslənən fikirlər və bunun beynəlxalq təcrübəyə istinadən əsaslandırılması bəlkə bu və ya digər şəkildə ayrı-ayrı adamları da narahat edir. Bəlkə beynəlxalq təcrübədən gətirilən misallar da öz yerini tapır, ancaq Azərbaycan reallıqlarını da müəyyən dərəcədə nəzərə almaq lazımdır. Bundan əvvəl də mən beynəlxalq təcrübə ilə bağlı mövqeyimi demişdim. Ayrı-ayrı şəxslər könüllülük əsasında polis orqanları tərəfindən ictimai asayişin və təhlükəsizliyin təmin olunması işinə cəlb olunur. Burada onların fəaliyyətinin 3 istiqaməti qeyd olunur. Birinci, hüquqazidd və cəmiyyətə qarşı hörmətsiz davranışın qarşısının alınması məqsədi ilə maarifləndirmə və təbliğat işinin aparılması. Hər kəs bilir ki, bu işi aparmaq üçün yuxarıda sadalanan şəkildə könüllülük əsasında cəlb edilən qrupların heç birinin nə haqqı, nə hüququ var, nə də bunun üçün ictimai baza. Onlar təbliğat və maarifləndirmə işini necə həyata keçirəcəklər? Kurslar təşkil edəcəklər, yoxsa məhəllə-məhəllə, yaxud da məktəblərdə sinif-sinif gəzib təbliğat işi aparacaqlar? Onların hüquqazidd və cəmiyyətə qarşı hörmətsiz davranışının qarşısını almaq üçün məktəblərdə kurs keçəcəklər? Hamıya bəllidir ki, bu nədən ötrüdür.
Çoxları çox təəssüf ki, bunu etiraf etmək istəmirlər, hüquq sistemindəki pozuntularla bağlı kifayət qədər bilgiyə malik deyillər. Mən bu hadisəni bir dəfə danışmışam, yenə təkrar etmək istəyirəm. Bir dəfə hörmətli millət vəkili Pənah Hüseynlə mən maşında gedirdik, sükan arxasında da mən əyləşmişdim. İşıqforun qırmızı işığında dayandıq, yaşıl işıq yanandan sonra yolumuza davam etdik. Bir müddət gedəndən sonra bizi saxladılar və dedilər ki, siz qırmızı işıqda keçmisiniz. Mübahisə yarandı, tanımayan adam idi. Nəhayət, komandir gələndən sonra bizi tanıdı və üzr istədi. Yaxşı, birdən bu, sıravi adam olsa, nə olardı? Biz bilmirik ki, həmin məqsədlə nələr olur, necə olur, hansı şəkildə yanaşma olur? Polisə müqavimət göstərir. Biz bilirik ki, bəzən dövlət başçısını təhqir etdi, hakimiyyəti söydü, iqtidarı söydü kimi bəhanələrlə heç siyasətə aid olmayan adamları tuturlar. Bu əlavə, əslində, ərazidə yaşayan, fərqli düşüncəyə malik olan, fərqli fikir söyləyən, məhəllədə öz fikrini bölüşən insanların bu və ya digər şəkildə polisə çuğullanması ilə nəticələnən bir prosesi gerçəkləşdirəcək.
“Narkomaniyanın və alkoqolizmin, həmçinin yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası”. Nə edəcək bu könüllülük əsasında fəaliyyət göstərənlər? Açıq yazın ki, bu adamların fəaliyyəti barədə polisə məlumat vermək. Nə profilaktika? O nə edə bilər? Tutaq ki, mən narkotik maddədən istifadə edirəm. İctimai şuranın üzvü gəlib mənə deyəcək ki, niyə narkotik maddədən istifadə edirsən? Ya başını yaracağam, ya da məni ikinci bir cinayət törətməyə məcbur edəcək. Uzağı polisə xəbər verə bilər. Başqa nə edə bilər? Yazın ki, polisə çuğulluq etmək üçün ictimai şuralar yaradılır. Bu hansı profilaktikanı apara bilər? Mən oturmuşam, alkaşlıq edirəm, ifadəyə görə üzr istəyirəm, içki içirəm. Bu mənə deyəcək ki, içki içmə? Bunu deyəndə dava, qırğın düşəcək. O yalnız bu halda polisə xəbər verə bilər, kimsəyə nə isə deyə bilməz. Bunun adını profilaktika, maarifləndirmə, təbliğat işinin aparılması qoymusunuz – hamısı boş şeylərdir. Bu cür olmur.
Sonra, “Cinayətlərin və digər hüquqpozmaların qarşının alınmasını və araşdırılmasını təmin etmək məqsədi ilə zəruri məlumatların polis orqanlarına verilməsi”. Ziyafət müəllim hamımızdan gözəl bilir, burada da kifayət qədər hüquqşünaslar var. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cinayəti bilərək gizləməyin özü məsuliyyət yaradır. Cinayət bilinirsə, yaxın qohuma qarşı çevrilməyibsə, o, ciddi şəkildə presedent yaradır və şəxs hüquq qarşısında cavab verməli olur. Bunu könüllülərin üzərinə qoymaqla nə əldə olunur? Hansı cinayətin, hüquqpozmanın qarşısının alınması nəzərdə tutulur? Deputat həmkarımız Azay müəllim də qeyd etdi, burada səslənən bəzi fikirlərdən siyasi məqsəd üçün istifadə olunmasın, opponentlər bunu deməsinlər. Bəli, kökündə dayananlardan biri də bu və ya digər şəkildə ayrı-ayrı qrupların əks yönümlü...

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. İqbal müəllim, bu qədər çıxış etdin, yorulmadın?
 Yerdən. (Eşidilmir.)
 Sədrlik edən. Yaxşı, buyurun.
İ. Ağazadə. Çox sağ olun. Əks düşərgənin nümayəndələrinin də üzərinə yönəlməklə nəticələnəcək. Biz bunun dəfələrlə şahidi olmuşuq. 1998-ci il mitinqlərində onun canlı şahidlərindən, xəsarət alanlardan biri – İlyas İsmayılov bu gün Milli Məclisdə əyləşib. Cinayətkarın tutulmasına rəğmən heç kim də cəzalandırılmadı. Bu şəkildə də həmin könüllü birliklər kəndlərdə, məhəllələrdə insanları basqı altında saxlayacaq, rüşvət mexanizmi yaradılacaq, ayrı-ayrı adamlar polis orqanları ilə ünsiyyətdə olub adamları şərləməklə, üzünə durmaqla məşğul olacaqlar. Bu gün hüquq mühafizə orqanlarının əksəriyyətində şahid qismində çıxış edənlərin böyük əksəriyyətinin adı ən azı 20 cinayət işində şahid kimi keçib. 20 cinayət işində 20 adamın üzünə durublar. Haradan? Küçədən keçirdi, biz bunu tutduq. Bunların hamısı “ştatnik”lərdir. Hesab edirəm, bu qanun bugünkü şəraitdə Azərbaycan reallığında çox mənfi...
Sədrlik edən. Sağ olun. İqbal müəllim, elə olur ki, bir çox məsələlər, bəzi qanun layihələri müzakirə olunanda deyirsiniz ki, beynəlxalq aləmdə, başqa ölkələrdə belədir və bunu bizə qəbul etdirmək istəyirsiniz. İndi Azərbaycan beynəlxalq hüquq normalarından, dünyadakı qabaqcıl təcrübədən istifadə etmək istəyir, burada artıq milli mentalitetə gəlirsiniz. Mentalitetimizi qaldırmaq lazımdır. Söhbət nədən gedir? Mən səhv eləmirəmsə, burada dedilər ki, “agentura” sözü kənarda qalır. Agentura dünyanın hər yerində var və onlar gizli, məxfi olur. Çox vaxt hüquq mühafizə orqanının işçisi öz agentinin adını heç müdirinə də demir. Ancaq burada məqsəd tamamilə başqadır. Burada söhbət sahə müvəkkillərindən, məhəllələrdən, orada yaşayan insanlardan gedir. Mütərəqqi bir şey varsa, onu yavaş-yavaş Azərbaycanda həyata keçirmək lazımdır.
Mən bir az gecikdim, üzr istəyirəm. Türkiyənin xarici işlər naziri gəlmişdi, onu qəbul edirdik. Təkid edən var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah Hüseyn buyursun.
P. Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm Sədr. Qanun layihəsində əsas etiraza səbəb olan məsələlərdən biri buradakı ifadələrin olduqca yayğın olması və bir sıra terminlərin, anlayışların aydın olmamasıdır. Mən konkret faktlarla bunu göstərmək istəyirəm. Yazılır ki, ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı yaranan sosial problemlərin birgə həlli. Burada xeyli hüquqşünas iştirak edir, hörmətli Əli müəllim də bunun təqdimatını verdi. Amma bu anlayış nə deməkdir? “İctimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsində yaranan problemlər”. Bu özü mürəkkəb bir anlayışdır və qanunda özünün dəqiq əksini tapsaydı, o halda bəzi suallar meydana gəlməzdi.
Yaxud yazılır ki, ayrı-ayrı şəxslər könüllülük əsasında polis orqanları tərəfindən ictimai asayişin və təhlükəsizliyin təmin olunması işinə cəlb edilə bilərlər. Hörmətli Valeh müəllim dedi ki, hər şey aydındır, məsələn, yaşayış yeri üzrə həyata keçirilir. Amma burada aydın olur ki, bu cəlbolunma konkret olaraq bir bölmədə bu şəxslərin cəlb edilməsini nəzərdə tutur, yoxsa, deyək ki, Sabirabad rayonunda tədbir keçirilir, orada ictimai təhlükəsizliyin təmin olunması məsələsi var. Həmin cəlb olunmuş şəxslərin burada iştirakına yol verilir və ya verilmir? Bilirsiniz, hörmətli Valeh müəllim, burada xeyli aydın olmayan məsələlər vardır.
Mən hesab edirəm ki, bu, əvvəlki dövrlərə istinad olunub. Sovet dövründə drujina qərargahları var idi. Amma drujina qərargahları haqqında əsasnamələr vardı. Bu, sadəcə, Polis haqqında qanunla, bir-iki cümlə və norma ilə tənzimlənəsi məsələ deyil. Bu, əslində, çox ciddi sosial-psixoloji təsiri və nəticələri ola biləcək bir dəyişiklikdir. Bu, sadəcə, bir texniki dəyişiklik deyil. Biz bunu görmüşük. Orta əsrlərdə birdən-birə böyük-böyük cəmiyyətlərdə, Avropa xalqları içərisində dəhşətli bir xəbərçilik epidemiyası yayılırdı, hamı bir-birindən şikayət edirdi. Belə epidemiyalar olub. Arxivlərdən məlum olur, bizdə 1930-cu illərdə hamı bir-birindən çuğulçuluq edib. Ona görə yox ki, o demirsə, başqası deyəcək. Bu bir sosial xəstəlikdir, miras halına gəldiyi hallar olub. Bu cür məsələlər də buna rəvac verə bilir.
Bizim hüquq mühafizə orqanlarının işçiləri də burada iştirak edirlər, təkrar edirəm, bu, sadəcə, texniki məsələ deyil. Mən hörmətli Əli müəllimin əsaslandırmasını da başa düşmədim ki, bunu bu gün zəruri eləyən nədir? Sadəcə, ictimai-beynəlxalq təcrübənin tətbiqidir? Əgər belədirsə, normal tətbiq olunsun. Qeyd elədiyim kimi, bunun normal əsasnaməsi hazırlansın, bu anlayışlar öz əksini tapsın və bu cür fikirlər yaranmasın.
Nəhayət, 3-cü maddədə yazılır ki, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınmasını və araşdırılmasını təmin etmək məqsədi ilə zəruri məlumatların polis orqanlarına verilməsi. Bunun sosial problemlərin həlli ilə hansı əlaqəsi var? Hər bir vətəndaşın borcudur ki, cinayət olması ehtimal olunan məsələlər barədə məlumat versin. Amma bu, tamamilə fərqli bir anlam verir.
Mən bir şeyi başa düşmürəm. Azərbaycan keçmiş SSRİ məkanında əhalinin sayına görə polislərin çox olduğu ölkələrdən biridir. Bizim son dövrlərdə maliyyə vəziyyətimiz yaxşılaşıb, ona görə də adambaşına düşən daxili işlər orqanlarının ştatlı işçilərinin sayı bir sıra respublikalardan az deyil. İstər dövlət başçısı, istər daxili işlər naziri, istərsə də digər orqanların rəhbərləri həmişə Azərbaycan polisinin nümunəvi işi barədə məlumatlar veriblər, cinayətkarlığa, hüquqpozmalara qarşı aparılan uğurlu siyasətdən danışıblar. İndi birdən-birə burada çıxışlar oldu ki, bu dəyişiklik olmasa, sən demə, Azərbaycanda böyük kriminal inqilab gözlənilirmiş. Açığı bunlar inandırıcı səslənmir. Mən əvvəl dediyim iradı bir daha təkrar edirəm. Bu cür qanunlar təqdim olunanda Konstitusiyanın tələbinə görə bunların ciddi əsaslandırılması yazılı şəkildə deputatlara təqdim olunsun. Onda bir çox suallar orada öz əksini tapar. Konkret isə çox ciddi sosial-psixoloji fəsadlar verəcəyinə görə hörmətli deputatları bu qanunun əleyhinə səs verməyə çağırıram və özüm də bunun əleyhinə səs verəcəyəm.
Sədrlik edən. Konstitusiyada belə bir müddəa var ki, əvvəldən yazılıb verilməlidir?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Ziyafət müəllim.
Z. Əsgərov. Sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu məsələ ilə əlaqədar fikrimi bildirmək istəyirəm. Təəssüf edirəm ki, hörmətli opponentlər qanun layihəsinin mahiyyətindən daha çox ürəyindən keçənləri dedilər. Burada açıq-aydın yazılıb. Bayaq hörmətli həmkarım Valeh müəllim də qeyd elədi, hər şey tam dəqiq yazılıb. Pənah bəy deyir ki, camaat çuğulçuluqla məşğul olacaq. Əvvəla, indi nə 1937-ci ildir, nə də biz sovet dövlətində yaşayırıq. Biz normal, sivil dövlət qururuq. Burada söhbət sözün həqiqi mənasında insanlar arasında aparılacaq profilaktikadan və maarifləndirmədən gedir.
Təsəvvür edin də, İqbal bəy, biri oturub sərxoşluqla məşğuldur. Ona başa salanda vurub başını yaracaq? Elə deyil. Narkomaniyaya mübtəla olmuş, yaxud içkiyə qurşanmış şəxs, ola bilsin ki, polisdən müəyyən qədər çəkinir. Nə olar, həmin məhəllədə yaşayan iki nəfər ağsaqqal könüllü surətdə həmin gənci başa salır ki, oğlum, belə etmək olmaz, bunu içmək olmaz. Bu, normal bir şeydir, profilaktikadır da. Bu, maarifləndirmə işidir. Qanunun mahiyyəti bundan ibarətdir. Siz qanunun əsas mahiyyətini qoymusunuz kənara, tamamilə başqa şeylərdən danışırsınız. Ona görə də tamamilə o fikirlə razıyam ki, bu, dünya praktikasında qəbul olunmuş bir şeydir.
Yenə deyirəm, hüquqazidd hərəkətlərə qarşı mübarizəni təkcə polisin boynuna yıxmaq lazım deyil, bu hər birimizin borcudur. Cəmiyyətin təmizliyi uğrunda və narkomaniyaya, içkiyə, digər hüquqazidd hərəkətlərə qarşı mübarizə aparmaq hər bir insanın borcudur. Yoxsa məndən ötsün, kiməsə dəysin, elə olmaz axı. O psixologiya ilə yaşamaq olmaz. Burada hörmətli nazir müavini əyləşib. Onlar 9 pilot rayonda eksperiment aparıblar, çox yaxşı da nəticə verir. Biz qabaqcıl dünya təcrübəsindən niyə istifadə eləməyək? Bunu xahiş edirəm, başqa yerə, camaatı bir-birinin üzünə qoyacaqlar kimi yozmayın. Məlumat almaq istəyən orqanın kifayət qədər geniş imkanları var. Narahat olmayın, bu tamam başqa şeydir. Təşəkkür edirəm.
Sədrlik edən. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Qanun layihəsinin mahiyyəti ilə bağlı əlavə fikir söyləmək istəmirəm. Təkcə onu qeyd etmək istəyirəm ki, layihə ilə bağlı verilən təklifləri diqqətlə dinlədim. Bir fikri vurğulamaq istəyirəm. Ziyafət müəllim tamamilə haqlıdır, əgər hər hansı bir başqa prosesi tənzimləməyə ehtiyac olsaydı, onda bu qanunu yazmağa gərək yox idi. Bu, həqiqətən, təcrübədə var, 3 ildir pilot-layihə həyata keçirilir. Düşünürəm ki, həqiqətən, bunu ictimaiyyətin polis orqanları üzərində nəzarətinin bir forması kimi də qeyd eləmək olar. Bu həm də ictimaiyyət, əhali və polis orqanları arasında münasibətlərin daha normal müstəvidə qurulması üçün əhəmiyyətli ola bilər.
Burada iki təklif səsləndi. Məncə, onları qanunvericilik təşəbbüsü subyektinin diqqətinə çatdıracağam. Gülər xanım qeyd etdi ki, təkliflər, tələblər bir qədər də ciddi olsa, daha yaxşı olar. Misal üçün, “məhkəmə qərarı ilə valideyn hüququndan məhrum olmuş” ifadəsini qeyd etdi. Buna bir daha baxa bilərik, bu hər halda mane olmaz. Bir də, Azay müəllim 2-ci bəndə “və digər hüquq pozuntularının profilaktikası” ifadəsini əlavə etməyi təklif etdi. Məncə, bu iki təklif sırf hüquqi baxımdan nəzərə alına bilər.
Ümumilikdə isə mən hesab edirəm ki, bu prosesi pilot-layihə əsasında həyata keçirmək mümkündür və həyata keçirilir də. Daxili İşlər Nazirliyinin ATƏT-in Bakı ofisi ilə müqaviləsi var. Yaxud da bu prosesi hər hansı bir qeyri-hökumət təşkilatının vasitəsilə də həyata keçirmək mümkündür və belə praktika var. Bu qanunun qəbul olunması, əksinə, bizə, birincisi, o imkanı verir ki, biz bu məsələni geniş müzakirə edək. İkinci imkan da odur ki, ictimaiyyət məlumatlansın və geniş mənada bu prosesə cəlb olunsun. İctimai təhlükəsizliyin qorunması hər bir kəsin vəzifə borcu olmasa da, prinsip etibarilə vətəndaşlıq borcu olaraq qalır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Elmira Axundova sual vermişdi ki, Dövlət Neft Akademiyasında baş verən məlum hadisədən sonra təhsil ocaqlarında hansı tədbirləri görmək nəzərdə tutulur, nə işlər görülür? Mümkündürsə, bu suala da cavab verin. Daxili işlər nazirinin müavini Oruc Zalova söz verilir. Buyurun.
O. Zalov, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Əvvəla, hamınıza minnətdarlıq edirəm ki, bu məsələyə vaxt ayırdınız, ciddi müzakirə apardınız. Lazım gəlsə, qaldırılan məsələləri daha geniş izah etməyə imkan var. Ancaq güman edirəm ki, bizim hörmətli deputatlar məsələnin mahiyyətini dərindən, düzgün izah etdilər.
Dövlət Neft Akademiyasında baş verən hadisədən sonra 20 təhsil müəssisəsi, – onların böyük əksəriyyəti özəl təhsil müəssisələridir, – bizim Baş Mühafizə İdarəsi ilə təhsil müəssisələrinin mühafizəsi haqqında müqavilələr imzalayıb. Məlumatınız olsun ki, Baş Mühafizə İdarəsi bu gün 7000-dən çox obyektin mühafizəsi ilə məşğuldur. Özünümaliyyələşdirmə sistemi olduğuna görə bu mühafizə qarşılıqlı müqavilələr bağlandıqdan sonra həyata keçirilir. Bu gün polis sərbəst surətdə təhsil müəssisələrinin mühafizəsini öz üzərinə götürə bilməz. Bir çox müəssisələrin özəl mühafizələri var, onlar silahsız mühafizə olunurlar. Lakin bizim Baş Mühafizə İdarəsi tərəfindən mühafizəyə edilən obyektlər silahlı mühafizə altında olurlar. Baş verən hadisədən sonra maraq artıb və yəqin ki, gələcəkdə digər təhsil müəssisələri belə müqavilələr bağlayacaqlar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siz sual vermək istəyirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun. Sonra Sabir Rüstəmxanlı deyəcək ki, şəxsi-qərəzlik edirik.
S. Rüstəmxanlı. Yox, mən elə xırda şeylərlə məşğul olmuram. Oqtay müəllim, burada bir sıra fikirlər səsləndi. Mən bir az gecikmişdim, ona görə bir-iki kəlmə demək istəyirəm. Şübhəsiz ki, biz polisə ictimai dəstəyin genişlənməsində maraqlıyıq. İstəyirik ki, ictimai şuralar yaransın, insanlar polisə kömək eləsinlər. Bunu heç kəs inkar eləyə bilməz. Amma mən daxili işlər nazirinin müavini cənab Oruc Zalovun burada iştirakından istifadə edib bir məsələyə diqqəti cəlb eləmək istəyirəm. Bəlkə də bununla qəbul olunan qanunla bağlı gələcəkdə neqativ halların ortaya çıxmasının qarşısı da alına bilər. Maşını olan adamlar bilirlər, Bakı küçələrində sıxlıqdır, iki-üç cərgə maşın dayanır. Kimə imkanları çatırsa, onun maşınını cərimə meydançalarına aparırlar. Eyni zamanda, başqa bir məsələ də var. Bakıda polisin yardımçısı olan dəstə yaranıb. O dəstənin üzvləri cavan uşaqlardır. Yollarda dayanan maşınların nömrələrini açıb aparırlar. Camaat deyir ki, onlar bu nömrələrə görə müəyyən məbləğdə pul alırlar.
Ola bilsin, Dövlət Yol Polisinin işçisi tapşırıb ki, sən 10 nömrə gətirəcəksən, buna görə sənə bu qədər pul veriləcək. Bu mənim dəqiq izləmədiyim, amma hər kəsin arasında danışılan bir məsələdir. Bunlar da ictimai nəzarətçilərdir, bunlar da guya yolda qayda-qanun yaratmaq istəyirlər. Onlar da polisin yardımçılarıdır. Amma tam hərc-mərclikdir, qanunsuzluqdur. Kimin harada imkanı varsa, bir-iki nömrə açır, aparır verir. Sonra da maşın sahibləri əziyyət çəkir, nömrəni axtarırlar. Gələcəkdə müəyyən adamlar bu qanundan istifadə edib qohum-qonşu arasında istədiyini edəcək, yazacaq, istədiyi məlumatı verəcək. Bu, böyük biabırçılıq olar. Ona görə bəri başdan bu faktlar aydınlaşdırılmalıdır. Polisə yardım adı ilə cəmiyyətə daraşmış bu həşərat sürüsünün qarşısı alınmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Əgər orada neqativ hallar varsa, Sizinlə razıyam. Ancaq, həqiqətən, qanunla maşını orada saxlamaq olmazsa, deməli, saxlamamaq lazımdır. Biz bu mədəniyyətə çatmalıyıq. Hamınız xarici ölkələrdə olursunuz. İstənilən xarici ölkənin paytaxtında ən çətin məsələ parklama məsələsidir. Heç kim yolu tutub maşınını saxlamır.
Şəhərin əksər küçələrində tıxaclar yaranır. Düzdür, park yerləri azdır, amma yeni parklama yerləri açılır. Ancaq qanun da işləməlidir ki, icazə verilməyən yerdə maşınları saxlamasınlar. Bu işi necə aparırlar, səhv, yoxsa düz, onu da fikirləşərik. Ancaq qanun hamı üçün qanundur. Biz yavaş-yavaş şəhərdə bu məsələlərə fikir verməliyik. Başqa sual yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 16.43 dəq.)
Lehinə 92
Əleyhinə 6
Bitərəf 1
Səs verməd 0  
İştirak edir 99
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Dəvət olunmuş qonaqlar gedə bilərlər. Sağ olun.
Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsi barədədir. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bugünkü Mülki-Prosessual Məcəllə 2000-ci ildə qəbul olunmuşdu. Mülki-Prosessual Məcəllə işlənib hazırlanarkən, təbii ki, mütərəqqi beynəlxalq təcrübə, yeni hüquq münasibətləri dərindən öyrənilmişdi. Amma, sözsüz ki, yeni məcəllənin praktikada tətbiqi çox mühüm bir hal idi. Təbii ki, Mülki-Prosessual Məcəllə ilk növbədə məhkəmə orqanları tərəfindən tətbiq olunur. Bu illər ərzində, keçən 9 ildə yeni prosessual qanunvericiliyin tətbiqi zamanı bir sıra problemlər də meydana çıxırdı. Bu problemləri ümumiləşdirib, analiz etmək məqsədi ilə hələ bir neçə il bundan əvvəl məhkəmə orqanlarına və hakimlərə tövsiyə olunmuşdu ki, qanunvericiliyin tətbiqi zamanı meydana çıxan təkliflər, problemlər öyrənilib, təqdim olunsun. Sonradan bu təkliflər Ali Məhkəmənin işçi qrupunda araşdırılmağa başlandı. İlkin olaraq Ali Məhkəmənin işçi qrupu tərəfindən işçi qaydasında bir layihə təqdim olunmuşdu. Bu layihə komitədə müzakirəyə çıxarılmazdan əvvəl belə qərara gəldik ki, bizim mülki qanunvericiliyin hazırlanmasında yaxından iştirak etmiş alman ekspertlərini də bu məsələyə cəlb edək. Nəticə etibarilə Mülki-Prosessual Məcəlləyə dəyişikliklər və əlavələr edilməsi haqqında bir qanun layihəsi işlənib hazırlandı və gördüyünüz kimi, cənab Prezidentin imzası ilə parlamentin müzakirəsinə təqdim olundu.
Sözsüz ki, millət vəkili kimi, sizlərə də bəzən məhkəmə orqanlarının fəaliyyəti ilə bağlı müraciətlər olur. Bir sıra hallarda vətəndaşlar yalnız baxılan işin mahiyyəti ilə bağlı deyil, sənədlərin onlara vaxtında çatdırılmaması, icra məsələləri ilə bağlı da şikayətlər edirlər. Bax, bu təqdim olunan əlavələr və dəyişikliklər bütövlükdə bu qəbildən olan problemlərin həlli ilə bağlıdır.
14-cü maddəyə təklif olunmuş əlavə vəkilin prosesdə məcburi iştirakının tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onların maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz peşəkar hüquqi yardım almaq hüququnu bir daha vurğulayır. Bildiyiniz kimi, belə hallar mümkündür. Qanunvericiliyə görə Ali Məhkəmədə işə baxılarkən vəkilin iştirakı mütləqdir. Amma bəzən onların vəkilin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmur. Bu da müəyyən problemlərə gətirib çıxarır. Düşünürük ki, bu əlavə mövcud problemi həll etmiş olacaqdır.
Bəzən məhkəmələr tərəfindən aidiyyəti üzrə işlərə baxılması ilə bağlı problemlər meydana çıxır. 32.7-ci maddənin əlavə olunması bu problemin həllinə yönəlmişdir. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir, çünki aidiyyət məsələsi qanunvericilikdə tətbiq olunub. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Təbii ki, məhkəmə artıq bu işə baxmalıdır. Təəssüf olsun ki, bir sıra hallarda bunun özü də süründürməçiliyə gətirib çıxarır və vətəndaşların haqlı narazılığına səbəb olur.
İndiyə qədər məhkəmə praktikasında mövcud olan ciddi problemlərdən biri də məhkəmə sənədlərinin çatdırılması və verilmə qaydası ilə bağlıdır. Yəqin, müraciətləri siz də alırsınız, oxuyursunuz. Bəzən vətəndaşlar hər hansı bir bildirişi, məhkəmə sənədini almadıqlarını israrla bildirirlər. Deyirlər ki, poçt xidməti və hər hansı bir şəxs tərəfindən onlara məhkəmə sənədləri təqdim olunmayıb. Amma misal üçün, məhkəmənin qərarında qeyd olunub ki, sənəd və yaxud da bildiriş tərəfə göndərilmişdir. Yəni məhkəmənin yazılı qərarında bu var, amma tərəf faktiki olaraq iddia edir ki, onu almayıb. Həqiqətən, bu problem mövcuddur. Qeyd edim ki, məhkəmə orqanları tərəfindən bu sənədlərin poçt, rabitə orqanları vasitəsilə göndərilməsi üçün kifayət qədər vəsait ayrılıb, o, icra olunur. Amma praktikada problem qalmaqda davam edir.
Mülki-Prosessual Məcəlləyə təklif olunan 135, 136, 137 və 138-ci maddələr tam təfsilatı ilə bu məsələni şərh edir, hüquq və vəzifələri dəqiq göstərir. Misal üçün, 135.3-cü maddədə yazılır: “Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli ozünüidarə orqanına, yaxud da onun işlədiyi yer üzrə müdiriyyətə verilir...”
 Eyni zamanda, bu maddənin icrası tam başa çatsın deyə digər bir 140-cı maddə də əlavə olunur: “Məhkəmə sənədini ünvan sahibinə çatdırmaq üçün qəbul etməkdən imtina edən və ya onu səhlənkarlıq nəticəsində ünvan sahibinə çatdırmayan orqanlar, vəzifəli şəxslər, yaxud məhkəmə sənədinin çatdırılması tapşırılmış digər şəxslər bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulmuş qaydada cərimə edilir”. Beləliklə, düşünürük ki, məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi ilə meydana çıxmış problem həm həll oluna bilər, həm də bu sahədə üzərinə vəzifə düşən şəxslərin sui-istifadəsinin qarşısı alınmış olar.
67-ci maddənin üzərində bir qədər geniş dayanmaq istərdim. Bu maddə kassasiya və əlavə kassasiya şikayətlərinin baxılması zamanı vəkilin iştirakının məcburi olması məsələsini tənzimləyir. Prinsip etibarı ilə bizim qanunvericilikdə bu var. Amma qeyd etmək istəyirəm ki, qanun layihəsi Ali Məhkəmənin hörmətli hakimləri ilə birlikdə işçi qaydasında komitədə müzakirə olunarkən millət vəkili İlyas İsmayılov tərəfindən verilmiş bir təklif müzakirə olunmuşdu. 67-ci maddədə məhkəmə iclasında yalnız vəkillə iştirak etmək müddəasının çıxarılması təklif olunurdu. Qeyd olunurdu ki, bir sıra hallarda bu norma problemlərə gətirib çıxarır.
Qeyd etmək istəyirəm ki, artıq cənab Prezident tərəfindən təqdim olunmuş layihənin 67.2-ci maddəsi dolayı da olsa, bu problemi həll etmiş olur. Biz o zaman bu müddəanı nə üçün qəbul etmədik? Çünki Konstitusiya Məhkəməsinin 67-ci maddə ilə bağlı plenum qərarı var idi ki, bu, Konstitusiyaya uyğundur. Məqsəd məhkəmədə müdafiə hüququnun daha səmərəli təmin olunmasına yönəlirdi. Yəni dövlət vəkillə təminatın tərəfdarıdır və hər bir vətəndaşa daha səmərəli müdafiə hüququnu təmin etmək öhdəliyi götürür. İndi müzakirə etdiyimiz layihədəki 67.2-ci maddə, düşünürəm ki, İlyas müəllimin təklifini də müəyyən mənada həll etmiş olur. “Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktı qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir.” 14-cü maddəni də sizə xatırlatdım. Burada artıq kiminsə ödəmək imkanı olmadıqda artıq bu problem meydana çıxmır.
Bir düzəlişin də üzərində qısaca da olsa, dayanmaq istəyirəm. Bilirsiniz ki, indiki qanunvericiliyimizə görə hər hansı bir işə apellyasiya instansiyasında baxıldıqdan sonra, o, icraya yönəlir. Bilirsiniz ki, məhkəmə qərarlarının icra olunmaması ilə bağlı problem vaxtilə bizdə çox kəskin olub. Bu problemi həll etməkdən ötrü parlament məhkəmə qərarlarının icrası ilə bağlı xüsusi bir qanun qəbul edib. Qanunun icrası ilə bağlı görülmüş tədbirlər nəticəsində artıq bu gün Azərbaycanda çıxarılan məhkəmə qərarlarının təxminən 90 faizi icra olunur. Yeri gəlmişkən, xüsusi vurğulamaq istəyirəm ki, Avropa İnsan Haqları Konvensiyası və məhkəmənin presedent hüququnda öz əksini tapdığı kimi, hər hansı bir hüququn təminatı ancaq məhkəmə qərarının icrası başa çatdıqdan sonra bitmiş hesab oluna bilər. Yəni kiminsə hüququ məhkəmə qərarı ilə qoruna bilər. Məhkəmə haqlı qərar çıxarıb, o razıdır. Amma qərar icra olunmayıbsa, deməli, hələ hüquq təmin olunmayıb. Bax, bu baxımdan biz o zaman xüsusi bir qanun qəbul etdik.
İndi məhkəmə qərarının icrasına xüsusi əhəmiyyət verilir və deyərdim ki, qərarların icra olunma tempi kifayət qədər yüksəlib. Amma praktikada hansı problemlə üzləşmişik? Məsələ bundadır ki, bəzən Apellyasiya Məhkəməsi qərar çıxardıqdan sonra, – bilirik ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarını araşdırır, –  məhkəmə qərarı icraya yönəlir. Dövlət orqanları da, təbii ki, maraqlıdırlar ki, daha sürətlə icra olunsun. Amma sonra işin hüquqi hallarını araşdıran daha yüksək kassasiya instansiyasında məsələ hüquqi baxımdan fərqli həll olunur. Belə çıxır ki, artıq qərar icra olunub, amma məsələ mahiyyəti üzrə başqa cür həll olunub.
Uzun müzakirələrdən sonra belə qərara gəlmişik ki, 393-cü maddə aşağıdakı redaksiyada verilsin: “Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, həmin qətnamə qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir”. Yəni imkan yaranır ki, Ali Məhkəmədə də hüquqi araşdırmalar həyata keçirilsin. Yəni mübahisə yoxdursa, artıq o, icraya yönəlsin.
Hörmətli millət vəkilləri, ola bilər ki, sizi prosessual qanunvericiliyin müəyyən elementləri ilə bağlı yormuş oldum. Amma demək istəyirəm ki, bu təkliflər, bu fikirlər hakimlərlə, hüquqşünaslarla, həm də qeyd etdiyim kimi, alman ekspertlərinin cəlb olunması ilə təxminən bir neçə il çox geniş müzakirə olunmuşdur. Qeyd etmək istəyirəm ki, Ali Məhkəmədə işçi qrupunun üzvü olmuş iki möhtərəm hakimimiz də parlamentə dəvət olunub. Hesab edirəm ki, qəbul edəcəyimiz Mülki-Prosessual Məcəlləyə edilən əlavələr və dəyişikliklər bu qəbildən olan problemlərin həllinə yönəlmiş olacaqdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa.
F. Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də Mülki-Prosessual Məcəllədə edilən dəyişiklikləri mütərəqqi, müsbət istiqamətdə olan dəyişikliklər kimi qiymətləndirirəm və bunu dəstəkləyəcəyəm. Amma bir sıra dəqiqləşdirmələrə ehtiyac olduğunu qeyd etmək istəyirəm. Burada, təbii ki, müsbət addımlar odur ki, qərardadın alındığı andan 5 gün ərzində şikayət verilməsi müddəti 10 günə çıxarılır. Prinsip olaraq qərardadda nəzərə alınır ki, alındığı gündən. Amma qətnamənin alındığı gündən yox, qəbul olunduğu gündən hesablanması bir sıra prosessual pozuntulara gətirib çıxarır. Yəni hələ qərarın, ya qətnamənin müəyyən bir formada çıxarılması onun şəxs tərəfindən alınmasını ehtiva etmir. Ona görə də, prinsipcə, bu “alınma” məsələsi bütün məsələlərdə müddətlərin başlanğıcı kimi göstərilsə, daha yaxşı olar.
Mən konkret maddələr üzrə fikirlərimi söyləmək istəyirəm. Burada hörmətli Əli müəllim geniş şərh verdi, məsələləri çox doğru izah etdi. Mən, sadəcə, bəzi dəqiqləşdirmələr etmək istəyirəm. Məsələn, 63-cü maddədə “qəsdən” sözü “bilə-bilə” ifadəsi ilə əvəz olunur. Ümumiyyətlə, mən tərcüməçinin bilə-bilə səhv tərcümə etməsini və başqa təhrifləri qəbul edərəm. Amma ekspertin yalan rəy verməsində “qəsdən” motivinin götürülməsi, məncə, yanlışdır. Bütövlükdə ekspert ya rəy verir, ya da kifayət qədər bilgisi, məlumatı, əsaslandırması yoxdursa, rəy verməkdən imtina edir. Amma burada qəsdin müəyyən olunması, bilə-bilə olmadığının müəyyən olunması ciddi hüquq pozuntusuna gətirib çıxarır. Ona görə də mən tərcüməçidə bunun saxlanmasının tərəfdarıyam, amma ekspertdə “bilə-bilə” anlayışının götürülməsini təklif edirəm.
67-ci maddə ilə əlaqədar Əli müəllim qeyd etdi ki, bu prosesdə vəkilsiz iştirak etməyə imkan yaradan bir maddə kimi təklif olunur. Amma diqqət edirsinizsə, Əli müəllim, birincidə qeyd olunur ki, vəkilin xidmətini ödəmək üçün kifayət qədər imkanı olmadıqda məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Burada hansı vəkildən söhbət gedir? Onun ilkin imtina etdiyi vəkildən söhbət gedir, yoxsa məhkəmə tərəfindən müəyyən olunur? Bu dəqiqləşdirilməlidir, çünki açığı, anlaşılmır ki, hansı vəkildən söhbət gedir.
Maddə 137-də çox müsbət haldır ki, məhkəmə sənədləri rəsmi qaydada verilir. Amma bu imtina edilirsə, çox vaxt məhkəmədən yayınmaq üçün şəxs hətta evdə olduğu halda bunu almaq istəmir. Bura, məsələn, qonşuların iştirakı ilə bir akt forması da, məncə, əlavə oluna bilər. Sən məktubu hansı ünvanda saxlayırsan? Qapının girişinə atıb gedirsən və bundan sonra onun üzərinə öhdəlik qoyursan ki, mən gəlmişdim, sənə onu rəsmi şəkildə verdim. Sən qapını açmadın, mən onu qapıya atıb getdim. Bu axı məsələnin həlli deyil. Ona görə də bura bir neçə şəxsin iştirakı ilə bir akt forması da əlavə olunmalıdır ki, bu, sabah əsassız olaraq kiminsə ittiham edilməsinə imkan verməsin.
138.3-cü maddədə göstərilir ki, məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış bildirişlər verilir. Məncə, 10 gün qalmış verilmədiyi halda, bu müddətin təyin olunmasının dəyişdirilmə imkanı bildirişi alan şəxsə verilməlidir. Çünki rəsmi qaydada hətta bu gecikir. Bilirik ki, bu proseslər 10 gündən az müddətə də verilə bilir. Ona görə mən hesab edirəm, bir qədər imkan yaratmaq lazımdır ki, bildirişi gec almış şəxs təyin olunan müddəti dəyişdirmək imkanına sahib olsun. Bu daha mütərəqqi bir müddəa sayıla bilər. 146-cı maddədə göstərilir ki, bildirişlər məhkəməyə məlum olan axırıncı ünvana göndərilir. Məncə, burada şəxsin özünün müəyyən etdiyi alternativ ünvanların göstərilmə tələbi qoyulmalıdır. Yəni şəxs, ola bilsin ki, axırıncı yaşayış yerinin ünvanını veribdir. Amma şəxsdən tələb oluna bilər ki, sabah bəhanə olmasın deyə, alternativ bir neçə ünvan göstərilsin.
Sədrlik edən. Biz çıxışlar üçün 5 dəqiqə müəyyən etdik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 1 dəqiqə də vaxt verim? Yaxşı, buyurun.
F. Mustafa. Vacib məsələlərdən biri də 176-cı maddədə verilib. Məhkəmənin icazəsi ilə kompüterdən istifadə etmə. Məncə, burada iştirak edən digər şəxslərin rəyinin göstərilməsi doğru deyil. Rəyin öyrənilmə forması orada necə olacaq? Biri razı olmayacaq, 10-u razı olacaq. Onda bu, icazə verməyəcək ki, kompüterdən istifadə olunsun? Məncə, bunun hamısını bir yerdə məhkəmənin icazəsi ilə göstərmək daha yerində olar.
Bir də, 172.3-cü maddədə qətnamə qərarlarının çıxarılması üçün 3 ay müddət məsələsi göstərilir. Məncə, burada bir alternativ variant da vermək lazımdır ki, məhkəmə prosessual hazırlığı yetərli gördüyü işlərə daha qısa müddətdə baxılmasını həyata keçirə bilər. Çünki o 3 ay müddəti bəhanə edib işlərə baxılmasının uzadılması məqsədəuyğun deyil. Sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Həsənov.
A. Həsənov. Hörmətli millət vəkilləri! Azərbaycan müstəqillik qazandıqdan sonra milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Məhkəmə-hüquq islahatları həyata keçirildi, hüquq mühafizə orqanlarının səmərəli fəaliyyəti üçün lazım olan maddi-texniki baza müasir tələblərə cavab verən səviyyədə quruldu. 1999-2001-ci illər ərzində Azərbaycanın bır sıra qanunvericiliyi, xüsusən də Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəllə, Mülki Məcəllə, Mülki-Prosessual Məcəllə qəbul edildi. O qədər də keçmiş tarix olmasa da, zaman keçdikcə qanunların yeniləşməsinə, təcrübədə ortaya çıxan problemlərin, ziddiyyətli məqamların aradan qaldırılmasına zərurət yaranır. Bu baxımdan müzakirəmizə təqdim olunan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsini yüksək qiymətləndirirəm. Mən layihəyə edilmiş bütün dəyişiklikləri dəstəkləyirəm. Aztəminatlı şəxslərin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə normanı xüsusilə dəstəkləyirəm. Məlum olduğu kimi, 2007-ci ildə Mülki-Prosessual Məcəlləyə edilən əlavə və dəyişikliklərdən sonra kassasiya şikayəti vəkil tərəfindən imzalandıqdan və şikayətə vəkil orderi əlavə olunduqdan sonra Ali Məhkəmədə işə baxıla bilərdi. Bu isə aztəminatlı şəxslərin kassasiya instansiyası məhkəməsinə şikayət vermək hüquqlarını məhdudlaşdırırdı. O da məlumdur ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 20-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslər dövlət hesabına vəkillə təmin edilə bilər.
Mülki-Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən “kassasiya və əlavə kassasiya şikayətləri, yeni açılmış hallar üzrə işlərə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilə və yalnız vəkilin iştirakı ilə baxıla bilər”. Qanunun bu normasının yaratdığı problem nəticəsində aztəminatlı vətəndaşlar Ali Məhkəməyə kassasiya şikayəti verə bilmirdilər. Onların dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunma barədə ərizələri isə apellyasiya instansiyası məhkəmələri tərəfindən birmənalı olaraq təmin edilmirdi. Ancaq indi Mülki-Prosessual Məcəlləyə əlavə edilmiş müddəa bu problemi, demək olar ki, aradan qaldırır. Başqa sözlə, məhkəmələrin üzərinə aztəminatlı şəxsləri dövlət hesabına vəkillə təmin etmək öhdəliyi qoyur.
Mülki-Prosessual Məcəlləyə əlavə edilmiş 14.5-ci maddədə göstərilir ki, bu məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Bundan başqa, məcəlləyə əlavə edilmiş 67.2-ci maddədə qeyd olunur ki, vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktı qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Bu da gələcəkdə aztəminatlı şəxslərin vəkillə təmin olunması üçün məhkəmələrin üzərinə öhdəlik qoyur.
Bundan başqa, Mülki-Prosessual Məcəlləyə edilmiş dəyişikliklərdən biri də apellyasiya instansiyası məhkəmələrinin qəbul etdiyi qərar və qətnamələrin icrası müddətinin dəyişdirilməsi, başqa sözlə, qətnamə və ya qərardadın dərhal qanuni qüvvəyə minməsi normasının ləğv edilməsidir. Hazırda qüvvədə olan Mülki-Prosessual Məcəlləyə görə apellyasiya məhkəmələrinin qərar və qətnamələri qəbul olunduğu andan qüvvəyə minir. Bu qərar və qətnamələrdən 3 ay müddətində Ali Məhkəməyə kassasiya şikayəti vermək olar. Lakin işinə baxılan şəxslər bəzən apellyasiya məhkəmələrinin qərar və qətnamələrindən kassasiya şikayətini 3 ayın sonuncu günü verirdilər ki, nəticədə Ali Məhkəmə işə baxana qədər apellyasiya instansiyası məhkəmələrinin aktları icra olunurdu. Amma yeni dəyişikliklərlə bu problem də aradan qalxmışdır. Hesab edirəm ki, Mülki-Prosessual Məcəlləyə edilmiş əlavə və dəyişikliklər məqbuldur və qanunvericiliyin təkmilləşdirilməsi baxımından zəruridir. Bunun qəbul olunmasına səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ. İsmayılov. Təşəkkür edirəm, cənab Sədr. Əlbəttə, qanun doqma deyil. Zaman keçdikcə qanun həyatın tələblərinə uyğunlaşmalıdır və onda müəyyən dəyişikliklər və əlavələr edilməlidir. Bu mənada mən müzakirə olunan layihəni bəyənirəm. Ancaq təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, 67-ci maddə saxlanılır. Əli müəllimin çıxışına diqqətlə qulaq asdım və o insana şəxsi hörmətim böyükdür. Ancaq çox təəssüf ki, mənim arqumentlərim təkzib olunmadı.
Söhbət nədən gedir? Mülki-Prosessual Məcəllənin 67-ci maddəsində qeyd olunur ki, kassasiya qaydasında işə baxıldıqda tərəflər mütləq vəkillə birgə iştirak etməlidirlər. Bu maddə Konstitusiyamıza ziddir, ona görə çıxarılmalıdır. Konstitusiyamızın “Müraciət etmək hüququ” adlı 57-ci maddəsində birbaşa yazılır: “Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciət göndərmək hüququ vardır”. Bu maddə mülki qanunvericiliyin əsaslarına ziddir. Mülki qanunvericilikdə “fəaliyyət qabiliyyəti” anlayışı var. Yəni 16 yaşına çatmış hər bir şəxs öz fəaliyyəti ilə hüquqlarını müdafiə edə bilər, vəzifəni icra edə bilər. Bu maddə buna ziddir.
Əli müəllim çıxışında qeyd etdi ki, məcəlləyə 67.2-ci maddə əlavə edilib və vəziyyətdən çıxışdır. Bu, vəziyyətdən çıxış deyil. Orada nə yazılır ki? İnsanın imkanı olmadıqda dövlət hesabına vəkil tutulsun. Məqsəd də nədir? Peşəkar hüquqi yardım almaq. Birinci, dövlət hesabına tutulan vəkillərin bir saatı 99 qəpikdir. İkinci, açıq demək lazımdır, elə insanlar var ki, peşəkar hüquqi yardım almağa ehtiyacı yoxdur. Niyə mən öz hüquqlarımı müdafiə eləməməliyəm? Niyə mənim insan hüquqlarım pozulmalıdır? Odur ki, bu maddə çıxarılmalıdır. Elə hesab edirəm ki, bunu müdafiə etməyə ehtiyac yoxdur, çünki təkrar edirəm, Konstitusiyamıza ziddir.
Mən müraciətimdə bir misal da çəkmişdim. Uzun müddət Ali Məhkəmənin üzvü olmuş, Respublika Prokurorluğunda işləmiş Faiq Məmmədov Konstitusiya qaydasında müraciət edir. Bunun özünü prosesə buraxmırlar ki, sən vəkilsiz gəlmisən. Nəticədə cavabdehin iştirakı ilə işə baxılıb və beləliklə, Konstitusiyanın 127-ci maddəsinin yeddinci bəndi də, yəni çəkişmə prinsipi də pozulub. Axı, bunu saxlamağın nə mənası var?
243-cü maddəyə dəyişiklik olunub: “Qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gün ərzində işdə iştirak edən şəxslərə göndərilir və ya rəsmi qaydada verilir”. İşdə iştirak etməyən şəxslərə niyə göndərilmir və ya verilmir? Onların hüquqları niyə pozulmalıdır? Mən elə hesab edirəm ki, bu da nəzərə alınmalıdır.
19.3-cü maddəyə qeyd əlavə olunur. Burada yazılır ki, bu məcəllədə “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının uşağı, övladlığa götürənin (bu, övladlığa götürülənin olmalıdır) və ya nəvənin əri (arvadı) və ya yaxın qohumları nəzərdə tutulur. Sonrakı cümlədə yenə “övladlığa götürənlər” gedir. Bu, “övladlığa götürülənlər” olmalıdır.
Mən xahiş edirəm, Konstitusiyamıza hörmət edək. 67-ci maddə Konstitusiya və Mülki-Prosessual Məcəllənin əsaslarına zidd olduğuna görə çıxarılmalıdır. Mən hörmətli Əli müəllimdən də xahiş elədim ki, Siz Prezident Aparatına çatdırın, qoyun, bu, Prezidentin adından gəlsin. Mən maraqlıyam ki, iş düzəlsin. Mənim şöhrətpərəstliyə ehtiyacım yoxdur. Amma çox təəssüf ki, böyük bir müqavimətə rast gəlirsən. İstəyirsən ki, qanuna uyğun olsun, amma deyirlər ki, yox, bu saxlanmalıdır. Nəyə görə saxlanmalıdır? Axı bu, Konstitusiyaya birbaşa ziddir. Sağ olun, diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Mən çıxışıma İlyas müəllimin toxunduğu məsələ ilə başlamaq istəyirəm. Mənim 3 dəfə mülki qaydada kassasiya şikayətləri mərhələsinə qədər gedib çıxan ərizələrim olmuşdur. Ərizələri mən yazmışam, özüm tərtib eləmişəm. Ərizələri göstərdiyim vəkillər də onlara hər hansı bir əlavə etməyə ehtiyac olmadığını bildiriblər. Amma müəyyən bir maliyyə vəsaitini köçürdükdən sonra, sadəcə olaraq, onları imzalatdırmağa məcbur olmuşam. İlyas müəllimin dediyi hadisə mənim də başıma gəlib. Bir dəfə iş təxirə salınıb ki, vəkil başqa bir prosesdə iştirak edir. Mən hesab edirəm ki, bu, Vəkillər Kollegiyasının çox qondarma bir şəkildə istər Mülki-Prosessual Məcəlləyə, istərsə də Cinayət-Prosessual Məcəlləsinə aid etdiyi bir məsələdir və bu, vəkilləri əlavə işlə təmin etmək məqsədilə edilmişdir. Doğrudur, bu, keyfiyyətli olması, yəni hüquqi yardım almaq haqqında Konstitusiya müddəası ilə izah olunur. Bir daha təkrar edirəm, əslində, bu, bir çox vətəndaşın, ümumiyyətlə, kassasiya və əlavə kassasiya şikayəti verməməsinə gətirib çıxarır. Əslində, bu nəinki keyfiyyətlə, hətta onların, ümumiyyətlə, özlərini müdafiə etmək hüququndan məhrum edilməsi ilə nəticələnir.
Bu olduqca geniş bir dəyişikliklərdir və mən bunların bir neçəsinin üzərində dayanmaq istəyirəm. Təbii ki, dəqiqləşmələr aparılmışdır və bəzi maddələrdə, həqiqətən, irəliyə doğru addımların atılması da görünür. Bu, məhkəmələrin ən azı iş fəaliyyətinin təkmilləşməsinə gətirib çıxara biləcəkdir. Amma bəzi dəyişikliklər açıq-aydın narahatlıq doğurur. Ümumiyyətlə, son dövrdə qanunvericilikdə aşkarlıq prinsipinin əleyhinə yönəlmiş tendensiyanı burada da hiss edirik. Konkret olaraq, 176-cı maddənin qüvvədə olan mətnində məhkəmə iclasında istər iştirakçı tərəflərə, istərsə də orada iştirak edən müşahidəçilərə yerdə yazılı qeydlər aparmaq və maqnitofon yazısından istifadə etməklə bu prosesi qeydə almaq hüququ verilirdi. İndi o ləğv edilir. Onun yerinə isə yalnız məhkəmənin icazəsi ilə bu vasitələrdən istifadə hüququ verilir.
Son dövrdə biz dəfələrlə bunu müşahidə eləmişik. Bu, Cinayət-Prosessual Məcəlləsində yoxdur və orada, həqiqətən, məhdudiyyət vardır. Bu, bir qayda olaraq, vəkillərin doğru-düzgün o prosesi qeydə almasına əngəl törədir, onların marağını qoruduğu şəxsləri keyfiyyətlə müdafiə etməsinə mane olur. Sonradan protokolların saxtalaşdırılması üçün əlavə bir imkan yaradır. Biz bu halları tez-tez müşahidə eləmişik. Nəhayət, ictimaiyyətin, xüsusilə kütləvi informasiya vasitələri nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının məhkəmə proseslərini izlənməsini əngəlləyir. Bu, açıq-aydın şəffaflığın əleyhinə yönəlmiş bir maddədir. Bu bir tendensiyadır, bir daha təkrar edirəm, biz son dövrdə daim bunu müşahidə edirik. Mən 176-cı maddədəki bu dəyişikliyi də bununla əlaqələndirirəm. Deyilə bilər ki, bəzi ölkələrdə belə bir norma yoxdur.
Həqiqətən, bəzi ölkələrdə bu yoxdur. Amma son illərdə tərtib olunduğuna görə Azərbaycanın qanunvericilik aktlarında daha müasir normalar öz əksini tapmışdır. İndi biz o mütərəqqi cəhətləri bir-bir axtarıb qanunlardan çıxarmaqla məşğul oluruqsa, irəliyə doğru yox, geriyə addımlamış oluruq.
Bir də, hörmətli Əli müəllim, yəqin, bir məsələyə aydınlıq gətirər. Bu, dərhal icraya yönəlmiş qətnamələr haqqında müddəanın buradan çıxarılmasıdır. Açığını qeyd edək ki, burada müsbət tərəf də var. Amma elə məsələlər var ki, onların, həqiqətən, dərhal icraya yönəlməsi məsələsini hər halda dürüst bir ifadə tapıb həll eləmək olardı. Çünki böyük zərər vurmaq, əmlakı gizləmək, sənədləri məhv etmək kimi hallar vardır. Bu halların hər halda müəyyən bir formada saxlanması gərək nəzərdə tutulardı. Mən o müddəanın çıxarılmasının əleyhinə deyiləm, amma mütləq onun bu cəhəti nəzərə alınmalıdır. Vaxt qurtarır, hörmətli Sədr. Sizin verdiyiniz bir suala cavab vermək istəyirəm. Çox üzr istəyirəm, vaxt qurtarsa, bir neçə saniyə verərsiniz. Konstitusiyanın 96-cı maddəsinin yeddinci bəndində qeyd olunur ki, qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir. Mən özüm qanunvericilik təşəbbüsü ilə Aparata müraciət etmişəm, mənə...
Sədrlik edən. Yarım dəqiqə olmur, bir dəqiqə olar. Buyurun.
P. Hüseyn. Çox təşəkkür edirəm. Mənə sorğu gəlmişdi ki, qanunvericilik təşəbbüsümü yazılı şəkildə əsaslandırmadığıma görə, bunu təqdim eləməliyəm. Mən də yazılı şəkildə Sizə təqdim eləmişəm. Hesab edirəm, həqiqətən, bu, mütərəqqidir. Bütün qanunvericilik təşəbbüslərinin Konstitusiyanın bu tələbinə uyğun olaraq yazılı şəkildə məqsədi göstərilməli və əsaslandırılmalıdır. Sizi inandırıram ki, bu, qanunvericilik fəaliyyətinin keyfiyyətini olduqca yüksəldərdi və deputatların və ictimaiyyətin bir çox suallara cavab tapmasına imkan yaradardı. Bir halda ki bunu referendumda qəbul etmişik, hesab edirəm ki, buna əməl olunmalıdır. Yox, əgər həmin müddəa yazılı şəkildə göstərilməli deyilsə, məsələn, bu iclaslarda və yaxud komitə iclaslarında şifahi şəkildə əsaslandırılmalı və məqsəd göstərilməlidirsə, onda bu mənə də aid olunsun. Məsələn, digərlərindən və bizdən elə sənədlər yazılı şəkildə tələb olunmasın. Təşəkkür edirəm.
Sədrlik edən. Elmira Axundova.
E. Axundova. Çox sağ olun, hörmətli Sədr. Mənim, doğrusu, daha çox suallarım var. Başa düşürəm ki, Mülki-Prosessual Məcəllənin qəbul edilməsindən 9 il keçib və yəqin ki, bəzi dəyişikliklərin vaxtı çatıb. Mən bu dəyişikliklərlə tanış olmuşam. Görürəm ki, bir çox maddələrə mütərəqqi dəyişikliklər təklif edilib. Dəqiqləşdirilmiş, daha korrekt ifadələrə rast gəlirəm.
Amma eyni zamanda, belə bir böyük həcmdə dəyişikliklərin məcəlləyə birdən-birə daxil edilməsi sual doğurur ki, yaxşı olmazdımı ki, məcəllə hərtərəfli işlənilib təzə bir layihə kimi təqdim edilsin? Çünki görürük ki, burada bir çox maddələr təzə variantda verilir. Hətta bəzi maddələrin adları da dəqiqləşdirilib, ya da tamamilə dəyişib. Onda bir sual da doğur ki, bu qədər dəyişiklik, bu qədər əlavə məhkəmələrin işində çətinliklər törətmirmi? Ümumiyyətlə, mənə maraqlıdır ki, Milli Məclisdə qəbul edilən bu tipli dəyişikliklər məhkəmələrə hansı formada, necə çatdırılır?
Mən İlyas müəllimin dedikləri ilə razıyam və mən də onun tərəfdarıyam ki, 67-ci maddə çıxarılsın, ya da başqa bir formada yazılsın. Çünki, doğrudan da, əhalimizin səviyyəsi xeyli yüksəlib. Bizdə xeyli insan hüquq fakültəsini bitirib, bəzilərinin ikinci ixtisası hüquq təhsilidir. Bir az gülməli çıxır, özü hüquq təhsilli ola-ola bir vəkil də götürməlidir ki, özünü müdafiə etsin? Mənə elə gəlir ki, bu, insan hüquqlarının məhdudlaşdırılmasıdır və ona görə mən də İlyas müəllimin sözlərinə şərikəm.
Əli müəllimə bir sualım da var. Başa düşmədim, 10.9-cu maddə – “Məhkəmə baxışının aşkarlığı” tamamilə çıxarılır. Bu nə deməkdir? Biz bu maddəni çıxarırıq və bundan sonra açıq məhkəmələrdə qeydlər, kino, foto çəkilişi aparmaq tamamilə qadağan olacaq. Yəni məhkəmə baxışının aşkarlığı bundan sonra nə formada həyata keçiriləcək? Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Elmira xanım. Siz qanun layihəsinin yenidən işlənməsi məsələsini dediniz. Biz ona görə lazımıq ki, İlyas müəllim doğru dedi, qanun doqma deyil. Ona görə qanunvericilik təşəbbüsü subyekti tərəfindən buna baxılır, biz də baxırıq, dəyişirik.
Sual verdiniz ki, bunlar məhkəməyə necə çatdırılır? Milli Məclisin qərarları dərc olunur, bütün aidiyyəti orqanlara, o cümlədən məhkəməyə çatdırılır. Burada bir problem yoxdur. Əgər təkid edən yoxdursa?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Elmira xanım, Siz lap kəmhövsələsiniz. Deyirəm ki, təkid edən yoxdursa, suallara cavab veriləcək. Xahiş edirəm, yerinizdən danışmayın. Əli müəllim, buyurun. Ya Siz, ya da Ali Məhkəmənin üzvü cavab versin. Necə istəyirsiniz?
Ə. Hüseynov. Cənab Sədr, Ali Məhkəmənin üzvləri işçi qrupun üzvü olmuşlar. Əgər etiraz eləməsəniz, onlar da fikirlərini bildirərdilər. Onlar bizimlə birgə çalışıblar. Sonra da imkan versəniz, mən fikrimi bildirərdim.
Sədrlik edən. Əsəd Mirzəliyev, buyurun.
Ə. Mirzəliyev, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi.
Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Millət vəkillərinin çıxışlarında səsləndiyi kimi, bu qanunun qəbulundan artıq 8 ildən çox bir vaxt keçib. Bu müddət ərzində təcrübədə yaranan bəzi məsələlər iş prosesində çətinliklər yaratdığına görə, dəyişikliklərin edilməsi zəruri olmuşdur. Ona görə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin xətti ilə dəvət olunmuş ekspertlərin iştirakı ilə bu qanun layihəsi hazırlanıbdır və hörmətli Prezident tərəfindən Milli Məclisə təqdim olunub.
Hörmətli Fazil müəllim göstərdi ki, nə üçün alındığı gündən yox, amma qərardad alındığı gündən 10 gün müddətində şikayət verilib? Mən məlumat üçün bildirim ki, əvvəl qərardadlardan da şikayət verilmə müddəti 10 gün yox, daha çox idi. Bu sonradan dəyişdirilib, müddət azaldılıbdır. Bu, işlərin operativ baxılmasına xidmət etmək üçündür. Hətta qanunda nəzərdə tutulur ki, əgər işdə iştirak edən şəxs qərardad elan olunan vaxtda həmin işdə iştirak edirsə, vaxt həmin gündən hesablanır. Çünki təcrübədə bundan sui-istifadə halları olur. Bəzi vəkillər, bəzi şəxslər qəsdən, bilə-bilə, məsələn, bir dəfə aidiyyət haqqında məsələdən şikayət verib, qərardad çıxarılıb. Sonra bundan haqlı-haqsız oldu dəxli yoxdur, apellyasiya, kassasiya şikayəti verilir. Yenidən iş baxılmağa qayıdanda bu dəfə iddianın təmini, əmlaka həbs qoyma və yaxud başqa tədbirlə bağlı müraciət edir. Yenə də əsaslı və əsassız olmasından asılı olmayaraq bundan apellyasiya şikayəti, sonra kassasiya şikayəti verir. Təcrübədə elə hallar olur ki, bu iş bir il qərardadlara baxılması ilə bağlı süründürülür, mahiyyəti üzrə baxılmır. Ona görə də əsas məqsəd bundan ibarətdir ki, qısaldılmış müddətdə şikayətlər verilsin.
“Ekspert bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyır” maddəsinə gəldikdə isə deyim ki, bu, cinayət məsuliyyəti ilə bağlı uyğunlaşdırılıbdır. Orada necə nəzərdə tutulubsa, burada da bu ifadə o qaydada dəyişdirilibdir.
Burada əsas mübahisə doğuran məsələ 67-ci maddə ilə bağlıdır. Hörmətli millət vəkilləri yaxşı bilir ki, 67-ci maddə bu gün təklif olunmayıbdır. Qanun qəbul olunan gündən bu norma var, mövcuddur. Lakin təcrübədə vəkilin hansı qaydada iştirak eləməsi, kim tərəfindən verilməsi ilə əlaqədar çoxlu çətinliklər yaradırdı. Məhkəmələr arasında mübahisə yaranırdı. Bəzən deyirdilər ki, vəkili birinci instansiya, bəzən də deyirdilər ki, apellyasiya və yaxud kassasiya məhkəməsi verməlidir. Burada dəqiqləşdi ki, vəkil qərarı qəbul etmiş məhkəmə tərəfindən verilməlidir. Bu dəqiqləşmə ondan ötrüdür. Nə qədər ki 67-ci maddə bu gün qüvvədədir, biz ancaq bunun icra mexanizmini, yollarını axtarırıq ki, hansı qaydada təmin olunsun.
Bu gün müzakirə olunan qanun layihəsinin hazırlanmasında alman ekspertləri iştirak ediblər. Qanun layihəsinin 57.2-ci maddəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin hüquqları ilə bağlı nəzərdə tutulur ki, iddiadan imtina etmək, iddianın predmetini dəyişmək, barışıq sazişi bağlamaq kimi hüquqlar istisna olmaqla, digər hüquqlardan istifadə edə bilərlər. “Barışıq sazişi bağlamaq” hüququnun məcəllədən çıxarılması təklif olunub. Əslində, biz, qanun layihəsi işçi qrupunda müzakirə olunanda hesab etmişik ki, bu çıxarılmalı deyil. Mən xahiş edirəm, buna diqqət yetirilsin.
Bir də, 2 ay müddətində Apellyasiya Məhkəməsinin qətnaməsindən şikayət verilməsi nəzərdə tutulub. Ali Məhkəmənin mövqeyi belədir, bu, təcrübədə, ola bilsin, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin qüvvəyə minmə qaydasını bir az yubada bilər. Ona görə hesab edirik ki, bu, 1 ay olsa, daha yaxşı olardı. Amma, ümumən, “şikayət verilibsə, Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minməsin” prinsipi bəzi problemlərin həllinə yönəldilibdir. Ona görə də mən xahiş edirəm, bu məsələ müsbət həll olunsun və təcrübədə bizim çətinliklərimiz azalsın. Başqa kimin sualı olarsa, cavab verərəm. Sağ olun.
Sədrlik edən. Əli müəllim, Sizin cavab verməyinizə ehtiyac yoxdur ki?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Onda xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 17.27 dəq.)
Lehinə 91
Əleyhinə 2
Bitərəf 5
Səs verməd 0 
İştirak edir 98
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədədir. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Bu, “Dövlət qulluğu haqqında” Qanuna kiçik bir texniki əlavədir. Bu qanunun 2.3-cü maddəsində müxtəlif dövlət qulluğu işçilərinin siyahısı verilmişdir. Cənab Prezidentin fərmanı ilə Dövlət Miqrasiya Xidməti yaradılıb. O xidmətin bir sıra əməkdaşları bu təsnifata düşür, dövlət qulluqçularıdır. Təklif olunur ki, qanunun 2.3-cü maddəsinin birinci hissəsindəki siyahıda “sərhəd xidməti” sözlərindən sonra “miqrasiya xidməti” sözləri əlavə olunsun. Bu çox normal bir dəyişiklikdir, onların maddi-sosial problemlərinin həllinə yönəlmişdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələr (saat 17.29 dəq.)
Lehinə 97
Əleyhinə 2
Bitərəf 3
Səs verməd 0  
İştirak edir 102
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədədir. Bu məsələyə iki komitədə baxılıb. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Bilirsiniz ki, poçt rabitəsi fəaliyyəti ilə bağlı qanunvericilik qəbul olunandan sonra o qanunun müddəalarının adı çəkilən digər qanunlarda öz əksini tapması qanunvericiliyin dəqiqləşdirilməsi baxımından vacibdir. Biz bu fəaliyyəti faktiki olaraq hazırda həyata keçiririk. Təklif olunur ki, Mülki Məcəllənin bütün maddələrində “kredit təşkilatları” sözlərindən sonra “poçt rabitəsi milli operatoru” sözləri əlavə olunsun.
Poçt rabitəsi milli operatoru tərəfindən maliyyə xidmətləri həyata keçirilir və bu sahədə qanunvericilik mövcuddur. Bu qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulur. Belə bir hal bizim qanunvericiliyimizdə məlumdur. Müəyyən bir sahəni tənzimləyən qanunlar qəbul edirik. O qanunların pozulması ilə bağlı inzibati məsuliyyət də nəzərdə tutulmalıdır. Təklif olunur ki, poçt rabitəsi milli operatorunun maliyyə xidmətləri sahəsində fəaliyyətinə dair Milli Bank tərəfindən müəyyən edilən ayrı-ayrı prudensial normativlərin və tələblərin pozulmasına, yaxud prudensial hesabatların vaxtında, tam və ya düzgün təqdim olunmamasına görə vəzifəli şəxslər 400 manatdan 700 manatadək cərimə edilsin. “Prudensial” sözü “ağlabatan”, “tədbirli” mənası daşıyır. Bu beynəlxalq termindir, bizim qanunvericilikdə də öz əksini tapır. Cərimənin məbləği artıq bizim inzibati qanunvericilik sahəsində müəyyənləşdirdiyimiz rəqəmlərə uyğundur. Kifayət qədər ciddi bir rəqəmdir. Bu iki layihə bizim komitəyə aiddir. Millət vəkillərindən qanun layihəsinə səs verməyi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 17.31 dəq.)
Lehinə 97
Əleyhinə  0
Bitərəf 0
Səs verməd 0 
İştirak edir 97
Nəticə: qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Növbəti məsələ saxta və ya keyfiyyətsiz malların idxal edilməsinə, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Bəri başdan qeyd etmək istəyirəm ki, İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə edilən əlavə saxta və ya keyfiyyətsiz malların idxal edilməsinin qarşısını almaq məqsədi daşıyır. Dispozisiya məlumdur, tanış olmusunuz. Hazırda müvafiq dövlət orqanları tərəfindən, o cümlədən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bir sıra monitorinq, analizlər həyata keçirilir. İctimaiyyətimizə də məlumdur ki, saxta və ya keyfiyyətsiz malların idxal olunması halları var. Bu inzibati xətadır və müəyyən inzibati sanksiyaların tətbiq olunması da bu cür hüquqazidd əməllərin qarşısının alınmasına xidmət edir. Sanksiyalarla bağlı onu deyə bilərəm ki, onlar artırılır. Biz artıq inzibati qanunvericilikdə bunu həyata keçiririk. Bu xətaya görə təklif olunan sanksiyalar da adekvatdır, əvvəlkinə münasibətdə kifayət qədər yüksəkdir. Onsuz da bizim İnzibati Xətalar Məcəlləsində sanksiyalar çox aşağıdır, amma bu gün üçün kifayət qədər adekvatdır. Bu sanksiyaların tətbiqi hüquqazidd əməllərin qarşısının alınmasına yönələcəkdir. Ona görə millət vəkillərindən bu əlavəyə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Yazılanlar var. Jalə Əliyeva, buyurun.
J. Əliyeva. Çox sağ olun. Azərbaycanın istehlak bazarında ən əsas problemlərdən biri saxta və keyfiyyətsiz məhsulların istehlakçılara təklif edilməsidir. Burada söhbət konkret olaraq insanların sağlamlığından, onların həyatı üçün yaranan təhlükədən gedir. Bu gün ölkənin istənilən ticarət mərkəzində belə mallara rast gəlmək mümkündür. İqtisadi İnkişaf Nazirliyinin, Sanitar-Epidemiologiya Xidmətinin, Azad İstehlakçılar Birliyinin və digər aidiyyəti dövlət və qeyri-dövlət qurumlarının apardığı reydlər və monitorinqlər dediklərimizi sübut edir.
Son vaxtlar istehlak bazarlarında saxta və keyfiyyətsiz, hətta sağlamlıq üçün real təhlükə yaradan mal və məhsulların sayı durmadan artır. Belə malların bir hissəsi yerli gizli sexlərdə hazırlanır, digər hissəsi isə xarici ölkələrdən idxal olunur. Həmin ölkələr sırasında Çin birinci yerdə gəlməkdədir. İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin apardığı yoxlamalar zamanı bu fakt artıq öz təsdiqini tapıb. İstehlak bazarında Çin istehsalı olan keyfiyyətsiz məhsullar, xüsusilə də uşaq oyuncaqları və geyimləri aşkar olunub. Bu malların Azərbaycan bazarından yığışdırılması üçün Azərbaycana keyfiyyətsiz Çin malları gətirən idxalçılara tətbiq olunan sanksiyalar gücləndirilməlidir. Keyfiyyətsiz Çin malları heç də təkcə uşaq oyuncaqları və geyimlərindən ibarət deyil. Bu gün ölkəyə idxal olunan Çin mallarının ən azı 90 faizi keyfiyyətsiz və təhlükəli tərkibə malik olan məhsullardır.
Digər tərəfdən, problem, sadəcə, Çin mallarında deyil, söhbət bu gün Azərbaycana gətirilən saxta və keyfiyyətsiz məhsullardan gedir. Çin malları bu gün Avropa və Amerika bazarlarında da geniş miqyasda satılmaqdadır. Məsələ ondan ibarətdir ki, bu ölkədə bir neçə kateqoriya üzrə məhsul istehsal olunur. Lakin bir qayda olaraq, nədənsə Azərbaycana gətirilən mallar hər zaman ən aşağı kateqoriyalı məhsullar olur.
Çoxlarına sirr deyil ki, bu gün bizim işgüzar şəxslər xaricdən vaxtı keçmiş və ya aşağı keyfiyyətli mal gətirirlər. Çünki əmindirlər ki, Azərbaycanda qiymətin ucuzluğu malın satılması üçün 100 faizli təminatdır. Ölkənin istehlak bazarındakı vəziyyəti nəzərdən keçirəndə, ekspertlərin və aidiyyəti dövlət qurumlarının açıqlamalarını analiz edəndə belə bir qənaətə gəlmək olur ki, Azərbaycanda bu problemin yaranmasında və inkişafında əsas faktor digər problemlərdə olduğu kimi, qanunların lazımınca tətbiq olunmaması, tətbiq olunan sanksiyaların kifayət qədər yumşaq olmasıdır. Düzdür, Azərbaycanda saxta mallara qarşı dövlət səviyyəsində mübarizə aparılır. Sadəcə, həmin tədbirlərin kütləviliyini təmin etmək lazımdır. Birinci növbədə ekspertiza sahəsi dövlət inhisarından azad olunmalıdır. Müstəqil ekspertiza laboratoriyaları isə rentabelliyini təmin etmək üçün çox əhəmiyyətlidir. Düşünürük ki, bu gün müzakirəyə təqdim olunan qanun layihəsinin qəbul edilməsi ölkəyə saxta və keyfiyyətsiz mal idxalının qarşısının alınmasında əhəmiyyətli bir addım olacaqdır. Mən bu layihəyə səs verəcəyəm və digər həmkarlarımı da səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Elmira Axundova.
E. Axundova. Çox sağ olun. Biz bu yaxınlarda bir sıra bu tipli qanunlara dəyişiklik etmişik və cərimələr də kifayət qədər ciddi şəkildə qaldırılıb. Birdən-birə biz cərimələri 50, 100 dəfə qaldırmışıq. Misal üçün, mən qeyri-hökumət təşkilatlarına cərimələri yada salmaq istərdim. Mən onda etiraz etmişdim. Deyəsən, biz cərimələri 20-dən, ya 200-dən 2000-ə kimi qaldırmışdıq. Mən dedim ki, bu çox ciddi cərimədir. Lakin bu qanunda söhbət ciddi problemlərdən gedir. Saxta malların, insanların sağlamlığına böyük zərər vura biləcək malların respublikaya qeyri-leqal yolla gətirilməsindən gedir. Bu ciddi problemlə bağlı Jalə xanım da ətraflı danışdı.
Mənə maraqlıdır, hətta təəccüb doğurur ki, belə ciddi qanun pozuntularına görə cərimələr nəyə görə çox yumşaq bir şəkildə qaldırılıb. 10 manat idisə, indi 20 manat olacaq, 30 manat idisə, 100 manat olacaq. Əli müəllimdən soruşmaq istəyirəm ki, bu cür cərimələr nəyə lazımdır? Onlar saxtakarları, qeyri-leqal yolla mal gətirən varlı adamları öz əməllərindən döndərə bilərmi? 100 manat onun üçün nədir? Bunu min, 2 min manat etmək lazımdır. Burada ciddi cərimələrdən söhbət gedir. Mən bu qanuna səs verməyəcəyəm. Sağ olun.
Sədrlik edən. O Sizin şəxsi məsələnizdir, istəyirsiniz səs verin, istəmirsiniz verməyin. Lazım olsa, Əli müəllim izah edəcək. Ancaq, həqiqətən, keyfiyyətsiz, saxta məhsulları gətirən biz özümüzük. Bir dəfə mən təsadüfən Urumçi–Bakı reysindən düşəndə gördüm ki, bəzi “biznesmenlər” Çindən ən aşağı keyfiyyətli, ən ucuz malları gətirirlər. Onda belə olacaq. Amma mənə elə gəlir ki, cərimələr 10, 20 manat deyil, böyük məbləğdə artırılmalıdır. Elədir, Əli müəllim?
Ə. Hüseynov. Cənab Sədr, 261-ci, 263-cü və başqa maddələrdə 10 manatdır. Amma əlavə etdiyimiz maddə, yəni saxta və ya keyfiyyətsiz malların idxal edilməsinə görə məsuliyyət fiziki şəxslər üçün 100 manatdan 500 manata, vəzifəli şəxslər üçün min manatdan 2 min manata, hüquqi şəxslər üçün isə 4 min manatdan 7 min manata qədərdir. Bundan yüksək etmək, məncə, yersiz olar.
Sədrlik edən. Gülər xanım, təkid edirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
G. Əhmədova. Təşəkkür edirəm, Oqtay müəllim. İcazə versəydiniz, deputatlarımızın adından, əsasən də, qadın deputatların adından bugünkü iclasda fəal millət vəkili olan Elmira xanımı ad günü münasibəti ilə təbrik edərdik. Bu gün onun yubileyidir. Yəqin ki, bu təbrikimizdən sonra o, hər bir şeyə səs verəcək. Bir daha Elmira xanımı təbrik edirəm. O mənim ən sevimli yazıçımdır. Ona uğurlar arzu edirəm. Sağ olun.
Sədrlik edən. Bu həm bizim, həm də komitə sədrinin xətasıdır. Yəqin, birlikdə zəif işləməyin nəticəsidir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yox, ad günündə işləyərlər, amma komitə sədri gərək bunu deyəydi. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələr (saat 17.42 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 3
Səs verməd 0
İştirak edir 97
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə əlavə və dəyişiklik edilməsi barədə qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin “Gömrük orqanlarında xidmətin şərtləri” adlı 104-cü maddəsinə dəyişiklik edilir. Bu dəyişiklik artıq digər inzibati orqanlara tətbiq olunur. Sadəcə olaraq, vaxtilə bu qanuna həmin dəyişiklik edilərkən gömrük orqanları nəzərdən qaçırılıb. 104-cü maddə deputatlara paylanıb, çox qısa bir dəyişiklikdir. Millət vəkillərindən bu dəyişikliklərə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Bəli, bu məsələ vaxtilə nəzərdən qaçırılıb. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 17.44 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 2
Səs verməd 1 
İştirak edir 94
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikası Füzuli rayonunun ərazisində Birinci Zobucuq və Beşinci Zobucuq bələdiyyələrinin yaradılması haqqında qanun layihəsidir. Tahir Rzayev, buyurun.
T. Rzayev, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Sizə yaxşı məlumdur ki, bir neçə il bundan əvvəl Füzuli rayonunun ərazisində 5 yeni qəsəbə salınmışdı və bu qəsəbələr Zobucuq adlandırılmışdı. Hazırda orada əhalinin yaşaması və fəaliyyət göstərməsi üçün hər bir şərait var. Qəsəbələrdə xəstəxanalar, məktəblər, tibb məntəqələri, digər ictimai iaşə obyektləri fəaliyyət göstərir. Ona görə də bu qəsəbələrin sakinləri öz yığıncaqlarında qəsəbələrdə bələdiyyələrin yaradılması təklifi ilə çıxış etmişlər.
Əhalinin yığıncaqlarında qərara alınmışdı ki, Birinci Zobucuq və İkinci Zobucuq qəsəbələrində Birinci Zobucuq bələdiyyəsi, Üçüncü Zobucuq, Dördüncü Zobucuq, Beşinci Zobucuq qəsəbələrində isə Beşinci Zobucuq bələdiyyəsi yaradılsın. Bu məsələ Regional məsələlər komitəsində müzakirə olunub və müsbət qərar qəbul edilib. Elə bilirəm ki, bu çox əhəmiyyətlidir və deputatlar buna səs verəcəklər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də, təbii ki, yeni salınan qəsəbədə bələdiyyənin yaradılmasını alqışlayıram və hesab edirəm ki, vətəndaşlarımız seçmək və seçilmək hüquqlarından istifadə etməlidirlər.
Bilirsiniz ki, 2009-cu ildə üçüncü dəfə Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Bu bələdiyyə seçkilərində çox maraqlı bir tendensiya yaranıb. Bunun hüquqi yolunu tapmaq lazımdır. Məcburi şəkildə yaşayış yerlərini tərk etmiş və bu gün işğaldan azad olunmuş ərazilərdə və qəsəbələrdə yaşamayan qaçqınlar seçilmək hüququndan məhrumdurlar. Bunların heç biri müvəqqəti yaşadıqları ərazidə bələdiyyəyə seçilə bilmirlər.
Proses bu qədər uzandığına və bu gün beynəlxalq təşkilatlar torpaqların işğaldan azad olunması və həmin ərazilərdə bələdiyyə subyektlərinin formalaşdırılması ilə bağlı qəti fikir söyləyə bilmədiklərinə görə, Konstitusiya ilə vətəndaşa verilən hüquqların təsbit olunması və məcburi köçkünlərin də seçilmək hüququndan yararlanması üçün bu gün Azərbaycan Respublikasının Milli Məclisi bu məsələyə qayıtmalıdır. Qaçqınlar Azərbaycanın hansı regionunda yaşayırlarsa, harada müvəqqəti qeydiyyatdadırlarsa, orada bələdiyyə subyektlərinin formalaşdırılmasında iştirak etməlidirlər və onların seçilmək hüquqları təsbit olunmalıdır. Onların bəzi hallarda səsvermə hüquqları var, amma seçilmək hüquqları yoxdur.
Bu çox ciddi məsələdir, biz yaz sessiyası dönəmində bu məsələyə toxunmalıyıq. Mən Mərkəzi Seçki Komissiyası ilə də bunu birmənalı surətdə araşdırmışam. Mərkəzi Seçki Komissiyası da qanunda boşluq olduğunu və qaçqınların seçilmək hüququnun olmadığını birmənalı surətdə təsdiq edib. Burada deputat həmkarlarım tərəfindən müxtəlif fikirlər səslənə bilər. Amma mən birmənalı deyirəm ki, bu insanların seçilmək hüququ yoxdur. Ona görə çox xahiş edirəm, Milli Məclis bu insanların müvəqqəti məskunlaşdığı ərazidə seçilmək hüququnu yaz sessiyasında qanunla təsbit etsin. Bu çox vacib məsələdir və xahiş edirəm, bu məsələyə yaz sessiyasında münasibət bildirilsin. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Siz bu məsələni qaldırmısınız. Bunu normal şəkildə araşdırmaq lazımdır, çünki burada başqa siyasi səbəblər də var. Hamısını birlikdə araşdırıb, sonra qərar verə bilərik. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Mənim xahişim ondan ibarətdir ki, növbəti məsələnin – Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanun layihəsinin mühümlüyünü, çox ciddi sosial maraq kəsb etdiyini nəzərə alaraq iclası yekunlaşdıraq, onu növbəti 10 dəqiqə ərzində sıxışdırmaqla tələm-tələsik müzakirə etməyək. Xahiş edirəm, bu məsələdə bizim rəyimizi nəzərə alın. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Astan Şahverdiyev.
A. Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Mən də təqdim olunan qanun layihəsinin lehinə səs verəcəyəm. Həqiqətən də, çox vacib məsələdir. Bildiyiniz kimi, Füzuli rayonunda Zobucuq adlanan 5 yeni qəsəbə var. Yeni infrastruktura malik yaşayış yerləridir. Onlarda bələdiyyələrin yaradılması aktual məsələdir və lazımlıdır.
Günün birinci yarısında həmkarım Aqil Abbasovun toxunduğu bir məsələyə fikrimi bildirmək istəyirəm. Həqiqətən, Ağdərə rayonunun 4 kəndi Ermənistanın işğalı altında deyil, bizim ərazimizə daxildir. Rayonun adının bərpa olunması həm cəlbedicidir, həm də siyasi məna kəsb edir. Digər tərəfdən, rayonun adı qaytarılandan sonra həmin ərazilərdə uyğun bələdiyyələrin yaradılmasını məqsədəuyğun hesab edirəm. Oqtay müəllim, Sizdən bir daha xahiş edirəm, bu məsələnin mümkünlüyünü nəzərə alasınız. Əlbəttə, ölkə rəhbərliyi ilə məsləhətləşmədən sonra qərar vermək olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Astan müəllim, mən qeyd etdim, maraqlı məsələdir, məşğul olacağıq. Nizami müəllim, sualınız var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
N. Xudiyev. Hörmətli cənab Sədr, məni bir məsələ maraqlandırdı. Tahir müəllim izahat verəndə dedi ki, Birinci Zobucuq və İkinci Zobucuq qəsəbələrini əhatə edən Birinci Zobucuq bələdiyyəsi və Üçüncü Zobucuq, Dördüncü Zobucuq və Beşinci Zobucuq qəsəbələrini əhatə edən Beşinci Zobucuq bələdiyyəsi yaradılır. Bunlar birləşdirilir. Bu proses mənə bir qədər aydın olmadı. Birinci və ikinci birləşir, olur birinci, üç, dörd, beş birləşir, olur beşinci. Burada nə əsas götürülüb? Bu hansı prinsiplədir, mənə aydın olmadı. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Nizami müəllim, Beşinci Zobucuğun əhalisi daha çox olub, ona görə ona birləşdiriblər. Harada əhali çoxdur, ora birləşib. Ona görə adları dəyişməyib, sənədləri var.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. “Zobucuq” orada yaşayan insanların seçdiyi addır, təzə qəsəbədir. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 17.52 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0  
İştirak edir 96
Nəticə: qəbul edildi
Qəbul edildi, çox sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanun layihəsi barədədir. Arif Rəhimzadə buyursun.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Hazırda respublikada 2757 bələdiyyə fəaliyyət göstərir. Bunların təxminən 62 faizində seçicilərin sayı min nəfərədək, 38 faizində isə 500 nəfərədəkdir.
Bələdiyyələrin ərazisində yaşayan əhalinin sayının azlığı və bununla əlaqədar maliyyəsinin, kadr potensialının məhdud olması səbəbindən onlar, bir qayda olaraq, öz fəaliyyətlərini lazımınca qura bilmirlər. Bələdiyyələrin birləşməsi və daha imkanlı özünüidarə orqanlarının yaradılması xeyli vaxtdır ki, bələdiyyələrdə, onların milli assosiasiyalarında və ümumiyyətlə, cəmiyyətdə müzakirə olunur. Bildiyimiz kimi, problemin həllinə köməklik məqsədi ilə Milli Məclis də birləşmə prosedurunun sadələşdirilməsi istiqamətində müəyyən addımlar atmışdır.
Müzakirəyə təqdim olunan qanun layihəsində seçicilərinin sayı az olan bir sıra bələdiyyələrin birləşməsi əsasında yeni, daha iri bələdiyyələrin yaradılması nəzərdə tutulur. Birləşmə prosesi 1567 bələdiyyəni əhatə edir. Nəticədə 574 yeni, daha iri bələdiyyənin yaradılması nəzərdə tutulur. Qanunun qəbul edilməsi seçiciləri min nəfərədək olan bələdiyyələrin sayını xeyli azaldır. Lakin bu birləşmədən sonra da bir sıra xırda bələdiyyələr qalacaqdır. Aralarındakı məsafənin uzaqlığı və digər səbəblərə, ən başlıcası isə özlərinin təşəbbüs göstərmədiklərinə görə onların birləşməsi nəzərdə tutulmur.
Layihə son aylarda bələdiyyələrdən daxil olmuş müraciətlər əsasında hazırlanıb və “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Layihənin Regional məsələlər komitəsinin iclasında müzakirəsi zamanı qərar qəbul edildi ki, onun adında və 1-ci maddənin preambulasında “bələdiyyələrin birləşməsi” ilə bərabər, “yeni bələdiyyələrin yaradılması” sözləri də əlavə edilsin. Beləliklə, layihənin adı aşağıdakı kimi verilir: “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında”.
Qanun layihəsi hazırlanan zaman bir neçə bələdiyyədən müraciətlər olmuşdu və onlara yerində baxılmışdır. Sabirabad rayonunun Əsədli bələdiyyəsindən də Milli Məclisə–komitəyə müraciət daxil olmuşdur. Bu məsələ ilə əlaqədar həmkarımız Hüseyn Pənah da müraciət etmişdi. Hüseyn Pənah məktubunda yazırdı ki, Əsədli bələdiyyəsi Məmişli bələdiyyəsi ilə birləşmək istəmir. Bu məsələni biz araşdırdıq. Məlum oldu ki, 6 apreldə Əsədli bələdiyyəsində bələdiyyənin ümumi iclası keçirilibdir. Bələdiyyənin 620 səs hüquqlu üzvündən 590 nəfəri bu qərarın lehinə səs vermişdir. Lakin müraciətlə əlaqədar müəyyən olunmuşdu ki, söhbət Əsədli bələdiyyəsinin Məmişli bələdiyyəsi ilə birləşməsindən getmir, 4 bələdiyyənin – Əsədli, Qaralı, Məmişli və Qəfərli bələdiyyələrinin birləşməsi və bunların əsasında Qaralar bələdiyyəsinin yaradılmasından gedir.
Bununla əlaqədar yerlərdə söhbət aparılmışdır. Məlum olmuşdu ki, bəzi adamlar müəyyən maraqları üzündən bu prosesə etiraz ediblər və eyni zamanda, bələdiyyə üzvləri birləşməni düzgün başa düşməyiblər. Elə biliblər ki, Əsədli ilə Məmişli bələdiyyələrinin birləşməsindən söhbət gedir. Buna baxmayaraq, təkrarən orada rəy sorğusu formasında bir tədbir keçirilmişdi. Bələdiyyənin üzvlərinin tam əksəriyyəti bir də təsdiq ediblər ki, Əsədli bələdiyyəsinin adı çəkilən bələdiyyələrlə birləşməsinə etirazları yoxdur. Bu məsələ komitədə müzakirə edilərkən Hüseyn Pənah da orada iştirak edib və ona lazımi izahat verilmişdir. Hazırda onun etirazı nədən ibarətdir, sözün doğrusu, mən anlamadım. Təkrar edirəm, söhbət Əsədli bələdiyyəsinin Məmişli bələdiyyəsi ilə birləşməsindən deyil, 4 bələdiyyənin birləşməsindən, bir bələdiyyənin yaradılmasından gedir. İnsanlar da buna etiraz etmirlər. Onların imzaladığı müraciət də komitəyə daxil olub. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Müzakirəyə 23 nəfər yazılıb. Gələn iclasda müzakirəni davam etdirəcəyik. Bilirsiniz ki, gündəlikdə 3 məsələ qalır. Əsas məsələlərdən biri 2008-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsidir. Elə etməliyik ki, gələn iclasda onu müzakirə edə bilək. Sağ olun.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU