01.02.2008 - tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
VIII  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  72

Mill Məclisin  iclas  salonu.
1  fevral  2008-c il.  Saat  12.

Mill Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

R. Süleymanov, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə namizəd.

* * *

Q. Qurbanov, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyasının rəisi.
T. Mədətov, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyasının Pasport sektorunun müdiri.

* * *

A. Nemətov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri.
F. Əlizadə, Azərbaycan Bəstəkarlar İttifaqının sədri.
F. Xəlilov, Azərbaycan Rəssamlar İttifaqının sədri.
A. Əliyev, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi.
R. Balayev, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi.
A. Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin katibi.
N. Əliyev, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü.
E. Şıxlı, Azərbaycan Jurnalistlər Birliyinin sədri.


İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:


1. Azərbaycan Respublikası Milli Məclisinin 2008-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında.
2. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında.
3. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında.
4. R.R.Süleymanovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında.
5. Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Birgə Bəyannamənin təsdiq edilməsi haqqında.
6. “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında uzunmüddətli iqtisadi əməkdaşlıq proqramı və icra planı”nın təsdiq edilməsi haqqında.
7. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tərəfdaşlıq və əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında.
8. Azərbaycan Respublikası və Xorvatiya Respublikası Prezidentlərinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında.
9. “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə.
10. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli 1115 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi barədə.
11. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə.
12. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə.
13. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 303-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklik edilməsi haqqında.
14. “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə.
15. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 8 may tarixli 331-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında.
16. “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin, “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə.
17. Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə.
18. Yaradıcı şəxslər və yaradıcılıq ittifaqları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikası Milli Məclisinin 2008-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
2. “Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
3. “Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
4. “R.R.Süleymanovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
5. “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Birgə Bəyannamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
6. “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında uzunmüddətli iqtisadi əməkdaşlıq proqramı və icra planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
7. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tərəfdaşlıq və əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
8. “Azərbaycan Respublikası və Xorvatiya Respublikası Prezidentlərinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
9. “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
10. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli 1115 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
11. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
12. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
13. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 303-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
14. “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
15. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 8 may tarixli 331-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
16. “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının Qanunu.
17. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
18. “Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
19. Yaradıcı şəxslər və yaradıcılıq ittifaqları haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).


Azərbaycan  Respublikası
Mill Məclisinin  Sədr                                    O. ƏSƏDOV

 
 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

1  fevral  2008-c il.  Saat  12.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
 O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, əyləşəsiniz.
Hörmətli deputatlar, Milli Məclisin 2008-ci il yaz sessiyasını açıq elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
Hörmətli millət vəkilləri, yaz sessiyasının başlaması münasibəti ilə hamınızı ürəkdən təbrik edirəm və sizə səmərəli fəaliyyət arzulayıram! Bildiyiniz kimi, Milli Məclis 2007-ci ilin payız sessiyasını uğurla başa vurmuş, Konstitusiyada nəzərdə tutulmuş qanunvericilik səlahiyyətlərini tam şəkildə həyata keçirmişdir. Biz həm sessiyanın sonunda, həm də yanvar ayının 30-da Milli Məclisin keçirdiyi mətbuat konfransında gördüyümüz işlər barədə məlumat vermişik.
Hörmətli deputatlar, bu gün biz Milli Məclisin yeni sessiyasını başlayırıq. Qarşıda bizi gərgin iş rejimi gözləyir. Bilirsiniz ki, biz bu sessiyada qanunvericilik işləri planında nəzərdə tutulan qanun layihələrinin müzakirəsi ilə yanaşı, Konstitusiyanın və qanunların tələbinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin hesabatını dinləyəcəyik.
Bundan əlavə, 2007-ci il dövlət büdcəsinin icrası haqqında məsələ müzakirəyə çıxarılacaqdır.
Yaz sessiyasında Azərbaycan Respublikası Hesablama Palatasının illik fəaliyyəti haqqında hesabat, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın), Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin illik məruzələri də Milli Məclisə təqdim ediləcəkdir.
Hörmətli millət vəkilləri, bildiyiniz kimi, bu il Azərbaycan parlamentinin yaradılmasının 90 illiyi tamam olur. Bu münasibətlə Azərbaycanda dövlət səviyyəsində geniş tədbirlər keçiriləcəkdir. Yubileylə əlaqədar Azərbaycana 100-ə yaxın ölkənin parlament rəhbərləri və beynəlxalq parlament təşkilatlarının nümayəndələri gələcəklər. Mən sizin hamınızı bu tədbirlərdə fəal iştirak eləməyə dəvət edirəm.
Hörmətli deputatlar, əminəm ki, Milli Məclisin yaz sessiyası yüksək səviyyədə keçəcəkdir. Yaz sessiyasında sizin hamınıza uğurlar arzulayıram. Çox sağ olun.
Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 108
Yetərsay 83

Çox sağ olun, yetərsay var, iclasa başlaya bilərik.
Hörmətli millət vəkilləri, gündəlik hamınıza paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.04 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1  
İştirak edir 103
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin müzakirəsinə keçirik. Gündəlikdəki birinci məsələ Azərbaycan Respublikası Milli Məclisinin 2008-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqındadır. İş planı hamınıza paylanıb. Hörmətli millət vəkilləri, müzakirəyə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, qanunvericilik işləri planı haqqında danışasınız. Buyurun, yazılın. Arzu Səmədbəyli.
A. Səmədbəyli. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri! Mən də yaz sessiyasının açılışı münasibəti ilə deputatları təbrik edir, onlara uğurlu fəaliyyət arzu edirəm. Biz 2008-ci ilin əlamətdar bir il olduğunu bilirik. Biz Müsavat Partiyası olaraq, eyni zamanda, Müsavat deputat qrupu olaraq bu il Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinin keçirilməsini və Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin 70 illiyinin dövlət səviyyəsində qeyd olunmasını istəyirik. Bununla bağlı Milli Məclisə təkliflərimiz var.
Biz milli dövlətçiliyimiz tarixində Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mühüm bir yer tutduğunu və eyni zamanda, Şərqdə çox böyük tarixi hadisə olduğunu, ilk demokratik dövlətin qurulmasının zərurətini hər birinizin diqqətinə çatdıraraq təklif edirik: Dağüstü parkda Azərbaycan Xalq Cümhuriyyətinin tarixini əbədiləşdirmək məqsədi ilə abidə ucaldılsın; Bakı və Gəncə şəhərlərinin mərkəzlərində Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin heykəlləri qoyulsun; həmin şəhərlərdə və respublikanın digər şəhər və rayon mərkəzlərində Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında mühüm rol oynamış şəxslərin adlarının əbədiləşdirilməsi məqsədi ilə küçə və meydanlara onların adları verilsin; respublikanın ali və ümumtəhsil məktəblərində cümhuriyyət tarixinin dolğun, hərtərəfli və obyektiv tədris edilməsi üçün müvafiq tədbirlər həyata keçirilsin; Bakı Dövlət Universitetinə onun yaradıcısı Məmməd Əmin Rəsulzadənin, Azərbaycan Dövlət Konservatoriyasına Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun adı qaytarılsın; yubiley ilində cümhuriyyət qurucularının Bakı şəhərində ev-muzeyləri yaradılsın, onların kitablarının nəşri təmin edilsin.
Eyni zamanda, siz bilirsiniz ki, ötən əsrin sonunda Azərbaycan milli azadlıq hərəkatına rəhbərlik eləmiş Azərbaycanın ümummilli lideri Əbülfəz Elçibəyin də bu il 70 illik yubileyidir və biz Müsavat deputat qrupu olaraq eks-prezidentlərin statusu haqqında qanun layihəsini Milli Məclisə təqdim eləmişik. Biz çox istərdik ki, həmin qanun qəbul edilsin, Əbülfəz Elçibəyin də şəhərin görkəmli yerində heykəli ucaldılsın, onun ev-muzeyi təşkil edilsin. Eyni zamanda, biz istəyirik ki, Azərbaycanın digər şəhərlərində müəyyən küçə və meydanlara onun adı verilsin, bu tarixi şəxsiyyətin də adının əbədiləşdirilməsi dövlət səviyyəsində qeyd olunsun. Biz bu təkliflərlə Milli Məclisə müraciət edirik və istəyirik ki, Milli Məclis bu məsələləri diqqətə alsın və bunların həyata keçirilməsinə köməklik eləsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Arzu bəy, bu təklifləri hazırlamışdınızsa, bir ay qabaq komissiyalara verəydiniz, onlar da buna baxardılar. Siz onları tribuna üçün, burada səsləndirmək üçün saxlamısınız. Biz elə qanunvericilik işləri planını müzakirə edirik də, bu təklifləri vaxtında versəydiniz, baxa bilərdik. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də yaz sessiyasının başlaması münasibəti ilə bütün deputat həmkarlarımı təbrik edirəm. Arzu edirəm, bu yaz sessiyasında qəbul etdiyimiz qərar və qanunlar Azərbaycan dövlətinin, millətinin mənafeyinə xidmət eləsin və xalqımız bu qanunlardan yararlana bilsin. Oqtay müəllim, çıxış üçün ayrılan vaxt 10 dəqiqədir?
Sədrlik edən. İş planını müzakirə edirik, prosedura görə çıxışlara 10 dəqiqə vaxt ayrılır.
İ. Ağazadə. İş planı ilə tanış oldum və burada bir sıra vacib qanun layihələri var. Bununla yanaşı, istərdim ki, bir sıra qanun layihələri də yaz sessiyasının iş planına əlavə olunsun.
2008-ci il Azərbaycanın həyatında, bayaq burada sadalananlarla yanaşı, həm də növbəti Prezident seçkiləri ilidir, Prezident seçkiləri ilində Azərbaycanda cəmiyyətin bütün təbəqələrini razı sala bilən Seçki Məcəlləsi qəbul olunmalıdır. Seçki Məcəlləsi elə olmalıdır ki, onu seçkidə iştirak edən tərəflərin hər biri qəbul etsin və heç kim Seçki Məcəlləsindən bu və ya digər şəkildə narazı qalmasın. Ona görə hesab edirəm ki, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi də Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planında öz əksini tapmalıdır.
Ümid partiyası olaraq Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı bütün orqanlara öz təkliflərimizi göndərmişik. Bu yaxınlarda ATƏT-in vasitəçiliyi ilə təşkil olunan dəyirmi masada da bizim təkliflərimizə bu və ya digər şəkildə baxılmışdı. Mən istərdim, onu da Milli Məclisin rəhbərliyinə təqdim eləyək və bu, Seçki Məcəlləsi müzakirə olunarkən bizim partiyanın mövqeyi kimi nəzərə alınsın. Mən çox istərdim ki, Seçki Məcəlləsində tərəflərin hər birini daha çox narahat eləyən seçki komissiyalarının bərabər əsasda formalaşdırılması prinsipi öz həllini tapsın və bununla yanaşı, Seçki Məcəlləsinə təklif olunan digər dəyişikliklər də yaz sessiyasında qəbul olunsun.
İş planına təklif etdiyim ikinci məsələ “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunla bağlıdır. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunu ya yenidən işləməliyik, ya da mövcud qanuna ciddi dəyişikliklər etməliyik. Bu da 2008-ci ildə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar yaranacaq vəziyyətlə bağlıdır. Bilirsiniz ki, hər seçki öncəsi Bakı Şəhər İcra Hakimiyyəti, müvafiq icra qurumları yerlərdə sərbəst toplaşmaq azadlığını bu və ya digər şəkildə məhdudlaşdırırlar və hətta bunu Azərbaycan Konstitusiyasının, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinə uyğun həyata keçirdikləri barədə bir bəyanat da verirlər. Amma təəssüflər olsun ki, qanunda bir sıra boşluqlar var və bu da nəticə etibarilə tərəflərin maraqlarının ifadə edilməsi baxımından ciddi ziddiyyət yaradır.
Azərbaycan Konstitusiyasının 49-cu maddəsində çox aydın yazılır ki, hər kəs sərbəst toplaşmaq hüququna malikdir. Amma qanunun özündə sərbəst toplaşmaq hüququ baxımından yerli icra hakimiyyəti ilə razılaşdırılma mexanizmi çox sadə şəkildə göstərilsə də, icra hakimiyyətinə yazılı “5 gün əvvəl məlumat verməklə” icazə prinsipi nəzərə alınır. Belə hesab olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti və yaxud da digər rayonların icra hakimiyyətləri partiyaya, qeyri-hökumət təşkilatına belə bir aksiya keçirmək istəyən tərəflərə 5 gün əvvəl icazə verməlidir. Amma “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun və Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin tələbində “icazə” anlayışı yoxdur. Hətta belə bir hal da olmuşdu ki, guya qapalı yerlərdə keçirilən hər hansı bir tədbirə müvafiq icra hakimiyyəti orqanı icazə verməlidir.
Qanunda bu boşluqlar birdəfəlik aradan götürülməli, tərəflər bundan sui-istifadə etməməlidirlər. Xüsusilə icazə verən funksiyanı öz üzərinə götürmüş icra hakimiyyətləri bundan sui-istifadə etməməli, siyasi partiyaların, vətəndaşların, ayrı-ayrı toplumun hüquqlarını tapdalamamalıdırlar. Yeni qanun layihəsində çox aydın göstərilməlidir ki, “icazə” anlayışı nədir və Bakı Şəhər İcra Hakimiyyəti, yerli icra hakimiyyəti orqanları 5 gün əvvəl yazılı müraciət edilərkən nəyi nəzərdə tutmalı və ona necə cavab verməlidirlər? Əslində, 11 rayon Bakı şəhərinin ərazisində yerləşir və “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinə uyğun olaraq müvafiq rayonların hamısında qapalı və açıq tədbirlər üçün əvvəlcədən müəyyən edilmiş yerlər olmalıdır və bu da ictimaiyyətə elan olunmalıdır.
Son dövrlərdə kütləvi informasiya vasitələrində çalışan işçilərin hüquqlarının müdafiəsi adı altında bir sıra tədbirlər, kütləvi aksiyalar keçirmək istəyiblər. Nəticə nə olub? Nəticə belə olub ki, əvvəlcədən elan olunmuş hər hansı bir rayondakı yerdə də bunun keçirilməsinə Bakı Şəhər İcra Hakimiyyəti icazə verməyib. Prezident seçkiləri yaxınlaşdıqca bu tipli tədbirlər siyasi partiyalar və yerli icra hakimiyyəti orqanları arasında daha ciddi şəkildə qarşıdurmaya səbəb olacaq və nəticə etibarilə hüquqların tapdalanmasına gətirib çıxaracaqdır. Ona görə də çox istərdim ki, Milli Məclisin yaz sessiyası dövründə “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun da yenidən işlənilsin.
Diffamasiya haqqında qanunun qəbulu da yaz sessiyasında gerçəkləşməlidir. Ötən ilin son iclasında mən belə bir təkliflə çıxış etmişdim ki, Milli Məclisin üzvləri Azərbaycan Respublikasının Prezidentinə həbsdə olan jurnalistlərin azad olunması ilə bağlı müraciət etsinlər. Çox təəssüf ki, Milli Məclis belə bir müraciət etmədi, amma həbsdə olan jurnalistlərin bir qismi azadlığa buraxıldı. Bu gün Azərbaycanın jurnalistika aləmində kifayət qədər tanınan 2 jurnalisti həbsdədir və birinin üzərində məhkəmə işi keçirilir. Bunlar “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayev, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və “Azadlıq” qəzetinin yazarı Mirzə Sakitdir. Hesab edirəm ki, Azərbaycan Respublikasının Milli Məclisi 2008-ci ilin Azərbaycanda Prezident seçkiləri ili olduğunu, beynəlxalq təşkilatların Azərbaycana diqqətinin həddən artıq artacağını, onların hesabatlarının Azərbaycanın dövlət və beynəlxalq imicinə bu və ya digər şəkildə ciddi zərər gətirəcəyini nəzərə almalıdır. Mən məsələnin obyektiv və qeyri-obyektiv tərəflərini araşdırmadan hər halda hesab edirəm ki, onların üzərində aparılan cinayət işləri heç də ittihamlarla adekvat deyil. Bununla belə, düşünürəm ki, onların həbsdən azad olunması üçün Azərbaycan Respublikasının Milli Məclisi bir addım atmalıdır. Ən başlıcası isə biz Diffamasiya haqqında qanunu qəbul etməklə, əslində, Azərbaycan jurnalistikasını, Azərbaycan mətbuatını bu bəlalardan qurtarmış olarıq.
Təbii ki, bəzi məsələləri əsaslandırmaq çətindir, müəyyən obyektiv tələblər var. Doğrudur, bu gün Azərbaycanda şəxsiyyətin təhqir olunması, özəl həyatın işıqlandırılması və sair kimi məsələlər qəzet səhifələrində yer alır, amma yeni qurulmuş Azərbaycan dövlətində ən azı ictimai-siyasi proseslərlə məşğul olanlar – millət vəkilləri, siyasi partiya nümayəndələri Azərbaycanda azad sözün kifayət qədər sərbəst inkişafı üçün bu təhqirlərə və hədələrə bəzən göz yummalı, dözməlidirlər ki, cəmiyyət müəyyən mərhələyə gəlib çatsın.
Mən hesab edirəm ki, biz həm də “Siyasi partiyalar haqqında” Qanunla bağlı da 2008-ci ilin yaz sessiyasında ciddi bir addım atmalıyıq. 1992-ci ildə qəbul olunan “Siyasi partiyalar haqqında” Qanun artıq müasir dövrün tələbləri ilə tamamilə uzlaşmır və faktiki olaraq siyasi partiyaların real həyatdakı fəaliyyətini tənzimləyə bilmir. Buna görə də Siyasi partiyalar haqqında yeni qanun qəbul olunmalıdır. Avropa Şurasının üzvü olan dövlətlərdəki kimi, Azərbaycanda da siyasi partiyalar həm qeydiyyatdan sadə şəkildə keçirilməli, həm də dövlət tərəfindən maliyyələşdirilməli və dövlətin bir strukturu kimi gərəkilən orqanlara açıq, şəffaf hesabat verməlidir.
Təbii ki, mart ayının əvvəlində hökumətin hesabatları olacaq və sosial vəziyyətlə bağlı məsələlər müzakirə olunacaq. Mən sosial məsələlər deyəndə vətəndaşlarımızı, seçicilərimizi, xalqımızı düşünürəm. Həmin iclaslarda sosial problemlərlə, hökumətin işindəki çatışmayan cəhətlərlə, o cümlədən son dövrlərdə hava şəraiti ilə bağlı yaranan çətinliklərə hökumətin hazır olmaması ilə bağlı kifayət qədər ciddi arqumentlərimi səsləndirəcəyəm. Amma Oqtay müəllim, çox xahiş edirəm, dediyim məsələlərin yaz sessiyasının iş planına salınması üçün öz imkanlarınızdan istifadə edəsiniz. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də sessiyanın başlanması münasibəti ilə bütün deputat həmkarlarımı təbrik eləyir və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Bizə təqdim olunan Milli Məclisin 2008-ci il yaz sessiyasının qanunvericilik işləri planı ilə tamamilə razıyam və ona səs verəcəyəm. Bununla belə, qanunvericilik işləri planına bir neçə dəyişiklik olunmasını təklif edərdim. Oqtay müəllim, son günlər Naxçıvan Muxtar Respublikasından millət vəkili seçilmiş bir insan kimi mənə Naxçıvan Muxtar Respublikası ilə bağlı Ermənistan mətbuatında, Ermənistanın ayrı-ayrı qurumlarında xəritələrin dəyişdirilməsi ilə əlaqədar müxtəlif müraciətlər olunur.
Bu yaxınlarda cənab Prezidentin də çox gözəl bir çıxışı oldu. Cənab Prezident qeyd etdi ki, vaxtilə Azərbaycan torpaqları Ermənistana verilibdi. Tarixin müəyyən mərhələsində beynəlxalq müqavilələrlə, rus və sovet imperiyası tərəfindən aparılan siyasətlə istər Yerevan şəhərinin, istərsə də Azərbaycanın digər ərazilərinin Ermənistana verilməsi məsələsinə parlament biganə qalmamalıdır. Parlament bu məsələləri müzakirəyə çıxarmalıdır. Parlamentdə çox tanınmış tarixçi alimlərimiz var. Bir neçə gündür ki, mətbuatda və televiziyada bu məsələlər geniş müzakirə olunur. Parlament üzvlərinin də bu məsələyə münasibəti olmalıdır. Mən təklif eləyirəm ki, parlament tərəfindən bir komissiya yaradılsın və bu məsələlər araşdırılsın. Tarixi arxivlərdəki sənədlər tədqiq edilməli, cəmləşdirilməli və parlament bir qərarmı, bəyanatmı, qanun layihəsimi, – fərqi yoxdur, hansı formada olursa-olsun, bu ərazilərin əzəli Azərbaycan torpaqları olması barədə müvafiq sənəd, –  qəbul etməlidir.
Siz özünüz qeyd elədiniz ki, parlamentin 90 illiyi yaxınlaşır. Bu yubiley ərəfəsində həm bizim parlamentin keçdiyi yol, həm də həmin dövrlərdən başlayaraq Azərbaycan xalqının başına gətirilən müsibətlər araşdırılmalıdır. Xocalı soyqırımının ildönümü, ondan sonra 31 mart soyqırımı günü yaxınlaşır. Tarixi faktların ortaya qoyulmasından və Ermənistanın Azərbaycanın digər ərazilərinə, xüsusilə də Naxçıvan Muxtar Respublikasına qarşı qaldırdığı iddiaların qarşısının alınmasından ötrü, mən hesab eləyirəm ki, bu sənədlər qaldırılmalıdır. İrəvanın və digər ərazilərimizin Ermənistan tərəfindən qəsb olunması, azərbaycanlıların oradan deportasiya olunması məsələləri burada öz əksini tapmalı və bu sənəd beynəlxalq təşkilatlara göndərilməlidir. Ona görə də mən bütün deputat həmkarlarımdan xahiş eləyirəm, bu məsələyə həssas yanaşsınlar, çünki biz vaxtında müvafiq addımlar atmadığımız üçün ermənilər Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirmək planını həyata keçirməkdədirlər. Mən bir həyəcan təbili kimi, Naxçıvan Muxtar Respublikasından seçilmiş bir deputat kimi bu məsələni qaldırıram, onlar artıq xəritələrində və digər sənədlərdə bu adları dəyişirlər. Guya Naxçıvanda abidələr sökülüb. Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasında erməni abidəsi olmayıbdır və indiyə qədər orada bir nəfər də olsun erməni yaşamayıbdır. Ola bilər ki, məsələn, tacir, dəllək, yaxud da başqa kimsə gəlib burada yaşayıb, amma onlar Naxçıvan Muxtar Respublikasının ərazisinə aidiyyəti olmayan adamlardır. Kimsə bunu əsaslandırmaq istəyirsə, çox səhv yoldadır. Mən hesab eləyirəm ki, belə bir komissiyanın yaradılmasına ehtiyac var.
Burada toplaşmaq azadlığı haqqında məsələ qaldırıldı. Qeyd eləyim ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun var və həm də Azərbaycan ekspertləri tərəfindən yeni bir qanun layihəsi hazırlanıbdır. Venesiya Komissiyası tərəfindən rəy alınıbdır və yaxın günlərdə həmin layihə Milli Məclisə təqdim olunacaqdır. Lakin burada qeyd edilən kimi, icra hakimiyyətindən icazə almaq məsələsi orada yoxdur. Heç mövcud qanunvericiliyimizdə də elə bir şey yoxdur. Orada göstərilir ki, kimsə hər hansı bir tədbiri keçirmək istəyirsə, qabaqcadan xəbərdar etməlidir. Bəlkə icra hakimiyyətinin orada bir tədbiri var, yaxud da ora əhalinin gur yığışdığı bir yer ola bilər. Bir ticarət müəssisəsinin qarşısında kimsə bir piket, mitinq keçirmək istəyirsə, bundan onun məlumatı olmalıdır. Hüquq mühafizə orqanları onu qorumalı, təhlükəsizliyini təmin etməlidir.
Təbii ki, Konstitusiyada verilən hər bir anlayış digər qanunlarda açılır. Məsələn, Konstitusiyada göstərilib ki, Azərbaycan Respublikasının hər bir vətəndaşının təhsil almaq hüququ var. Bu o demək deyil ki, mən gedib Bakı Dövlət Universitetində oturmalıyam və deməliyəm ki, Konstitusiyada yazılıb, mənim təhsil almaq hüququm var. Bu, qanunlarla tənzimlənir. Təhsil haqqında qanunda və digər qanunlarda bunun açıqlaması göstərilir. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunda da göstərilib ki, müvafiq icra hakimiyyəti orqanına qabaqcadan xəbərdarlıq etdikdən sonra həmin yerdə sərbəst toplaşa, fikirlərini söyləyə bilərlər.
Seçki Məcəlləsi ilə bağlı bizim çoxsaylı təkliflərimiz var. Praktika göstərir ki, doğrudan da, Seçki Məcəlləsində müəyyən çatışmazlıqlar var. Seçki müddətləri, seçicilərin hüquqlarının müdafiəsi, seçki müddətində qanun pozuntularının aradan qaldırılması, seçkidə dövlət tərəfindən sərf olunmuş maliyyənin sonradan geri qaytarılmaması ilə bağlı və digər bir sıra məsələlər var ki, biz özümüz də hesab eləyirik ki, bunlarla əlaqədar dəyişikliklər olmalıdır.
Burada eks-prezidentlər haqqında qanun layihəsinin qəbul olunması ilə bağlı məsələ qaldırıldı. Təbii, bu, qəbul olunmalıdır. Dünya praktikasında belə bir məsələ var, biz də bunu etməliyik. Lakin Amerika Birləşmiş Ştatlarının qanunvericiliyində öz vəzifəsini başa vuran, səhhəti ilə əlaqədar tutduğu vəzifədən öz xoşu ilə istefa verən və vəzifə başında dünyasını dəyişən şəxslər eks-prezident hesab olunur. Kimsə ölkəni qoyub qaçıbsa, vəzifədə olduğu zaman cinayət törədibsə, ona eks-prezidentlik statusu verilmir. Prezidentlik ən ali bir vəzifədir və bu vəzifənin öhdəsindən gəlmək hər bir prezidentin borcudur. Hər bir prezident “Qurani-Kərim”ə əl basıb vətəndaşlarının hüquqlarını, dövlətinin təhlükəsizliyini qoruyacağına and içir, xalqın qarşısında cavabdehlik götürür. Əgər kimsə dara düşəndə bu cavabdehliyi öz üzərindən atıb gedəcəksə, gələcəkdə ona hansı status verilə bilər? Mən hesab eləyirəm ki, bizim qanunvericilikdə kimlərə eks-prezident demək olar və kimlərə eks-prezidentlik statusu düşür məsələsi öz əksini tapmalıdır.
Sonda yenə çıxışımın əvvəlində qaldırdığım məsələyə qayıdıram və bunun ciddiliyini bir daha qeyd edirəm. Oqtay müəllim, Sizdən xahiş edirəm, əgər mümkünsə, bir komissiya yaradılsın, bütün tarixi sənədlər araşdırılsın, müvafiq sənəd hazırlansın və parlament onu beynəlxalq təşkilatlara təqdim eləsin. Diqqətinizə görə təşəkkürümü bildirirəm.
Sədrlik edən. Çox sağ olun. Həqiqətən, Siyavuş müəllim çox önəmli bir məsələ qaldırdı. İki gün qabaq Rusiyanın televiziya kanallarının birində bir veriliş gedirdi. Artıq ermənilər Azərbaycana, Dağlıq Qarabağa, Naxçıvana yox, dünyanın keçmişinə də iddia edirlər. İmperiyanın sonu haqqında bir film göstərirdilər. Bu filmin məğzi ondan ibarət idi ki, on əsrlik tarixi olan Bizans dövlətinin, sən demə, əsas sütunu ermənilər imiş. Guya ən məşhur Bizans imperatoru olan Georqun anasının anası və atasının atası erməni, atasının anası yunan, anasının da atası slavyan imiş. Yəni sübut etməyə çalışırdılar ki, bu imperator milli mənsubiyyətinə görə yarı ermənidir. Burada gedən danışıqların əksəriyyəti ona yönəlmişdi ki, guya Bizans imperiyasının arxitektorlarının, alimlərinin, nə bilim, nələrinin hamısı erməni olub. Ermənilərin həmin məkrli siyasəti artıq Bizansdan başlayır.
Həqiqətən, Azərbaycanın əzəli qədimi torpaqları olan Qərbi Azərbaycan haqqında bizdə onlarca, yüzlərcə məqalə və kitab yazılıb. Ancaq bunlar fundamental şəkildə tədqiq olunmadığı üçün Azərbaycan həqiqətlərini dünyaya çatdırmır. Yazdığımız kitablar, necə deyərlər, əsasən, daxili auditoriya üçündür. Biz çalışmalıyıq ki, həqiqəti elmi dəlillərlə sistemli şəkildə dünyaya göstərək.
Siyavuş müəllim düz deyir, cənab Prezident sərhəd bölgəsinə səfəri zamanı öz çıxışlarında bunların hamısını qeyd elədi. Mən də o fikri dəstəkləyirəm, həqiqətən, Milli Məclisdə belə bir komissiya yaradılmalıdır. Burada oturanların əksəriyyəti alimlərdir, mütəxəssislərdir. Mənə elə gəlir ki, parlamentin 90 illiyinə yox, elə azərbaycanlıların soyqırımı gününə – martın 31-nə qədər biz belə bir sənədi ortaya çıxara bilərik. Elmira Axundova.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaqub müəllim, mən indi Elmira Axundovaya söz verdim. Elmira xanım, buyurun.
E. Axundova. Çox sağ olun. Mən yaz sessiyasının qanunvericilik işləri planını bəyənir, onu çox dəyərli və aktual hesab edirəm. Bununla yanaşı, iş planına bir neçə təklifim var. Əvvəla, hesab edirəm ki, mərasimlər haqqında qanun layihəsini də işləyib müzakirəyə çıxarmalıyıq. Həm kütləvi informasiya vasitələrində, həm də Milli Məclisdə səslənən fikirlər onu deməyə əsas verir ki, bu məsələ, yəni toy, yas mərasimləri və sair bir tərəfdən insanların şəxsi həyatına aiddirsə, ikinci tərəfdən ictimai əlaqələrlə sıx təmasdadır. Bəzən bu mərasimlər qanunlarla ziddiyyət təşkil edir. Bu ziddiyyəti aradan qaldırmaq üçün həmin mərasimləri müəyyən çərçivəyə salmaq lazımdır.
Oqtay müəllim, məni çox narahat edən ikinci məsələ respublikaya gətirilən və respublikanın daxilində istehsal olunan ərzaq məhsulları və onların satış qaydalarıdır. Mən iş planımızda Ekoloji kənd təsərrüfatı haqqında qanun layihəsinin adını gördüm və çox sevindim. Amma bir qanuna əlavələr etmək lazımdır. Bu da ticarət mərkəzlərində, mağazalarda, ərzaq mallarını istehsal edən müəssisələrdə ekoloji və sanitariya normalarına riayət edilməsi ilə əlaqədardır. Bağışlayın, kolbasa alırsan, bir neçə gündən sonra yaşıllaşır. Mağazalarda vaxtı keçmiş məhsullar satılır. Dünənki qəzetlərdə yazılıb ki, mağazalarda satış üçün nəzərdə tutulmuş iki tona yaxın xəstə heyvan əti aşkar olunub.
Çörək məmulatı haqqında ayrıca danışmaq istəyirəm. Bu, biabırçılıqdır, hətta mən deyərdim ki, cinayətkarlıqdır, çünki insanların sağlamlığına xələl gətirir. Məsələn, çörək bişirmək üçün bəzən ikinci və üçüncü sort undan istifadə olunur. Çörəklərin keyfiyyətsiz olması ikinci gün aydın görünür. Bunun üçün mütəxəssis olmaq lazım deyil. Çörək ya kif atır, ya da nəmlənir. Yəni un kartof basillası ilə zəhərlənir. Kartof basillası isə, mütəxəssislər bilir, insan orqanizmi üçün çox təhlükəlidir və hətta xərçəng xəstəliyinə gətirə bilər. Rusiyadan gətirilmiş qara çörək baha da olsa, alırsan, həftələrlə qalır. Bizim “serıy” deyilən çörəyimiz isə qalanda kiflənir. Çörəklərin mağazalara necə daşındığının da hamınız şahidisiniz. Çörəklər mağazaya ya maşının oturacağında, ya da yük yerində daşınır. Nə altdan, nə də üstdən heç nə ilə örtülmür. Çörək əldən-ələ keçir. Sonra da satıcı bizdən yüz əldən keçən çirkli pulu alır və bizə həmin pullara toxunan əllə çörək uzadır. Çox məşhur və yaxşı bir mağaza var, adını demək istəmirəm. Dünən bir həkim mənə dedi ki, oraya getmə, getsən də, oradan kolbasa, sosiska alma. Soruşdum ki, nəyə görə? Dedi ki, o şöbənin satıcısı mənim xəstəmdir. Pisoriaz deyilən dəri xəstəliyinə tutulub. Bağışlayın, o, qaşına-qaşına kolbasa doğrayır, camaata satır. Yaxşı, belə də nəzarətsizlik olar?
Millət vəkilləri bu məsələlərə çox ciddi yanaşmalıdırlar, çünki söhbət bizim və gənclərimizin sağlamlığından gedir. Hesab edirəm ki, biz təcili müvafiq qanunlara dəyişikliklər etməliyik və satış normalarını aşan, onlara riayət etməyən mağaza müdirlərinə qarşı daha ciddi ölçülər, daha sərt cərimələr tətbiq etməliyik. Ərzaq malları satan satıcı tibbi arayış təqdim etməsə, işə qəbul olunmamalıdır. Bir də, təklif edirəm ki, müvafiq nazirlik qarşısında məsələ qaldırılsın və respublikanın çörək bişirilən bütün müəssisələrində ciddi yoxlamalar aparılsın. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Siz təkliflərinizi verin, nəzərə alarıq. Dediyiniz məsələlərdə həqiqət var, amma pisoriaz xəstəliyi yoluxucu deyil, ona görə camaatı qorxutmayın. Əli müəllim, buyurun.
Ə. Əhmədov. Təşəkkür eləyirəm, Oqtay müəllim. Mən də Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının başlanması münasibəti ilə Sizi, bütün parlament üzvlərini təbrik edirəm və inanıram ki, Milli Məclisin yaz sessiyasında da səmərəli fəaliyyət göstərəcəyik, Azərbaycanın inkişafı üçün əhəmiyyətli qanunların qəbul edilməsinə nail olacağıq.
Milli Məclisin yaz sessiyası qanunvericilik işləri planı, hesab edirəm ki, kifayət qədər zəngindir. Bura daxil edilmiş qanun layihələrinin qəbul edilməsi də kifayət qədər əhəmiyyətlidir və güman edirəm ki, bu qanun layihələri yaz sessiyası müddətində müzakirə edilərək, qəbul olunacaqdır.
Bununla yanaşı, mən yaz sessiyası, bəlkə də yaz sessiyasından sonrakı dövr üçün ideya olaraq nəzərdə tutula biləcək bəzi fikirlərimi bildirmək istəyirəm. Burada həmkarım Siyavuş Novruzov çox əhəmiyyətli bir məsələ qaldırdı. Mən bu təklifləri dəstəklədiyimi bildirməklə yanaşı, eyni zamanda, həmin məsələni bir az da genişləndirmək istəyirəm. Bütövlükdə Azərbaycana qarşı ayrı-ayrı dövrlərdə törədilmiş təxribatlar nəticəsində tarixi torpaqlarımızın itirilməsi bir gerçəklikdir və təəssüflər olsun ki, Azərbaycan indiyə qədər torpaqlarımızın on illər ərzində itirilməsi faktını dünyanın diqqətinə çatdıra bilməyibdir. Biz Ermənistan Respublikası kimi tanınan bir ölkənin paytaxtının vaxtilə Azərbaycan şəhəri olması gerçəkliyini dünyanın bütün təşkilatlarına fakt olaraq çatdıra bilməmişik.
Məmnunluq hissi ilə qeyd eləmək lazımdır ki, bir neçə gün bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti bu məsələyə özünün kəskin münasibətini bildirib. Mən hesab eləyirəm ki, bu məsələ bizim hər birimizin hərəkətə gəlməsi üçün bir siqnal olmalıdır. Bu mənada Azərbaycan Respublikası Milli Məclisinin də bu məsələyə öz töhfəsini verməsini mən çox əhəmiyyətli hesab edirəm. Prezidentimizin dəfələrlə qeyd elədiyi kimi, indiki şəraitdə bizim xarici siyasətimiz də, diplomatiyamız da kifayət qədər hücumçu xarakterə malik olmalıdır.
Hörmətli Oqtay müəllim, hörmətli deputatlar, mən bununla əlaqədar bir məsələni də qeyd eləmək istəyirəm. Bu il azərbaycanlıların Ermənistandan kütləvi şəkildə, mərkəzləşdirilmiş qaydada, dövlət siyasətinin nəticəsi kimi deportasiya edilməyə başlanmasının 60 ili tamam olur. 1948-ci ildən həyata keçirilən deportasiya nəticəsində öz tarixi torpaqlarında yaşayan yüz minlərlə azərbaycanlı dövlət qərarı əsasında Ermənistandan çıxarılıb. Bu müdhiş tarixi qərar indiyə qədər yalnız ulu öndər Heydər Əliyevin imzaladığı fərmanla hüquqi-siyasi qüvvəsini alıbdır. Amma deportasiya nəticəsində kütləvi surətdə hüquqları pozulmuş insanların haqlarının bərpa edilməsi istiqamətində əhatəli şəkildə, geniş miqyaslı proqram əsasında işlər aparılmayıb.
Mən xatırlatmağı vacib hesab edirəm ki, Sovet hakimiyyəti dövründə deportasiyaya məruz qalmış əksər xalqlar sonradan öz hüquqlarını bərpa etməyə nail oldular. Bəziləri də öz hüquqlarının bərpa edilməsi istiqamətində indi də müvafiq işlər aparır və bu işlərə də bir sıra beynəlxalq qurumlar qoşulublar. Deportasiyaya məruz qalmış xalqlar içərisində yeganə Azərbaycan əhalisidir ki, onların hüquqlarının bərpa edilməsi istiqamətində hər hansı bir tədbir həyata keçirilməyib və bu günə qədər də bu insanların hüquqlarının pozulması faktı beynəlxalq təşkilatlara çatdırılmayıb.
Mən belə hesab edirəm ki, Milli Məclis bu məsələyə öz töhfəsini verə bilər. Birincisi, Sovet hökumətinin qərarı nəticəsində Ermənistandan kütləvi şəkildə deportasiya edilmiş insanların, onların varislərinin siyahısı hazırlanmalıdır. Köç zamanı nə qədər əmlakın batması, nə qədər insanın mənəvi, fiziki məhrumiyyətlərə düçar olması, öz həyatını itirməsi faktları sənədlər əsasında tərtib edilməlidir. Bu tarixi faktlar deportasiyaya məruz qalmış insanların hüquqlarının bərpa edilməsi, müvafiq beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılması üçün kifayət qədər ciddi əsaslar yaradır. Bu siyahıları tərtib etməklə ən azından beynəlxalq məhkəmələrə müraciət etmək, məsələ qaldırmaq və gec də olsa, həmin insanların, onların ailələrinin hüquqlarının bərpa edilməsi istiqamətində səmərəli fəaliyyət göstərmək mümkündür. Mən sizdən xahiş edirəm ki, Milli Məclisin görəcəyi işlərin proqramına və planına deportasiya olunmuş azərbaycanlıların hüquqlarının bərpa edilməsi istiqamətində müvafiq maddələrin daxil edilməsini nəzərdə tutasınız.
Burada qaldırılan digər məsələlərə də münasibət bildirmək istəyirəm. Əlbəttə ki, qanunvericilik bazasının təkmilləşdirilməsi təbii bir prosesdir. Bu mənada Azərbaycanın Seçki Məcəlləsini, başqa şəkildə desək, seçki praktikasını təkmilləşdirmək baxımından bəzi dəyişikliklərə ehtiyacı var. Amma mən hesab edirəm ki, Azərbaycanın seçki komissiyalarının formalaşdırılması əsaslarının sınaq meydanına çevrilməsinə də yol vermək olmaz. Azərbaycanda 1998-ci ildən bu yana hər seçki kampaniyası başlayan kimi, seçki komissiyalarının konfiqurasiyasının dəyişdirilməsi tələbləri irəliyə sürülüb. Beləliklə də, hər seçki yeni bir seçki komissiyası ortaya çıxarıb. Biz Azərbaycanda seçki komissiyalarının səmərəli fəaliyyət göstərməsini etiraf etməliyik. Amma eyni zamanda, seçki praktikasını təkmilləşdirməkdən ötrü dünyanın heç bir yerində tətbiq olunmayan 4 aylıq seçki kampaniyasının azaldılmasına ehtiyac var. Əlbəttə, bunu eləmək lazımdır. Bizi əhatə eləyən ölkələrin hansında seçki kampaniyası dörd ay müddətində davam edir? Dünyanın heç bir ölkəsində dörd ay davam edən seçki kampaniyasına rast gəlməyəcəksiniz. Yeganə Azərbaycandır ki, seçki kampaniyası dörd ay ərzində keçirilir. Azərbaycan hər beş il müddətində üç seçki keçirir. Bunu dörd aya vuranda beş ilin bir ili tamamilə seçkiyə həsr olunmuş olur. Dünya praktikasını da bura əlavə eləsək, bu məsələnin bizim seçki qanunvericiliyimizi təkmilləşdirmək üçün əsas olduğunu görə bilərik.
“Siyasi partiyalar haqqında” Qanunun dəyişdirilməsinə ehtiyac var və bu, siyasi partiyalar sistemində nizam-intizamın yaradılmasına kömək göstərə bilər. Azərbaycanda bir nəfərin timsalında fəaliyyət göstərən partiyalar var. Mətbuatdan eşidirik, 20 partiya yığışıb bəyanatlar hazırlayır. Bu, 20 nəfərdən ibarət insan qrupudur, amma 20 partiya adından bəyanatlar səsləndirilir. Bəzi hallarda həmin bəyanatlar Azərbaycana o qədər də xoş münasibəti olmayan beynəlxalq qurumların Azərbaycana qarşı rəylərinin formalaşdırılması üçün bəhanə vermiş olur. 20 nəfər 20 partiyanı təmsil eləyə bilər? Bu, 20 nəfərin adından verilən bəyanat olmalıdır. Ona görə mən hesab edirəm ki, “Siyasi partiyalar haqqında” Qanunun təkmilləşdirilməsinə ehtiyac var. Amma güman edirəm ki, bu, parlamentin yaz sessiyasında vaxt baxımından həll edilə biləcək məsələlər deyil.
Eks-prezidentlər haqqında qanun, mən elə hesab edirəm, əhəmiyyətlidir, ancaq burada mütləq şəkildə iki məsələni qeyd eləməliyik. Heydər Əliyevə qədər prezident olmuş insanların hər ikisinə qarşı cinayət işi qaldırılıb və onlar öz işlərini yarımçıq qoyub gediblər. Birinin öz işinin öhdəsindən gəlmədiyinə və gəlmək istəmədiyinə görə, vəzifəsini qoyub getdiyinə görə Azərbaycanda keçirilən referendum nəticəsində səlahiyyətləri əlindən alınıb. Öz vəzifələrini icra edə bilmədiklərinə və cinayətlər törətdiklərinə görə, xalq tərəfindən səlahiyyətlərinə xitam verilən insanlara “eks-prezident” statusunun verilməsi tələbinin irəli sürülməsi nə dərəcədə məntiqə uyğundur? Mən elə hesab edirəm ki, hörmətli millət vəkilləri bu barədə düşünüb-daşına bilərlər. Bir daha bu təkliflərin Milli Məclisin gündəliyində bu və ya digər formada nəzərə alınması xahişi ilə sözlərimi sona çatdırıram. Sağ olun.
Sədrlik edən. Sizin dediklərinizdə həqiqət var. Deyəsən, ermənilərin “8” rəqəmi çox xoşuna gəlir, 1948-ci ildə bir deportasiya, 1988-ci ildə ikinci deportasiya. Həqiqətən, buna da baxmaq lazımdır. Bunlar barədə çox danışılır. Bəxtiyar müəllim, mən istərdim, Yaqub müəllimə söz verim. Yaqub müəllimin vaxtı gəlib çatanda sən danışarsan. Yaqub Mahmudov.
Y. Mahmudov. Çox sağ olun, cənab Sədr. Minnətdarlıq edirəm ki, növbəmdən qabaq danışmağıma icazə verdiniz. Hörmətli Sədr, mən deputat Siyavuş Novruzovun, həmçinin Əli müəllimin çıxışlarında qaldırılan məsələyə münasibət bildirmək istəyirəm. Bu məsələ Azərbaycan üçün taleyüklü məsələdir. Milli Məclisimiz, bütünlüklə xalqımız nəzərə almalıdır ki, ermənilər Azərbaycan xalqına qarşı total hücuma başlayıblar. Bu hücumun, bu informasiya müharibəsinin elə bir hissəsi yoxdur ki, orada ermənilər sözün əsil mənasında həyasızlığa, azğınlığa yol verməmiş olsunlar. Mən çıxışımın əvvəlində sizə bir şəkil göstərmək istəyirəm. Moskva, Trifonov küçəsi. Burada ermənilərə “Yeni Naxçıvan” kilsəsini tikmək üçün 4 hektar ərazi verilib. 4 hektar ərazidə artıq “Yeni Naxçıvan” kilsəsinin tikintisi, demək olar, başa çatdırılıb.
Digər faktlara da diqqətinizi cəlb etmək istəyirəm. İş o yerə gəlib çatıb ki, bütün dünyanın tanıdığı Qara Qarayevi də, bizim ayrı-ayrı musiqi nümunələrimizi də ermənilər öz adlarına çıxır, az qala bütün sənət nümunələrimizə yiyə dururlar. Artıq elə vəziyyət yaranıb ki, biz bunu sakitcə müşahidə eləyə bilmərik. Mən də o fikirdəyəm ki, parlamentimiz bununla bağlı kəskin mövqeyini bildirməlidir. Mənim fikrimcə, bu həyasız iddiaların qarşısını almaqdan, erməni təbliğatına qalib gəlməkdən ötrü hökmən ciddi tədbirlərə əl atmalıyıq. Bu tədbirlərdən birincisi kimi təklif edirəm ki, Azərbaycan xalqının əleyhinə yönəldilmiş tarixi müqavilə və qərarların hamısına hüquqi-siyasi qiymət verilsin. Biz parlamentdə buna öz qəti mövqeyimizi bildirməliyik.
Ermənilər bütün dünyada təbliğat işi aparır, iddia edirlər ki, guya onlar bu regionun ən qədim əhalisidir, guya Azərbaycan xalqı bura haradansa köçüb gəlmədir. Mən parlamentdə bütün məsuliyyətimlə bəyan edirəm ki, ermənilər nəinki Cənubi Qafqaza və Azərbaycana, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmə əhalidir. Bunu mənbələr təsdiq eləyir, tarixin atası Herodot təsdiq eləyir. Bunu ermənilər də eşitsinlər. Herodot təsdiq eləyir ki, ermənilər Balkan yarımadasından, Frigiyadan Van gölünün ətrafına köçüb gəlmiş frigiyalıların nəsilləridir, yəni frigiyalılar ermənilərin ulu babaları hesab olunan tayfalardır. Ermənilərin Cənubi Qafqaza, bizim Azərbaycan torpaqlarına gəlməsi isə dünənin, srağagünün hadisəsidir. Azərbaycan indiki Ermənistan ərazisi ilə əlaqədar öz iddialarını qaldırmalıdır.
Prezidentimiz Ağdamda çıxış elədi və tamamilə haqlı olaraq bildirdi ki, biz informasiya müharibəsini Ermənistanın ərazisindən başlamalıyıq. Mən millət vəkillərinə bildirmək istəyirəm ki, indi Ermənistan ərazisi deyilən ərazi Azərbaycan üçün təkcə itirilmiş ərazi deyil, müqəddəs ərazidir. Mən bunu mötəbər mənbələrə əsaslanıb deyirəm. Məsələn, Uzun Həsənin yazdırdığı oğuznamələrdən birində bizim türkçülüyün, oğuzluğun əsasında duran Oğuz xaqanın Göyçə gölünün sahillərində dəfn olunduğu göstərilir. Bu, təsdiq olunur. Bu, tarixi həqiqətdir.
“Dədə Qorqud” dastanında xanlar xanı Bayandur xanın da orada dəfn olunduğu, orada bizim yaylaqlarımızın, qışlaqlarımızın olduğu təsdiq edilir. Azərbaycan xalqı üçün bu, sadəcə, işğal olunmuş ərazi deyil, müqəddəs bir ərazidir. Ermənilər bu əraziyə, daha dəqiq desək, vaxtilə Üçmüəzzin, indi isə Eçmiədzin deyilən yerə ilk dəfə missioner kimi 1441-ci ildə gəliblər. Yəni o vaxta qədər burada ermənilər olmayıblar.
1828-ci ildə növbəti, əsas mərhələ başlayır. Əlimizdə olan ən tutarlı dəlil köçürmə sənədləridir. 1828-ci ildə Türkmənçay müqaviləsinin 15-ci maddəsi və 1829-cu ildə Ədirnə müqaviləsi ilə ermənilərin İran və Osmanlı torpaqlarından köçürülməsinin əsası qoyuldu. Bizim əlimizdə olan arxiv sənədləri göstərir ki, indiki Qərbi Azərbaycan, keçmiş İrəvan xanlığının ərazisinə hansı gömrük postlarından nə qədər erməni köçürülüb. Bu köçürməyə Qriboyedov başçılıq eləyib. Qriboyedovun yazıları var, Rusiya imperiyasına müraciət edir ki, biz erməniləri Azərbaycan torpaqlarında yerləşdiririk, ancaq nəbadə onları Mərkəzi Rusiya quberniyalarına buraxasınız. Onlar elə bir tayfadır ki, hər məskən saldıqları yerdə 10 il keçəndən sonra deyirlər, buralar bizim ata-baba torpaqlarımızdır. Bunu Qriboyedov deyir və ermənilərin Rusiyaya köçürülməsinin qarşısını alır. İran və Türkiyədən olan ermənilərin hamısını Azərbaycana köçürürlər.
Bununla bağlı daha bir faktı bildirmək istəyirəm. Həmin dövrdə yaşamış məşhur rus rəssamı Maşkov öz rəsm əsərlərindən birində ermənilərin Azərbaycana necə köçürülməsini təsvir eləyib. Bu köçürülməni ermənilərin özləri də vaxtilə təsdiq elədilər – buraya köçürülmələrinin 150 illiyi ilə əlaqədar bizim Ağdərədə 1978-ci ildə abidə ucaltdılar. 1988-ci ildə isə bizə qarşı terror aktları, separatçılıq başlayanda həmin abidədən “köçürülmənin 150 illiyi” sözlərini qoparıb götürdülər. İndi həmin abidə Ağdərə rayonunun ərazisindədir.
Rus alimlərindən Şavrov 1911-ci ildə yazır: “Cənubi Qafqazda, o cümlədən Azərbaycan ərazisində 1 milyon 300 min erməni var. Bunların 1 milyondan çoxunu bura biz köçürmüşük”. Bunu rus tədqiqatçısı yazır. Bu məsələləri erməni tədqiqatçılarının özləri də təsdiq edirlər. Məsələn, Zaven Korkodyan 1932-ci ildə çapdan çıxmış “Ermənistan SSR-in əhalisi” adlı kitabında erməni əhalisinin məskunlaşması tarixini araşdırır və göstərir ki, 1886-cı ildə İrəvan şəhərinin əhalisi 27.246 nəfər olmuş və onun 23.626 nəfərini, yəni 85,2 faizini Azərbaycan türkləri təşkil etmişlər.
Əsas fakt isə 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvanın ermənilərə verilməsi barədə qəbul etdiyi qərardır. Biz Milli Məclisdə bütün əvvəlki müqavilələrə, bütün əvvəlki köçürmələrə, Türkmənçay müqaviləsinin 15-ci maddəsinə, Ədirnə müqaviləsinə, eyni zamanda, bu qərara da münasibətimizi bildirməliyik. Məsələ burasındadır ki, o vaxt verilən bu qərar Azərbaycan üçün səhv qərar idi. Doğrudur, Milli Şuranın üzvlərini məcbur elədilər, təzyiq göstərdilər, ancaq onlar bu təzyiq qarşısında geri çəkilməməli idilər. Milli Şuranın 28 üzvündən 16 nəfər bu qərarı qəbul eləyib. Yəni qərar üçdə iki səs çoxluğu olmadan qəbul edilib. Bir-iki gün sonra, iyunun 1-də İrəvandan olan deputatlar – Mirhidayət Seyidov, Bağır Rzayev, Nəriman bəy Nərimanbəyov protest verdilər ki, bu, qeyri-qanuni qərardır, çoxluq yoxdur və bu qərara təzədən baxılmalıdır. Protest verdilər, amma çox təəssüf ki, 26 nəfər deputat yığışdı, məsələni müzakirəyə çıxarmadılar. Bunların protestini, sadəcə olaraq, protokola əlavə elədilər.
Mənim fikrimcə, bu qanun pozuntuları imkan verir ki, biz o qərara hüquqi-siyasi qiymət verək. Fətəli xan Xoyski bu qərardan sonra xarici işlər naziri Məmmədhəsən Hacınskiyə yazırdı: “Biz ermənilərlə bütün mübahisələrə son qoyduq. Ermənilər vəd elədilər ki, ultimatumumuzu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik.” Buradan göründüyü kimi, Milli Şuranın 16 üzvü əksəriyyətin səs vermədiyi bu qeyri-qanuni qərarı ona görə qəbul eləmişdi ki, ermənilər müharibəni dayandırsınlar, qırğınlara son qoysunlar. Amma ermənilər bu vədlərin əksinə getdilər, qırğınları davam etdirdilər. Yeni-yeni ərazilərimiz tutuldu və Qərbi Azərbaycan torpaqlarından azərbaycanlıların zorla köçürülməsi davam etdirildi.
Bu proses SSRİ dönəmində də davam etdi. O illərdə də ermənilər istədiklərinə nail oldular. 1947-ci il dekabrın 23-də Stalinin imzası ilə SSRİ Nazirlər Sovetinin müvafiq qərarı qəbul olundu və bu qərarla da soydaşlarımızın böyük bir hissəsi o zaman Ermənistan SSR adlandırılan Qərbi Azərbaycandakı ata-baba torpaqlarından köçürüldü. Qeyri-qanuni qərardır. Bu qərara bu gün Milli Məclisdə münasibət bildirib, ona hüquqi qiymət verməliyik. Bundan 50 il keçəndən sonra 1997-ci ildə Heydər Əliyev “Soyqırımlar və deportasiyalar haqqında” Fərman imzaladı. Bütün bunları nəzərə alaraq...
Sədrlik edən. Yaqub müəllim, fikriniz tam aydın oldu. Bu, tək Sizin fikriniz deyil, millət vəkillərinin çoxu bu haqda danışır. Sizin dediyiniz həqiqətlər tarixdə var. Rusiya Duması formalaşanda İrəvandan seçilən deputatların hamısı azərbaycanlılar idi. Bu onu sübut edir ki, İrəvanda ermənilər çox aşağı faiz təşkil edirdi.
İkinci, 16 nəfər deputatın imzası olan yerdə İrəvan deputatının da çıxışı var idi ki, siz isti yerdə oturmusunuz, belə bir qərar verirsiniz, amma fikirləşmirsiniz ki, bir azdan İrəvandan bizi deportasiya edəcəklər. Məsələnin başqa bir tərəfi də var idi. Ermənilər aldatdılar ki, Ermənistanda federativ dövlət olacaq. Aldatdılar, gəldi bu günə çıxdı. Mən hesab edirəm ki, bu çox ciddi məsələdir.
Y. Mahmudov. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, deyin təkliflərinizi.
Y. Mahmudov. Gəlin Azərbaycan Prezidentinin Ağdamdakı çıxışını bəyəndiyimizi bildirək, müdafiə edək. Prezident bildirdi ki, müharibənin ancaq birinci dövrü başa çatmışdır. Ermənilər öz havadarlarının köməyi ilə tutduqları torpaqlarımızın işğalını başa çatmış hesab etməməlidirlər. Bu məsələ bizim informasiya müharibəmizdə əsas olmalıdır.
İkincisi, mən təklif edirəm, köçürmələr haqqında Stalin dekreti də daxil olmaqla, bayaq adını çəkdiyim bütün müqavilələrin ləğv olunması məsələsini qaldıraq, buna hüquqi-siyasi qiymət verək.
Üçüncü məsələ. Azərbaycanın tarixi torpaqlarından zorla köçürülmüş, deportasiya olunmuş azərbaycanlılara öz torpaqlarına qayıtmaq hüququnun verilməsi barədə onların iştirakı ilə beynəlxalq təşkilatlara müraciət olunsun. Çeçenlər torpaqlarına qayıtdılar, məshəti türkləri ilə əlaqədar məsələ də artıq həllini tapmaqdadır. Ancaq Azərbaycan xalqının bu hüququnun pozulması davam edir.
Nəhayət, mən təklif edirəm, hörmətli Sədr, biz Qərbi Azərbaycan deyilən ərazidən, İrəvan xanlığı ərazisindən burada olan mühacir təşkilatlarına hər cür kömək edək ki, onlar mühacir hökuməti yaradaraq, öz torpaqlarına qayıtmaq hüquqlarından istifadə eləsinlər.
Son məsələ. Bizim Milli Elmlər Akademiyasının Tarix İnstitutunda Deportasiyalar, soyqırımları şöbəsi fəaliyyət göstərir. Yeni olmasına baxmayaraq, bu şöbədə ciddi tədqiqatlar aparılır. Milli atlasımızı buraxmışıq, Qarabağ tarixi, Naxçıvan tarixi yazılıb. İndi də İrəvan tarixi yazılıb qurtarmaq üzrədir. Lakin bu araşdırmaları əsaslı şəkildə aparmaqdan ötrü lazımi vəsaitimiz yoxdur. Xahiş edirəm, Milli Məclis işə qarışsın və bizə bu sahədə kömək göstərilsin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Yaqub müəllim, mən hesab edirəm ki, Milli Məclis bu məsələlərlə bağlı bir komissiya yaratmalıdır. Sanballı bir komissiya olmalıdır. Ziyafət müəllimdən xahiş edərik, bu komissiyaya rəhbərlik eləsin.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah bəy, deyəsən, köhnə ampluadasan. Təzə başlamışıq, bismillah eləməmiş... Qənirə xanım, sualınız var? Buyurun.
Q. Paşayeva. Oqtay müəllim, bu həm sual, həm də mənim Sizdən – parlamentin spikerindən xahişimdir. Burada hamı dedi ki, ermənilər bunu edib, onu edib. Mən bilmirəm, biz ermənilərdən nə gözləyirdik. Bizim tarixi düşmənlərimizdir. Onlar bunu edəcəklər. Onlar bizim əleyhimizə təbliğat da aparacaq, əleyhimizə tarix də yazacaqlar. Məncə, indi daha çox müzakirə etməliyik ki, biz nə etmişik. “Biz nəyi etmişik?” sualına cavab axtarsaydıq, daha yaxşı olardı. Hamımız gözləyirdik ki, İrəvanla bağlı əvvəlcə cənab Prezident desin. Cənab Prezident çox sağ olsun, dedi, bu məsələni qaldırdı.
Oqtay müəllim, Siz parlamentdə çox gözəl analitik mərkəz yaradıbsınız. Bu özü vacib bir məsələdir. Bütün dünya bizi haradan oxuyur? Virtual məkandan, internetdən, kitabxanalardan. O analitik mərkəzə tapşırıq verin, incələsinlər, axtarsınlar ki, internet dünyasında Azərbaycanın tarixi və mədəniyyəti, ümumiyyətlə, Qafqazın tarixi ilə bağlı azərbaycanlıların yazdığı nə qədər məqalə var. Hər kəs bizim barəmizdə oxumaq üçün Azərbaycana gəlmir ki. İstədiklərini internetdən tapıb oxuyurlar. Hanı bizim alimlərimizin, mütəxəssislərimizin, institutlarımızın işi? Biz yazmışıqmı ki, başqaları oxumayıb? Vikipediyanı – dünyanın ən böyük virtual ensiklopediyasını, Britaniya ensiklopediyasını açın, baxın. Biz orada hətta Xocalı faciəsi barədə normal məqalələr yerləşdirməmişik. Ermənilər oradakı bütün məqalələrində Albaniyanın tarixinə sahib çıxır, Naxçıvana sahib çıxırlar. Bizim bir normal məqaləmiz orada yoxdur.
Oqtay müəllim, mən xahiş edirəm, Siz o mərkəzə tapşırıq verəsiniz ki, bütün bu internet dünyasını incələsinlər, araşdırıb normal bir hesabat hazırlasınlar, görək biz öz tariximizi, mədəniyyətimizi hansı səviyyədə təbliğ edə bilirik. İngilis dilində, fransız dilində, müxtəlif dillərdə bizim bu tariximizlə bağlı materiallar, kitablar, məlumatlar yerləşdirilsin. Hamımız pul deyirik. Bunlar ki, pulsuzdur. Bunlar ensiklopediyalardır. Kim nə istəyir, yazır, yerləşdirir. Qardaş, heç kəs əlimizdən tutmur ki. Biz də öz məqalələrimizi, kitablarımızı internetdə yerləşdirək. Ermənilər orada Naxçıvanla bağlı həqiqətləri təhrif edən filmə qədər yerləşdiriblər. Biz Naxçıvanın doğru tarixini əks etdirən bir film və ya başqa bir şey yerləşdirmişikmi? Yerləşdirməmişik.
Oqtay müəllim, mən o analitik mərkəzin hesabatlarını oxuyuram. Çox gözəl, çox əhatəli şəkildə işləyə bilir. Bəlkə onu daha da genişləndirmək tapşırığı verəsiniz. Bu cavan, gənc insanlar daimi olaraq lazımi məqalələri müxtəlif dillərə tərcümə etsinlər, kitablar, materiallar hazırlayıb internetdə yerləşdirsinlər, bunları daim yeniləsinlər. Orada bizə qarşı aparılan işi daim nəzarətdə saxlasınlar və ona qarşı müharibə aparsınlar. İnformasiya müharibəsinin ən vacib hissəsi elə virtual məkanda, internet məkanında gedir.
Oqtay müəllim, Sizdən ikinci xahişim də ondan ibarətdir ki…
Sədrlik edən. Qənirə xanım, Siz çıxış etmək üçün yox, sual vermək üçün söz aldınız. Xahiş edirəm...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Analitik mərkəz var, işləyir, çox gözəl sənədlər də hazırlayır. Mən səhv etmirəmsə, onların işlərindən biri həm ingilis, həm də rus dilində millət vəkillərinə paylanılıb. Oxumusunuzmu bunu? Yəni işləyirlər, iş gedir. Biz tənqiddən yox, işi aparmaqdan danışmalıyıq. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən hər birinizə can sağlığı arzulayır və millətimiz üçün faydalı işlər diləyirəm. Cənab Sədr, erməni mövzusu ortalığa gələn kimi həmişə bizim diskussiyalarımız iki rakursda gedir. Biz özümüzü ya həddindən artıq öyür, ya da həddindən artıq aşağılayırıq. İndi çox hörmət etdiyim Qənirə xanımın çıxışında bu elementlər özünü çox göstərdi. Məsələ ondadır ki, Azərbaycan xalqının bütün potensialı yalnız son 10–12 ildə səfərbər olunub. Erməni 100 il ərzində genosid aktının tanınması uğrunda mübarizə aparır. Biz istəyirik ki, 100 illik maneələri birdən aşaq. Ona görə də mən istəmirəm, o söhbətlərin, diskussiyaların axarında davam edim. Mənim ayrı fikirlərim var.
Hörmətli həmkarımız Siyavuş Novruzov çıxışında ilk öncə Naxçıvanla bağlı narahatçılığını dilə gətirdi. Mən çox istəyərdim ki, biz, Azərbaycan parlamentinin üzvləri ən müxtəlif məsələlərlə, o cümlədən Naxçıvanın həyatı və tarixi ilə bağlı diskussiyalar üçün dəyərli müzakirələrin birini, ya da ikisini Naxçıvan Ali Məclisində keçirək. Mən bu təkliflə başlayıram.
İkincisi, cənab Sədr, İrəvanla bağlı bu təkliflər, bu çağırışlar 1997–1998-ci illərdə bəlkə də gündəmə gələ bilərdi. Amma onda nə beynəlxalq məkan üçün, nə də Azərbaycanın daxili həyatında bu dərəcədə yerinə düşmüş kimi hiss olunacaqdı. Çünki onda hələ Qarabağla bağlı siyasi savaşların içərisində idik. Amma indi cənab Prezidentdən başlayan bu çağırışın parlament tərəfindən də səsləndirilməsi yerinə düşür. Mən çox şad oldum ki, bizim hörmətli tarixçilər ilk olaraq bu çağırışa səs verdilər. Hörmətli Yaqub müəllimin başçılığı ilə bir neçə dəfə müxtəlif diskussiyaların şahidi olduq. Kifayət qədər informatik bazamız oldu.
Mən nə demək istəyirəm? Mən çox istərdim ki, biz mübarizəni, sadəcə olaraq, ermənilərin hər növbəti hücumuna əks-hücum kimi aparmayaq. Onlar indi Naxçıvanı ona görə gündəmə gətiriblər ki, Dağlıq Qarabağdan diqqəti yayındırsınlar və onu həzm elətdirsinlər. İndi biz də mübarizəmizi bu istiqamətə yönəltməliyik? Yox. Bunu informasiya müharibəsi kimi aparmalıyıq. Bizim tərəfimizdən informasiya müharibəsi kampaniya xarakteri daşımamalı, bir tarixi mübarizə kimi aparılmalıdır.
Biz çox şadıq ki, bu parlamentin rəhbərliyində əyləşən şəxs bayaqdan bu diskussiyalara qoşularaq o tarixi çox yaxşı bildiyini göstərən hörmətli Oqtay müəllimdir. Mən tərif demirəm, ürəkdən gələn fikirlərimi söyləyirəm. Hörmətli Oqtay müəllim, Azərbaycanın çox dəyərli tarixçiləri bizim itirilmiş torpaqlarımızla bağlı ən müxtəlif materialları gündəmə gətiriblər. Onlardan biri də Sizin atanız mərhum Sabir Əsədovdur.
Biz bu gün parlamentdə bu deyilən komissiya ilə bağlı qərar veririksə, onun qarşısında konkret vəzifə qoymalıyıq. Araşdırmalar, lazımi materiallar Tarix İnstitutunda kifayət qədər var. Biz həmin qərarları qüvvədən salmaq üçün komissiya yaradırıq. Bir çoxları buna ağız büzəcəklər ki, Dağlıq Qarabağı hələ əldə etməyiblər, indi İrəvanın sövdasındadırlar. Bir qisim beynəlxalq qurumlar deyəcəklər ki, bu, siyasi danışıqları pozmaq cəhdidir və sair. Amma biz qərarımızı veririk, addım atırıq. Sizi inandırıram ki, bu, müəyyən dövrdən sonra tarixi nəticələr doğuracaqdır. Biz onu görəcəyik. Çünki nə qədər ki biz ermənilər qarşısında müdafiə mövqeyində durub onları təkzib etməklə məşğuluq, bu, ən azı bərabər nəticələr doğurur. Yəni burada qalibiyyət yoxdur. Mən hesab edirəm ki, burada bizim vahid ümumi milli mövqe var.
Amma ayrı-ayrı tarixçilərimizin müəyyən cəhdlərini də mən gördüm. Buna təəssüflənirəm. Onların arasında bizim parlament üzvləri də var. Onların hər birinin, hörmətli Cəmil müəllimin də, digərlərinin də qələm məhsullarına mən hörmətlə yanaşıram. Cənab Prezidentin hədəfi burada ermənilər idi, Ermənistan idi. Təbii ki, biz sələflərimizin səhvlərini açıq deməliyik. Demokratik Cümhuriyyətin verdiyi o qərar səhv deyilsə, bəs nədir? Buna ayrı nə ad vermək olar? Məncə, Demokratik Cümhuriyyətin yanlış qərarını müdafiə edən həmkarlarımız ermənilərin xeyrinə iki addım atmış olurlar. Birinci, ermənilər bizim üstümüzə həmin arqumentlərlə silahlanıb gəlirlər. İkinci, belə çıxır ki, istənilən çətin tarixi dönəmdə torpaq vermək və bunu Dağlıq Qarabağa da şamil etmək olar. Ona görə də mən istərdim ki, onlar elmi istedad və potensiallarını bu tarixi səhvə bəraət qazandırılmasına yönəltməsinlər. Bəli, səhv olub və bu kimlərisə aşağılayırsa, qoy aşağılasın. Mənə elə gəlir ki, onlar özləri də bu gün sağ olsa idilər, həmin qərarı belə qiymətləndirərdilər. Ona görə də mən hesab edirəm ki, bizim bu məsələyə münasibətimiz belə olmalıdır.
Təbii ki, bu məsələnin qaldırılması üçün beynəlxalq qurumlara çıxmaq lazım gələcəkdir. Məsələnin bu tərəfini qoy hüquqşünaslar aydınlaşdırsınlar. Amma mən mühacir qurumların yaradılmasını təklif etmirəm. Niyə? Çünki bu, dərhal daxili siyasi mübarizə vasitəsinə çevriləcək. Müxtəlif siyasi qüvvələr bu mühacir hökumətindən öz məqsədləri üçün istifadə etməyə cəhd göstərəcək və bu, xeyli qeyri-ciddi söhbətlərə yol açacaq.
Nəhayət, başqa təkliflərimə keçid etmək istəyirəm. Cənab Sədr, bir ay yarımdır ki, Azərbaycan məhkəmələrinin birində İranın ayrı-ayrı şəxslərin timsalında Azərbaycanda apardığı casusluq fəaliyyəti ilə bağlı məsələlərə baxılır. Bəlli olur ki, onlar müəyyən planlara malik olublar. Dövlətçilik əsaslarının sarsıdılması, qeyri rejimin qurulması və sair. Narahat olmayın, mən bununla bağlı sərt çağırışlarla çıxış etməyəcəyəm. Dünən isə bir başqa məhkəmədə Azərbaycanın təhlükəsizlik orqanlarında çalışan yüksək vəzifə sahiblərinin başqa bir məhkəməsi başlanıb. Bəlli olur ki, aeroportun təhlükəsizlik xidmətinə rəhbərlik etmiş bu şəxslər ölkə rəhbərliyinin və hökumət nümayəndələrinin görüşüb söhbət etdikləri otaqlara gizli dinləmə qurğuları yerləşdiriblər və sair. Bəlli olur ki, bu, Rusiyanın ayrı-ayrı xidmət orqanlarının birbaşa sifarişi olub və onlar kifayət qədər dəyərli məlumatlar ötürüblər. Əlbəttə, beynəlxalq aləmdə bu cür casus qalmaqalı ciddi bir beynəlxalq problem kimi özünü göstərmiş olur. İndi mən təklif etmirəm ki, bununla bağlı bəyanat verək, nota verək və ya parlament buna münasibət bildirsin. Sadəcə, hamınızı düşünməyə çağırıram. Mənə elə gəlir ki, bu sonluqla qurtarmağım çoxunun ürəyindən oldu.
Cənab Sədr, mən Azərbaycan–Avropa Şurası münasibətləri ilə bağlı bir neçə fikir söyləmək istəyirəm. Bu dönəmdə hörmətli Səməd müəllimin rəhbərliyi altında, həqiqətən, çox böyük işlər görülməkdədir. Yeri gəlmişkən, mən hörmətli Səməd müəllimi Avropa Şurasının sədarətinə seçilməsi münasibəti ilə təbrik edirəm. Hesab edirəm ki, o, Azərbaycanın mövqelərini gücləndirəcək. Amma Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin bir qiymətini biz parlament olaraq verməliyik. Çünki elə müddəalar var ki, onlar çoxdan yerinə yetirilib, amma təzədən gündəmə gəlir. Siyasi məhbus problemi bunlardan biridir. Mən həmişə hesab etmişəm ki, Azərbaycanda heç kəsi siyasi əqidəsinə görə həbsə atmırlar. Amma məhbuslar ətrafında böyük siyasi kampaniyaların qurulması halları var. Yəni bizdə siyasi məhbus yox, məhbusların siyasiləşdirilməsi problemləri var. Bu, Azərbaycanın üzərində həmişə bir qılınc kimi asılıb və istənilən dönəmlərdə, xüsusilə də seçki dövrlərində işə düşür. Bu çarxın da hər tərəfində özünün maraqları olan qüvvələr var. Partiyalar bu mövzuda təbliğat aparıb, ondan hakimiyyətin əleyhinə bir vasitə kimi istifadə edirlər. İkinci qüvvələrin niyyəti Azərbaycanın üzərində sanki bir zəif bənd oyunudur. Başqa qüvvələrin – QHT-lərin də öz maraqları var. Bu onların qida mənbəyidir.
Cənab Sədr, mən sonuncu təkliflərimi vermək istəyirəm. Parlamentdə, – hər dəfə biz onu söyləyirik, – iş şəraitinin yaxşılaşdırılması ilə, interyerlə bağlı çox böyük işlər gördünüz. Bu, tarixi addımlardır. Hesab edirəm ki, bu gün parlamentin strukturunda siyasi işlərimizlə bağlı bir sıra dəyişikliklərə ehtiyac var. Bizdə olan daimi komissiyaların sayı bizim və millətin bu parlamentdən gözləntilərini tam ödəməyə imkan vermir. Mən müxtəlif sektorlardan deyə bilərəm. Maliyyə, vergi və sair – bunlar hamısı bir iqtisadiyyat komissiyasında cəmləşdirilib. Sənaye, mülkiyyət, tikinti və torpaq sektoru, nəqliyyat, gənclər, ailə, uşaq və qadınlar problemi və sair. Mən hesab edirəm ki, bunların hər biri ayrıca bir daimi komissiyanın obyekti olmağa layiq məsələlərdir. Cənab Sədr, ümidvaram ki, bu təkliflərin hər biri Sizin tərəfinizdən müsbət qarşılanacaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Birinci məsələni artıq 1 saat 10 dəqiqədir müzakirə edirik. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri və media nümayəndələri! Sözsüz ki, yaz sessiyasının iş planına kifayət qədər əhəmiyyətli qanun layihələri, sənədlər daxil edilib və mən də buna səs verdim. Mənim yaz sessiyasında müzakirə olunacaq məsələlərin sırasına bir neçə təklifim var. Güman edirəm ki, bu məsələlərin iş planına salınması əhəmiyyətlidir.
İş planının müzakirəsi göstərdi ki, millət vəkillərini ən çox narahat edən məsələ Ermənistanın Azərbaycana bütün sahələrdə – istər onun ərazi bütövlüyünə, istər tarixinə, istərsə də mədəniyyətinə təcavüzüdür. Bu baxımdan mən təklif edirəm ki, Xocalı soyqırımı ərəfəsində Azərbaycan–Ermənistan münasibətləri, işğal olunmuş torpaqlarımız, ermənilərin Azərbaycanın mədəniyyətinə əl uzatmaları ilə bağlı Milli Məclisin xüsusi iclası keçirilsin. Bu iclasa bizim Milli Elmlər Akademiyasının əməkdaşları da, hökumət nümayəndələri də dəvət olunsunlar. Milli Məclisdə bu istiqamətdə müzakirələr aparılsın. İşğalçı dövlətin parlamentində bu istiqamətdə müzakirələr aparılır, amma təəssüf ki, indiyə qədər Azərbaycan parlamentində yalnız bir dəfə mərhum Prezident Heydər Əliyevin iştirakı ilə belə bir müzakirə aparılıb.
İllər ötür, seçkilər bir-birini əvəz edir. Hər dəfə seçki prosesləri başladığı zaman beynəlxalq təşkilatların Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində fəaliyyətləri zəifləyir və onlar bəyan edirlər ki, növbəti seçkilərdən sonra bu istiqamətdə işlər gücləndiriləcək. Amma hamımız görürük ki, bu gün beynəlxalq təşkilatlar bu problemin sülh yolu ilə ədalətli həllini istəmirlər. Onlar bu münaqişənin bəlkə də dondurulmuş vəziyyətdə qalmasını istəyirlər. Ona görə ki, belə olduğu halda onların bölgəyə müdaxilə imkanları qalır və Azərbaycan kimi dövlətləri onlar daha çox təzyiq altında saxlaya bilirlər. Mənə elə gəlir ki, biz bu barədə ciddi düşünməliyik.
Hər il Azərbaycan Respublikası Milli Məclisində hökumətin hesabatı olur. Amma heç vaxt güc strukturları hesabat vermirlər. Orduda da vəziyyət Milli Məclis tərəfindən müzakirə olunmalıdır. Orduya büdcədən kifayət qədər vəsait ayrılır. Mənim şəxsi qənaətim belədir ki, bu vəsaitdən xüsusilə silah və texnikanın alınmasında səmərəli istifadə olunmur. Ordu rəhbərliyində azəri türklərinin sayı artırılmalıdır. Bu barədə açıq danışmağın vaxtı gəlib çatıb. Orduda bu yaxınlarda bizim MİQ-29 təyyarəsi qəzaya uğradı. Dünyanın istənilən ölkəsində, ən inkişaf etmiş ölkələrdə, ABŞ ordusunda da texnika qəzaya uğrayır. Yəni orduda ən müasir texnika da qəzaya uğraya bilər. Amma gəlin bir düşünək, istismar müddəti başa çatmış təyyarəni yenidən təmir edib almaq bizim üçün nə dərəcədə məqsədəuyğundur. Bu təyyarə 26 milyon dollara alınıb. Halbuki onun təzəsinin qiyməti 31 milyon dollardır. Sonradan Fransadan, başqa ölkələrdən əlavə böyük vəsait hesabına yeni cihazlar alınıb həmin təyyarənin üzərinə quraşdırılır və o təyyarə də gedib qəzaya uğrayır, bizim ən gözəl iki təyyarəçimiz həlak olur. Bu barədə, mənə elə gəlir ki, düşünmək lazımdır. Bu orduya silah alan şəxslərin kimliyi, milli mənsubiyyəti araşdırılmalıdır. Mən belə hesab edirəm ki, ordu ilə bağlı məsələ Milli Məclisin ayrıca müzakirəsinə çıxarılmalıdır. Ölkə Prezidenti də, Milli Məclisin rəhbərliyi də dəfələrlə bəyan edib ki, sülh danışıqları nəticə verməsə, biz torpaqlarımızı bütün vasitələrlə, o cümlədən hərb yolu ilə geri alacağıq. Ona görə də hərb məsələsi təkcə Müdafiə Nazirliyindəki bir-iki nəfərin ixtiyarına verilməməlidir. Milli Məclis də bu məsələyə öz diqqətini yönəltməlidir. Mən təklif edirəm ki, bu məsələ Milli Məclisin ayrıca müzakirəsinə daxil edilsin.
Bundan başqa, bu il seçki ilidir. Oqtay müəllim, keçən il Siz büdcənin müzakirəsi zamanı bəyan etdiniz ki, əmanətlərin qaytarılması ilə bağlı bir komissiya yaradılmalıdır. Mən hesab edirəm, bu, hökumətə başucalığı gətirən məsələ deyil ki, insanların min bir zəhmət ilə qazandıqları vəsaitlər əmanət bankında batır. Bu insanların çoxu yaşa dolub, dünyasını dəyişir. Onlar qocalıqlarında öz vəsaitlərindən istifadə etmək istəyirlər. Mənə elə gəlir ki, yaz sessiyasının gündəliyinə bu məsələni də daxil etməliyik. Mən demirəm ki, o vəsaiti birdən-birə hamıya qaytaraq. Heç olmasa, Qarabağ əlillərinə, şəhid ailələrinə, məcburi köçkünlərə, yaşa dolmuş insanların bir hissəsinə bu vəsaiti hissə-hissə qaytarmaq lazımdır. Bu yaxınlarda Qiymətli Kağızlar Komitəsindən təklif daxil oldu ki, bunu qiymətli kağızlar formasında da qaytarmaq mümkündür. Mənə elə gəlir ki, bu məsələni həll etməyin vaxtı gəlib çatıb.
Bundan başqa, mən həmkarım Arzu Səmədbəylinin qaldırdığı məsələləri dəstəkləyirəm və hesab edirəm ki, bu məsələləri də Milli Məclisin müzakirəsinə çıxarmaq olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Əvvəla, Rusiyanın özü də həmin təlim-naviqasiya sistemlərini Fransadan, Amerikadan, İngiltərədən alıb quraşdırır. Onu biləsiniz. İkinci, söylədiyiniz əmanətlərin qaytarılması barədə. Büdcəni müzakirə eləyəndə komissiya yaratdıq, dedim, hansı millət vəkili istəyir, bu komissiyada iştirak eləsin. Hökumət bunun mexanizmini ortaya qoya bilmir, biz qoyaq. Qoyun mexanizmi, hökumətin hesabatında bu məsələni qaldıraq. Danışmaq yox, ortaya sənəd qoymaq lazımdır. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Möhtərəm Sədr, mən də sessiyaya məhsuldar iş arzulayır və inanıram ki, belə də olacaq. Sözün doğrusu, mən həmişə Milli Məclisin fəaliyyəti haqqında, əsasən, tənqidi fikirlər səsləndirmişəm. Amma hesab edirəm ki, keçən payız sessiyası zamanı Azərbaycanda gedən ictimai-siyasi proseslər qiymətləndirilərək ictimai rəy baxımından dövlət strukturlarının reytinqi müəyyənləşdirilərsə, birinci yerdə, heç şübhəsiz, Milli Məclis olar. Çünki ölkənin kütləvi informasiya vasitələrində, müxtəlif qeyri-hökumət təşkilatlarının tədbirlərində müzakirə olunan mövzuların, demək olar ki, 80 faizi Milli Məclisdə səslənən, müzakirə olunan məsələlər idi. Bununla əlaqədar, hesab edirəm, özümüzü tərifləmək olar.
Sədrlik edən. Pənah bəy, sözünü kəsmək istəmirəm. Amma bu söylədiklərini eşidəndə yadıma düşdü ki, birinci çıxışda demişdin, ən antidemokratik təşkilat Milli Məclisdir. Yadına gəlir?
P. Hüseyn. Yenə həmin fikirdə qalıram. İkincisi, mən konkret olaraq bu gün müzakirə olunan plana baxanda elə onun birinci bəndində bizim sessiyada iştirak etdiyimiz ilk dövrdən qaldırdığımız bir məsələnin yenə problem kimi qaldığını görürəm. Bu məsələni hörmətli İlyas müəllim qaldırmışdı. Konstitusiyanın 96-cı maddəsində qanunvericilik təşəbbüsü subyektlərinin hamısının layihələr təqdim etmək hüququ sadalanır. Lakin Milli Məclis deputatlarının adı iş planında yenə də yoxdur. Bu, olduqca haqsız və qanuna zidd olan bir məsələdir ki, iş planında qeyd olunan qanunvericilik təşəbbüsü subyektlərinin arasında Milli Məclis deputatlarının da olduğu göstərilməmişdir. Şöbə və daimi komissiyaların belə bir hüququ yoxdur.
Bu iş planına salınmamış qanunvericilik aktlarının bəziləri bizim deputatlar tərəfindən Milli Məclisə təqdim olunmuşdu. Məsələn, Siyasi partiyalar haqqında qanun layihəsi il yarımdır ki, təqdim olunub. Seçki Məcəlləsinə dəyişikliklər və əlavələr haqqında qanun layihəsi bizim tərəfimizdən təxminən bir ilə yaxındır ki, təqdim olunub. Əlbəttə, burada müəyyən müsbət hallar da var. Mən keçən ilin sonunda Neft və qaz haqqında qanun layihəsini Milli Məclisin Aparatında qeydə aldırıb, hörmətli Sədrə bu barədə müraciət eləmişdim. Sözün doğrusu, ilk dəfədir ki, bizim verdiyimiz qanun layihəsi belə bir operativ şəkildə hörməli Sədrin imzası ilə daimi komissiyaya daxil olmuşdur. Layihə bu ayın 4-də daimi komissiyada müzakirə edilməli idi. Hesab edirəm ki, Neft və qaz haqqında qanun layihəsinin daimi komissiyada müzakirəsi yalnız texniki səbəblər üzündən təxirə salınmışdır və o, hökmən müzakirə ediləcək. Təqdim edilmiş başqa qanunlar da var. Onların bəzilərinin adları sadalandı. İlyas müəllimin bir neçə qanun layihəsi vardır.
Hörmətli Sədr, nəhayət ki, bu məsələdə qayda-qanun yaradılmalıdır. Deputatların təqdim elədikləri bütün qanun layihələri ən azı daimi komissiyalarda müzakirə olunmalıdır. Onlar barədə müvafiq qərar qəbul edilməli və müvafiq daimi komissiyanın tövsiyəsi ilə birlikdə Milli Məclisin müzakirəsinə təqdim olunmalıdır. Bu baxımdan mən də İqbal bəyin, Qüdrət bəyin adını çəkdiyi qanun layihələrinin məhz bu sessiya ərzində qəbul edilməsini, müzakirə edilməsini xahiş və tələb edirəm. Payız sessiyasında buna vaxt qalmayacaq. Çünki bunlar prezident seçkisi ilə bağlı olan məsələlərdir. KİV-lər haqqında, Sərbəst toplaşma azadlığı haqqında, Seçki Məcəlləsi haqqında, Siyasi partiyalar haqqında qanun layihələri ilk növbədə builki seçkilərə ünvanlanmışdır.
Burada artıq deyildiyi kimi, bu il bir çox siyasi hadisələrin ildönümü qeyd olunacaqdır. Bunlar parlamentin 90 illiyidir, cümhuriyyətin elan olunmasının 90 illiyidir, Bakının Azərbaycan–Türkiyə Silahlı Qüvvələri tərəfindən ermənilərdən azad olunmasının 90 illiyidir. Müxalifət üçün əlamətdar ildir – Əbülfəz Elçibəyin anadan olmasının 70 illiyidir. İqtidar üçün də çox əlamətdar bir hadisə Heydər Əliyevin anadan olmasının 85 illiyidir. Hesab edirəm ki, belə bir ildə çox mühüm, əhatəli bir amnistiya layihəsinin işlənib hazırlanması və bunun üçün indidən qanunvericilik işinin başlaması olduqca vacibdir. Bizim deputat qrupu bu işdə iştirak etməyə hazır olduğunu bildirir. Biz özümüz də müvafiq layihəni təqdim edəcəyik.
Xüsusən vacib olan məsələlər sırasında mən yenə əmanətlərin qaytarılması məsələsini qaldırmaq istəyirəm. Oqtay müəllim, açığını deyək ki, bu məsələ Milli Məclisin işçi qrupuna tapşırılanda o bunu, əslində, başından eləyib Milli Məclisə ötürdü və hökumət də məsuliyyəti Milli Məclisin üzərinə qoydu. İndi bir neçə il də burada keçəcək. Halbuki Heydər Əliyevin məlum fərmanları vardır, ölkəmizin imzaladığı beynəlxalq müqavilələr vardır ki, SSRİ dövründən qalmış daxili borclara görə, varislik prinsipinə görə Azərbaycan məsuliyyət daşıyır. Bütün bunlardan sonra indi texniki məsələ olan bir neçə variant da işlənib hazırlanmışdır. Guya bunun mexanizminin hazırlanması adı ilə bu məsuliyyətin Milli Məclisin üzərinə qoyulması hökumət tərəfindən çox ustalıqla həyata keçirilmiş bir manevr idi. Sadəcə olaraq, hökumət əhalinin əmanətlərini vermək istəmir. Mən söz verirəm ki, ay yarım ərzində müvafiq qanun layihəsini, – indi onun müzakirəsi necə olacaq, deyə bilmərəm, – Sizə təqdim eləməyə hazırıq.
Nəhayət, mən bu gün burada ciddi müzakirə olunan məsələyə keçirəm. Bilirsiniz, gəlin, düşmənə qarşı hər hansı bir cəbhəni açarkən birinci növbədə özümüzlə vuruşmağa başlamayaq. O halda biz uduzacağıq, necə ki həmişə bu məsələlərdə uğursuzluğa məruz qalmışıq. Biz istiqlal liderlərimizin – bu dövləti yaradan qurucuların adına hər hansı bir kölgə salınmasının, onların aşağılanmasının qəti əleyhinəyik və buna qəti etirazımızı bildiririk. Onlar bu dövləti yaradıb bizə əmanət qoyub getdilər. Tarixi sərhədlərimizin bərpası isə bizim borcumuz və bizdən sonrakı nəsillərin borcudur. Hər bir millət üçün müqəddəs olan hadisələr, tarixlər, məfhumlar vardır. Onlardan biri də bizə bu istiqlaliyyəti vermiş, bu dövləti qurmuş, yaratmış insanlardır, onların əməlləridir.
Müqavilələr məsələsinə gəlincə, – hörmətli tarixçilərimiz də danışdılar, – 1921-ci il Sovet–İran müqaviləsindən əvvəlki bütün beynəlxalq müqavilələr, Rusiya ilə İran arasında bağlanmış bütün müqavilələr qüvvədən salınıb. Bu, beynəlxalq hüquq tərəfindən qəbul edilib. Yenidən özümüzə problem yaratmayaq. Bunların hamısı qüvvədən düşüb. Bütün bu məsələlərin, o cümlədən Azərbaycan və Ermənistan arasında sərhəd məsələlərinin kökü Rusiya məsələsini müzakirə eləyən dünya dövlətlərinin Birinci dünya müharibəsindən sonra toplaşdığı Versal sülh konfransına gedib çıxır. Burada Milli Şuranın, hansısa bir qurumun hansı şəraitdəsə verdiyi qərarlara istinad edərək, bunu daxili ideoloji çəkişmələrə çevirməyi yolverilməz hesab edirəm.
Hörmətli dövlət başçısının bu barədə bəyanatına gəlincə, etiraf edim ki, bu barədə müxtəlif fikirlər və rəylər vardır. Amma çox cəsarətli bir bəyanatdır. Bu bəyanatın sonunun hara gedib çıxacağı hələ bir çoxları üçün qaranlıq görünə bilər. Amma hər halda, dövlət başçısı, Prezident tərəfindən BMT üzvü olan digər bir dövlətin ərazisi, paytaxtı haqqında fikir səslənirsə, yəqin ki, bunun ciddi əsasları vardır. Onda gəlin, bunun elmi, tarixi, hüquqi əsaslarını ortaya qoyaq. Amma bir daha təkrar edirəm, heç bir torpaq kağız üzərində verilmir və kağız üzərində alınmır. Hamımıza aydın həqiqətdir, biz dövlətimizi gücləndirsək, daxildən milli həmrəyliyi artırsaq, ortalığa güc və qüdrət qoysaq, bütün tarixi torpaqlarımızı geri qaytara biləcəyik. Bu istiqamətdə iqtidarın atacağı hər hansı bir addım olacaqsa, Azərbaycanda hansı siyasi qüvvənin hakimiyyətdə olmasından asılı olmayaraq, Azərbaycan müxalifəti, Azərbaycanın demokratik qüvvələri o məsələdə yüzdə yüz, qeyd-şərtsiz onlarla bir yerdə olacaq.
Mən sonda bir məsələyə də toxunmaq istəyirəm. Biz bir ay ərzində tətildə idik, seçicilərimizlə görüşlərimiz vardı. Xeyli seçici sorğuları məktəblərin soyuq olması, yolların çəkilməməsi və işıq məsələsi ilə bağlıdır. İşıq məsələsində, düzdür, Sabirabadda müəyyən irəliləyişlər var. Mən yaxşı işləri də deməyə hazıram. Amma bu sahədə vəziyyət yenə bərbad olaraq qalmaqda davam edir. Görün, Bakının özünü qar və yağış hansı vəziyyətə saldı. İndi biz İrəvanı almağa hazırlaşmırıq. Mənə elə gəlir ki, ilk növbədə Bakının qazını, işığını taraz eləmək istiqamətində xeyli addımlar atılmalıdır. Deyəcəyimiz sözlər vardır. İnşallah, gələn iclasda bu məsələyə qayıdacağıq. Mənim sabirabadlı seçicilərim də bilsinlər ki, onların bütün qayğılarını və problemlərini Milli Məclisdə qaldırıb həll olunmasına çalışacağıq. Təşəkkür edirəm.
Sədrlik edən. Pənah bəy, görürəm, bizim iclasda çox böyük irəliləyişlər var. Müsbət işləri də yavaş-yavaş görməyə başlayırıq. Mən Sizin birinci fikrinizlə tamamilə razıyam. Deputatın qanunvericilik təşəbbüsü hüququ barədə müddəanı iş planına salmaq olar. Salınmayıb, çünki həm Konstitusiyada, həm də “Deputatın statusu haqqında” Qanunda yazılıb ki, deputatın qanunvericilik təşəbbüsü hüququ var. İş planında göstərilən təşkilatlar Milli Məclisdən kənar təşkilatlardır.
İkincisi, Sizin verdiyiniz təklifə Milli Məclis reaksiya verib, komissiyada baxılacaq. Eynilə bütün millət vəkillərinin verdiyi təkliflər Milli Məclisin komissiyaları tərəfindən müzakirə olunub, bütün millət vəkillərinə cavablar verilib. Hansı məsələlər ki komissiyalara verilib, komissiya onun üzərində işləyir, o haqda məruzə ediləcək.
Bir millət vəkilinin verdiyi təkliflər gündəlikdə öz həllini tapıb. Ancaq bu o demək deyil ki, təklif verilən kimi gündəliyə düşməlidir. Bu təklif komissiyadan keçməlidir, ölçülüb-biçilməlidir, təşkilatlarda işlənməlidir. Onların hamısının cavabı var. Mən səhv eləmirəmsə, Səfa müəllim, təkliflə çıxış eləyən bütün deputatlara cavablar verilib, elədirmi?
S. Mirzəyev, Milli Məclis Aparatının rəhbərı.
Bəli, verilib.
Sədrlik edən. Musa Quliyevə söz verək, sonra səsə qoyaq. Saat yarımdır, bir məsələni müzakirə edirik.
M. Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İlk öncə onu deyim ki, İrəvan və Qərbi Azərbaycandakı digər torpaqlarımızla bağlı burada məndən öncə çıxış edən deputatların çıxışlarında səslənən bütün fikirlərlə mən tamamilə şərikəm. Hörmətli cənab Sədr, belə bir komissiyanın və işçi qrupunun yaradılması ilə bağlı Sizin qərarınızı da ürəkdən dəstəkləyirəm. Bu mövzuda çox danışıldığından vaxtı almamaq üçün bu barədə fikirlərimi, yəqin ki, işçi qrupuna verərəm və müzakirədə deyərəm.
İndi isə xalqımızın həyatı üçün vacib bir məsələni diqqətinizə çatdırmaq istərdim. Bu məsələ yaxın günlərdə həllini tapmasa, dərman təchizatı sahəsində bizim bir fəlakətlə üzləşə biləcəyimiz məni burada həyəcan təbili çalmağa vadar edir. Hörmətli cənab Sədr, məlumdur ki, “Dərman vasitələri haqqında” Qanun 2006-cı il dekabrın 22-də qəbul olunub və qüvvəyə minib. Həmin qanunun iki maddəsi isə istisna təşkil edib. Bunlar, yəni 6.1-ci və 7.2-ci maddələr martın 1-də qüvvəyə minəcək. Bu maddələrdə deyilir ki, Azərbaycan Respublikasında qeydiyyatdan keçməmiş dərman vasitələrinin ölkəmizə gətirilməsi, burada saxlanılması, satışı və sertifikatlaşdırılmamış dərman vasitələrinin satışı qadağandır. 10 ildən artıq müddətdir ki, Azərbaycanın səhiyyə sistemində 6 mindən çox dərman vasitəsində istifadə olunur. Bu 6000 dərmandan yalnız 3000-i qeydiyyatdan keçib, qalan 3000-i qeydiyyatdan keçməyib. Təsəvvür edin ki, bir aydan sonra 3000 dərmanın aptek şəbəkələrindən çıxarılması uzun illər həmin dərmanlarla müalicə olunan insanların vəziyyətinə necə təsir edəcəkdir. Bu, xüsusilə xroniki xəstələr, uşaqlar və cərrahi əməliyyata hazırlaşan insanlar üçün fəlakət deməkdir.
Heç kəsin günahı deyildir ki, Səhiyyə Nazirliyi ona verilən vaxtdan səmərəli istifadə etməyib, həmin dərmanları qeydiyyatdan keçirməyib. Bu dərmanların hamısı keyfiyyətlidir, hamısından neçə illərdir, Azərbaycanda istifadə olunur. Sadəcə, bizim qəbul etdiyimiz qanuna görə, onlar martın 1-nə qədər Azərbaycanda qeydiyyatdan keçməli idi. Belə çıxır ki, bir aydan sonra Azərbaycanın aptek şəbəkələrindəki bütün dərmanların 50 faizi şəbəkədən çıxarılacaq. Bu dərmanları böyük xərc çəkib ölkəmizə gətirən sahibkarlar onları saxlamağa görə də, satmağa görə də cinayət məsuliyyəti daşıyacaqlar. Demək, Azərbaycan əhalisinin tam yarısı dərman təchizatından kənarda qalacaq. Bu çox təhlükəli məsələdir və bunun çıxış yollarını axtarıb tapmaq lazımdır.
Məsələnin başqa tərəfi də var. Əgər sahibkarlar milyonlarla xərc çəkib, gömrük haqqı, viza, digər vergi haqlarını ödəyib, bu dərmanları ölkəyə gətiriblərsə, heç bir sahibkar istəməyəcək vəsaiti batsın. O dərmanlar qeyri-qanuni, qeyri-leqal şəkildə əhalinin aztəminatlı sosial təbəqəsinə satılacaq. Küçələrdə satılacaq, bloklarda satılacaq, həkimlərin vasitəçiliyi ilə qeyri-qanuni şəkildə satılacaq və bu da dərmanların dövlət nəzarətindən çıxmasına səbəb olacaq. Digər tərəfdən, sahibkarın günahı deyil ki, Səhiyyə Nazirliyi öz öhdəliyini yerinə yetirməyib.
Mən düşünürəm ki, bu problemin həlli üçün ciddi tədbir görmək lazımdır. Hörmətli sədarətdən xahiş edərdim, Milli Məclis Aparatının rəhbəri Səfa müəllimə, bizim komissiya, Sosial qanunvericilik şöbəsinə tapşırsın ki, bu vəziyyətdən çıxış yolu axtarıb tapsınlar. Yoxsa bir aydan sonra bu sahədə ciddi gərginlik yaranacaq. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun, buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.33 dəq.)
Lehinə 88
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1  
İştirak edir 90
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin ikinci məsələsi Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqındadır. Layihə sizə paylanılıb. Komissiyanın tərkibinə etiraz yoxdur? Daxili Nizamnaməyə görə biz komissiya üzvlərini hər il yaz sessiyasında yenidən seçməliyik. Siyahı sizə verilib, komissiyada siyahıya baxılıb. Pənah Hüseyn.
P. Hüseyn. Hörmətli Ziyafət müəllim, mən bir dəfə də ilin əvvəlində bu barədə çıxış etmişdim və Milli Məclisin rəhbərliyi bunu nəzərə alacağını bildirmişdi. Bizim çıxışımızın mahiyyəti ondan ibarət idi ki, komissiyaya təqdim olunmuş şəxslərə aid hər hansı ayrıca fikrimiz yoxdur. Amma nəzərə alaq ki, deputatların sayına görə Müsavat Partiyası Yeni Azərbaycan Partiyasından sonra ikinci siyasi partiyadır. Müsavat Partiyası rəsmən qeydə alınmasa da, de-fakto fəaliyyət göstərir, daxili və ümumiyyətlə, ictimai-siyasi həyatda da təmsil olunur, tanınır. Ona görə xahiş etmişdik ki, İntizam komissiyasında müsavatçı deputatların da bir nümayəndəsi təmsil olunsun. Bir daha xatırladıram, stenoqramda da var, Milli Məclisin hörmətli Sədri demişdi ki, gələn il bu, nəzərə alınacaq. Ona görə xahiş edirik ki, həmin şəxslər siyahıda qalmaqla, ya Arzu Səmədbəyli, ya da İkram İsrafilov həmin komissiyanın tərkibinə daxil edilsin və ümumi səsə qoyulsun.
Sədrlik edən. Biz siyahıda göstərilən şəxslərin müzakirəsini keçirək, həmin məsələni sonra müzakirə və əlavə etmək də olar. Mən burada müzakirə üçün problem görmürəm. Bu siyahıya, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 13.36 dəq.)
Lehinə 85
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 2  
İştirak edir 89
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqındadır. Siyahı siz paylanıbdır, komissiyanın tərkibi məlumdur. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 13.36 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0 
İştirak edir 84
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Dördüncü məsələ Ramiz Süleymanovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqındadır. Əli Hüseynov, buyurun, məlumat verin.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
 Çox sağ olun, hörmətli Ziyafət müəllim. Məlumat üçün bildirmək istəyirəm ki, bu məsələ Məhkəmə Hüququ Şurasında müzakirə edilmiş və cənab Prezidentə təqdim olunmuşdur. Cənab Prezident, gördüyünüz kimi, Ramiz Rəhim oğlu Süleymanovun namizədliyini Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi vəzifəsinə irəli sürmüşdür. Sizə Ramiz müəllimin xidməti fəaliyyəti haqqında arayış təqdim olunmuşdur. Yeganə onu demək istəyirəm ki, Ramiz müəllim 1993-cü ildən hakim vəzifəsində çalışıb, son 10 ildə isə Naxçıvan Ali Məhkəməsinin sədri olmuşdur. Təsadüfi deyil ki, o, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri kimi, eyni zamanda da, Məhkəmə Hüquq Şurasının üzvüdür. Son dövrlərdə həyata keçirdiyimiz məhkəmə-hüquq islahatlarının birbaşa iştirakçılarından biridir və hər zaman özünün həm peşəkar hazırlığı, həm də hakimlik etikası ilə seçilmişdir. Ona görə mən həmkarlarımdan Ramiz Rəhim oğlu Süleymanovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə yenidən seçilməsi məsələsinə səs verməyi xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Buyurun, İsa müəllim.
İ. Həbibbəyli. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli Milli Məclis üzvləri! Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülən Naxçıvan MR Ali Məhkəməsinin sədri Ramiz Süleymanov təcrübəli hüquqşünas kimi özünü təsdiq edib. O, cənab Prezident tərəfindən “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adına layiq görülüb. Ramiz Süleymanovun məhkəmə orqanlarında da kifayət qədər təcrübəsi vardır. O, sadə, sıravi hakimlikdən rayon məhkəməsinin sədrinə və Naxçıvan MR Ali Məhkəməsinin sədrinə qədər çox şərəfli və məsuliyyətli bir yol keçib. Bütün vəzifələrdə də özünü dövlətçiliyimizə sədaqətli bir hüquqşünas kimi təsdiq edib. Ramiz Süleymanovun dövlətçilik təcrübəsi də, təşkilatçılıq qabiliyyəti də bütün mənəvi keyfiyyətləri ilə birlikdə ona yenidən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə etimad göstərilməsinə əsas verir. Mən deputat həmkarlarımı Ramiz müəllimin bu vəzifəyə yenidən təyin edilməsinə səs verməyə çağırıram. Ziyafət müəllim, bir neçə kəlmə bu gün parlamentdə səslənən Naxçıvan – İrəvan məsələsi barədə də...
Sədrlik edən. Həmin məsələ bitdi. Amma çox qısa, xahiş edirəm.
İ. Həbibbəyli. Naxçıvan Muxtar Respublikasında çalışıb yaşayan alimlər tərəfindən Naxçıvan diyarının 5 min illik yaşını təsdiq edən sənədlər, tarixi materiallar, arxeoloji materiallar üzə çıxarılıb. Elə bilirəm ki, ulu əcdadlarımız tərəfindən Naxçıvan şəhərinin əsasının qoyulması haqqında əldə olunan elmi nəticələr bu torpağa iddia edənlərə ən yaxşı cavab olacaqdır.
İkinci, “Naxçıvan abidələri” adlı bir ensiklopedik nəşr hazırlanır. Naxçıvanda 1157 abidə qeydə alınıb, bunların heç biri Ermənistana aid deyil, hamısı qədim Azərbaycan memarlıq nümunələridir. Məndə İrəvan şəhərinin tarixi haqqında vaxtı ilə arxivlərdən əldə etdiyim XIX əsrin mənbələrinə aid tarixi sənədlər var. Mən bu barədə cənab Prezidentin fəaliyyətini dəstəkləyirəm. Mətbuatda çıxış edəcəyəm. Yaradılacaq yeni komissiyaya mənim də daxil edilməyimi xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən təklif edirəm, səsə qoyaq. Ramiz müəllim tanınmış hüquqşünasdır, hamımız onu tanıyırıq.
Sədrlik edən. Sağ olun. Çox yaxşı təklifdir. Mən özüm də şəxsən Ramiz müəllimi tanıyıram, uzun illərdir əməkdaşlıq edirik. Ona görə də bu məsələni səsverməyə qoymaq olar. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 13.41 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0 
İştirak edir 90
Nəticə: qəbul edildi

Yekdilliklə qəbul edildi, sağ olun. Ramiz müəllim, Sizi Milli Məclis adından təbrik edirik və işlərinizdə uğurlar arzulayırıq!
Beşinci məsələ Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Birgə Bəyannamənin təsdiq edilməsi haqqındadır. Səməd Seyidov, buyurun.
S. Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri.
Çox sağ olun, Ziyafət müəllim. Doğrudan da, çox vacib və həyati əhəmiyyət kəsb edən bir sənəddir. Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında 2007-ci il noyabr ayının 6-da Bakı şəhərində imzalanmış Birgə Bəyannamə əhatəli, geniş, bir neçə bölmədən ibarət olan strateji bir sənəddir. Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Birgə Bəyannamə ümumi qarşılıqlı maraq kəsb edən məsələlərlə başlayır və iki qardaş ölkə arasında əlaqələr, görülən və görüləcək işlər haqqında konkret məlumat verilir. Sonra isə Birgə Bəyannamənin bölmələri üzrə çox vacib, çox əhəmiyyətli olan məsələlər gündəmə gətirilir.
Birinci bölmədə strateji məsələlər və onların içərisində, təbii, Dağlıq Qarabağ problemi, təhlükəsizlik problemi terrorçuluğa və ekstremizmə qarşı birgə mübarizənin növləri və birgə mübarizə ilə əlaqədar görülmüş və görüləcək işlərlə bağlı və sair məsələlər göstərilir.
İkinci bölmədə hər iki dövlətin təhlükəsizlik məsələləri və beynəlxalq təşkilatlarda təhlükəsizlik məsələləri ilə bağlı təşəbbüslər əksini tapıb. Çox sevindirici haldır ki, Türkiyə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müvəqqəti üzv olmaq üçün öz namizədliyini irəli sürüb və Azərbaycanın dəstəyini qazanıb. Azərbaycan orada iştirakı ilə Türkiyənin dəstəyinə nail olub.
Üçüncü bölmədə ticarət və iqtisadi əlaqələr geniş şəkildə təhlil olunur. Hamımıza çox gözəl bəlli olan Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, Bakı–Tbilisi–Qars və başqa qlobal iqtisadi layihələr haqqında geniş, ətraflı məlumatlar verilir.
Dördüncü bölmə humanitar məsələlərə həsr olunub və bu məsələlər öz əhəmiyyəti, rolu ilə heç də başqa məsələlərdən əskik deyil.
Komissiyada müzakirələr zamanı hər bir söz, hər bir cümlə təhlil olunmuş, bəyannamə çox vacib, əhəmiyyətli bir sənəd kimi qiymətləndirilmişdir. Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətlərinin bu səviyyədə olması başqa ölkələr üçün bir nümunədir. Ona görə bu bəyannamənin Azərbaycan və Türkiyə maraqlarına tam uyğun gəlməsi ilə razıyıq və bunun parlamentdə təsdiq olunmasına tərəfdarıq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Səməd müəllim. Hörmətli deputatlar, sizdən xahişim var. Fasiləyədək 15 dəqiqə vaxtımız qalıb. Mən çıxışlar üçün 10 dəqiqəlik vaxtı azaltmaq fikrində deyiləm. Sadəcə, xahişim budur ki, bir az qısa çıxış etməyə çalışaq, çıxış etmək istəyənlərə də vaxt çatsın. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Sizin çağırışınızı qəbul edirik, çıxışımı 3 dəqiqə ərzində yekunlaşdıracağımı bildirirəm. Bu gün, sadəcə, iki ölkə arasındakı bəyannaməni müzakirə etmirik. Bu sənədlə tanış olduqdan sonra onu, ümumilikdə, Türkiyə və Azərbaycan arasında dostluq, əməkdaşlıq və qardaşlıq haqqında yeni bir müqavilə də hesab etmək olar. Əhatə dairəsinə, məqsədlərin qoyuluşuna və dərinliyinə görə bu gün iki dövlət arasında mövcud olan yüksək səviyyəni daha da yüksəkliyə qaldırmaq üçün bütün potensialı işə salır. Heç bir sahə, istər iqtisadi sahə, istər humanitar sahə, istərsə də beynəlxalq aləmdə əməkdaşlıq diqqətdən kənarda qalmamalıdır. Bu gün Türkiyə və Azərbaycanın qarşısında duran məsələlərin sıralanması və birgə əməkdaşlığın artırılması məsələsi önə çəkilmişdir.
Bu sənəd bir daha göstərir ki, Türkiyə və Azərbaycan bundan sonra da dostluq və əməkdaşlığı genişləndirmək üçün bütün potensiallardan istifadə edəcəklər. Diqqəti cəlb edən məsələlərdən biri də ondan ibarətdir ki, birinci bölmədə verildiyi kimi, tərəflər iki dost və qardaş ölkə arasında strateji əməkdaşlığın səmərəli şəkildə inkişaf etdirilməsindən və yüksək siyasətin həyata keçirilməsindən məmnunluq ifadə edirlər. Bu onu göstərir ki, bu gün Türkiyə və Azərbaycan arasında anlaşılmaz hər hansı bir məsələ yoxdur. Bu gün Türkiyə üçün hər hansı bir təhlükə Azərbaycan üçün də təhlükəlidir. Bu gün Azərbaycanın hər hansı bir uğuru Türkiyənin uğurudur.
Bununla bərabər bir məsələni xüsusi qeyd etmək istəyirəm. Təsadüfən mən birinci çıxış edəsi oldum, amma hesab edirəm ki, məndən sonra çıxış edəcək müxalifət deputatları bu məsələyə toxunacaqlar. Baxmayaraq ki, bəyannaməni biz bu gün təsdiq edirik, amma uzun müddətdir, mətbuatda, o cümlədən parlament divarları arasında bu bəyannamədə “PKK” sözünün olub-olmayacağı və yaxud da bu məsələ barədə Azərbaycan tərəfinin qəti sözünün... Mən hesab edirəm ki, bu bəyannamə həmin spekulyasiyalara birdəfəlik son qoyur. Burada terrorçuluqla mübarizədə səylərin artırılması, birgə əməkdaşlıq barəsində fikrin bildirilməsi göstərir ki, Azərbaycan nəinki bu gün Türkiyə üçün təhlükə törədən PKK-ya qarşı, ümumilikdə, Türkiyəyə qarşı istənilən təhlükə və terrorçuluq əleyhinə birgə mübarizə aparmaq fikrindədir.
Digər tərəfdən, bu gün bizim dostluğumuz və əməkdaşlığımız elə yüksək səviyyədədir ki, biz Türkiyənin qəbul etdiyi məsələləri ayrıca olaraq müzakirəyə qoymaq fikrində deyilik. Bu gün Türkiyə əgər hansısa bir məsələdə özünə təhlükə görürsə, bunu müzakirə etmədən qəbul etmək artıq Azərbaycanın mövqeyidir. Bu gün Türkiyə hansısa məsələni özünə strateji istiqamətlər hesab edirsə, bunlar artıq Azərbaycanın strateji istiqamətlərindəndir. Məsələnin bu cür verilməsi düzgündür.
Bir müddət əvvəl bu məsələ ilə bağlı yaratdığımız komissiyanın da gəldiyi yekdil qərara, yəni cənab Prezidentin imzaladığı bəyannaməyə səs verməklə həmin məsələyə münasibət bildirmək tamamilə düzgündür. Mən hesab edirəm ki, bəyannamə Azərbaycan və Türkiyə arasındakı münasibətləri xarakterizə edir, eyni zamanda, bundan sonra da uzun müddət bu əməkdaşlığın davam etdirilməsinə birgə səylər göstərildiyini əks etdirir. Sənədin parlament tərəfindən təsdiq edilməsinə tərəfdaram.

Azərbaycan  Respublikası Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, bu gün, bilirsiniz ki, gündəliyimizdə 18 məsələ qoyulmuşdur. Axşam da tədbir var. Bütün millət vəkilləri həmin tədbirə dəvətlidirlər. Əgər etiraz etmirsinizsə, fasiləsiz işləyək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hesab edirəm ki, Türkiyə və Azərbaycan respublikaları arasında Birgə Bəyannamənin təsdiq edilməsi uzun müddətdir, həm millət vəkilləri, həm də ictimaiyyət tərəfindən gözlənilən bir sənəd idi. Bu gözlənilən sənədlərin arxasında həm də bəzi siyasi məqamlar da dayanırdı, cəmiyyəti narahat edən bəzi problemlərin belə bir bəyannamənin qəbulu ilə öz həllini tapacağına ümid var idi.
Bu məsələlərdən ən başlıcası isə Türkiyə Respublikası Prezidentinin Azərbaycana səfəri ərəfəsində PKK ilə bağlı səslənən fikirlər, o cümlədən dünyanın ayrı-ayrı dövlətlərinin PKK-ya açıq münasibətindən doğan bir gözlənti idi. Bu gözləntinin müqabilində hesab olunurdu ki, Azərbaycan Respublikası da, nəhayət, PKK-nı terrorçu təşkilat kimi tanıyacaq. Bu məsələ parlamentdə uzun müddət müzakirə olundu, bundan ötrü komissiya da formalaşdı və sair. Nəhayət, kütləvi informasiya vasitələrinə, ictimaiyyətə məlumat verildi, o cümlədən Milli Məclisdə də bir neçə dəfə fikir səsləndi ki, prezidentlərin imzaladıqları Birgə Bəyannamədə bu məsələ öz əksini tapıb.
Bu gün mən bəyannaməni diqqətlə oxumuşam, terrorçuluğun, ekstremizmin bütün forma və təzahürlərinə qarşı birgə mübarizə, beynəlxalq səylərin artırılması və qətiyyətli addımların birgə atılmasının vacibliyi qeyd olunur. Məsələnin mahiyyəti bunda deyil. Azərbaycan və Türkiyə onların ərazisində baş verən hər hansı bir hadisəyə bu və ya digər şəkildə laqeyd qalmayıb. Amma söhbət PKK-nın terrorçu təşkilat kimi tanınmasından gedir və bunun üçün birgə bəyannamə ilə yanaşı, ayrıca bir sənədin qəbul olunması həm Azərbaycan ictimaiyyəti, həm də Azərbaycan millət vəkilləri üçün çox vacib, önəmli bir məsələdir. Niyə önəmli məsələdir?
Adicə bir həqiqəti qeyd etmək istəyirəm. Yaxın günlərdə “Diplomat” qəzetinin redaktoru Tahir Süleyman adlı biri “PKK kürdlərin qürur mənbəyi və milli azadlıq mübarizəsi təşkilatıdır” adlı bir müsahibə verib. Artıq 2–3 nömrə dalbadal bu yazı çap olunur. Bəli, Azərbaycanın hüquq mühafizə orqanları əllərində rəsmi sənəd olmasa, Azərbaycan tərəfi PKK-nı rəsmi terrorçu təşkilat kimi tanımasa, bu adam haqqında heç bir tədbir görə bilməz. Əgər bu gün Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, Türkiyə PKK ilə bağlı bu fikirdə bulunan və bunu təbliğ edən, yayan bir şəxsə qarşı terrorçu təşkilatın məqsəd və məramlarını yaymaqda ittiham qaldırıb onu həbs edə bilirsə, deməli, bunun ciddi hüquqi əsası var. Bəs Azərbaycan tərəfi hansı əsasla həmin şəxs barəsində cinayət işi qaldırsın? Nədən Azərbaycanın bu qədər isti münasibət bəslədiyi, problemləri Azərbaycanın problemləri kimi qəbul olunan Türkiyədə 30 min insanı qətlə yetirən bir təşkilatı “milli azadlıq hərəkatı, kürdlərin qürur mənbəyi” hesab edən şəxs haqqında cinayət işi qaldırıla bilməz?
Çox uzağa getməyək, çox yaxın keçmişimizdə, bir neçə il öncə Bakının mərkəzi fotoatelyelərinin birində Abdullah Öcalanın şəkli və onun təbliğatı plakatlarının hazırlanması ilə bağlı nümunə aşkar edilmişdi. Xüsusi xidmət orqanları və hüquq mühafizə orqanlarının digər qolları vasitəsi ilə belə bir məlumat əldə olunmuşdu, Azərbaycan televiziyaları ilə də göstərildi. Hüquqi bir baza olmadığına görə həmin şəxs barəsində cinayət işi qaldırılması mümkün deyil. Abdullah Öcalanla Köçəryanın nə fərqi var? Abdullah Öcalanla minlərlə vətəndaşımızı, soydaşımızı qətlə yetirən erməni terrorçularının nə fərqi var? Bu gün Azərbaycan cəmiyyətini narahat edən, Azərbaycan cəmiyyətini düşündürən budur. Azərbaycan cəmiyyəti ciddi şəkildə PKK-nın terrorçu təşkilat kimi tanınmasını və Azərbaycanda PKK-nı sözdə, mətbuatda, fikirdə, əqidədə, maliyyədə, bu və ya digər şəkildə himayə edən insanların cinayət məsuliyyətinə cəlb olunmasının hüquqi bazasını istəyir. Bu bəyannamə özlüyündə çox müsbətdir və Türkiyə–Azərbaycan münasibətlərinin inkişafı üçün də gərək olan bütün sahələr göstərilib. Amma PKK-nın terrorçu təşkilat kimi tanınmasından və bunun təbliğatını Azərbaycanda gerçəkləşdirən, Azərbaycan haqqında mənfi təsəvvür yaradan və hətta bəzi məqamlarda PKK-nın Azərbaycanla iqtisadi-siyasi əlaqələrinin olduğu iddia edilən məqamlara aydınlıq gətirilməsindən və həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasından söhbət gedir.
Abdullah Öcalan yeni həbs olunanda həbsxanadakı ilk məhkəmə iclaslarının birində maliyyə mənbələri ilə bağlı Azərbaycanın adını açıqlamışdı. Bu həm Türkiyə xüsusi xidmət orqanlarının hesabatlarında, həm də kütləvi informasiya vasitələrində və Azərbaycanda geniş əks-səda doğurdu, müzakirə olundu. 2003-cü ilin yanvar ayında Türkiyənin indiki və o dövrdəki Baş naziri Rəcəb Taib Ərdoğan Azərbaycana səfər edərkən bu məsələ ilə bağlı mətbuata və televiziya kanallarına da məlumat verdi ki, bəli, PKK-nın bir qolunun Azərbaycana gəlib çıxması, burada bəzi dairələrin onunla əlaqədə olması barədə məlumatımız var. Bununla bağlı çox uzun müddət mətbuatda ciddi müzakirələr də getdi. Amma təəssüflər olsun ki, bütün bunların fonunda erməni terrorundan əziyyət çəkən, terrorun nə olduğunu bilən, terrorun nəticəsində nə qədər insanın həyatının məhv olduğunu hər gün yaşayan dövlətin vətəndaşları bir terrorçu təşkilatın tanınmasında bu qədər əziyyət çəkirlər. Nədən əziyyət çəkirik? Nədir bunun problemi? PKK-nı terrorçu təşkilat kimi tanımaq Azərbaycan hakimiyyətininmi problemidir, yoxsa kimlərsə lobbiçilik fəaliyyəti göstərərək bu məsələnin gündəliyə çıxarılmasına imkan vermirlər? Mən hesab edirəm ki, Azərbaycan dövləti bütün sahələrdə Türkiyənin yanında, Türkiyə ilə bir yerdə olub və Azərbaycan dövlətinin vətəndaşları Türkiyənin problemlərini öz problemləri hesab edirlər və buna görə də PKK-nın terrorçu təşkilat kimi tanınmasını istəyirlər. Azərbaycanın ictimai-siyasi həyatında iştirak edən Azərbaycan hakimiyyətinin əsas simaları da PKK-nın terrorçu təşkilat kimi tanınmasında elə bir ciddi problem görməməlidirlər.
Nəhayət, Azərbaycan Milli Məclisi də bütün bu sualların hamısına cavab vermək üçün məhz PKK-nı terrorçu təşkilat kimi tanımağa borcludur. Heç kim, heç bir lobbiçilik fəaliyyəti bu tipli qanunların, qərarların Azərbaycan parlamentində qəbul olunmasına yasaq qoya bilməz. Mən hesab eləyirəm ki, biz hamımız PKK-nı təkcə Türkiyənin problemi hesab etməməliyik, PKK-nı həm Azərbaycanın, həm də regionun problemi hesab etməliyik. Regionun təhlükəsizliyi naminə biz PKK-nın terrorçu təşkilat kimi tanınmasına çox ciddi şəkildə çalışmalıyıq. Sabah bizi gözləyən təhlükələrdən Azərbaycanı xilas etməliyik.
Azərbaycanın iqtisadi layihələrinin böyük əksəriyyəti Türkiyə ilə, Gürcüstan ilə bağlıdır. İstər neft kəmərləri, istər TRASEKA proqramı, istər qaz kəmərlərinin çəkilişi, istərsə də beynəlxalq dəmir yol xətləri birbaşa Türkiyə ilə bağlıdır. Bu gün Türkiyə vətəndaşlarının həyatına qəsd edən, Türkiyəni təhdid edən bir terrorçu təşkilat əlləri Türkiyədən üzüləndə bu beynəlxalq kəmərləri, əslində, iqtisadi həyatı dirçəldən, vətəndaşların sosial rifah halını yaxşılaşdıran layihələri durdurmağa çalışacaqdır. Heç kim unutmasın ki, PKK-nın ilk hədəflərindən biri də bəyan etdikləri kimi, çox yaxın zamanlarda Bakı–Tbilisi–Ceyhan ola bilər. Niyə biz bununla birgə mübarizə aparmayaq? Niyə biz buna qarşı Türkiyə ilə bir yerdə olmayaq?
Mən hesab eləyirəm, biz həm də Gürcüstan dövlətinə, Gürcüstan parlamentinə müraciət etməliyik ki, Gürcüstan da PKK-nı terrorçu təşkilat kimi tanısın. Regionun təhlükəsizliyi naminə biz üç dövlət – Türkiyə, Azərbaycan və Gürcüstan regionda terrorçuluğun qarşısının alınması ilə bağlı birgə layihələr işləməliyik. Lazım olsa, ordu strukturlarının hərbi əməliyyatlarda birgə iştirakını təsbit edən qərarlar qəbul etməliyik. Mən ümid eləyirəm ki, bu bəyannamədən dərhal sonra Azərbaycan parlamenti PKK-nı terrorçu təşkilat kimi tanımaqla bağlı qərar qəbul edəcək. Bu, Azərbaycan vətəndaşlarının, siyasi təşkilatların, qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin, vətəndaş institutlarının tələbidir. Xahiş edirəm, bu tələbi Milli Məclis yerinə yetirsin. Çox sağ olun.
Sədrlik edən. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür eləyirəm, cənab Sədr. Biz dəfələrlə burada dövlət başçımızın müxtəlif ölkələrin rəhbərləri ilə imzaladığı bəyanatları, bəyannamələri və sairləri təsdiq etmişik. Dünya təcrübəsində belədir ki, bu cür sənədlər müzakirə edilərkən iki mövqe bildirilir – ya bu sənədə tərəfdar, ya da əleyhinə olurlar. Yəni bu cür sənədlər müzakirə predmetinə çevrilə bilməz, çünki artıq imzalanıbdır. Buna düzəliş də edilə bilməz. Bu sənəd ya qaytarılır, ya da qəbul olunur. Məncə, mütləq əksəriyyət Azərbaycan və Türkiyənin dost, qardaş ölkə, müttəfiq olduğunu bilir və burada onun əleyhinə olacaq adam yoxdur. Ona görə də Prezident İlham Əliyevlə Türkiyə Prezidenti cənab Abdullah Gülün imzaladığı bu sənəd, mənə elə gəlir ki, parlamentdə müzakirə edilmədən qəbul olunmalıdır.
Amma bu sənədlə əlaqədar başqa bir mövzunun gündəmə gətirilməsi, PKK təşkilatının terrorçu elan edilməsi ilə bağlı müddəanın buraya daxil edilməsi bizim mövzumuz deyil, çünki bu sənədin müəllifi Azərbaycan deyil. Bu sənədin müəllifi həm Türkiyədir, həm də Azərbaycandır. Hər iki dövlət məqsədəuyğun saysaydılar, həmin müddəanı buraya daxil edərdilər. Bu cür sənədlər ekspertlər tərəfindən hazırlanır, dövlət başçılarına təqdim olunur, yəni birdən-birə ortaya çıxmır. Burada dövlətlərimizin ümumi maraqlarını əks etdirən müddəalar var. Əgər nəzərdə tutulsa idi, onu da daxil edərdilər.
Digər tərəfdən, əgər söhbət PKK təşkilatının terrorçu elan edilib-edilməməsinə, bunun siyasi tərəfinə qaldısa, Prezident İlham Əliyev cənab Abdullah Gülün səfəri zamanı jurnalistlərlə görüşündə birmənalı şəkildə dedi ki, biz Azərbaycan dövləti olaraq PKK-ya qarşı Türkiyənin mübarizəsində onun yanındayıq və biz bu təşkilatı terrorçu təşkilat hesab edirik. Bu, Azərbaycanın iqtidar partiyası – Yeni Azərbaycan Partiyasının mövqeyidir. Yeni Azərbaycan Partiyası da bu parlamentdə çoxluq təşkil edir. Yeni Azərbaycan Partiyası da bununla bağlı xüsusi bəyanat yayıbdır, yaydığı bəyanatda da PKK-nın terrorçu təşkilat olduğu elan edilibdir. Türkiyə mətbuatında da bu bəyanat dərc olunubdur, Türkiyədə də bunu bilirlər. Əgər Milli Məclis hər hansı bir bəyanat qəbul edərsə, onsuz da bu, hüquqi sənəd olmayacaq.
Bayaq, məndən öncə burada söylədilər ki, kimsə PKK-nı himayə, təbliğ eləyir. Azərbaycanda kimsə Əl-Qaidəni təbliğ edə bilər, beynəlxalq aləmdə terrorçu kimi tanınan təşkilat haqqında nəsə yaza bilər. Bizim qanunvercilikdə bununla bağlı müddəa yoxdur. Yəni bu, qanunun predmetidir, bəyanatın predmeti deyil. Parlamentin verəcəyi hansısa bir bəyanat yalnız siyasi xarakter daşıyacaqdır. PKK-nın terrorçu təşkilat olmasını isə Prezident deyibdir və bu da bəllidir. Ona görə də mənə elə gəlir ki, bu mövzunun ətrafında ajiotaj yaratmaq lazım deyil.
Əgər söhbət, ümumilikdə, terrorçuluğa qarşı mübarizədən gedirsə, Azərbaycanda bununla bağlı mükəmməl qanun var. Biz bununla bağlı müxtəlif konversiyalara qoşulmuşuq və terrorizmi təbliğ, himayə edən istənilən qruplaşmanı, qrupu, şəxsi bizim hüquq mühafizə orqanlarının cinayət məsuliyyətinə cəlb eləmək imkanları da vardır.
Biz antiterror koalisiyasının üzvüyük və antiterror koalisiyası ilə bağlı qarşımızda duran vəzifələri yerinə yetiririk. Konkret təşkilatlardan danışırıqsa, bu, artıq qanunun predmetidir. Bununla bağlı ayrıca bir qanun, ola bilsin ki, işlənməlidir. Biz bu dəqiqə parlamenti sıxma-boğmaya salaq ki, gəlin, belə bəyanat verək? Əl-Qaidəni, PKK-nı burada təbliğ edəcək şəxsə terrorizmlə bağlı qəbul etdiyimiz qanunu şamil edə bilərik, amma bəyanatı ona şamil edə bilmərik. Ona görə də Prezidentin mövqeyi bəllidir. Birgə Bəyannamə də, mənə elə gəlir ki, indi müzakirə elədiyimiz mövzunun predmeti deyil. Biz, sadəcə, bunu səsə qoymalı və qəbul eləməliyik, çünki burada Türkiyə–Azərbaycan dostluğunun əleyhinə olacaq deputat görmürəm. Sağ olun.
Sədrlik edən. Təəssüflər olsun ki, artıq neçənci sessiyadır, işləyirik, beynəlxalq saziş, bəyannamə olanda on-on beş nəfər bunu müzakirə etməyə başlayır. Mən də hesab eləyirəm ki, bu bəyannaməni biz səsə qoymalıyıq, müzakirəni saxlamalıyıq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Ürəyin istəyir, əleyhinə səs verərsən.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 14.03 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0 
İştirak edir 87
Nəticə: qəbul edildi


Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İclasın gedişinə mane olursan. Qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında uzunmüddətli iqtisadi əməkdaşlıq proqramı və icra planı”nın təsdiq edilməsi haqqındadır. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Artıq bəyannamənin, sazişin tarixi əhəmiyyət kəsb edən bir sənəd olduğu vurğulandı. “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında uzunmüddətli iqtisadi əməkdaşlıq proqramı və icra planı” sosial-iqtisadi həyatın əsas sahələrini əhatə edir. Burada ticarət əlaqələri, sənaye və rabitə, informasiya, gömrük, kənd təsərrüfatı, turizm sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində konkret vəzifələr və tapşırıqlar müəyyən edilmişdir. Bu, tarixi sənəddir və həmin sənədin həyata keçirilməsi iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişafına xidmət edəcək, Azərbaycan–Türkiyə münasibətlərinin daha da möhkəmlənməsini təmin edəcəkdir. Ona görə də millət vəkillərindən xahiş edərdim ki, məsələyə müsbət münasibət bildirsinlər.
Yerdən. Səsə qoyulsun.
Sədrlik edən. Cəmil müəllim, bu məsələ ilə əlaqədar yazılmısınız? Buyurun.
C. Həsənli. Oqtay müəllim, Siz millət vəkillərinə niyə burada danışmağa şərait yaratmırsınız? Bəyannamə müzakirə olunur, burada dəfələrlə millət vəkilləri PKK ilə bağlı məsələ qaldırıblar. Siz burada bəyanat verib bildiribsiniz ki, bu məsələ prezidentlərin imzaladıqları Birgə Bəyannamədə əksini tapdığına görə müzakirəyə çıxarmağa ehtiyac yoxdur. İndi də bəlli olur ki, bu məsələ Birgə Bəyannamədə yoxdur. Ona görə də xahiş edirəm, şərait yaradın, millət vəkilləri burada öz sözlərini desinlər.
İkinci tərəfdən, burada canını, qanını, bütün varidatını, şəxsi həyatını Azərbaycanın istiqlalı uğrunda qurban verən adamların ünvanına “xəyanətkar” sözü işlədilir. Bu sözü əgər Zahid Oruc səsləndirsəydi, mən bunun üstündən keçərdim. Mən təəssüf eləyirəm ki, bu sözü Yaqub müəllim səsləndirdi. Səhvlər olub, Prezidentin çıxışında da söhbət səhvlərdən gedir. Nə Prezidentin çıxışında, nə də tarixi sənədlərdə “xəyanət” sözü var.
Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi tamam olur. Bizim Prezident həmin sözləri deyib, ermənilər bilsinlər ki, bu gün onların oturduqları paytaxt da onlara güzəştlə verilibdir. Ona görə deməyib ki, Azərbaycan Xalq Cümhuriyyəti hədəfə götürülsün. Yetərincə sənədlər, həmin dövrün məlumatlarını özündə əks elətdirən materiallar var. Xahiş eləyirəm, Azərbaycan Milli Məclisi kimi mötəbər bir məclisdə millətin maraqları, taleyi, tarixi ilə bağlı məsələlər müzakirə ediləndə həm millət vəkilləri, həm də rəhbərlik bu məsələyə son dərəcə etik münasibət bəsləsinlər.
Mən İqbal Ağazadənin təklifini müdafiə edirəm və xahiş edirəm ki, PKK-nın terrorçu təşkilat kimi tanınması məsələsi bu gün müzakirə elədiyimiz iş planına salınsın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Cəmil müəllim, burada etik normalara hamı riayət edir. Xahiş edirəm, özü də, həqiqətən, “xəyanət” sözü deyilməyib. Sözdən söz çıxarmayaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Stenoqrama baxarıq, orada “xəyanət” sözü deyilməyib. Xahiş eləyirəm, söz veriləndə mövzu üzrə danışın. Məsələyə münasibət bildirək.


Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2 
İştirak edir 95
Nəticə: qəbul edildi

Qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tərəfdaşlıq və əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında. Səməd Seyidov, buyurun.
S. Seyidov. Çox sağ olun, cənab Sədr. Təbii, biz də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası olaraq bu sənədə baxdıq. Bu sənədlə bağlı heç bir irad ola da bilməz. Sənəd daha çox iqtisadi məsələləri əhatə edir və sənədin maddələrinə diqqətlə baxsaq, görərik ki, Azərbaycan–Türkiyə münasibətlərinin, iqtisadi əlaqələrinin, ticarət əlaqələrinin genişləndirilməsi ilə bağlı məsələdir. Ancaq ümumi şəkildə demək olar ki, bu sənəd də indi qəbul etdiyimiz sənədlər kimi, həm Azərbaycan, həm də Türkiyənin maraqlarına uyğundur. Ona görə, təbii, bu sənədin qəbul olunmasına tərəfdarıq. Sağ olun.
Sədrlik edən. Xahiş eləyirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0 
İştirak edir 92
Nəticə: qəbul edildi


Sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikası ilə Xorvatiya Respublikası prezidentlərinin Birgə Bəyannaməsinin tətbiq edilməsi haqqındadır. Səməd Seyidov.
S. Seyidov. Çox sağ olun, cənab Sədr. Biz Avropanın inkişaf edən ölkəsi olan və Avropada özünəməxsus yer tutan Xorvatiya ilə əlaqələrimizi genişləndiririk. 2007-ci il oktyabrın 2-də Bakı şəhərində imzalanmış Birgə Bəyannamə həm Xorvatiyanın, həm də Azərbaycanın maraqlarına tam uyğundur. Bütün məsələlər burada bənd-bənd əhatə olunub, o cümlədən Azərbaycanın ən ağrılı, ən vacib məsələlərindən biri olan Dağlıq Qarabağ məsələsinin beynəlxalq sazişlər çərçivəsində həll olunması və əlaqələrimizin genişlənməsi həm Xorvatiya, həm də Azərbaycan xalqının maraqlarındadır. Təbii, komissiyamız bu bəyannaməyə müsbət səs verilməsinə tərəfdardır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Xahiş edirəm, bəyannaməyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.11 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0 
İştirak edir 91
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə.
Z. Səmədzadə. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Hörmətli Səməd müəllim məlumat verdi. Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında bütün sahələrdə son illərdə əməkdaşlıq genişlənir. Hər iki dövlət başçısının Azərbaycanda mətbuata verdikləri açıqlamalardan görünür ki, gələcəkdə bu əlaqələr daha da inkişaf edəcəkdir. “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Saziş beynəlxalq standartlara, eyni zamanda, hər iki ölkənin milli maraqlarına cavab verir. Bu xarakterli sazişlər barədə Milli Məclisdə dəfələrlə danışılmışdır. Ona görə də millət vəkillərindən xahiş edərdim ki, İqtisadi siyasət daimi komissiyasının bu məsələyə müsbət münasibətini dəstəkləsinlər.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.13 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1 
İştirak edir 89
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli 1115 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə” danışmaq üçün Ziyad Səmədzadə buyursun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İqtisadi siyasət daimi komissiyasında bu qanun layihəsi müzakirə edilmişdir. Həmin qanun layihəsində iki dəyişiklik nəzərdə tutulur. “Auditor xidməti haqqında” Qanunun 13-cü maddəsinin birinci hissəsinə aşağıdakı məzmunda on birinci abzas əlavə edilir: “sığortaçı ilə mülki məsuliyyətinin icbari sığortası müqaviləsini bağlamaq”. 14-cü maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilir: “Auditor xidməti göstərən fiziki və hüquqi şəxslər mülki məsuliyyətin icbari sığortası müqaviləsinin bağlanmasına görə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar”. Bütövlükdə bu qanun layihəsi İqtisadi siyasət daimi komissiyasında müzakirə olunub. Bu layihəyə müsbət münasibət bildirmələrini deputatlardan xahiş edirəm.
Sədrlik edən. Əli müəllim, əlavəniz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qənirə xanım, sualınız var idi?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mikrofon verin.
Q. Paşayeva. İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində fiziki və hüquqi şəxslərdən söhbət gedir. Oraya vəzifəli şəxslər haqqında müddəa əlavə edilir. Bəlkə fiziki şəxslər nəzərdə tutulur? Qanunda texniki səhv olmasın, düz getsin. Bunu qeyd eləmək istəyirdik.
Sədrlik edən. Buyurun, Ziyad Səmədzadə.
Z. Səmədzadə. Oqtay müəllim, biz bunu Prezident Aparatı ilə araşdırmışıq. Komissiyada da bu məsələ qaldırıldı. Amma məlum oldu ki, bu maddədə ancaq vəzifəli şəxslər göstərilməlidir.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.15 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1 
İştirak edir 89
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədədir. Əli Hüseynov buyursun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Məlumat üçün bildirmək istəyirəm ki, bu əlavələr Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatı və Milli Televiziya və Radio Şurasının Aparatının əməkdaşlarının təsnifat məsələsini həll etmək məqsədi ilə edilir. Gördüyünüz kimi, dövlət orqanları təsnifatında Milli Televiziya və Radio Şurasının Aparatı V kateqoriya, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatı isə VI kateqoriya dövlət orqanı hesab edilir. Yəni hər iki qurumun aparatı var, həmin aparatda çalışan insanlar dövlət qulluqçularıdırlar. Təbii ki, biz “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq onların təsnifatını müəyyənləşdirməliyik. Onların həm əmək haqları, həm də sosial təminatları bu qanunla tənzimlənir. Ona görə də hesab edirəm ki, bu qanun layihəsinə səs vermək lazımdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. İlyas İsmayılov.
İ. İsmayılov. Oqtay müəllim, həm qüvvədə olan qanunda, həm də təklif edilən layihədə Konstitusiyanın 113-cü və 120-ci maddələrinə istinad olunur. Hesab edirəm ki, bu, başa düşülən deyil. 113-cü maddədə Prezidentin, 120-ci maddədə Nazirlər Kabinetinin aktlarından söhbət gedir. Bu hissə mətndən çıxarılmalıdır.
Sədrlik edən. Əli müəllim, suala cavab verin.
Ə. Hüseynov. Oqtay müəllim, araşdırarıq, amma mən burada ciddi bir problem görmürəm. Deməli, dövlət orqanlarının təsnifatı Konstitusiyanın 113-cü və 120-ci maddələrində nəzərdə tutulmuş qaydada müəyyən edilir. Bəli, 113-cü maddədə cənab Prezident, 120-ci maddədə isə Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən orqanlar nəzərdə tutulur. Elə dövlət orqanları var ki, onların yaradılması sırf Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Bizim bu gün məqsədimiz ancaq bu orqanların təsnifatını müəyyənləşdirməkdir. Amma İlyas müəllim ilə ayrılıqda bu məsələ ilə bağlı danışa bilərik.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.18 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1 
İştirak edir 84
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə Ziyad Səmədzadə danışacaq.
Z. Səmədzadə. Eldar müəllim məlumat versin.
Sədrlik edən. Buyurun, Eldar İbrahimov.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri.
Çox sağ olun, hörmətli Sədr. Prezident Aparatı tərəfindən təqdim olunmuş qanun layihəsində “Torpaq islahatı haqqında” Qanunun 25-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilir: “Bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir”.
9-cu maddənin qüvvədə olan mətnini də sizin nəzərinizə çatdırmaq istəyirəm: “Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir”. Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna da dəyişikliklə bağlı müvafiq 8.0.5-ci maddənin əlavə edilməsi təklif olunur. Bu dəyişikliyin məqsədi “Torpaq islahatı haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunları Azərbaycan Respublikası Prezidentinin Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə 2007-ci il 22 may tarixli Sərəncamına uyğunlaşdırmaqdır. Bu məsələlər hər iki komissiyada müzakirə olunubdur. Tamamilə qanunauyğun bir dəyişiklikdir. Hörmətli həmkarlarımdan xahiş edirəm ki, buna səs versinlər.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 14.21 dəq.)
Lehinə 82
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0 
İştirak edir 83
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 303-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqındadır. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Cənab Sədr, biz bu yaxınlarda “Dövlət qulluğu haqqında” Qanuna bir əlavə etmişdik. Söhbət dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsindən gedirdi. Əlavənin də mahiyyəti ondan ibarət idi ki, peşə bilikləri, xidməti vəzifələrə münasibət, təhlil aparmaq bacarığı, yaradıcılıq və təşəbbüskarlıqla bağlı dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi meyarlarını müəyyənləşdirək. Bu yaxınlarda belə bir düzəliş etmişdik. Həmin o düzəliş digər qanunlara tətbiqdən ötrü köçürülür. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara, gömrük, vergi, daxili işlər orqanlarında xidmət haqqında əsasnamələrə “attestasiyası” sözündən sonra “və fəaliyyətinin qiymətləndirilməsi” ifadəsi əlavə edilir. İlk baxışdan texniki düzəliş kimi görünsə də, bunu etmək vacibdir, çünki hər bir dövlət orqanı müvafiq dövlət qulluğu xidməti əsasında fəaliyyət göstərir. Bu əlavə qanunvericiliyimizin tənzimlənməsinə xidmət edir və onun qəbul olunması zəruridir.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirəsiniz.


Səsvermənin nəticələri (saat 14.23 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0 
İştirak edir 88
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədədir. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli həmkarlar, bu qanunda edilən dəyişiklik “məharət dərəcəsinə görə verilən əlavədən” sözlərindən ibarətdir. Söhbət “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə” ilə bu orqanda çalışan əməkdaşların təminatını daha da yaxşılaşdırmaqdan gedir.
Hüquq mühafizə orqanlarında çalışan insanlar bilirlər ki, belə bir əlavə mövcuddur. Hərbi fiziki hazırlığa görə məharət I, II və III dərəcə ilə ölçülür və müəyyən əməkdaşlara verilir. Təbii ki, bu cür, yəni ustalıq dərəcəsi olan əməkdaşlar başqalarından fərqlənirlər. Əlavə də ondan ibarətdir ki, məharət dərəcəsinə görə fərqlənən şəxslər əlavə haqq almış olsunlar. Hesab edirəm, tamamilə yerindədir, çünki bizim digər orqanlarda da belə bir anlayış var.
Feldyeger rabitəsi, bilirsiniz ki, xüsusi bir xidmətdir. Məxfi poçtun başqa ölkələrə daşınması çox məsuliyyətli işdir. Düşünürəm ki, belə bir təminatın verilməsi yerinə düşərdi. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.


Səsvermənin nəticələri (saat 14.25 dəq.)
Lehinə 82
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2 
İştirak edir 84
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə”dir. Buna üç komissiyanın iclasında baxılıbdır. Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, buyurun.
Z. Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Bilirsiniz ki, “Gənclər siyasəti haqqında” Qanun qəbul ediləndə ora “Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi, işçilərin sayının və ştatlarının ixtisarı halları istisna olmaqla, şəxslərin həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə iş yeri və vəzifəsi saxlanılır” maddəsi salınmışdır. Həmin qanunun tətbiqi ilə əlaqədar olaraq “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 9-cu maddəsinin 7-ci bəndinə həmin məzmunda əlavə edilir. Bu dəyişikliyin məzmunu bundan ibarətdir. Hesab edirəm ki, bu, çox humanist bir addımdır.
Bundan sonra həqiqi hərbi xidmətdə olan şəxslər artıq əsgərlik borcunu yerinə yetirdikdən sonra inamla geri qayıda bilərlər, çünki onların iş yeri saxlanılır. Əlbəttə, burada müəyyən şərtlər də var. Yəni biz bütün müəssisələrin boynuna qoya bilmərik ki, mütləq siz həmin yerləri saxlamalısınız. Bəzən müəssisə ləğv olunur, yaxud orada müəyyən ştatlar ixtisara düşür. Bu vəziyyətlər istisna olmaqla, qalan bütün hallarda həmin şəxslərin iş yerləri saxlanılır və onlar işlə təmin edilirlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Əli müəllim, Sizin əlavəniz var? Yoxdur. Hadi müəllim, buyurun.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Bu, “Gənclər siyasəti haqqında” Qanunun tətbiqi ilə bağlı təklif olunur və birmənalı şəkildə orduya gedənlərin tərxis olunandan sonra iş yerlərinin saxlanılmasına xidmət edir. Hörmətli Ziyafət müəllim iki halı dedi. Burada isə 4 hal müəyyənləşməlidir. İki hal nəzərdə tutulmayıb. Ola bilər ki, çıxış edənlər də bu fikrə toxunsunlar.
Oqtay müəllim, biz Əmək Məcəlləsinin monitorinqini keçiririk. Fikrimiz var ki, həmin prosesdə bu müddəaya bir də baxaq. Lazım olarsa, o iki halı burada istisna edə bilərik. Biz ixtisarı, müəssisənin, sahibkarın problemlərini də nəzərə almalıyıq. Bütövlükdə əsas istiqamət odur ki, orduya gedən gəncin mənafeyinə xidmət edən addım atılır. Deputat həmkarlarımı buna səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Jalə Əliyeva, buyurun.
J. Əliyeva. Təşəkkür edirəm, hörmətli Sədr. Hörmətli millət vəkilləri! “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında müzakirəyə qanun layihəsi təqdim olunmuşdur. Bunun mahiyyəti müddətli həqiqi hərbi xidmətə çağırılanların əmək hüquqlarının təmin edilməsidir.
Bildiyiniz kimi, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin birinci hissəsinə uyğun olaraq vətəni müdafiə etmək hər bir vətəndaşın borcudur. Bu borcun yerinə yetirilməsinin hüquqi mexanizmi Azərbaycan Respublikasında “Hərbi xidmətə çağırışın əsasları haqqında” Qanunla müəyyən olunmuşdur. Şübhəsiz, vətən qarşısında borcunu yerinə yetirmək məqsədi ilə vətəndaşların ordu sıralarına xidmətə çağırılması dövlətin qarşısında da müəyyən vəzifələr qoyur. Bu, hər şeydən əvvəl, müddətli həqiqi hərbi xidmətə çağırılmış şəxslərin əmək hüquqlarının qanunvericilik səviyyəsində təmin olunmasından ibarətdir. Təəssüflər olsun ki, qeyd olunmuş məsələ bu günə qədər normativ hüquqi sənədlərdə öz həllini tapmamışdı. Dövlət orqanında və ya təşkilati-hüquqi formasından asılı olmayaraq, hər hansı bir müəssisədə çalışan vətəndaş vətən borcunu yerinə yetirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırıldıqda, müəssisə ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilir. Hərbi xidmət müddətini başa vurub geri qayıdan əsgər və ya zabiti, Əmək Məcəlləsində əvvəlki iş yerinə qayıtmasını müəyyən edən hüquqi norma olmadığından həqiqi mənada işsizlik gözləyirdi. Əlbəttə, insanın əmək hüququ həyat əhəmiyyətli bir məsələdir.
Həqiqi hərbi xidmətdə olan vətəndaş sonrakı taleyini düşünməyə bilməz. Belə bir hal, psixoloji vəziyyət hərbi xidmətin keyfiyyətinə də öz mənfi təsirini göstərir. Müddətli hərbi xidmətdən qayıtmış şəxs yalnız “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 9-cu maddəsinin 7-ci bəndinə ümid bəsləyə bilərdi. Həmin bəndə uyğun olaraq müddətli həqiqi hərbi xidmətə çağırılana qədər işləmiş şəxslərin həmin müəssisədə, idarə və təşkilatda əvvəlki vəzifədə və ya buna bənzər bərabər vəzifədə işə girmək hüququ saxlanılırdı. Əmək Məcəlləsində bu barədə xüsusi norma olmadığından müəssisələr, idarə və təşkilatlar qanunun bu bəndinə bəzən məhəl qoymurdular. Vətəndaşlara məsələnin həlli ilə bağlı çıxış yolu kimi yalnız məhkəməyə müraciət etmək qalırdı.
Çox sevindirici haldır ki, bu gün müzakirəyə təqdim olunan qanun layihəsi ilə, nəhayət, həqiqi hərbi xidməti başa vurduqdan sonra vətəndaşların əvvəlki iş yerlərinə və vəzifəsinə qayıtması normativ hüquqi aktda həllini tapacaqdır.
Bununla belə, qanun layihəsi ilə bağlı bir sıra fikirlərimi sizinlə bölüşmək istərdim. Yeni redaksiyada qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi, işçilərin sayının və ştatlarının ixtisarı halları istisna olunur. Belə çıxır ki, bu şəxslərin həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati hüquqi formasından asılı olmayaraq, müəssisələrdə iş yerlərinin və vəzifəsinin saxlanılması möhkəmləndirilmir, əksinə, zəiflədilir.
Hörmətli millət vəkilləri! Belə düşünürəm ki, yeni redaksiyada müəyyən olunmuş istisnalar bir daha nəzərdən keçirilməlidir. Burada yalnız “qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi” istisna hal kimi müəyyən edilə bilər. İşçilərin sayının və ştatların ixtisarı müəssisələrdə tez-tez baş verə bilən hallardandır. Həqiqi hərbi xidmətdən qayıtmış şəxsləri əvvəlki iş yerinə qəbul etməmək üçün bunun ucbatından, xüsusilə özəl müəssisələrdə sui-istifadə hallarına yol verilə bilər. Bu, bir reallıqdır. Belə bir istisna əgər nəzərdə tutulursa, o zaman işçilərin sayının və ştatların ixtisarının baş verdiyi halların yoxlanılması məqsədi ilə də bir nəzarət mexanizmi müəyyən edilməlidir. Əks təqdirdə qeyd olunan istisna bu gün müzakirəyə təqdim olunan məsələnin hüquqi səmərəsinə mənfi təsir göstərmiş olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova, buyurun.
E. Axundova. Çox sağ olun. Mən də “Hərbi qulluqçuların statusu haqqında” Qanuna təklif olunan əlavələri bəyənirəm. Hərbi xidmətdən qayıdan cavanlarımızın iş yerləri və vəzifələri mütləq saxlanılmalıdır.
Jalə xanımın fikri ilə tamamilə razıyam ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 9-cu maddəsinin 7-ci bəndinin yeni redaksiyasında müəmmalı görünən bir neçə söz çıxarılmalıdır. İşçilərin sayının və ştatların ixtisarı olduqda, başa düşürsünüz, bəzi məsələlər üzə çıxa bilər. Məsələn, sabah hərbi xidmətdən qayıdan cavan müəssisəyə, firmaya gələr, ona deyərlər ki, bilirsən, biz səni işə götürərdik, ancaq firmamızda ixtisar gedib, ştatlar azalıb. Ona görə də bizi üzrlü hesab et. Belə olan halda cavan haradan bilsin ki, müəssisə rəhbəri doğru deyir, ya da, sadəcə, onu işə götürmək istəmir. Yenə də əvvəlki kimi o, məhkəməyə müraciət etməlidir. Bu da, bilirsiniz, uzun məsələdir.
Hesab edirəm ki, biz hərbi xidmətdən qayıdan cavanlarımıza, həqiqətən də, kömək etmək istəyiriksə, bu boşluğu mütləq aradan qaldırmalıyıq. Təklif olunan mətndən ikinci istisnanı çıxarmalıyıq. Bu, açıq-aşkar şəxsi mənafe və maraqlara cavab verən, müəssisə rəhbərləri üçün manevr etməyə əlavə imkan yaradan bir istisnadır və mütərəqqi dəyişikliyin əhəmiyyətini xeyli azaldır. Düzdür, Hadi müəllim çıxış etdi, müəyyən mənada bu fikrə toxunub dedi ki, gələcəkdə Əmək Məcəlləsinə, “Gənclər siyasəti haqqında” Qanuna əlavələr edildikdə biz bunları nəzərə alacağıq. Mənə elə gəlir ki, gələcəkdə bu məsələyə yenidən qayıtmaqdansa, elə indi bunu çıxaraq, vəssalam.
Sədrlik edən. Qənirə xanım Paşayeva. Sual verirsiniz? Buyurun.
Q. Paşayeva. Hörmətli Sədr, bunu bu şəkildə yazmaq mümkündür: “Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi və həmin şəxsin həqiqi xidmətə qədər tutduğu vəzifənin və ya ştatın ixtisarı halları istisna olmaqla”. Yəni sabah bir süpürgəçini də ixtisar edə bilər və deyərlər ki, iş yerimiz yoxdur. Necə ixtisara düşməsini aydınlaşdırmaq lazımdır.
İkinci sualım Torpaq Məcəlləsinə edilən əlavə ilə bağlıdır. “Təsərrüfatla” sözü çıxarılır, “o cümlədən fermer təsərrüfatı ilə…” əlavə edilir. Bu yerinə düşmür. “Təsərrüfat” və “fermer təsərrüfatı” fərqli şeylərdir. Ora köçən gənc öz həyətyanı təsərrüfatı ilə də məşğul ola bilər. Onun buna imkanı yoxdursa, fermer təsərrüfatından yapışmaq istəyər. Biz “təsərrüfatla” sözünü çıxarıb, “o cümlədən fermer təsərrüfatı...” sözlərini saxlaya bilmərik. Sağ olun.
Sədrlik edən. Siyavuş Novruzov, buyurun.
S. Novruzov. Təşəkkür edirəm, cənab Sədr. Mən qısa danışacağam. Xahiş edirəm, səsə qoyaq. Qanun layihəsi yaxşıdır, normaldır. Bir məsələni, yəni məsuliyyəti, hüququ müəssisə rəhbərlərinə verməyək. Əgər ona başqa forma tapsaq, yerdə qalanlar əladır. Səlahiyyət müəssisə rəhbərinə verilsə, o, əlində nəyi isə əsas tutub hərbi xidmətdən qayıdan gənci sonradan işə qaytarmaya, istənilən formada onun qabağına daş ata bilər. Bu səlahiyyət ona verilməməlidir.
İkinci bir məsələyə də toxunmaq istəyirəm. Sabah Gənclər günüdür. 2007-ci il Prezidentimiz tərəfindən “Gənclər ili” hesab olunubdur. 2 fevral ümummilli liderimiz Heydər Əliyev tərəfindən Gənclər günü kimi rəsmiləşdirilibdir. Bunu bütün Azərbaycan gəncləri qeyd eləyirlər. Gəlin, Milli Məclis adından bütün gənclərimizi təbrik eləyək, Azərbaycanın çiçəklənməsində, onun inkişafında oğlan və qızlarımıza uğurlar, nailiyyətlər arzulayaq! Gənclərin biri də bizim həmkarımız Zahid Orucovdur. 2 fevralda onun ad günüdür. Onu təbrik eləyək, “Gənclər siyasəti haqqında” Qanunun tətbiqi ilə bağlı əlavə və dəyişiklikləri səsə qoyaq. Sağ olun.
Sədrlik edən. Zahid müəllimi də təbrik edirik. İlyas İsmayılov, buyurun.
İ. İsmayılov. Mənim bir təklifim var. Burada, əvvəla, ancaq müəssisələrdə işləyən və əsgərliyə çağırılan şəxslərə qayğıdan söhbət gedir. Əmək Məcəlləsində “müəssisə”yə verilən anlayışda bir çox idarə və təşkilatlar, o cümlədən dövlət orqanları əhatə olunmur. Hesab edirəm ki, ayrı-seçkiliyə yol vermək olmaz. Dövlət orqanlarından həqiqi hərbi qulluğa çağırılmış insanların iş yeri saxlanmalıdır.
İkinci, 74-cü maddənin “ç” bəndində yazılır ki, “işçini nəqliyyat vasitəsini idarə etməkdən məhrum etmə məhkəmənin hökmü ilə olur”. Məhkəmənin hökmü ilə yox, məhkəmənin qərarı ilə olur. Xahiş edirəm, bu da düzəlsin.
13.1.2-ci maddədə bu şəxslər torpaq sahələrini satın almaq istədikdə torpaq sahələri ilə ilk növbədə təmin olunurlar. Burada aydın deyil ki, torpaq kim tərəfindən və hansı mənbədən veriləcək? Xahiş edirəm, o da burada göstərilsin. Sağ olun.
Sədrlik edən. Qənirə xanım, Siz sual vermişdiniz, yəqin ki, daha çıxış eləmək istəmirsiniz. İkram İsrafil, Siz sual vermək istəyirsiniz? Buyurun.
İ. İsrafil. Təşəkkür edirəm, hörmətli Oqtay müəllim! Mən hörmətli Jalə xanımın qeyd etdiyi fikrə əsaslanaraq qanun layihəsini Milli Məclisə təqdim eləyən daimi komissiya sədrlərindən – Hadi müəllimdən, Əli müəllimdən və Ziyafət müəllimdən bir məsələni soruşmaq istəyirəm. Onlar burada əlavə olunan 9-cu bənddəki “işçilərin sayının və ştatlarının ixtisarı halları istisna olmaqla” ifadələrini oxumayıblar, yoxsa, həqiqətən, bilə-bilə ki, bu, gənclərimiz üçün ciddi bir təhdiddir, onu Milli Məclisə belə bir səviyyədə təqdim ediblər.
Burada qeyd olundu və mən də qanun layihəsi ilə bağlı müzakirələrdə həmkarlarımın fikirlərini bir daha qeyd eləmək istəyirəm. Bu gün, bilirsiniz ki, dövlət müəssisələrində işləmək gənclərə o qədər də müyəssər olmur. Xüsusi sahibkarlıq subyektlərində fəaliyyət göstərməyə daha çox üstünlük verirlər. Nəzərə alaq ki, hərbi hissələrdə qulluq eləyən gənclərimizin qayıdıb iş yerlərində bu və ya digər maneələrlə üzləşməsinə biz Milli Məclis olaraq burada şərait yaradırıq. Hesab edirəm ki, bu, gəncləri nəinki Gənclər günü münasibəti ilə təbrik deyil, üzr istəyirəm ifadəmə görə, bayramlarını qara eləməkdir. Ona görə, həmkarlarımın bu əlavədəki ifadələrin çıxarılmasına nail olduqları təqdirdə qanun layihəsinin qəbul edilməsinə səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Aydın Həsənov, buyurun.
A. Həsənov. SSRİ Silahlı Qüvvələri vaxtında da belə idi, orduya gedənlər qayıdıb öz zavod, fabrik, kolxoz və idarələrində işləyirdilər. Amma burada dəqiq göstərmək lazım deyil ki, mütləq tutduğu vəzifəyə gəlir. Əksəri qayıdandan sonra vəzifədə işləməlidir. Həmin vəzifədə işləyən, tutaq ki, orta təhsilli olurdu, onun yerinə bir elmlər namizədini, yəni daha savadlı, daha dünyagörüşlü bir vətəndaşı götürürdülər. Bu o demək deyildi ki, ordudan qayıdan yerinə təyin olunana desin ki, sən çıx, mən oturacağam orada. Ona həmin təşkilatda müvafiq vəzifə verilirdi. Bu məsələ həmişə belə olub. Burada da artıq müzakirəyə ehtiyac yoxdur. Ordudan qayıdan şəxs işlədiyi idarədə, şirkətdə uyğun vəzifə ilə də təmin oluna bilər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Yəqin, burada bəziləri bizə, bir məşhur ingilis yazıçısının romanında olduğu kimi, başa salmaq istəyirlər ki, “müharibə sülh deməkdir”. Dəhşətli bir məsələdir, bu qanunda açıq-aydın gənclərimizin hüquqları məhdudlaşdırılır. Mən qüvvədə olan mövcud qanundan 9-cu maddənin 7-ci bəndinin mətnini oxuyuram. Yazılıb: “Müddətli həqiqi hərbi xidmətə çağrılanadək işləmiş şəxslərin həmin müəssisədə, idarədə və təşkilatda əvvəlki vəzifədə və ya buna bərabər vəzifədə işə girmək hüququ saxlanılır.” Mükəmməl, olduqca humanist, bütün hüquqi prinsiplərə cavab verən müddəadır. Mən tam məsuliyyətlə bunu iddia edirəm. Bu cür qanunları dövlət başçısına aparıb necə qol çəkdirirlər, mən başa düşmürəm. Müəyyən adamlar, müvafiq şöbənin işçiləri buna cavab verməlidirlər.
Həmin mətnə diqqət edin: “Qanunvericilikdə müəyyən edilmiş qaydada müəssisənin ləğvi, işçilərin sayının və ştatlarının ixtisarı halları istisna olmaqla”, yəni məhdudiyyətləri qoyuruq həmin müddəanın belinə. Hadi müəllim, ya digərləri hansı hüquqları artırmaqdan danışırlar? “...şəxslərin həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə iş yeri və vəzifəsi saxlanılır”. Bu nə biabırçılıqdır axı? Görün, vəziyyət nə yerə çatıb ki, indi də ən hüquqsuz vəziyyətdə olan, əlinə silah verib Vətəni qorumağa göndərdiyimiz vətəndaşların, hansısa idarə, müəssisə işçilərinin, gənclərin hüquqları bu cür biabırcasına pozulur. Buna cavab verməlidirlər. Özü də bu, birinci dəfə deyil.
Hörmətli Hadi müəllimin komissiyasından Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların icbari sığortasının ləğvi haqqında qanun layihəsini Prezidentin adından gətirdilər, təqdim elədilər, qəbul da olundu. Ölən adamların pensiyalarının kəsilməsi haqqında qanun layihəsini də bura gətirib həmin qaydada təsdiq elətdirdilər.
Azərbaycanda elə sizin iqtidarda olduğunuz dövrdə qəbul olunmuş qanunlardan insanların sosial hüquqlarını təmin eləyən, elmi cəhətdən mükəmməl, mütərəqqi olan normalar çıxarılır. Kimlərsə aparıb buna pul verir. Şərləmək kimi çıxmasın, mən qəti əminəm ki, burada korrupsiya deyilən şey rol oynayır. Özü də gəlib gəncləri təbrik edirlər. Əcəb təbrikdir!
Sədrlik edən. Bir dəqiqə. Biz danışdıq axı. Milli Məclis öz işinə başlayıb. Danışırıqsa, nə olar, bir az əsəbiləşmədən danışaq. Xahiş edirəm, bir az sakit tərzdə danışın, millət vəkilləri baxırlar, burada qonaqlarımız var. Buyurun, Ziyafət müəllim.
Z. Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Pənah Hüseyn dedi ki, şərləmək kimi çıxmasın, ancaq şərləmək elə sənin köhnə peşəndir. Mən indi izah edəcəyəm, başa düşəcəksiniz ki, həqiqətən də, bizə daxil olan qanun layihəsindəki müddəa qüvvədə olan qanundan çox-çox humanistdir. Siz fikir versəniz, görərsiniz ki, qüvvədə olan qanun layihəsində mülkiyyətin növü göstərilməyib. Burada həm xüsusi mülkiyyət, həm bələdiyyə mülkiyyəti, həm də təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisələr göstərilib.
İkinci, qüvvədə olan qanunda göstərilib ki, “vəzifədə və ya buna bərabər vəzifədə”. Yeni qanunda isə göstərilir ki, “əvvəlki vəzifəsində” saxlanılmalıdır. Bu, irəliyə atılan addım deyil, nədir? Yəni müəssisə rəhbərinə imkan verilmir ki...
Yerdən. (Eşidilmir.)
Z. Əsgərov. İmkan verin...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah bəy, başlamayın da. Ziyafət müəllim, buyurun.
Z. Əsgərov. Hər bir vətəndaş əsgərlik xidmətini çəkib qayıdandan sonra müəssisə rəhbəri ona deyə bilməz ki, o yer yoxdur, sənə ona bərabər vəzifə verirəm. O, hansı işdən çıxıbsa, ora da qayıtmalıdır.
Burada Jalə xanım məsələ qaldırdı, hörmətli Hadi müəllim də ona müəyyən qədər aydınlıq gətirdi. Razıyam, bəli, bəzi idarələrdə, ola bilər, bundan alverçilik nəfsi ilə istifadə eləsinlər, ştatım azalıb, ixtisara düşüb və sair desinlər. Hörmətli İkram müəllim, biz qanunu oxuyuruq, xahiş edirəm, Siz də oxuyun. Nəzərə alın ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə Prezidentdən daxil olan qanun layihəsi komissiyada dəyişdirilə bilməz. Həmin sənəd olduğu kimi Məclisə çıxarılmalıdır. Oturmusan məsuliyyətsizin yanında, Siz də məsuliyyətsizləşmisiniz.
Hesab edirəm ki, gələcəkdə, Hadi müəllim düz dedi, Əmək Məcəlləsinə dəyişiklik eləyəndə, əlbəttə, hörmətli Jalə xanımın dediyi fikirləri nəzərə almaq lazımdır. Bir şeyi də nəzərdən qaçırmaq olmaz ki, burada söhbət yalnız dövlət orqanlarından deyil, həm də xüsusi mülkiyyət sahiblərindən gedir. Ola bilsin, xüsusi mülkiyyət orqanı, xüsusi mülkiyyətdə olan müəssisənin sahibi iflasa uğrasın. Vətəndaş da əsgərlikdən qayıdıb gəlir, həmin müəssisənin onu çalışdığı vəzifə ilə təmin eləməyə imkanı yoxdur. Gəlin, nəzərə alaq, sahibkarlığın inkişafına da müəyyən qədər şərait yaratmalıyıq. Bütün bunlara baxmayaraq, bizim borcumuz ondan ibarətdir ki, bu şəxsləri işlə təmin eləyək. Gələcəkdə buna baxacağıq. Əgər sui-istifadə halları olarsa, biz Əmək Məcəlləsinə dəyişiklik edərik, məsələ Siz deyən qaydada həll olunar. Bu məsələ ilə əlaqədar Hadi müəllimin də, mənim də Prezident Aparatının nümayəndələri ilə söhbətimiz olub. Burada ştatın ixtisara düşməsi və işçilərin sayının azalması ilə əlaqədar konkret məxrəcə gələ biləcəyik. O ki qaldı müəssisənin konkret olaraq ləğvinə, burada başqa söhbət ola bilməz. Təşəkkür edirəm.
Sədrlik edən. Çıxışa yazılanlardan təkid eləyən var? Arif Rəhimzadə.
A. Rəhimzadə, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri.
Sağ olun, cənab Sədr. Bu qanun layihəsinin 4-cü bəndi bizə aiddir. Müzakirə zamanı bizim müəyyən iradlarımız var idi. Qanunvericilik təşəbbüsünün subyekti ilə danışdıq və belə qərara alındı ki, 4-cü bənd hələlik qanun layihəsindən çıxarılır, yəni ona səs verilmir. Mən bunu yada salmaq mənasında deyirəm. Sağ olun.
Sədrlik edən. Hadi Rəcəbli, buyurun.
H. Rəcəbli. Oqtay müəllim, mən Sizinlə tam razıyam ki, bəzən emosiyalara qapılıb sənədi diqqətlə oxuya bilmirik. Mən elə “Hərbi qulluqçuların statusu haqqında” Qanunla bağlı onu demək istəyirəm ki, qüvvədə olan 9-cu maddənin 7-ci bəndinin sonunda belə yazılıb: “əvvəlki vəzifədə və ya buna bərabər vəzifədə işə girmək hüququ saxlanılır”. Biz yeni variantda “iş yeri və vəzifəsi saxlanılır” yazmışıq. “İşə girmək hüququnun saxlanması” ilə “vəzifəsi və iş yeri saxlanılır”ın ayrı-ayrı mənaları vardır. Ziyafət müəllim də dedi, biz bunu daha aydın və konkret vermişik. Gələcəkdə, başqa yolu yoxdur, “Gənclər siyasəti haqqında” Qanunda yazılan həmin məqamlar – müəssisədə ştatların ixtisarı, sayının azaldılması Əmək Məcəlləsində də öz əksini tapmalıdır.
Məlumat üçün deyim ki, Oqtay müəllim, Əmək Məcəlləsinin çox geniş monitorinqini keçirmişik. 100-ə yaxın təklif, irad və əlavə bizə daxil olub. Deputat həmkarlarıma da müraciət edirəm, kimin nə fikri varsa, bizə göndərsinlər, mütəxəssislərlə müzakirə edək. Onları gələcəkdə Əmək Məcəlləsinə ediləcək əlavə və dəyişikliklər kimi nəzərə alacağıq. Bu məsələ artıq gündəmdə var.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.49 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1 
İştirak edir 87
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin, “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə. Burada iki məsələdir və ayrı-ayrılıqda səsə qoyulacaqdır. Məsələlərə iki komissiyada baxılıb. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Mən çox vaxt almadan qısaca məlumat verəcəyəm. Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Qanun layihəsi 4 hissədən ibarətdir. Əsasnamə və dənizçinin şəxsiyyət sənədinin təsviri nümunəsinə dair hissələri birgə səsə qoymalıyıq. Sonra bunun qəbulu ilə bağlı bəzi qanunvericilik aktlarına ediləcək əlavə və dəyişikliklərə də ayrıca qanun layihəsi kimi səs verməliyik. Bunu qanunvericilik təşəbbüsünün subyekti ilə razılaşmışıq. Bir məktubla gəlsə də, faktiki olaraq iki qanun layihəsi sayılır.
Bilirsiniz ki, “Dənizçi kitabçası” adlanan sənəd indiyə qədər mövcud olub. Yəni dənizçinin şəxsiyyətini təsdiq edən, bu məsələləri tənzimləyən, qanunla təsdiq olunmuş Əsasnamə var idi. Azərbaycan Respublikası 2006-cı il 12 may tarixdə Beynəlxalq Əmək Təşkilatının “Dənizçilərin şəxsiyyət sənədləri haqqında” Konvensiyasına qoşulmuşdur. Bu gün dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə yenidən işlənib hazırlanmış, daha dəqiq desəm, Konvensiyaya uyğunlaşdırılmışdır. Buna görə də məsələ yenidən parlamentin müzakirəsinə təqdim olunmuşdur. Dənizçinin şəxsiyyət sənədi onun işlədiyi gəmi ilə birlikdə və ya xaricdə işlədiyi gəmiyə çatmaq üçün fərdi qaydada Azərbaycan Respublikasından getmək və bura gəlmək hüququnu verir. Qeyd etməliyəm ki, dənizçinin şəxsiyyət sənədi pasport deyil, 5 il müddətinə verilən, onun fəaliyyəti, işi ilə bağlı olan bir sənəddir.
Fürsətdən istifadə edib deyirəm ki, işçi qrupu Əsasnamə üzərində ciddi işləmişdir. Əlbəttə,Əsasnamə qanunla iki-üç oxunuş tələb edir. İşçi qrupu qanun layihəsini mükəmməl işləmişdir. Düşünürəm ki, bunu bir oxunuşda səsə qoymaqla qəbul etmək olar. Biz təklif etmişik ki, 6 və 8-ci bəndlər də eyni məsələlər olduğuna görə birləşdirilsin. Söhbət şəxsiyyət sənədini almaqdan ötrü təqdim olunan sənədlər və rüsumla bağlıdır. Bununla qanunvericilik təşəbbüsü subyekti razılaşmışdır.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, bizim qanunvericilikdə indiyə qədər “məsul əməkdaş” anlayışından istifadə olunub. Yəni şəxsiyyəti təsdiq edən sənədlərlə, pasportlarla bağlı qanunvericilik aktlarında “məsul əməkdaş” ifadəsi işlənilib. Ona görə də 9-cu bənddə “məsul şəxs” yerinə “məsul əməkdaş” təklif olunur. Bu barədə də razılıq əldə olunmuşdur.
Nəhayət, 19-cu bənddə “satılması və satması” sözləri təkrar edildiyindən onun biri çıxarılır. Qeyd etmək istəyirəm ki, bununla biz bu əsasnamə üzərində ciddi işləmişik, qanunvericilik təşəbbüsünün subyektini də razılaşdırmışıq və hesab edirəm ki, səsə qoyub qəbul etmək olar. Məlumat üçün demək istəyirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası bu işə yaxından kömək edibdir. Onun rəhbərliyi də buradadır. Əgər hər hansı spesifik suallar olsa, onlar da cavab verə bilərlər. Diqqətinizə görə sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Ziyad müəllim, əlavəniz varmı? Əli müəllim, burada iki sənəd olduğuna görə ayrı-ayrılıqda səsvermə olmalıdır.
Ə. Hüseynov. Bəli, mən bayaq da qeyd elədim. Bir məktubla gəlib, amma birinci və ikinci hissələr bir qanun layihəsinə aiddir və Əsasnamə kimi təsdiq olunmaq üçün səsə qoyulmalıdır. Üçüncü, dördüncü hissə bizim yeni qəbul edəcəyimiz Əsasnamədən irəli gələn əlavə və düzəlişlərdir, o da ayrıca səsə qoyulmalıdır.
Sədrlik edən. “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin, “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunmasına, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 14.54 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0 
İştirak edir 89
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
İkinci məsələ Əsasnamə və dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsinin təsdiq olunması ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.55 dəq.)
Lehinə 82
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0 
İştirak edir 83
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədədir. Komissiya sədri Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında 2007-ci il 25 oktyabr tarixli Sərəncam imzalamışdır. Bu sərəncamdan sonra ölkəmizdə 2008-ci il yanvarın 1-dən etibarən sahibkarlığın dövlət qeydiyyatının “bir pəncərə” prinsipi üzrə təşkili barədə qərar qəbul olunmuşdur. Qeyd olunan sərəncamın tələblərindən irəli gələrək aidiyyəti normativ hüquqi aktlara müvafiq əlavə və dəyişikliklərin edilməsi zərurəti yaranmışdır. Bu gün müzakirəyə çıxarılan qanun layihəsi məhz belə bir məqsədə xidmət edir.
Qanun layihəsi “Sahibkarlıq fəaliyyəti haqqında”, “Antiinhisar fəaliyyəti haqqında”, “Rəsmi statistika haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Sosial sığorta haqqında” və başqa qanunlar daxil olmaqla, ümumilikdə, 11 qanuna əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinin 1-ci bəndinə dəyişiklik təklif olunur. Təklifə əsasən hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatı Azərbaycan Respublikasının müəssisələr haqqında qanunvericiliyində göstərilən orqanlar deyil, müvafiq icra hakimiyyəti orqanı – Vergilər Nazirliyi tərəfindən aparılacaqdır.
Hörmətli Ziyafət müəllim, bu kimi dəyişikliklər “Antiinhisar fəaliyyəti haqqında”, “Rəsmi statistika haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Yol hərəkəti haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında” və digər qanunlara dəyişiklikləri də nəzərdə tutur. Ona görə də İqtisadi siyasət daimi komissiyası belə hesab edir ki, “bir pəncərə” prinsipi üzrə sahibkarların fəaliyyəti Azərbaycanda sahibkarlığın inkişafına əməli kömək edir. Alınan məlumatlara görə son bir ay ərzində fiziki və hüquqi şəxslərin qeydiyyatı əvvəlki illərə nisbətən xeyli dərəcədə artmış və bu da bütövlükdə sahibkarlıq mühitinin yaxşılaşmasına xidmət edir. İqtisadi siyasət daimi komissiyası Milli Məclisdən xahiş edir ki, bu əlavə və dəyişikliklərə müsbət münasibətlərini bildirsinlər.
Sədrlik edən. Sağ olun. Bu qanun layihəsi bir neçə komissiyada müzakirə edilibdir. Hadi müəllim, deməyə sözünüz varmı?
H. Rəcəbli. Çox sağ olun, Ziyafət müəllim, sözüm yoxdur. Bizim komissiya “Sosial sığorta haqqında”, bir də başqa qanuna edilən mütərəqqi dəyişikliyi məqsədəmüvafiq sayır.
Sədrlik edən. Sağ olun. Eldar müəllim, buyurun.
E. İbrahimov. Çox sağ olun, Ziyafət müəllim. Bizim komissiyaya aid olan “Toxumçuluq haqqında” və “Baytarlıq haqqında” qanunlarda dəyişiklik edilmişdir. Hörmətli həmkarlarımız qanun layihəsi ilə tanış olublar. İstəməzdim ki, vaxt alıb bu barədə geniş, ətraflı danışım. “Toxumçuluq haqqında” Qanunda texniki dəyişiklik edilibdir. “Şəxslərin qeydiyyatı” “şəxslərin uçotu” sözləri ilə əvəz olunub.
“Baytarlıq haqqında” Qanunda 5.4-cü və 8.1.11-ci maddələr yeni redaksiyada təklif olunubdur. Hesab edirik ki, çox səmərəli təkliflərdir. Burada, əsasən, baytarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanından alınmış məlumatlara əsasən onun tərəfindən uçota alınır. Bu dəyişikliklər sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən edilir. Buna komissiyamızda baxılıbdır. Tamamilə qanuna və məqsədə uyğundur. Xahiş edirəm, hörmətli həmkarlarım buna səs versinlər.
Sədrlik edən. Sağ olun. Əli müəllim, əlavəniz varmı?
Ə. Hüseynov. Mən yeganə bir fikir söyləmək istəyirəm. Bizə aid olan məsələ odur ki, biz “Hüquqi şəxslərin dövlət reyestri haqqında” Qanunda dəyişikliklər edirik. Artıq qeydiyyat üçün çoxlu sənədlər tələb olunmur və müddət azalıbdır. Əvvəl 40 gün idi, sonra 5 gün oldu, indi də 3 gündür. Mən bu dəyişiklikləri yox, başqa bir məsələni qeyd etmək istəyirəm. Sahibkarlıq fəaliyyətinin qeydiyyatı ilə bağlı “bir pəncərə” sistemi və onun tətbiqi göstərdi ki, nəinki qanun, sadəcə, istək olanda problemi həll etmək olurmuş. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əgər əlavə çıxış etmək istəyən yoxdursa, buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 15.01 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0 
İştirak edir 93
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin axırıncı məsələsi “Yaradıcı şəxslər və yaradıcılıq ittifaqları haqqında” qanun layihəsidir. Rafael müəllim, buyurun.
R. Hüseynov, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyası sədrinin müavini.
Çox sağ olun. Hörmətli millət vəkilləri, dəyərli qonaqlarımız! Diqqətinizə təqdim olunan Yaradıcı şəxslər və yaradıcılıq ittifaqları haqqında qanun layihəsi Azərbaycanın həyatında çox vacib olan bir sahəyə, Azərbaycan düşüncəsində çox önəmli yeri olan bir zümrəyə həsr olunub. Azərbaycanın müxtəlif yaradıcı təşkilatlarının təmsilçilərinin, 40-dan artıq nümayəndənin iştirakı ilə qanun layihəsini ətraflı şəkildə müzakirə etdik, sonra ekspert rəylərini öyrənmək üçün müxtəlif təşkilatlara göndərdik. Mən bir daha onlara təşəkkür edir və həmin təşkilatların adını çəkmək istəyirəm: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Memarlar İttifaqı, Kinematoqrafçılar İttifaqı, Müəllif Hüquqları Agentliyi, Maliyyə Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Komitə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi. Onlar bu qanun layihəsinin daha mükəmməl olması üçün öz təkliflərini irəli sürdülər.
Qeyd etməyi vacib sayıram ki, yaradıcı şəxslər və yaradıcılıq ittifaqları tarixin müxtəlif dövrlərində müxtəlif ölkələrdə həmişə diqqətə layiq görülüblər. Amma Azərbaycan gerçəkliyində yaradıcı şəxslərin də, yaradıcılıq ittifaqlarının da dəyəri, yeri və onlara verilən qiymət həmişə yüksək olub. Bu da təsadüf deyil, çünki Azərbaycan insanının və bütövlükdə millətimizin özünü ifadəsinin, dünyada özünü təsdiqinin ən vacib yollarından biri mədəniyyətdən, sənətdən, ədəbiyyatdan keçir və Azərbaycanın yaradıcı şəxsləri də bu istiqamətdə həmişə öz töhfələrini veriblər.
Təqdim olunan qanun layihəsinin də əsas mahiyyəti mənəvi potensialın inkişafı üçün hüquqi zəmin yaratmaq, ədəbiyyatın və incəsənətin inkişafı naminə mədəniyyət xadimlərinin, peşəkar yaradıcılıq birliklərinin fəaliyyətinə təkan vermək, bədii məktəb və ənənələri, beynəlxalq mədəni əlaqələri genişləndirmək, cəmiyyətdə yaradıcı peşələrin nüfuzunu artırmaq, bu peşə sahiblərinin sərbəst özünüifadə hüquqlarını müdafiə etmək, onların fəaliyyəti üçün konstitusion hüquqların, sosial və digər təminatların tənzimlənməsindən ibarətdir.
Bu qanun layihəsinin müxtəlif ölkələrdə qəbul olunmuş çeşidli variantları vardır. Amma mən bizə yaxın olan məkandan, son illərin həyat təcrübəsindən və gerçəkliyindən bizə daha uyğun olan ölkələrdən misallar çəkmək istəyirəm. Məsələn, Rusiya Federasiyasında yaradıcı şəxslər və yaradıcılıq ittifaqları ilə əlaqədar Qanun hələ 1999-cu il dekabrın 1-də qəbul edilib. Daha bir Qanun Ukraynada qəbul edilib. O da kifayət qədər mükəmməl bir Qanundur, yaradıcı şəxsləri və yaradıcılıq ittifaqlarını əhatə edir. Yeni müstəqillik əldə etmiş ölkələrin əksəriyyətində bu qanun ya qəbul edilib, ya da qəbul edilmək ərəfəsindədir. Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərdə bu qanunun və oxşar qanunların qəbul edilməsi ilə əlaqədar hətta ümumi bir model qanun layihəsi də hazırlanmışdır.
Azərbaycanda yaradıcı şəxsiyyətlərə dövlət səviyyəsində, eləcə də yaradıcılıq ittifaqlarına Prezident səviyyəsində həmişə diqqət olub və son illərdə bu diqqətin daha bariz ifadələrini görmüşük. Məsələn, Azərbaycan Rəssamlar İttifaqının üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında cənab Prezidentin 2003-cü il iyunun 19-da olan sərəncamı, yaxud Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında ölkə Prezidentinin 2007-ci il martın 12-də verdiyi sərəncam, eləcə də Rəssamlar İttifaqının üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında 2007-ci il 12 mart tarixli sərəncamı. Prezidentin digər bir sərəncamı Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması və təqaüdlərin müəyyən edilməsi ilə bağlıdır.
Azərbaycanın yaradıcılıq ittifaqlarının, yaradıcı şəxslərinin özünü ifadəsinin, mənəvi potensialının inkişafına töhfə vermək üçün dövlət tərəfindən, cənab Prezident tərəfindən xüsusi qayğı göstərilir. Güman edirəm ki, bu sahəyə diqqətin artırılması vacibdir, çünki Azərbaycan getdikcə informasiya blokadasını yarır, dünyada özünü daha artıq nümayiş etdirir və təsdiq edir. Siyasət, iqtisadiyyat və digər sahələr öz yerində, amma ədəbiyyat, mədəniyyət Azərbaycanın elə bir sərvətidir ki, bu sərvətlərlə xalqımız özündən ərazicə də, iqtisadi qüdrətcə də, əhalisinin sayına görə də qat-qat artıq olan, yüksək olan ölkələrlə qarşı-qarşıya durmaq və daha üstün olduğunu sübut etmək əzmindədir. Ona görə də belə bir qanunun qəbul edilməsinə çox ciddi ehtiyac vardır ki, yaradıcı şəxslərin və yaradıcılıq ittifaqlarının fəaliyyəti üçün ciddi bir zəmin hazırlansın.
Yeri gəlmişkən, onu da demək lazımdır ki, “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunu var. Biz bunu Milli Məclisdə qəbul etmişik. Gələcəkdə biz ona müəyyən əlavələr və dəyişikliklər edəcəyik. Amma bir məsələni də qeyd edim ki, “Mədəniyyət haqqında” Qanun ana qanundur, təməl qanundur və onun bünövrəsində artıq 14 törəmə qanun yaranmışdır və təqdim olunan layihə də həmin sıradan daha bir qanuna çevriləcəkdir.
Bu qanun layihəsi iş gününün sonunda müzakirə edilsə də, yaradıcı şəxslər və yaradıcılıq ittifaqları qətiyyən gerçəkliyimizin sonunda dayanan təbəqə deyil, onlar Azərbaycan gerçəkliyində çox öndə dayanan insanlardır, birliklərdir. Amma hər halda vaxtı nəzərə alaraq, günün sonunu nəzərə alaraq mən çıxışımı çox yığcam şəkildə yekunlaşdırmaq istəyirəm. Onu da nəzərə alıram ki, bu ilk oxunuşdur və konseptual olaraq bu qanun layihəsinə münasibət bildirilməlidir.
Qanun layihəsi beş fəsildən ibarətdir. Bu qanun layihəsində “Əsas anlayışlar”dan sonra qanunun məqsədi haqqında məlumat verilir. Bu qanunda yaradıcılıq ittifaqlarının statusu və növləri, yaradıcılıq ittifaqının üzvlüyünün prinsipləri, yaradıcılıq ittifaqlarının hüquqları sadalanır. III fəsildə yaradıcı şəxslərin və yaradıcılıq ittifaqlarının fəaliyyətinin dövlət təminatı məsələsi qoyulur. Həm yaradıcı şəxslərin, həm də yaradıcılıq ittifaqlarının ən çox diqqət yönəltdiyi və maraqlı olduğu fəsillərindən biri də budur. Bizim ayrı-ayrı nazirliklər bu fəsildə qoyulan bir sıra güzəştlərə, bir sıra imtiyazlara müəyyən məhdudiyyətlərlə bağlı təkliflərini irəli sürdülər və bizim Sosial qanunvericilik şöbəsi də onunla bağlı qanun layihəsində müəyyən düzəlişlər etdi.
Onu da demək lazımdır ki, digər respublikalarda, digər dövlətlərdə qəbul edilmiş eyni məzmunlu qanunlara baxarkən onu görürük ki, onlarda təminatların, güzəştlərin və imtiyazların çərçivəsi bizimkindən kifayət qədər genişdir. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin, bütövlükdə Azərbaycan dövlətinin bu sahəyə diqqəti xüsusidir və illər ötdükcə bu diqqət artır. Ona görə düşünürəm ki, biz bu qanun layihəsində həmin fəslin redaktə olunmuş daha yığcam variantını təqdim etmişik. Əgər bizim müzakirələr əsnasında imtiyazların, güzəştlərin çərçivəsini bir qədər də genişləndirməklə bağlı təkliflər olarsa, onların ətrafında bir də düşünməyə dəyər.
Yaradıcılıq ittifaqlarının əmlak hüquqlarının təminatı, yaradıcı şəxslərin sosial müdafiəsi də çox vacib məsələlərdir və qanun layihəsində öz əksini tapmışdır. Onların məzmunu ilə bağlı geniş fikir söyləmək istəmirəm, çünki qanun layihəsi qarşınızdadır və öz düşüncələrinizi bölüşəcəksiniz. Amma bir məsələni qeyd etmək gərəkdir ki, bəzən suallar doğurur. Müxtəlif yaradıcılıq  ittifaqları var və gələcəkdə də yeni yaradıcılıq ittifaqları yaranacaqdır. Lakin “yaradıcılıq ittifaqı” deyərkən yaradıcılıq ittifaqlarının Azərbaycan gerçəkliyində, tarixdə oynamış olduğu rol ətrafında nə dərəcədə professional yaradıcı şəxsiyyətlərin birləşdirilməsi və Azərbaycanın ümummilli vəzifələrin gerçəkləşməsinə hansı töhfələr verməsi nəzərə alınır. Odur ki, həmin yaradıcılıq təşkilatlarına dövlət qayğısı, dövlət dəstəyi, onların sosial müdafiəsi müxtəlif səviyyələrdə mütləq təmin edilməlidir, çünki onlar cəmiyyətin aparıcı qüvvələridirlər və onların verdiyi töhfə, yüksəlişimizə, irəliləyişimizə verdiyi sovqat bizim onlara etdiklərimizdən qat-qat çoxdur.
Yaradıcılıq ittifaqlarının beynəlxalq əməkdaşlığı da çox ciddi bir problemdir. Çünki biz həm mədəniyyət sahəsində, həm də dövlətlərarası münasibət sahəsində bir çox beynəlxalq konvensiyaları imzalamışıq. Beynəlxalq təşkilatlarla rabitələrin qurulması, tənzimlənməsi istiqamətində yaradıcı şəxslər və yaradıcılıq ittifaqları çox ciddi əhəmiyyət daşıyırlar. Bu mənada yaradıcılıq ittifaqlarının hüquqi bir zəmin üzərində təsbit olunması, hüquqi zəminə dayanması çox ciddi məna daşımaqdadır. Güman edirəm ki, məzmunca kifayət qədər sanballı olan, bizdən əvvəl mövcud olan və digər respublikalarda artıq işləyən və öz faydasını verən qanun layihələrindən istifadə edilərək hazırlanmış Yaradıcı şəxslər və yaradıcılıq ittifaqları haqqında qanun layihəsi həm Azərbaycanın yaradıcı insanlarına, həm də yaradıcılıq birliklərinə çox yardım göstərəcək, bundan sonra da onların Azərbaycanın həyatında səmərəli fəaliyyətinə yeni bir hüquqi zəmin açacaqdır. Ona görə də mən sizə konseptual olaraq bu gün qanun layihəsinə müsbət münasibət bildirməyinizi təklif edirəm. Rica edirəm ki, onun daha da təkmil olması, qarşıya qoyulan məqsədləri dəqiq, sərrast ifadə etməsi üçün gələcəkdə öz təkliflərinizi verəsiniz. Təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun. Mən də hesab edirəm ki, bu qanun layihəsi konseptual cəhətdən birinci oxunuş üçün məqbuldur. Bu gün bizim iclasda yaradıcılıq ittifaqlarının hörmətli sədrləri, katibləri iştirak edirlər. Lazım olsa, müzakirələrdə iştirak edəcəklər. Müzakirələrə başlamaq istəyirik. Rəbiyyət xanım, sual düyməsi var. Suala birinci Elmira Axundova yazılıb, sonra Siz. Elmira Axundova, buyurun.
E. Axundova. Mənim sualım qanunun adı ilə bağlıdır. Bizdə çoxdandır, yaradıcılıq ittifaqlarının adı başqa cür qəbul olunub. Məsələn, mən üzv olduğum təşkilatlar Yazıçılar İttifaqı yox, Yazarlar Birliyi, Müstəqil Jurnalistlər Birliyi adlanır. Sovet vaxtından qalan “ittifaq” sözü qanunun adında və maddələrində arxaik səslənir və bu mütləq dəyişdirilməlidir. “Birlik” gözəl sözdür, “ittifaq” düzgün deyil.
Rafael müəllim, 9.1-ci maddədə yazılır: “Yaradıcı şəxslərin yaradıcılıq fəaliyyətini və sosial müdafiəsini təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən... xüsusi təqaüd fondu yaradılır.” Mən sual verirəm, bu fond hansı vəsaitlər hesabına maliyyələşəcəkdir? Sırf dövlət hesabına, yoxsa yazıçılarımız və ya başqa yaradıcı institutlar ona ayırmalar edəcək? Bunu qanun layihəsində yazmaq lazım idi.
İkinci sual. Həmin maddədə yaradıcı şəxslərin sosial müdafiəsi haqqında daha ətraflı yazılmalıdır, çünki elə yazıçı, rəssam, bəstəkar var ki, o heç bir dövlət, ya da qeyri-dövlət strukturunda bir gün də işləməyib, yalnız yaradıcılıqla məşğul olub. Belə olan halda sual doğur ki, onun təqaüdü necə hesablanacaq? Xüsusi fonddan, yoxsa başqa mənbələrdən? Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Yəqin, Rafael müəllim suallarınızı cavablandıracaq. “İttifaq” sözü sovetlərlə assosiasiya olunmalı deyil, çox normal bir sözdür. “İttifaq”ın nəyi pisdir ki? Rəbiyyət Aslanova, buyurun.
R. Aslanova. Çox sağ olun, Oqtay müəllim. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Qanunun 1-ci maddəsində belə bir ifadə var: “yaradıcı şəxs – öz peşəkar yaradıcılıq fəaliyyəti ilə növündən və üslubundan asılı olmayaraq” və sair. Burada söhbət yalnız peşəkarlardanmı gedir ki, bu, sırf peşəkar olmalıdır. Musiqiçidirsə, konservatoriyanı bitirmiş olsun, rəssamdırsa, Rəssamlıq Akademiyasını bitirmiş olsun və bu adam peşəkar olsun. Məsələn, Hüseynbala Mirələmov bizim gözəl yazıçımızdır. İndi bu, peşəkardır, ya peşəkar deyil? Bunu niyə bölək? Bu birinci məsələ. Mən istərdim ki, Azərbaycan mühitində mövcud olan bu münasibəti – peşəkar və ya qeyri-peşəkar məsələsini aydınlaşdıraq.
İkincisi, yaradıcılıq ittifaqının əhatə dairəsini müəyyənləşdirək. Tutaq ki, sabah hüquqşünaslar ittifaqı yarandı. Burada ancaq mədəniyyət sahəsi göstərilir. Həmin hüquqşünaslar ittifaqı yaradıcılıq təşkilatıdır? Belə bir ittifaq var ki, ideyanı alır, ideyanı gerçəkləşdirmək istəyir. Bunlar ittifaqdır, yoxsa ittifaq deyil? Burada ancaq mədəniyyət sahəsinə aid olur və bununla məhdudlaşır. Olar ki, bunun əhatə dairəsini müəyyənləşdirək. Mənə elə gəlir ki, təkcə mədəniyyət sahəsinə aid olmamalıdır. Bunu genişləndirək ki, insanlar da bundan istifadə edə bilsinlər.
Sədrlik edən. Sağ olun. Müzakirələrə başlayırıq. Mübariz Qurbanlı, buyurun.
M. Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Burada Rafael müəllim geniş və ətraflı bir məsələyə toxundu. Təbii ki, “yaradıcılıq ittifaqı” da deyə bilərik, “birlik” də deyə bilərik. Mən də hesab eləyirəm ki, “birlik” sözü daha yaxşı səslənir. Ola bilər, komissiya “ittifaq” sözünü daha üstün tutacaq. Bu, səsvermənin nəticəsində müəyyən olunacaq. Məsələ onda deyil.
Məni bir məsələ düşündürür. Yaradıcılıq ittifaqlarının fəaliyyətini bu qanun tənzimləyəcək və dövlət qayğı göstərəcək, yardım edəcək, sosial müdafiəsini gücləndirəcək. Məsələn, yaradıcılıq birliklərinin gömrükdən mal keçirməsi üçün hətta güzəştlər var, incəsənət nümunələrini, kitabları keçirə bilər, müəyyən kommersiya fəaliyyəti göstərə bilər. Bu çox yaxşıdır, lazımdır. Yaradıcılıq birliklərini, yaradıcı şəxsləri dəstəkləmək, onlara qayğı göstərmək, layihədə müxtəlif bəndlər də yazmaq lazımdır. Amma qorxuram ki, bir məsələ gələcəkdə problem yaratsın, çünki bu yaradıcılıq birlikləri qeyri-hökumət təşkilatıdır və biz burada ittifaq miqyaslı yaradıcılıq təşkilatının yaradılmasına bu qanunla imkan yaradırıq. Bir regional, bir də yerli ittifaq yaradılır. Azərbaycan ərazicə böyük deyil. Əgər Rusiyada belə bölgü varsa, bu, başa düşüləndir, çünki o federativ dövlətdir və hər federasiyanın subyekti özündə bunu yarada bilər. Ola bilər, Naxçıvanda belə bir regional qurum yaratmaq mümkündür. Əgər biz buna rəvac versək, inzibati ərazidə də yaradıcılıq birliyi yaratmaq olar. Təsəvvür eləyin ki, hər iki subyekt respublika yaradıcılıq birliyi ilə birlikdə həmin güzəştlərdən istifadə edir. Biz təsəvvür eləyə bilərik ki, həmin güzəştlər kommersiya ilə bağlıdır və bu məqam müxtəlif adamları belə bir qurum yaratmağa sövq edəcək.
İndi də yaradıcılıq birliklərimiz, o cümlədən Yazıçılar Birliyi var, Rəssamlar İttifaqı var. Yerlərdə, tutaq ki, Gəncədə Yazıçılar Birliyinin filialı var, fəaliyyət göstərir. Amma o, hüquqi şəxs deyil, yəni Yazıçılar Birliyinin Gəncədə fəaliyyət göstərən yerli təşkilatı hüquqi şəxs kimi çıxış edə bilməz. Amma mən buradan belə başa düşdüm ki, regional və yerli yaradıcı birlikləri də ittifaq, yaxud birlik adlandırsaq, onlar da faktiki olaraq hüquqi şəxs qismində çıxış edəcək. Belə olduqda hesab eləyirəm, respublika miqyasında yaradıcılıq birliyinin yaranmasına və fəaliyyətinə ciddi əngəl olacaq, yerlərdə yaradıcılıq birlikləri adı altında qurumlar yaradılacaq və bizim verdiyimiz həmin güzəştlərdən yararlanmağa çalışacaqlar.
Düzdür, yaradıcılıq birliyinin Nizamnaməsi var. Layihənin bir maddəsində bu göstərilir. Amma indi həmin Nizamnamə ilə həm regional, həm də yerli təşkilatlar ittifaq adlandırılır və onlar mərkəzdə, respublikada olan təşkilata tabe olurlar və hansısa güzəştləri ortaya qoymaq iddiasına düşürlər. Yəni sabah həmin fondlardan pulların, vəsaitlərin, mükafatların verilməsi, bölüşdürülməsi dolaşıqlıq yarada bilər. Mən çox istərdim ki, Rafael müəllim də, komissiya üzvləri də buna diqqətlə baxsınlar. Əgər mən deyən kimi deyilsə, göstərsinlər, əksinə, orada hansısa çatışmazlıq və boşluq varsa, onu həll eləmək lazımdır. Təşəkkür edirəm. Mən birinci oxunuşda layihənin qəbul edilməsinə tərəfdaram.
Sədrlik edən. Çox sağ olun, çox gözəl təklifdir. Rafael müəllim, bu təklifə diqqətlə yanaşmaq lazımdır. Əli Məsimli, buyurun.
Ə. Məsimli. Çox sağ olun, cənab Sədr. Təbii ki, təqdim olunan qanun layihəsi yaradıcı şəxslərin fəaliyyətinin genişləndirilməsi, onların təşkilatlarının təkmilləşdirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir. Amma bu birinci qanun olduğuna, həm də Oqtay müəllimin qeyd elədiyi kimi, yaradıcılıq təşkilatlarının nümayəndələri burada olduğuna görə konseptual xarakterli bəzi məqamlara aydınlıq gətirməyə ehtiyac var.
İlk növbədə görürsünüz ki, 1-ci maddədə söhbət bilavasitə əqli mülkiyyət hüququnun yalnız bir hissəsindən – müəlliflik hüququndan gedir. Amma ixtiraçılıq hüququ və digər hüquqlar da var. Bu məqama aydınlıq gətirilməlidir. İkincisi, əgər müəlliflik hüququ subyektiv və yaradıcı şəxs kateqoriyasına aid edilirsə, onda qanunun 1.0.2-ci maddəsində “yaradıcılıq ittifaqı” dedikdə onun təkcə mədəniyyət sahəsini əhatə edən şəxslərlə məhdudlaşması nə ilə əlaqədardır? Əgər burada geniş mənada mədəniyyət nəzərdə tutulursa, bu, mütləq açılmalıdır. Özü də təkcə Azərbaycanda yox, dünyada bu məsələ zəif işlənilib və mütləq açılmalıdır. Elə-belə sözlə bu məsələ açılmır. Böyük hərflə yazılan mədəniyyətdən söhbət gedirsə, bu başqa məsələdir, yox, sadəcə, bizim işlətdiyimiz mədəniyyət kateqoriyasından söhbət gedirsə, bunun dar çərçivəyə salınmasına aydınlıq gətirilməlidir.
Sonra, 3-cü maddədə bəzi məqamlar konseptual olduğuna görə mən qeyd etmək istəyirəm. Söhbət mənəvi potensialdan gedir. Biz bilik cəmiyyətinə doğru gedirik. Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın yazarları, bəstəkarları bu gün dayansa, beş-on ildə heç nə yazmasa, yenə də Azərbaycana çatmaq çətindir. Doğrudan da, biz dünyada rəqabət qabiliyyətli bir dövlətə çevrilmək istəyiriksə, yeni texnologiyaların Azərbaycana tətbiqi ilə bağlı yaradıcı insanları, elmlə məşğul olan insanları, özünün intellektual qabiliyyətinə görə dünya səviyyəsinə çıxan və dünyada tanınmış alimlərlə əlaqə yaradan insanları stimullaşdırmalıyıq. Mən hesab eləyirəm ki, bütün yazıçıları, rəssamları yox, yaxşı yazıçını, yaxşı rəssamı, yaxşı bəstəkarı stimullaşdırmalıyıq. Necə ki, yaxşı alimi stimullaşdırırıq, yerdə qalanları stimullaşdırmırıq. Şübhəsiz ki, bunlar müqavilə əsasında qurulması vacib olan məsələlərdir.
İkincisi, mərkəzi Bakıda yerləşən qurumlarla yerlərdə olan qurumlar arasındakı münasibət diqqəti cəlb edir. Şəxsən deputatlıq müddətində bununla əlaqədar rastlaşdığım bir problem məni bu məsələni qaldırmağa sövq elədi. Söhbət ondan gedir ki, Yazıçılar Birliyinin 1993-cü ildən Şəkidə bir filialı fəaliyyət göstərir və ictimai əsaslarla işləyir. Vaqif müəllim onun rəhbəridir, 10-dan artıq nümayəndəsi var. Hesab eləyirəm ki, savadlı, qabiliyyətli adamlardır. Bir qəpik də pul verilmir. Mənə müraciət olunmuşdu. Mən də hökumət təşkilatlarına müraciət etmişəm. Qanuna riayət edərək mənə cavab verildi ki, ictimai təşkilat olduğuna görə yalnız qrantlar vasitəsilə bunlar stimullaşdırıla bilər. Onda həmin yaradıcı təşkilatlar “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun prinsiplərinə uyğun gəlir, eyni zamanda, ayrıca bir statusla ayrılır. Əgər biz ayrılanların bu kateqoriyası haqqında qanun qəbul ediriksə, onda mən təkid edirəm ki, Azərbaycanda intellektual tutumlu işlərin görülməsinə ehtiyac daha çoxdur. Bəlkə də görünməyən əllər səviyyəsində iş elə qurulub ki, yazıçımız, rəssamımız, incəsənət xadimimiz çox olsun. Amma riyaziyyat sahəsində böyük kəşfləri biz eləmişik. Həmin sahədə bizə imkan verməyiblər ki, millət inkişaf etsin. Ən yaxşı göstəricilərdən biri odur ki, riyaziyyat sahəsində, texniki elmlər sahəsində Azərbaycanın məktəbləri var. Bu cür ittifaqlara kömək edilməsinə mən razıyam. Mənə elə gəlir ki, bundan da artıq kömək olmalıdır. Amma bu, təkcə əlahiddə surətdə, köhnə stereotiplər əsasında yalnız Yazıçılar Birliyinə, Rəssamlar İttifaqına yox, elm xadimlərinə də şamil edilməlidir. Bu cür insanlar, doğrudan da, Azərbaycanın gələcəkdə rəqabət qabiliyyətinin təmin edilməsində çox əhəmiyyətli rol oynayacaqlar. Bu insanların təminatı da nəzərə alınmalıdır.
Yenə də regionlarla bağlı məsələlərə qayıdıram. Mən çox arzulayardım ki, mərkəzlə yerlər arasında olan münasibətlərə burada aydınlıq gətirilsin və qanun layihəsində öz əksini tapsın, ziddiyyətlər yaranmasın. Digər tərəfdən, mərkəzin üzərinə müəyyən öhdəliklər qoyulsun. Burada göstərilən kimi, əslində, dövlət ictimai təşkilata pul ayırmamalıdır, amma humanistlik göstərir, ictimai təşkilatlara pul ayırır, qeyri-hökumət təşkilatlarına yardım fondu yaradılır, Prezident səviyyəsində göstərişlər verilir. Bu cür humanizmin qarşısında yerlərdə olan təşkilatların ağır vəziyyətdə olması üçün mərkəzi təşkilatlar öhdəlik götürməlidirlər, müəyyən qədər aldığı vəsaitlərdən yerli təşkilatlara da verməlidirlər. Bu gün, sözün əsl mənasında, regionların inkişafından söhbət gedirsə, biz yerlərdə bütün təşkilatları, o cümlədən mərkəzi təşkilatların filiallarının da daha səmərəli fəaliyyətini təmin eləmək üçün kömək göstərməliyik. Hesab eləyirəm ki, bu cür konseptual xarakterli məqamların qanunvericilik sənədində mütləq açılmasına ehtiyac var. Qeyri-hökumət təşkilatı birdən-birə niyə xüsusi bir status alır? Xüsusi status alanda, sözün həqiqi mənasında, ciddi mülkiyyət məsələləri ortaya çıxır, dövlətin üzərinə mükəlləfiyyətlər qoyulur. Amma Azərbaycanın bundan sonrakı dövrlərdə bir dövlət kimi mövcudluğunu təmin edəcək şəxslər barədə layihədə heç nə yoxdur. Bu məsələlərə aydınlıq gətirilməsinə böyük ehtiyac var. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Valeh Ələsgərov.
V. Ələsgərov. Mən də bir neçə kəlmə demək istərdim. Bu başdan yaradıcılıqla məşğul olan şəxslərimizə çatdırmaq istəyirəm ki, hamısına hörmətim var, ancaq konseptual cəhətdən burada yazılan bəzi şeyləri qəbul edə bilmərəm.
Birincisi, bayaq Mübariz müəllimin qaldırdığı məsələ. Burada yazılanlara görə mərkəzi təşkilatlar, regional təşkilatlar, yerli təşkilatlar yaranacaq, onların hamısına ştat cədvəli tutulacaq və 7.2-ci maddəyə uyğun olaraq yaradıcılıq ittifaqlarına hər il onların fəaliyyəti üçün orada çalışan şəxslərin əmək haqları və sosial sığorta ayırmalarının həcmindən az olmamaqla dövlət büdcəsindən vəsait ayrılır. Əgər bu yaradıcılıq təşkilatı yaradılıbsa, onların işçisi olacaq və dövlət büdcəsindən vəsait ayrılacaq. Niyə? Bu yaradıcılıq təşkilatı ictimai təşkilatdırsa, qeyri-hökumət təşkilatıdırsa, nə isə yaradacaqmı? Bəli. Yaratdığını satacaqmı? Bəli. Üzvlük haqqı var, yaratdığı, satdığı məhsulun gəliri var, həmin gəlirdən də büdcəyə qoysun. Niyə bu məsələ layihədə yazılmayıb? Onun büdcəsi bu cür də təşkil oluna bilər.
Amerika Birləşmiş Ştatlarını götürün, Avropa ölkələrini götürün, baxın, yaradıcılıq təşkilatlarının büdcəsi haradan və necə formalaşır? Məni narahat edən odur ki, neft gəlirləri artdığı üçün pulumuzu sağa-sola xərcləməliyik? Digər tərəfdən, yaradıcılıq təkcə şairlə, yazıçı ilə, musiqiçi ilə məhdudlaşmır ki. Texniki yaradıcılıq var, elmi yaradıcılıq var, başqa yaradıcılıq sahələri var. Bəs onlar harada qaldı? Yoxsa onlar bu millətdən deyil? Niyə yaddan çıxır?
İkincisi, bu boyda təşkilat yaradırıq və 7.5-ci maddədə dövlətin boynuna qoyuruq ki, dövlət yaradıcı şəxslərin yaradıcılıq şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaradıcılıq evləri tikilməsini təmin edir. Sonra məsələ qaldırılır ki, yaradıcılıq evi kiçikdir, böyükdür, kompüteri yoxdur. Vəsait büdcədən gedir. Biz bunu istəyirik? Yaradıcılıqla məşğul olmaq ürəyindən, içindən gələn bir şeydir, get, məşğul ol. Dövləti bu qədər yükləmək olmaz. Dövlət torpaq da verəcək, sonra bunların hamısı həmin yaradıcılıq təşkilatlarının mülkiyyətinə keçir. Bu necə olan şeydir? Dövlət hədiyyə verir, sonra da onun mülkiyyətinə keçir, yaradıcılıq təşkilatına rəhbərlik edən 5-6 adam bu mülkiyyətin sahibi olacaq? Bunu yazanda, üzr istəyirəm, ya fikirləşməmiş yazıblar, ya da bilərəkdən elə şeylər yazılıbdır ki, dövləti yükləyək, mülkiyyət sahibi olaq, dövlətin maaşı ilə yaradıcılıqla məşğul olaq. Aşıqsansa, aşıqlığını elə, toyda qiymətin bilinəcək. Dövlət səni məcbur etmir ki. Üzr istəyirəm.
Sədrlik edən. Tahir Rzayev, buyurun.
T.Rzayev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də müzakirəyə çıxarılan bu qanun layihəsini müsbət bir hal hesab edirəm. Layihədə dövlətlə yaradıcı şəxslər və yaradıcılıq ittifaqları arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi nəzərdə tutulur. Digər tərəfdən bu qanun layihəsi bilavasitə dövlətin yaradıcı şəxslərə, yaradıcılıq ittifaqlarına göstərdiyi qayğının təzahürüdür. Tarixən Azərbaycanda yaradıcı şəxslərə, yaradıcılıq ittifaqlarına həmişə qayğı və diqqət olub. Bu, ümummilli liderimiz Heydər Əliyevin vaxtında da belə idi, bu gün də belədir. Yaradıcı şəxslərin əməyi qiymətləndirilir, onların fəaliyyətinin təkmilləşdirilməsinə, sənətlərinin inkişaf etdirilməsinə ciddi fikir verilir. Əlbəttə, bu qanun layihəsi də həmin qayğı və diqqətdən qaynaqlanır.
Bir məsələni bildirmək lazımdır ki, biz hər hansı bir təşkilatı, hər hansı bir müəssisəni, hər hansı bir birliyi yaradarkən, ilk növbədə, onun hansı vəzifə daşıyacağı barədə fikirləşirik. Eləcə də əlimizə qələm alarkən, hər hansı bir işə girişərkən biz öz vəzifəmizi müəyyən etmək istəyirik. Əgər bu vəzifələr müəyyən olunmursa, həmin təşkilatda, həmin birlikdə, həmin ittifaqda anarxiya hökm sürür.
Düzünü demək istəyirəm ki, son illər Azərbaycan Yazıçılar Birliyi ətrafında gedən müəyyən xoşagəlməz yazılar məni bir insan kimi çox narahat edir. Əlinə qələm alan bəzi adamlar bizim görkəmli yazıçılarımızın ünvanlarına təhqiredici məqalələr yazırlar. Bütün yaradıcılığı boyu Anar müəllimin bir hekayəsi dəyərində cızma-qarası olmayan adamlar Anar müəllim kimi bir şəxsiyyəti çox ciddi şəkildə rüsvayçılıqla tənqid edirlər. Hətta bizim mərhum yazıçıların ünvanlarına nələr söylənilir? Bu ondan irəli gəlir ki, həmin birliklər vəzifələrini hələ dəqiq müəyyən etməyiblər. Eləcə də həmin yaradıcı şəxslər özlərinin vəzifə məsuliyyətini dərindən dərk etmirlər.
Mən Valeh müəllimin dedikləri ilə razıyam. Bu qanun layihəsində hər şey dövlətin üzərinə atılıb. Burada yaradıcılıq ittifaqlarının, yaradıcı şəxslərin vəzifələrinin nədən ibarət olduğu göstərilməyib. İlk növbədə yaradıcılıq ittifaqlarının vəzifələri müəyyənləşdirilməlidir. Bizə məlumdur ki, yaradıcı şəxslər Azərbaycanın tarixini, adət-ənənələrini, mentalitetini tarixiləşdirir, əbədiləşdirir və gələcək nəsillərə ötürürlər. Onlar ilk növbədə öz vəzifələrini bilməlidirlər. Mən elə bilirəm ki, burada yaradıcılıq ittifaqlarının hüquqları kimi, onların vəzifələri də müəyyənləşdirilməli, aydın şərh olunmalıdır.
Bir də görürsən, hansısa bəstəkar bir-iki mahnı yazır, həm bəstələyir, həm də özü oxuyur, saatlarla da televizordan düşmür. Bəzən əndazədən elə çıxırlar ki, nəinki bizim mənəvi zövqümüzü oxşayırlar, hətta əxlaqımızı belə korlayırlar. Heç bir təşkilat onları səhnədən geri çağıra bilmir, onların haqqında heç bir tədbir görə bilmir. Hətta televiziyada qarderoblarını, yüngül əxlaqlarını nümayiş etdirməkdən çəkinmirlər. Ona görə də bizim yaratdığımız yaradıcılıq ittifaqının vəzifələri müəyyən edilməlidir. Bu vəzifələr ondan ibarət olmalıdır ki, ilk növbədə yaradıcı şəxslərin yaradıcılıq qabiliyyətlərinin təkmilləşdirilməsinə xidmət etsin, sanballı əsərlərin çap olunmasına şərait yaratsın, yaxşı əsərlərin xarici dillərə tərcümə olunmasına imkan yaratsın, yaradıcı şəxslərin maddi və mənəvi cəhətdən həvəsləndirilməsinə xidmət etsin. Elə olmamalıdır ki, yaradıcılıq ittifaqları yaradıldıqdan sonra hər şeyi dövlət öz üzərinə götürsün və bunlar vəzifədən kənarda qalsınlar. Onda bu qanunun əhəmiyyəti olmayacaq. İlk oxunuşda qanun layihəsinin qəbul olunmasına tərəfdaram və komissiyadan xahiş edərdim ki, onun təkmilləşdirilməsi üçün ciddi çalışsınlar. Çox sağ olun.
Sədrlik edən. Vahid Əhmədov, buyurun.
V. Əhmədov. Çox sağ olun, Oqtay müəllim. Mənim demək istədiklərimin əksəriyyətini, faktiki olaraq, Valeh müəllim qeyd etdi. Ümumiyyətlə, başa düşmək olmur, biz niyə son vaxtlar Milli Məclisdə belə qanunların müzakirəsinə yol veririk? Yaradıcılıq ittifaqları qeyri-hökumət təşkilatlarıdır və qeyri-hökumət təşkilatları ilə əlaqədar bizim Qanunumuz var, maliyyə mənbələri, fəaliyyət istiqamətləri göstərilib.
Yaradıcı insanlara, xüsusilə mədəniyyət sahəsində fəaliyyət göstərən insanlara mənim də böyük hörmətim var. Amma onu da nəzərə almaq lazımdır ki, son illərdə Azərbaycanın dövlət başçısının ən çox hörmət etdiyi və yardım göstərdiyi insanlar da məhz onlardır. Bayaq Valeh müəllimin dediyi kimi, texnika ilə, elmlə məşğul olanlar, faktiki olaraq, kənarda qalıblar. Bu qanun layihəsini diqqətlə oxuduqda, görün, onlara hansı güzəştlər verilir? Faktiki olaraq, gömrükdən, vergi rüsumlarından azad edilir. Bundan əlavə, onlara hüquqi şəxs kimi həm mərkəzdə, həm də regionlarda hüquqi şəxs statusu yaratmaq, sahibkarlıqla məşğul olmaq imkanı verilir. Hansı yaradıcı insan, mədəniyyətlə məşğul olan insan sabah gedib rəssamlıqla da məşğul olacaq? Təbii ki, sahibkarlıqla məşğul olacaq və sahibkarlığa daha çox üstünlük verəcək.
Ümumiyyətlə, belə götürəndə, Oqtay müəllim, konseptual cəhətdən bilinmir ki, bunun konsepsiyası nədən ibarətdir. Burada məqsəd yaradıcı insanlara kömək etməkdirsə, bayaq mən qeyd etdim, Azərbaycanın dövlət başçısı, faktiki olaraq, onlara həddindən artıq kömək edir. Həm əməkhaqları ilə, həm ev verməklə, həm də fəxri adlar verməklə! Mən deyərdim ki, yaradıcı insanların heç biri diqqətdən kənarda qalmır.
İkincisi, yenə də qeyd edirəm, biz niyə ayrıca bunların haqqında qanun qəbul edirik? Sabah elm adamları da yığışıb deyəcəklər ki, elmlə əlaqədar, elmlə məşğul olan insanlar haqqında da ayrıca bir qanun qəbul edin. Ümumiyyətlə, konseptual cəhətdən bu qanun layihəsini qəbul etmirəm. Xahiş edirəm, bu qanun layihəsi komissiyaya qaytarılsın, iş aparılsın. Ümumi konsepsiya müəyyən olunduqdan sonra bu qanun layihəsi qəbul oluna bilər. Çox sağ olun.
Sədrlik edən. Bahar Muradova, buyurun.      
B. Muradova. Təşəkkür edirəm, cənab Sədr. Mən görürəm, günün axırıdır deyə, bəlkə də yorulmuşuq, həddindən artıq kəskin mövqelər bildirməyə bir az meyilliyik. Mən istəyirəm ki, məsələlərə bir az yumşaq yanaşaq. İlk olaraq Rəbiyyət xanım sual verdi ki, yaradıcı şəxs kimdir, peşəkar nə deməkdir? Ümumiyyətlə, bu məsələnin cəmiyyətdə bu günə qədər müzakirəsi gedir. Bu məsələdə meyarların müəyyənləşdirilməsinin tərəfdarıyam ki, kimə yaradıcı şəxs, kimə peşəkar demək olar. İstedadlı adamamı, yoxsa yaradıcı şəxs olmasını təsdiq edən diplomlu şəxsəmi? Bu məsələ cəmiyyətdə daim müzakirə olunur. Mənə elə gəlir ki, bu qanun qəbul olunandan sonra da bu məsələnin müzakirəsi gedəcək. Bəli, biz bunun ətrafında fikir mübadiləsi aparmalıyıq. Bazar iqtisadiyyatı şəraitində hər bir kəs yaratdığını reallaşdırmaq, ondan gəlir götürmək istəyir. Məncə, bu məsələnin üzərində çox dayana bilmərik, çünki mədəniyyət, incəsənət elə bir sahədir ki, əsl sənət əsəri yalnız onu yaradan şəxsin məhsulu deyil, müəllifin mənsub olduğu millətin, xalqın və həmin millətin yaratdığı dövlətin ümumi bir məhsuludur, mənəvi sərvətidir, xəzinəsidir. Ona görə də buna münasibət digər sahələrə olan münasibətlərdən fərqli olmalıdır.
Yadınızdadırsa, ümummilli liderimiz Xuraman və Fidan Qasımovaların yaradıcılığına həsr olunmuş gecədə bir ifadə işlətdi. O dedi ki, bu cür insanlar ayrıca sayılmalıdırlar. Barmağının işarəsi ilə göstərdi, sayın, bunlar neçə nəfərdir? Yüzə qədər çatsa, böyük işdir. Mən ümummilli liderimizin fikrini tam dəstəkləyirəm və dəstəkləməkdən savayı başqa imkanım da yoxdur, çünki bu bir həqiqətdir, açıq-aydın bir həqiqətdir. Yenə də deyirəm, yaradılan nə varsa, bir nəslin və onun nümayəndələrinin yox, bütün millətindir. Ona görə də hər kəs, xüsusilə də dövlət buna qayğı ilə yanaşmalıdır.
Siz diqqət yetirin, qanun layihəsinin preambulasında göstərilir ki, bu qanun yaradıcılıq ittifaqlarının statusunu, hüquqlarını, dövlətin yaradıcı şəxslər və yaradıcılıq birlikləri ilə qarşılıqlı münasibətlərinin hüquqi əsaslarını müəyyən edir. Yəni dövlətin mədəniyyətə, bu mədəniyyətin daşıyıcıları olan insanların yaratdıqları birliklərə münasibəti nədir? Onlarla əlaqələri necə qurmaq istəyir, hansı şəraiti yaratmaq istəyir? Bu məsələlər burada əksini tapır. O ki qaldı ayrılıqda bu şəxslərin özlərinin və qurum olaraq birlikdə vəzifələrinə, bu məsələlər onların daxili nizamnamələrində əksini tapmalıdır və tapır.
Burada müxtəlif fikirlər səsləndi ki, biz onlara müəyyən güzəştlər veririk, gömrük rüsumlarından azad edirik, hansısa mal aparacaqlar. Orada göstərilir ki, onların gömrükdən keçirəcəkləri mal onların yaratdığı əsərlər ola bilər, özlərinə məxsus kitablar, sənət əsərləri ola bilər. Mən sizi əmin edirəm, onlar qənd, un və ya başqa məhsullar keçirməyəcəklər ki, bu da kimisə narahat etsin. Yenə də deyirəm, burada fikir səsləndi ki, biz əmlakı onların mülkiyyətinə verəcəyik və bu əmlak da kimlərəsə xidmət edəcək. Burada göstərilir ki, həmin əmlak yalnız Nizamnamə məqsədlərinə xidmət edə bilər. Nizamnamə məqsədləri də yaradıcı şəxslərin yaradıcılıq imkanlarının genişlənməsinə və bütövlükdə yaradıcı məhsula diqqətin artırılmasına, qayğının göstərilməsinə xidmət edir. Ona görə də sahibkarlıq fəaliyyəti ilə bağlı söylənildi ki, onlar gedib istənilən sahə üzrə sahibkarlıq fəaliyyəti göstərə bilməzlər.
10.1-ci maddədə göstərilir ki, onlar nizamnamə çərçivəsində nizamnamə məqsədlərinə xidmət edən sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər, yəni nəşriyyat aça bilərlər, qəzet buraxa bilərlər, sənət əsərlərinin satışı ilə məşğul ola bilərlər, sərgilər aça bilərlər. Məncə, bu kimi sahələrdə onların çalışması digərlərinin sahibkarlıq fəaliyyətinə hansısa maneçilik törədə bilməz və əldə olunan gəlir də o dərəcədə yüksək ola bilməz ki, başqa sahələri üstələsin və yaxud dövlət bundan ziyan çəksin.
Mən hesab edirəm ki, Azərbaycan dövlətinin yeritdiyi siyasət düzgündür. Əlbəttə, biz bu kimi güzəştlərdən hansısa sui-istifadə hallarının qarşısını almaq üçün yeni mexanizmlər düşünməliyik və düşünə bilərik. Bu barədə fikir mübadiləsi aparmaq olar və qanun layihəsinin sonrakı müzakirəsində bunları biz nəzərə ala bilərik. Hər halda burada boşluqlar var və verilən bu güzəştlər sui-istifadə hallarına, qanunazidd hərəkətlərə gətirib çıxarmamalı, kimlərsə bundan öz məqsədləri üçün istifadə etməməlidirlər. Mən də yaradıcılıq ittifaqlarının dairəsinin genişlənməsi və ya daralması ilə bağlı hansısa müzakirələrin açılmasının tərəfdarıyam.
Bizdə belə bir stereotip mövcuddur ki, yaradıcı insan, yaradıcı şəxs deyəndə, ilk növbədə, gözümüzün qarşısına şair, yazıçı, bəstəkar gəlir, bu sahənin adamları gəlir. Amma yeni zaman yeni bir yanaşma da tələb edir. Bəli, biz texnika, elm və digər sahələrdə də yaradıcılıq ittifaqlarının yaradılmasını stimullaşdırmalıyıq. Mənə elə gəlir ki, onlara heç kim mane olmur və biz bu yaradıcılıq ittifaqlarını ayrıca qeyri-hökumət təşkilatı kimi də qəbul edə bilmərik, çünki beş-üç adamın hüququnu müdafiə edən təşkilatla bütün millət üçün mədəni sərvət yaradan bir təşkilatın çox böyük fərqi var və onları qarışdırmaq olmaz. Kimlərinsə siyasi məqsədlərinə xidmət edən təşkilatla bütövlükdə millətin mədəniyyətini, sənətini, incəsənətini yaradan və onun mənəviyyatını formalaşdıran insanların təşkilatlarını qarışdırmaq olmaz.
Yenə də deyirəm, bizim əlimizdə kifayət qədər imkan və qarşıda xeyli vaxt var. Biz də millət vəkilləri olaraq bu insanların daha yaxşı işləməsi, yaradıcılıqla daha yaxşı məşğul olması üçün şərait yaratmalıyıq. Nəzərə alaq ki, dövlətimizin, dövlət rəhbərliyimizin bu istiqamətdə siyasi iradəsi var və açıq şəkildə bu qanunun müzakirəsinə, yaradılmasına rəvac verir. Deməli, bu qanunda nəzərdə tutulan məsələlərin həyata keçirilməsi üçün kifayət qədər imkanlar var. Heç bir dövlət, heç bir cəmiyyət mədəniyyətə, sənətə, yaradıcı sahəyə ayırdığı investisiyaya görə heç zaman peşmançılıq çəkməyəcək. Bundan sonra qoyacağımız investisiya bizim bu günə qədər edə bilmədiyimizin əvəzini verəcəkdir.
Hörmətli millət vəkilləri, xahiş edirəm, bu məsələyə bir az dözümlü yanaşaq, çünki yaradıcı şəxslərimiz həddindən artıq tez yaralanan, necə deyərlər, sözdən tez inciyən insanlardır. Gəlin, onların xətrinə dəyən fikirləri burada işlətməyək. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Hörmətli millət vəkilləri, Bahar xanım mənim fikirlərimin yarısını söylədi və ona görə də təkrarlamaq istəmirəm. Əvvəldə də dedim ki, konseptual cəhətdən bu qanun çox vacibdir. Bizim yaradıcılıq ittifaqları üçün hər şəraiti yaratmalıyıq. Bu şəraiti yaratmaq üçün qanun layihəsini işləmişik və sizin müzakirənizə vermişik. Ancaq mən də razıyam ki, layihədə boşluqlar var. Bu birinci oxunuşdur, bu boşluqlar üzərində işləyəcəyik.
Həqiqətən, mən də hesab edirəm ki, yaradıcılıq birliklərinin genişlənməsi düzgün deyil. Yaradıcılıq birlikləri var və qanun layihəsini ilk növbədə onlara tətbiq eləməliyik, onlara yardım etməliyik. Ondan sonra gələcəyə baxmaq olar. Mən hesab edirəm ki, konseptual cəhətdən bu qanun layihəsini qəbul eləmək olar. İkinci və üçüncü oxunuşda fikirlərimizi birləşdirərik. Təkid eləyənlər var? Yaxşı, Aqil Abbasova söz verək, o da yaradıcı şəxsdir.
A. Abbasov. Azərbaycanı müstəqilliyə gətirən, onu 200 il işğaldan qoruyan yaradıcı adamlar, o cümlədən yazıçılar, şairlər, bəstəkarlar olublar. Azərbaycanı bu günə gətirən Üzeyir Hacıbəyovdur, Səməd Vurğundur, Qara Qarayevdir, Toğrul Nərimanbəyovdur, Səttar Bəhlulzadədir və sair. Azərbaycanı bu günə gətirən məmurlar deyil. O dəqiqə fikirləşirlər ki, dövlət yaradıcılıq təşkilatlarına yardım ayıracaq. Allaha şükür, dövlətin hər şeyi var.
Azərbaycanın ən böyük yaradıcı insanlarını, Anarı, elə Rafael müəllimin özünü götürək, onların heç biri istedadları ilə pul qazana bilmirlər. Yaradıcı şəxsin biri də mənəm. Söhbət çıxdı ki, dövlət onlara vəsait ayıracaq. Dövlət vəsait ayırmalıdır. Bakıda bir dənə kitab mağazası qalmayıb, məmurlar hamısını pal-paltar mağazası eləyiblər. Yaradıcı insan kitabını harada satmalıdır? Hamımız Məhəmməd Hadi olmuşuq, bütün Azərbaycan yazıçıları Məhəmməd Hadidir, küçədə öz kitablarını satırlar, çünki kitab satmağa yerləri qalmayıb, hamısını mağaza eləyiblər. Yaradıcı şəxs haradan qazansın? Hamı kitabını satır.
İkincisi, gözəl qanun hazırlanır. Mərkəzi təşkilatların regional şöbələri yarana bilər. Azərbaycan Yazıçılar İttifaqının, Bəstəkarlar İttifaqının və sair. Bu gün Azərbaycan yazıçılarının hamısının birillik qazancı, başda Anar, aşağıda mən olmaq şərtilə, bir ildə kitablarından əldə etdikləri qazanc ortabab bir müğənninin bir ayda toyda qazandığı qazancdan azdır.
Vahid müəllim deyir ki, elm adamları diqqətdən kənarda qalır. Təhsil haqqında qanun qəbul olunur, buyurun, həmin qanun layihəsində ortaya məsələ qoyun. Kim deyir ki, elm adamlarına qayğı göstərilməməlidir? Deyirsiniz, yaradıcı təşkilatlara olmaz. Prezident yaradıcı təşkilatlara Dəvəçi rayonunun ərazisində istirahət binalarının tikilməsi haqqında göstəriş verib və artıq tikintisinə başlanıb. Bunu qanundan necə çıxaraq? Prezidentin sərəncamını qanundan çıxaracağıq?
Söhbət ondan gedir ki, yaradıcı adamlara bu cür münasibət bəsləmək olmaz. Dövlətimizin imkanı var, Türkiyədə banklar var, pul keçirilir, burada oturanların içində də həmin banklardan mükafat alanlar var. Elmira xanım dedi, indi bizdə yaradıcılıq təşkilatının adındakı “ittifaq” sözünü “birlik” eləyirlər. Əvvəla, hər şeyin birliyi ola bilər, “ittifaq” sözü isə şüurlu insanların birliyidir. Qoyunçuluq birliyi də var, heyvandarlıq birliyi də var, amma heyvandarlıq ittifaqı yoxdur. “İttifaq” sözündən niyə qorxursunuz?
Məni ən çox ağrıdan bir məsələ də var. Azərbaycanda yaradıcı gəncləri tez-tez görürəm, redaksiyaya gəlirlər, çox istedadlı uşaqlardır, amma heç birinin gündəlik çörək pulu qazanmağa imkanı yoxdur. İstedadlı uşaqlardır, kitablarını satmaq mümkün deyil, kitablarına sponsor axtarırlar. Yaradıcı şəxslər də müğənnilər kimi qapı-qapı düşüb sponsor axtarırlar. Bildiniz, hansı müğənnilərdən danışırıq? Siz dediyiniz müğənnilərdən danışmırıq.
Oqtay müəllim, mən üzr istəyirəm, çünki mən az danışıram. Dövlət istəyir ki, yaradıcı insanlara şərait yaratsın, həmin yaradıcı insanlar da bu dövləti sabaha aparsın. Əgər bu gün belə gedərsə, Azərbaycanda nə Üzeyir Hacıbəyov olacaq, nə Qara Qarayev olacaq, heç Allahın Aqil Abbası da olmayacaq. Təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Aqil müəllim, burada heç kim yaradıcılıq ittifaqlarına qarşı çıxmadı. Biz burada qanun layihəsini müzakirə edirik, millət vəkilləri də öz fikirlərini söyləyirlər. Orada elə məsələlər var ki, həqiqətən, könüllü idi, bunun da məhdudiyyəti, çərçivəsi olmalıdır. Əgər belə olsa, hər bələdiyyədə, hər bölmədə yüzlərlə təşkilat olacaq və sizi əmin eləyə bilərəm ki, əksəriyyəti sahibkarlıq sistemində işləyəcək. Ancaq burada söhbət gedir ki, bizim yaradıcılıq ittifaqlarına, birliklərinə kömək lazımdır, dövlət dəstəyi lazımdır və bu ixtiyarı onlara vermək lazımdır.
Qanun layihəsi konseptual cəhətdən hazırdır, amma onun üzərində Rafael müəllim də, Mədəniyyət məsələləri daimi komissiyası da, bütün deputatlar da işləməlidirlər. Bu qanun bizim xalqımız üçün, millətimiz üçün lazımlıdır. Ancaq bunu birdəfəlik qəbul eləmək də olmaz.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siyavuş müəllim, ikinci oxunuşda sözünü deyərsən. Mən hesab edirəm ki, bu qanun konseptual cəhətdən lazımdır. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 15.52 dəq.)
Lehinə 83
Əleyhinə 5
Bitərəf 0
Səs verməd 1 
İştirak edir 89
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Mən bu gün bizim hörmətli yaradıcılıq ittifaqlarının sədrlərinə söz vermədim. İkinci oxunuşda sizin də, bizim də deyiləcək sözlərimiz çox olacaq. Ona görə biz də hazırlaşaq, siz də hazırlaşın. Bugünkü iclasımız qurtardı, sağ olun.

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU