Milli Məclisin sədri Sahibə Qafarova Səmərqənddə keçirilən Asiya Qadınlar Forumunda çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən Asiya Qadınlar Forumunda iştirak edib.
"Qadınların iqtisadi, sosial və siyasi hüquq və imkanlarının genişləndirilməsinə regional yanaşma” mövzusunda keçirilən Forumda çıxış edən Milli Məclisin sədri deyib ki, gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması bir ölkə, bir regionla məhdudlaşmır. Bu, qlobal təsirə malik olan və coğrafiyasından asılı olmayaraq hamımızı narahat edən məsələlərdir.
O, Özbəkistanın Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə qadınların hüquqlarının təmin edilməsi və səlahiyyətlərinin artırılması məsələlərini beynəlxalq əməkdaşlığın çox mühüm məsələlərindən biri kimi diqqət mərkəzində saxladığını deyərək, bu kontekstdə qardaş Özbəkistan hökumətini və parlamentini, xüsusilə Ali Məclis Senatının sədri Tənzilə Narbayevanı uğurlu təşəbbüslərinə görə təbrik edib.
Çıxışında Azərbaycanın qadın hüquqlarının inkişafı sahəsində əldə etdiyi nailiyyətlərdən danışan Milli Məclisin sədri Sahibə Qafarova bu məsələdə Azərbaycan cəmiyyətində mövcud olan təsəvvürlərə istinad edib. Onun sözlərinə görə, bu təsəvvürlər ondan ibarətdir ki, qadınlar cəmiyyətimizin ayrılmaz tərkib hissəsidir, onlar cəmiyyətimizi ayaqda tutan əsas dəyərlərin formalaşmasında olduqca mühüm rol oynayırlar. Qadınlarımızın ölkəmizin siyasi, iqtisadi, sosial və mədəni həyatına verdikləri böyük töhfələr ölkəmizdə qadın hüquqlarına yanaşmanı əks etdirir.
Sahibə Qafarova xatırladıb ki, müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb hələ 1901-ci ildə Bakıda açılıb. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk dəfə olaraq əksər Avropa ölkələrini qabaqlayaraq qadınlara səsvermə hüququ verib. Bu faktlar cəmiyyətimizdə qadınların roluna verilən önəmi göstərir.
O, bu gün Azərbaycanda qadınların ictimai həyatın bütün sahələrində fəal iştirak etdiyini və yüksək vəzifələrdə təmsil olunduğunu bildirərək, qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın həyata keçirdiyi böyük ictimai-siyasi fəaliyyət qadınlarımızın cəmiyyətimizin və ölkəmizin inkişafına dəyərli töhfələrini təcəssüm etdirir.
Konstitusiyamız cinsindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. 2006-cı ildə qəbul edilmiş “Gender bərabərliyi haqqında” Qanun bu sahədə əsas hüquqi bazanı müəyyən edir. Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklər qanunvericilik aktlarında öz əksini tapır. Əsas hökumət orqanı - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə parlamentin Ailə, Qadın və Uşaq Problemləri üzrə komitəsinin birgə fəaliyyəti hökumət-parlament əməkdaşlığının səmərəli olmasına şərait yaradır. Bütün bunlar, eləcə də milli fəaliyyət planları, dövlət tərəfindən dəstəklənən proqramlar, prezidentin müxtəlif sərəncamları kimi digər tədbirlər qadınların hüquq və imkanlarının genişləndirilməsində mühüm nəticələr verən hərtərəfli və kompleks yanaşmanı nəzərdə tutur.
Bu məsələdə Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığının da önəmli olduğunu deyən Sahibə Qafarova diqqətə çatdırıb ki, “2021-2025-ci illər üçün Birləşmiş Millətlər Təşkilatı-Azərbaycan Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsi” tərəfdaşlıq üçün dörd prioritet sahəni müəyyən edir ki, onlardan ikisi Dayanıqlı İnkişaf Məqsədi – Gender Bərabərliyi ilə birbaşa bağlıdır.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyevin Qoşulmama Hərəkatında Qadınlar Platformasının yaradılması təşəbbüsü ilə çıxış etdiyini toplantı iştirakçılarının diqqətinə çatdıran Milli Məclisin sədri qeyd edib ki, bu təşəbbüsün reallaşması qadınların hüquqlarının inkişaf etdirilməsi üçün daha bir vacib çoxtərəfli mexanizm olacaq. Azərbaycan həm də qadın hüquqlarının müxtəlif aspektləri üzrə müzakirələrin aparılması üçün mühüm məkana çevrilib. Ötən ilin noyabrında keçirilmiş Qoşulmama Hərəkatının “Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi” üzrə Konfransı, bu il mayın əvvəlində təşkil olunmuş 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qadın problemlərinin mədəniyyətlərarası perspektivlərinə həsr olunmuş ayrıca sessiyası səmərəli fəaliyyət və geniş müzakirələr üçün mühüm platforma olmuşdur.
Çıxışında Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etdikdən sonra həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri haqqında danışan spiker Sahibə Qafarova deyib ki, keçmiş məcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar. "Böyük qayıdış"la bağlı ilk Dövlət Proqramının prioritet istiqamətlərindən biri də qadınlarımıza bu ərazilərdə iş imkanları verməkdir. Dövlət tərəfindən dəstəklənən proqram və təşəbbüslərin həyata keçirilməsi artıq uğurlu nəticələr verməyə başlayıb.
Milli Məclisin sədri Sahibə Qafarova həmçinin bu il Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyasına – COP29-a evsahibliyi edəcəyini xatırladaraq, bildirib ki, belə mötəbər bir beynəlxalq tədbirə evsahibliyi etmək ölkəmiz üçün qürurvericidir. Azərbaycanın COP29 üçün hazırlıq işlərini yüksək səviyyədə həyata keçirdiyini deyən parlamentin spikeri qeyd edib ki, tədbirin Təşkilat Komitəsində qadınların effektiv iştirakının təmin edilməsi Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizə məsələlərinə qadınların cəlb olunması ilə bağlı qətiyyətini göstərir.
Spiker Sahibə Qafarova deyib ki, bütün çətinliklərə və çağırışlara baxmayaraq, gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasının hələ də beynəlxalq siyasi və inkişaf gündəliyinin ayrılmaz hissəsi kimi qaldığının şahidi olmaq ümidvericidir. Onun sözlərinə görə, bu sahədə müsbət nəticələr doğuran, geniş müzakirə olunan və qəbul edilən alətlər və mexanizmlər var. Amma bu prosesdə qarşılaşdığımız hər hansı problem və çətinliklər nailiyyətlərə mənfi təsir göstərir və onların daha da genişlənməsinə mane olur. COVID-19 pandemiyası bunun bariz nümunəsidir.
Sahibə Qafarovanın fikrincə, bu məsələdə atılan bütün addımların əsas hədəfi cəmiyyətlərimizdə mövcud olan təsəvvürlərin dəyişdirilməsi olmalıdır və beləliklə, kişi və qadınların bərabər hüquqlara malik olması anlayışı əsas dəyərə çevrilməlidir. O deyib ki, gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması insan hüquqlarının və sosial ədalətin əsas məsələsidir. Bundan başqa, qadınları idarəetmə və qərar qəbuletmə proseslərinə cəlb etmədən sülhə, sabitliyə və davamlı inkişafa nail olmaq həqiqətən çətindir. Gələcək nəsillər naminə dünyanı yaşamaq üçün daha yaxşı yerə çevirmək üçün gender bərabərliyi problemi bu gün öz həllini tapmalıdır.
Qeyd edək ki, dünyanın bir çox ölkələrindən dövlət və hökumət təmsilçilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən Asiya Qadınlar Forumu Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təbrikinin səsləndirilməsi ilə başlayıb. Sonra Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, BMT Baş katibinin müavini Sima Sami Bahous, Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq və digərləri çıxış edərək müzakirə olunan mövzu ilə bağlı fikirlərini bildiriblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi