TÜRKPA-nın 13-cü Plenar iclasında
İyunun 6-da Milli Məclisdə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü Plenar iclası keçirilib. İclas “Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyə nail olunmasında parlamentlərin rolu” mövzusuna həsr olunub.
İclası açan TÜRKPA-nın fəaliyyətdə olan sədri, Azərbaycan Respublikası Milli Məclisinin spikeri Sahibə Qafarova qardaş türk dövlətlərinin parlament sədrlərini, bütün nümayəndə heyətlərini salamlayaraq iclas çərçivəsində aparılacaq müzakirələrin əməkdaşlığımızın və birgə fəaliyyətimizin daha da genişlənməsinə təkan verəcəyinə inamını ifadə edib.
O, Azərbaycan Respublikasının Milli Məclisinin qarşıdakı dövrdə TÜRKPA-ya sədrliyi dövründə təşkilat çərçivəsində parlamentlərarası əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində bütün zəruri addımların atılacağını bildirib.
Çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin cari il fevralın 14-də Milli Məclisdə keçirilmiş andiçmə mərasimində səsləndirdiyi “Bizim ailəmiz Türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur” fikrini iclas iştirakçılarının diqqətinə çatdıran Milli Məclisin spikeri vurğulayıb ki, Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biri olaraq qalmaqda davam edəcək. Onun sözlərinə görə, qardaş ölkələrimiz arasında əməkdaşlıq əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli formatda olduqca uğurla inkişaf edir. Çoxsaylı qarşılıqlı səfərlər, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə həyata keçirilən layihələr və atılan addımlar, beynəlxalq aləmdə birgə fəaliyyət və qarşılıqlı dəstək bu əməkdaşlığın geniş miqyasının bariz göstəricisidir.
Spiker Sahibə Qafarova eyni yüksək səviyyəli işbirliyinin parlamentlərimiz arasında da müşahidə olunmasını məmnunluqla qeyd edib. Onun sözlərinə görə, 12-ci plenar iclasdan ötən dövr parlament sədrləri, dostluq qrupları və komitələr səviyyəsində qarşılıqlı səfərlər, müntəzəm görüşlər, müxtəlif beynəlxalq platformalarda birgə iştirakla yadda qalıb. Bütün bunlar isə ölkələrimizin birliyi və həmrəyliyinin daha da güclənməsinə, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına imkan yaradır.
Ölkələrimiz arasında çoxtərəfli əlaqələrin dərinləşdirilməsində türk əməkdaşlıq təşkilatlarının hər birinin rolu olduğunu söyləyən Milli Məclisin sədri bildirib ki, bu təşkilatların ən böyük xüsusiyyəti onların ortaq mədəniyyətə, tarixə, dilə, mənəvi dəyərlərə malik xalqları və ölkələri birləşdirməsidir. Gün keçdikcə təşkilatlarımızın hər birinin fəaliyyəti daha da güclənir və əhəmiyyəti daha da artır.
Spiker, bu təşkilatların ölkələrimizin çoxtərəfli fəaliyyətinin mərkəzinə qoyulmasının, onların daha da güclənməsi üçün bütün zəruri addımların atılmasının vacibliyini diqqətə çatdırıb.
Azərbaycan parlamentinin sədri bildirib ki, bu gün beynəlxalq miqyasda parlamentlərin, parlament diplomatiyasının rolu getdikcə artır. Parlamentlərimizi eyni çətir altında birləşdirən Türk Dövlətləri Parlament Assambleyası da bu mənada xüsusi əhəmiyyət daşıyır. Milli Məclisin sədri deyib ki, ötən il 15 illiyini qeyd etdiyimiz TürkPA yalnız qanunvericilik sahəsində praktiki əməkdaşlığı, təcrübə mübadiləsini və birgə fəaliyyəti ehtiva etmir. O, həm də beynəlxalq aləmdə ortaq mövqeyimizin nümayiş etdirilməsi, ölkələrimizin maraqlarının müdafiəsi baxımından vacib mexanizmdir. Bir sıra beynəlxalq parlament təşkilatlarında mövcud olan ikili standartlar, qərəzli yanaşmalar fonunda bu məsələ daha da böyük aktuallıq kəsb edir. TÜRKPA eyni zamanda, parlamentlərimizin əməkdaşlığını yeni istiqamətlər üzrə daha da genişləndirməyə imkan verir.
Spiker Sahibə Qafarova təşkilatın dövrün tələblərinə və reallıqlarına uyğun olaraq, öz fəaliyyətini yeni məzmunla zənginləşdirməsindən də danışaraq, qeyd edib ki, 2019-cu ildə Bakıda keçirilmiş 9-cu plenar sessiyası çərçivəsində Gənc Parlamentarilər və Qadın Parlamentarilər qrupları yaradıldı. Cari ilin aprel ayında Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Birinci İclası, may ayında isə Ankarada TürkPA-ya Üzv Parlamentlərin Müdafiə Komitələri Sədrlərinin Birinci İclası keçirildi. Bu gün həm regionumuzda, həm də qlobal səviyyədə baş verən prosesləri, mövcud olan çağırışları nəzərə almaqla qardaş ölkə parlamentlərimizin bu sahələr üzrə əməkdaşlığının intensivləşdirilməsinin labüdlüyünü diqqətə çatdıran Sahibə Qafarova, ümumən, təşkilatın institusional inkişafı istiqamətində səylərin davam etdirilməsinin zərurətini qeyd edib.
Spiker onu da nəzərə çatdırıb ki, Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin cari ilin mart ayında Cenevrədə keçirilmiş üçüncü konfransında TÜRKPA-ya müşahidəçi statusu verilib. Bu da təşkilatın fəaliyyət dairəsinin genişlənməsinə xidmət edir.
Bugünkü plenar iclasın “Türk Dünyası üçün Yaşıl Üfüqlər: Yaşıl Gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” mövzusuna həsr olunduğunu deyən Sahibə Qafarova iqlim dəyişmələrinin qlobal səviyyədə ciddi problem kimi ortaya çıxdığı bir dövrdə parlamentlərimizin bu mövzunu müzakirəyə çıxarması vaxtında atılmış addım kimi dəyərləndirib.
Onun sözlərinə görə, artıq ölkələrimiz iqlim dəyişmələrinə qarşı mübarizədə milli, regional və qlobal səviyyədə ciddi təşəbbüslər irəli sürürlər, digər tərəfdən də, ekoloji problemlərin həlli üçün birgə səylərin göstərilməsi niyyəti bəyan edilib və yaşıl enerji üzrə əməkdaşlığa dair ilkin addımlar atılmaqdadır. O, qeyd olunan istiqamətlər üzrə parlament dəstəyinin artırılmasının zəruriliyini bildirib.
Sahibə Qafarova xatırladıb ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının ötən ilin noyabrında Astanada keçirilmiş 10-cu yubiley Zirvə Görüşündə qəbul edilmiş Astana Aktının mühüm müddəalarından biri də ölkələrimizin qanunlarının yaxınlaşdırılması və model qanunların hazırlanması ilə bağlıdır. Bu mənada, TÜRKPA Katibliyinin növbəti ilin iş planına təmiz enerjiyə dair model qanunla bağlı fəaliyyətləri daxil etməsi olduqca təqdirəlayiq hal kimi qeyd edib.
Təmiz ətraf mühit və yaşıl inkişafın Azərbaycanın da gündəliyində mühüm yer tutduğunu söyləyən Milli Məclisin sədri, bunun ölkəmizin 2030-cu ilə qədər yeni inkişaf strategiyasının beş prioritet sahəsindən biri kimi müəyyən edildiyini deyib.
2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladan spiker Sahibə Qafarova qeyd edib ki, son illərdə ölkəmizdə enerji təchizatında bərpa olunan enerjinin payının əhəmiyyətli dərəcədə artırılması istiqamətində mühüm addımlar atılıb. İki gün əvvəl Bakı Enerji Həftəsi çərçivəsində xarici tərəfdaşlarla birlikdə daha bir külək və iki günəş elektrik stansiyalarının təməli qoyulub. Bu da Azərbaycanın 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəfinin reallaşmasında mühüm rol oynayacaq.
Azərbaycan Respublikası Milli Məclisinin də ekoloji problemlərlə və iqlim dəyişmələrinə qarşı mübarizə sahəsində qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi üzrə işini davam etdirdiyini deyən spiker diqqətə çatdırıb ki, qeyd olunan sahədə 25 qanun və məcəllə qəbul olunduğunu bildirib. 2021-ci ildə isə Azərbaycan parlamenti “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanun qəbul edib. Ətraf mühit məsələlərinə dair parlamentdə mütəmadi olaraq təşkil olunan ictimai dinləmələr isə bütün maraqlı tərəflərin rəy və təkliflərinin qanunvericilikdə nəzərə alınmasına imkan yaradır.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri də yaşıl enerji üzrə müəyyən edilmiş strateji baxışın diqqət mərkəzindədir. O, təəssüflə vurğulayıb ki, ərazilərimizin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı həm də ekoloji terrorla müşayiət olunub. Ermənistan meşələrimizi qırıb, təbii sərvətlərimizi qeyri-qanuni istismar edib, torpağı və çayları çirkləndirib. Spiker, bu gün həmin ərazilərin Azərbaycan Prezidenti tərəfindən “Yaşıl Enerji Zonası” elan edildiyini, aparılan yenidənqurma və bərpa işlərində “ağıllı şəhər və ağıllı kənd”, “sıfır emissiya”, “sıfır tullantı” yanaşmaları tətbiq edildiyini, ekosistemin bərpa olunduğunu bildirib.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a evsahibliyi etməsindən danışıb. O, deyib ki, ölkəmizin bu mühüm beynəlxalq tədbirə evsahibliyi edən ölkə kimi yekdilliklə seçilməsi Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizədə göstərdiyi səylərin beynəlxalq ictimaiyyət tərəfindən tanınması və dəstəklənməsi deməkdir.
Noyabr ayında Bakıda keçiriləcək bu tədbirdə Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizədə qlobal həmrəyliyin təşviqinə, gələcəyimiz naminə bütün tərəfləri ümumi məqsəd ətrafında birləşdirməyə çalışacağını bildirən spiker Sahibə Qafarova xatırladıb ki, COP29 çərçivəsində Azərbaycan Milli Məclisi və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə Parlament Toplantısı da keçiriləcək. Onun sözlərinə görə, bu toplantı iqlim dəyişmələrinə qarşı mübarizədə parlamentlərimizin oynaya biləcəyi rola və ata biləcəyi addımlara dair fikir mübadiləsi aparmağa imkan verəcək.
TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova təşkilatın 13-cü plenar iclasın işinə uğurlar arzulayıb.
Sonra iclasda TÜRKPA-ya üzv dövlətlərin parlament rəhbərləri – Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, habelə Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, təşkilatda müşahidəçi qismində təmsil olunan Şimali Kipr Türk Respublikası Məclisinin sədri Zorlu Töre və Macarıstan Milli Assambleyası sədrinin müavini Marta Matrai giriş nitqləri söyləyiblər.
Plenar iclasda iştirak edən türk əməkdaşlıq təşkilatlarının, TÜRKPA-da müşahidəçi statusuna malik təşkilatların, TÜRKPA-nın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların və digər qurumların rəhbərlərinin və nümayəndələrinin də çıxışları dinlənilib.
Belə ki, tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kurbanbek Omuraliyev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raimkulova, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin icraçı direktoru Kairat Sarıbay, TURKSOY Baş katibinin müavini Sait Yusuf, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş katibi Əli Əsgər Mohammadi Sicani, Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (İOFS) baş direktoru Berik Arın, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin sədri İlyas Demirci, Manas Universitetinin Baş katibi Oktay Özgül öz fikirlərini bölüşüblər.
Çıxışlarda tədbirə ev sahibliyi edən Azərbaycan Milli Məclisinə və Milli Məclisin sədri Sahibə Qafarovaya qonaqpərvərliyə görə təşəkkürlər ifadə olunub. İclas iştirakçıları TÜRKPA-da sədrliyin Azərbaycan Respublikası Milli Məclisinin spikeri Sahibə Qafarovaya təhvil verilməsi münasibəti ilə öz təbriklərini çatdırıblar və təşkilata sədrliyi dövründə Azərbaycan tərəfinə uğurlar arzulayıblar.
Çıxışlar zamanı bildirilib ki, hazırda bütün dünyada “yaşıl enerji”yə keçid enerji siyasətinin əsas istiqamətlərdən birini təşkil edir. “Yaşıl enerji” mənbələrindən enerji istehsalı qlobal iqlim dəyişikliyi ilə bağlı problemlərin aradan qaldırılmasında, qlobal istiləşmənin qarşısının alınmasında mühüm rol oynayır. Habelə, bərpa olunan enerji sahəsində potensial imkanlardan, ekoloji cəhətdən təmiz enerji resurslarından səmərəli istifadə edilməsinin vacibliyindən bəhs edilib. “Yaşıl enerji”nin inkişafına diqqətin artırılması, “yaşıl enerji”dən istifadənin üstünlükləri barədə danışılıb. Qeyd olunub ki, bu, ənənəvi enerji resurslarından asılılığın azalmasına, ekoloji baxımdan müsbət nəticələrin əldə edilməsinə xidmət edəcək.
İclas iştirakçıları “yaşıl enerji”nin mahiyyəti, “yaşıl enerji”nin istehsalı üçün yeni texnologiyaların tətbiqi, “yaşıl iqtisadiyyat” konsepsiyası barədə fikirlərini açıqlayıblar. Qeyd olunub ki, “yaşıl enerji”dən istifadə ətraf mühitin yaxşılaşdırılmasında önəmli rol oynayır, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin həllinə mühüm təsir göstərir, müasir texnologiyaların və innovasiyaların tətbiqini stimullaşdırır, bununla yanaşı, alternativ enerji mənbələrinə keçid sosial-iqtisadi inkişafa da təkan verir.
Çıxışçılar təmsil etdikləri dövlətlərin coğrafi mövqeyindən, iqlim şəraitindən, “yaşıl enerji”dən istifadə üçün malik olduğu potensial imkanlardan, ölkələrində enerji sektorunda aparılan islahatlardan, həyata keçirilən layihələrdən bəhs ediblər. “Yaşıl enerji”nin tətbiqi sahəsində dünya ölkələri arasında, habelə beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığın önəmini vurğulayıblar. Həmçinin “yaşıl enerji” sənayesinin inkişafı üçün müvafiq qanunvericilik bazasının formalaşdırılmasının vacibliyindən danışıblar.
Müzakirələr zamanı cari ildə Azərbaycanda keçiriləcək COP29-un iqlim problemlərinin qarşısının alınması baxımından mühüm əhəmiyyəti xüsusi qeyd olunub. Bildirilib ki, ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə edilməsi hər bir dövlətin diqqət mərkəzində olan məsələlərdir. Qeyd edilib ki, Azərbaycanda "yaşıl enerji"nin inkişafı istiqamətində böyük işlər görülür, ölkəmiz bu sahədə dünya iqtisadiyyatına öz töhfələrini verməkdədir. Qonaqlar COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin “yaşıl enerji”yə keçid sahəsində əldə etdiyi uğurlar, enerji resursları ilə zəngin olan bir ölkə olması, dövlətimizin iqtisadi inkişafı, dünyada artan nüfuzu ilə əlaqədar olduğunu vurğulayıblar.
Çıxışlardan sonra TÜRKPA-nın fəaliyyətdə olan sədri, Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova qeyd edib ki, TÜRKPA-nın Plenar iclasından əvvəl üzv parlament sədrlərinin iştirakı ilə TÜRKPA Assambleya Şurasının iclası keçirilib. Spiker diqqətə çatdırıb ki, Assambleya Şurası TÜRKPA çərçivəsində müvafiq vəzifələrə seçilmələri üçün namizədlikləri təsdiq etmiş, 2025-ci il üçün Fəaliyyət Planını qəbul etmiş, 2025-ci il üçün büdcə layihəsini, habelə seçki və referendum müşahidə missiyalarının yekun hesabat layihələrini, 13-cü Plenar iclasın gündəliyini və Bakı Bəyannaməsi layihəsini təsdiq etmiş, bir sıra digər qərarlar qəbul etmişdir. Sahibə Qafarova deyib ki, bu qərarlardan biri də TÜRKPA-nın yeni bayrağı və loqosu ilə bağlıdır. O, qeyd edib ki, artıq Plenar iclasda TÜRKPA-nın bayrağı yeni formatda öz yerini tutub.
Sonra TÜRKPA-nın 13-cü Plenar iclasının gündəliyi təsdiq edilib və gündəlikdəki məsələlərin müzakirəsi keçirilib.
İclasda təşkilati məsələlərə baxılaraq, TÜRKPA-nın komissiya sədrləri və sədr müavinləri, habelə Baş katibin müavini vəzifələrinə irəli sürülən namizədliklərə münasibət bildirilib.
Tədbirdə TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının, Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının, İqtisadi əməkdaşlıq komissiyasının, Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının hesabat məruzələri və tövsiyə qərarları qəbul edilib.
Sonra iclasda TÜRKPA tərəfindən hazırlanan bir sıra model qanunların layihələri, o cümlədən “Fərdi məlumatların qorunması haqqında”, “Əmək bazarının tələbi nəzərə alınmaqla kadrların hazırlanması haqqında”, “Tütün məmulatlarının istifadə edilməsinin məhdudlaşdırılması haqqında”, “Ticarət nümayəndəlikləri haqqında”, “Dövriyyəyə buraxılan məhsulların təhlükəsizliyi və keyfiyyətinin əsasları haqqında” sənədlər təqdim edilib.
Qanun layihələri parlamentarilər tərəfindən müzakirə edildikdən sonra qəbul olunub.
İclasda habelə TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun hesabat məruzələri və tövsiyə qərarları dinlənilib və nəzərə alınıb.
Daha sonra iclas iştirakçılarına TÜRKPA-nın seçki və referendum müşahidə missiyalarının yekunları barədə məlumat verilib. Parlamentarilər Özbəkistan Respublikasında 30 aprel 2023-cü ildə Konstitusiya referendumu, Türkiyə Respublikasında 14 may 2023-cü ildə prezident seçkiləri və parlament ümumi seçkiləri və 28 may 2023-cü ildə prezident seçkilərinin ikinci dövrəsi, Özbəkistan Respublikasında 9 iyul 2023-cü ildə növbədənkənar prezident seçkiləri, Azərbaycan Respublikasında 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri ilə bağlı seçki və referendum müşahidə missiyalarının yekun hesabatlarını qəbul ediblər.
Plenar iclasda həmçinin 2025-ci maliyyə ili üçün TÜRKPA Katibliyinin büdcəsi təqdim edilib və qəbul olunub.
Tədbirdə Türk Dövlətləri Parlament Assambleyasının 14-cü Plenar iclasının 2025-ci ildə Qazaxıstanda keçirilməsi qərara alınıb.
TÜRKPA-nın 13-cü Plenar iclasının yekununda Bakı Bəyannaməsi qəbul edilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi