MİLLİ MƏCLİSDƏ QƏBUL

Sədrin görüşləri
24 dekabr 2011 | 02:12   
Paylaşın:        

Dekabrın 24-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İraq Respublikasının xarici işlər naziri Hoşyar Zebarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
Görüşdə Sədr dedi ki, ölkələrimiz arasında mövcud olan ümumi, tarixi, dini və mədəni köklər xalqlarımızı bir-birinə sıx bağlayır. Azərbaycan İraqla əlaqələrin bundan sonra da inkişafını önəmli hesab edir. İraq nümayəndə heyətinin bu səfəri ölkələrimiz arasında mövcud əməkdaşlığın gələcək perspektivlərini müzakirə etmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Dövlətlər və xalqlar arasında münasibətlərin dərinləşməsində qanunverici orqanların rolunu xüsusi qeyd edən Spiker dedi ki, Milli Məclisdə İraqla parlamentlərarası əlaqələr üzrə işçi qrup yaradılmışdır. Biz əlaqələrimizin hərtəfəli inkişafını dəstəkləyirik.
Sədr vurğuladı ki, vaxtilə azərbaycanlı hərbçilər İraqda sülhyaratma missiyasında fəal iştirak etmişlər. Bu gün isə bizim iş adamlarımız İraq iqtisadiyyatının dirçəlməsinə yardım göstərməyə hazırdırlar. 
Milli Məclisin Sədri Azərbaycanın dinamik inkişafı, beynəlxalq münasibətlərdəki yeri və rolu, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verdi. İraqın bu məsələdə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsini yüksək dəyərləndirdi.
Oqtay Əsədov Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi zamanı göstərdiyi dəstəyə görə İraq hökumətinə və xaqlına minnətdarlığını bildirdi.
Sədr dedi ki, gələn il Azərbaycanın İraqda səfirliyinin açılması planlaşdırılır. Bu addım münasibətlərimizin daha da genişlənməsində mühüm rol oynayacaqdır. 
Hoşyar Zebari göstərilən qonaqpərvərliyə və xoş sözlərə görə minnətdarlğını ifadə etdi. Nazir dedi ki, İraq dövləti və xalqı qardaş və dost Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır. Səfərin əsas məqsədi bu və digər məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır.
Hoşyar Zebari onu da vurğuladı ki, İraq dövləti də iqtisadi cəhətdən inkişaf edir. Amma demokratiya yolunda hələ gəncdir. Bu sahədə Azərbaycanın təcrübəsinə ehtiyac duyulur.  
Sonra görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin təşkili, iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. 
Qəbulda İraqın ölkəmizdəki səfiri  Heydər Şiya Əl-Barrak və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU