QULİYEV Azay Əjdər oğlu

Dairə: 8 saylı Binəqədi birinci seçki dairəsi

1971-ci il iyunun 23-də Ermənistan Respublikası Sisian rayonunun Vağudi kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda «Beynəlxalq dövlət idarəçilik proqramı» üzrə təhsil almışdır. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. İngilis və rus dillərini bilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədridir.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının, Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.
1989–1991-ci illərdə hərbi xidmət keçmiş, 1991–1996-cı illərdə Azərbaycan Dövlət Baş Arxiv İdarəsinin nəzarətçi ustası, birinci dərəcəli arxivçisi, 1997–1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu rektorunun köməkçisi vəzifələrində çalışmışdır.
1993–1998-ci illərdə «Elitar» Gənclər Klubunun və Azərbaycan Gənclərinin Sülh və Təhlükəsizlik İttifaqı İctimai Birliyinin sədri, 1998–1999-cu illərdə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, 1999–2008-ci illərdə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri olmuşdur.
Bitərəfdir.
Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2013–2016-cı illərdə ATƏT-in Parlament Assambleyasının Büro üzvü, Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini olmuşdur.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya, Belarus, Böyük Britaniya, Çexiya, Estoniya, Fransa, İsveçrə, İtaliya, Özbəkistan, Polşa, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Parlament Assambleyasının vitse-prezidentidir. ATƏT-in Parlament Assambleyasında qəbul olunmuş 4 qətnamənin müəllifidir.
Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU