Milli Məclisin Sədri
Sahibə Əli qızı Qafarova
- Salamlama
- Tərcümeyi-hal
- Görüşlər
- Səfərlər
Azərbaycan Respublikası Milli Məclisinin internet saytında sizi salamlayıram.
Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir.
Milli Məclis 125 deputatdan ibarətdir. Parlamentin hər çağırışının səlahiyyət müddəti 5 ildir.
Yeddinci çağırış Milli Məclis 2024-ci il sentyabrın 1-də keçirilən seçkilər nəticəsində formalaşmışdır. Bir palatadan ibarət olan 125 nəfərlik parlamentə 11 siyasi partiyanın təmsilçiləri seçilmişlər. Milli Məclisdə deputat mandatlarının əksəriyyəti cəmiyyətin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının üzvlərinə mənsubdur.
Deputatlar arasında tanınmış siyasi və ictimai xadimlər, alimlər və mütəxəssislər, ədəbiyyat və mədəniyyət adamları vardır. Parlament üzvlərinin 26 nəfəri qadınlardır. Milli Məclisdə 15 komitə, 3 komissiya, 1 təşəbbüs qrupu, habelə xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə 108 işçi qrupu fəaliyyət göstərir.
Parlamentin büdcəyə nəzarət funksiyasının həyata keçirilməsi üçün Milli Məclis Azərbaycan Respublikasının Hesablama Palatasını yaratmışdır.
Hər il Milli Məclis Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın), Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun və gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hesabat, məruzə və məlumatlarını dinləyir.
Azərbaycan parlamentinin fəaliyyəti açıqlıq və aşkarlıq prinsipləri üzərində qurulmuşdur və diqqətinizə təqdim edilən internet saytı da bunun təzahürlərindən biridir. Əminəm ki, burada verilən məlumatlar Azərbaycanın qanunvericilik orqanının fəaliyyəti ilə daha yaxından tanış olmağınıza kömək edəcəkdir.
Sahibə Qafarova,
Azərbaycan Respublikası Milli Məclisinin sədri
2020-ci il martın 10-da altıncı çağırış Milli Məclisin və 2024-cü il sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin sədri seçilmişdir.
Şəmkir şəhərində anadan olmuşdur. Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini və Azərbaycan Dillər Universitetinin İngilis filologiyası fakültəsini fərqlənmə diplomları ilə bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Əməkdar müəllimdir. «Şərəf» ordeni, Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalı ilə təltif edilmişdir. MDB Parlamentlərarası Assambleyasının «Birlik» ordeninə və «Parlament əməkdaşlığının möhkəmləndirilməsinə görə» medalına, Rusiyanın «Dostluq» ordeninə, Türkmənistanın «Əməkdaşlığın inkişafına töhfəyə görə» Dövlət ordeninə, Varşava Universitetinin Fəxri diplomuna və medalına layiq görülmüşdür. Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetinin və Belarus Dövlət Universitetinin fəxri professorudur. Müxtəlif dərslik və dərs vəsaitlərinin, monoqrafiya və onlarca elmi məqalənin müəllifidir. Türk, ingilis və rus dillərini bilir.
1978–1981-ci illərdə Şəmkir şəhərində orta məktəblərdə müəllim işləmişdir. 1981–2020-ci illərdə Bakı Slavyan Universitetinin laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Avropa dilləri kafedrasının müdiri, Beynəlxalq əlaqələr üzrə prorektoru (2010–2020-ci illərdə ictimai əsaslarla) olmuşdur. Həmçinin 2000–2004-cü illərdə Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı vəzifəsində işləmişdir. 2006-cı ildə ABŞ Dövlət Departamentinin Fulbright Scholarship proqramı çərçivəsində Miçiqan Universitetinin Gender Araşdırmaları İnstitutunda çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Dördüncü, beşinci, altıncı və yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
2015–2020-ci illərdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini olmuşdur.
2010–2020-ci illərdə Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuş, 2012–2013-cü illərdə həmin qurumda İrqçiliyə və ksenofobiyaya qarşı alt komitəyə, 2014–2015-ci illərdə Gender bərabərliyi alt komitəsinə rəhbərlik etmiş, 2015–2017-ci illərdə «Zorakılıqdan azad qadınlar» şəbəkəsinin siyasi əlaqələndiricisi, Qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçi, 2016–2018-ci illərdə AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri, Büro üzvü olmuşdur. 2018–2020-ci illərdə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etmişdir.
Hazırda Parlamentlərarası İttifaqda, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində, Türk Dövlətlərinin Parlament Assambleyasında, MDB-nin Parlamentlərarası Assambleyasında və İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin rəhbəridir.
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının və İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqının sədridir.
Evlidir, 2 övladı var.
Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 28-də ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmayıl Ould Şeyx Əhmədin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 15-də ölkəmizdə səfərdə olan Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığının Baş naziri Hun Manet ilə görüşüb
Oktyabrın 14-də ölkəmizdə rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manetin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə gəlib.
Milli Məclisin sədri Sahibə Qafarova Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə görüşüb
Oktyabrın 13-də Milli Məclisin sədri Sahibə Qafarova Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfransın (AQEM) Bakıda keçiriləcək Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova APA-nın koordinasiya iclasında çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 153-cü Assambleyasında iştirak etmək üçün Tanzaniya Birləşmiş Respublikasına işgüzar səfəri çərçivəsində Asiya Parlament Assambleyasının (APA) koordinasiya iclasında çıxış edib.
Milli Məclisin sədri Sahibə Qafarova Tacikistanın Baş naziri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 25-də ölkəmizdə səfərdə olan Tacikistanın Baş naziri Koxir Rasulzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Parlamentinin sədr müavini ilə görüşüb
Sentyabrın 25-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Gürcüstan Parlamentinin sədr müavini Nino Tsilosaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova: “TÜRKPA qarşılıqlı faydalı əməkdaşlığı təşviq edən və beynəlxalq parlament diplomatiyasında fəal rol oynayan mühüm platformaya çevrilib”
Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 20-də Qırğızıstanın Bişkek şəhərində TÜRKPA-nın 15-ci plenar iclasından sonra təşkilata üzv dövlətlərin parlament sədrlərinin birgə mətbuat konfransında çıxış edib.
Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın 15-ci plenar iclasında çıxış edib
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Qırğızıstanın Bişkek şəhərində səfərdədir. İşgüzar səfər çərçivəsində Milli Məclisin sədri oktyabrın 20-də TÜRKPA-nın 15-ci plenar iclasında çıxış edib.
TÜRKPA-ya üzv dövlətlərin parlament sədrləri Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşüblər
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 15-ci plenar iclası çərçivəsində təşkilata üzv dövlətlərin parlament sədrləri Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşüblər. Milli Məclisin sədri Sahibə Qafarova görüşdə iştirak edib.
Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Sadır Japarov ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Respublikası Qurultayının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfəri çərçivəsində Qazaxıstan Respublikası Qurultayının sədri Aybek Dadebay ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Bişkekdə TÜRKPA Şurasının iclasında çıxış edib
Oktyabrın 20-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Şurasının iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova iclasda çıxış edib.
Azərbaycan parlament nümayəndə heyəti Bişkekdə “Ata-Beyit” Memorial Kompleksini və Çingiz Aytmatovun ev-muzeyini ziyarət edib
Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan parlament nümayəndə heyəti oktyabrın 19-da Bişkekdə “Ata-Beyit” Milli Tarixi Memorial Kompleksini ziyarət edib.

