Ana səhifə  /  Rəhbərlik  /  Sədr müavini

Sədr müavini

Rafael Baba oğlu Hüseynov

2024-cü il sentyabrın 23-dən Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavinidir. 
 
1954-cü il avqustun 12-də Kürdəmir şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. Filologiya elmləri doktoru, professordur. 
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Oksford Akademiya İttifaqının həqiqi üzvüdür. Əməkdar incəsənət xadimidir. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, Teatr Xadimləri və Kinematoqrafçılar ittifaqlarının üzvüdür. 90 kitab, monoqrafiya və dərsliyin, 600-dən çox elmi araşdırmanın, 900-dən artıq publisistik məqalənin müəllifi, 14 tammetrajlı sənədli-publisistik filmin ssenari müəllifi və rejissoru, 3700-dən çox televiziya və radio verilişinin və proqramının, 2 opera, 1 balet, 2 oratoriya, 1 simfonik balladanın libretto müəllifidir. İngilis, fars, rus, ərəb və tacik dillərini bilir.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür. 
 
1976-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunun baş laborantı, 1978-ci ildən Şərqşünaslıq İnstitutunun baş laborantı, kiçik elmi işçisi, baş elmi işçisi, 1988-ci ildən Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin şöbə müdiri vəzifələrində çalışmışdır. 2003-cü ildən AMEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin direktorudur. 
Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür.  
 
İkinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
 
2015–2020-illərdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri olmuşdur. 
 
İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin və Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. 
 
Evlidir, 1 övladı var.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.