Ana səhifə  /  Rəhbərlik  /  Sədr müavini

Sədr müavini

Ziyafət Abbas oğlu Əsgərov

2024-cü il sentyabrın 23-dən Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavinidir. 
 
1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Naxçıvan rayonunun (indiki Babək rayonunun) Aşağı Uzunoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. «Şöhrət» və «Şərəf» ordenləri ilə təltif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalına layiq görülmüşdür. Hüquq üzrə fəlsəfə doktoru, professordur. Müxtəlif dərslik, dərs vəsaiti və onlarca elmi məqalənin müəllifidir. Rus və fransız dillərini bilir.
 
1995-ci ildə Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını işləyib hazırlayan komissiyanın işçi qrupunun üzvü olmuşdur. 
 
1982–1984-cü illərdə hərbi xidmət keçmiş, 1985–1990-cı illərdə Bakı Dövlət Universitetində təhsil almışdır. 1990-cı ildən Bakı Dövlət Universitetində Konstitusiya hüququ kafedrasının müəllimi, baş müəllimi, dosenti, kafedra müdirinin müavini, Hüquq fakültəsi dekanının müavini vəzifələrində çalışmışdır. Hazırda Konstitusiya hüququ kafedrasının professoru və müdiridir (ictimai əsaslarla). 
Yeni Azərbaycan Partiyasının  üzvüdür.
 
Birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 2000-ci il noyabrın 24-dən 2005-ci il dekabrın 2-dək Milli Məclis sədrinin müavini, 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclis sədrinin birinci müavini vəzifələrində çalışmışdır.
 
2000–2015-ci illərdə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin, 2015–2024-cü illərdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri olmuşdur. 
 
Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədridir. 
 
Evlidir, 2 övladı var.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.