MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
10 oktyabr 2014 | 05:10   
Paylaşın:        

Oktyabrın 10-da Milli Məclis Sədrinin  birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun Qırğız Respublikası Ali Məhkəməsi Konstitusiya Palatasının sədri Mukambet Kasımaliyevin  başçılıq  etdiyi  nümayəndə  heyəti ilə görüşü keçirildi.
Ziyafət  Əsgərov  qonaqları  salamlayaraq  bildirdi ki, ölkələrimiz arasında bütün sahələrdə sıx dostluq münasibətləri  qurulub. Azərbaycan Qırğızıstanla  əlaqələrin  daha  da  dərinləşməsinə  böyük  əhəmiyyət  verir.  O, ölkəmizdə  aparılan  islahatlar,  quruculuq  işləri,  əldə  edilən  uğurlu  nəticələr  barədə  bəhs  etdi.  Qeyd  edildi  ki,  müstəqillik  illərində  Azərbaycanda  geniş hüquqi  islahatlar  həyata  keçirilib.  Məhkəmə sistemi  Avropa  standartlarına uyğunlaşdırılıb.  Vitse-spiker  bu  gün  Azərbaycan  Konstitusiya Məhkəməsi ilə Qırğızıstanın Konstitusiya Palatası arasında imzalanmış  əməkdaşlıq  haqqında  memorandumun  təcrübə  və  informasiya  mübadiləsi  baxımından  əhəmiyyətini  qeyd etdi.
Parlamentlərarası əlaqələr barədə söhbət açan Ziyafət Əsgərov qanunvericilik sahəsində əməkdaşlığın daha da genişlənməsinin zəruri olduğunu vurğuladı. Bildirildi ki, hər iki ölkə deputatları beynəlxalq təşkilatlarda qarşılıqlı faydalı əməkdaşlıq edirlər.
Qəbulda Qırğızıstan Ali Məhkəməsi Konstitusiya Palatasının sədri Mukambet Kasımaliyev Azərbaycan parlamentində olmağından  məmnunluğunu ifadə etdi. Ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən  məhkəmə-hüquq  sistemi  sahəsində  mövcud  əlaqələrdən danışdı. O, Qırğız  Konstitusiya  Palatasının  fəaliyyəti  və  səlahiyyətləri,  üzvlərinin seçilməsi,  habelə  ölkəsində  aparılan  hüquqi  islahatlar  barədə ətraflı məlumat  verdi.  Qonaq  səfər zamanı  keçirdiyi  görüşlər  və  aparılan  danışıqlardan  söz açdı.  O,  Konstitusiya  məhkəmələri  arasında   imzalanmış  əməkdaşlıq  haqqında  memorandumu  yüksək  qiymətləndirdi.  Bu sənədin iki ölkə hakimləri arasında əməkdaşlığın daha da genişlənməsində faydalı olacağını söylədi.
Görüşdə məhkəmə-hüquq sistemi sahəsində aktual məsələlər müzakirə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU