ÇEXİYA AZƏRBAYCANLA ƏMƏKDAŞLIQDA MARAQLIDIR

XƏBƏRLƏR
14 oktyabr 2014 | 04:10   
Paylaşın:        

Oktyabrın 14-də Milli Məclisdə Aqrar siyasət komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Çexiya Deputatlar Palatası sədrinin müavini Voytex Filipin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdülər.
Nümayəndə heyətinin əsasən Çexiya parlamentinin kənd təsərrüfatı komitəsinin üzvlərindən ibarət olmasını məmnunluqla qarşılayan Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qonaqlara Azərbaycanda aparılan aqrar siyasət barədə ətraflı məlumat verdi. Müstəqillik dövrünün qanunvericiliyinə əsasən, 1995-ci ildə kolxoz və sovxozların ləğv olunduğunu, 1996-cı ildən etibarən torpaq islahatının aparıldığını bildirdi. Qeyd etdi ki, Azərbaycanda ümumi torpaq sahəsinin 57 faizi dövlətin əlindədir, 20 faizi bələdiyyələrə, 23 faizi isə xüsusi mülkiyyətə verilib. Hazırda ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 97 faizi məhz xüsusi mülkiyyətə verilmiş torpaqlardan hasil olunur. Ölkə bütün kənd təsərrüfatı məhsulları ilə özünü təmin etmək iqtidarındadır, yalnız taxılın idxalına ehtiyac var. Sahibkarlığın inkişafı üçün fermerlərə subsidiyalar verilir. Bölgələrdə kənd təsərrüfatı məhsulları üçün ən müasir standartlara uyğun emal müəssisələri, saxlama kameraları, zavodlar qurulub istifadəyə verilib.
Görüşdə Çexiya Deputatlar Palatası sədrinin müavini Voytex Filip ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu, taxıl, müxtəlif texnologiyalar, qida sənayesi və digər sahələrdə səmərəli əməkdaşlıq edə biləcəyimizi vurğuladı. 1995-ci ildən etibarən ölkəsində keçirilən islahatlardan danışdı. Bildirdi ki, Çexiya Avropa Birliyinə daxil olduqdan sonra tam yenidən qurulmalı olub və bununla əlaqədar mürəkkəb dövr yaşayıb.
Söhbət zamanı Eldar İbrahimov Milli Məclisin tərkibi və strukturu,  1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyası, aqrar sahənin fəaliyyətini tənzimləyən qanunlar,  müstəqilliyin ilk illəri ilə müqayisədə dəfələrlə artmış dövlət büdcəmizin həcmi və digər məsələlər barədə konkret faktları qonaqların diqqətinə çatdırdı. Bildirdi ki, qurub-yaratdıqlarımızı Avropa standartlarına uyğunlaşdırmağa çalışırdıq və indi Azərbaycanda daha yüksək səviyyəli tikinti-quruculuq işləri aparılır. Qarşılıqlı mübadilə, əməkdaşlıq əlaqələrinin genişlənməsi iqtisadi əlaqələrimizi də möhkəmləndirər. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi artar.
Sonra Çexiya Deputatlar Palatasının Kənd təsərrüfatı komitəsinin sədri Yaroslav Faltınek ölkəsinin əməkdaşlıq imkanları, istehsal etdiyi kənd təsərrüfatı məhsullarının ixrac potensialı barədə konkret məlumat verdi. Heyvandarlığın inkişafı sahəsində görülən işlərin müsbət nəticələrindən danışdı. 
Səmərəli fikir mübadiləsinin aparıldığı görüşdə Çexiya nümayəndə heyətinin rəhbəri qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində daha geniş məsləhətləşmələrin aparılması  üçün Milli Məclisin Aqrar siyasət komitəsinin üzvlərini öz ölkəsinə dəvət etdi.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU