AZƏRBAYCAN-ÇEXİYA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

XƏBƏRLƏR
14 oktyabr 2014 | 04:10   
Paylaşın:        

Oktyabrın 14-də Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Çexiya Respublikasının Deputatlar Palatası sədrinin müavini Voytex Filipin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirildi.
Qonaqları salamlayan Milli Məclisin Sədr müavini, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Valeh Ələsgərov ölkələrimiz arasındakı münasibətlərin qarşılıqlı etibar əsasında qurulduğunu və hər iki ölkənin eyni dəyərləri bölüşdüyünü qeyd  etdi. Vitse-spiker Azərbaycanla Çexiya arasında əlaqələrin uğurla inkişaf etdiyini, ölkəmiz müstəqilliyini qazandıqdan sonra iki ölkə arasında əməkdaşlığın yeni mərhələsinin başlandığını vurğuladı. İşçi qrupun rəhbəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində deputatların qarşılıqlı səfərlərinin və keçirilən görüşlərin böyük əhəmiyyət kəsb etdiyini bildirdi.
Sonra Valeh Ələsgərov ölkələrimizarası əlaqələrin iqtisadi, mədəni, elm və təhsil sahələrində genişləndirilməsinin əhəmiyyətindən danışdı. Qeyd  olundu ki, son iyirmi ildə Azərbaycanın iqtisadiyyatı regionda aparıcı mövqeyə yüksəlib. Bu il sentyabrın 20-də Bakıda “Cənub” qaz dəhlizinin təməlinin qoyulması ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olduğunu bir daha   isbat etmiş oldu. 
Voytex Filip Çexiyanın və Azərbaycanın oxşar tarixə malik ölkələr olduqlarını diqqətə çatdırdı. Qonaq Çexiya-Azərbaycan tərəfdaşlığını yüksək qiymətləndirdi, qarşıda görüləsi bir çox mühüm işlərin dayandığını qeyd etdi. Bildirildi ki, ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlərarası münasibətlərin əhəmiyyəti böyükdür. Bu baxımdan parlament dostluq qruplarının üzərinə böyük vəzifələr düşür.
Görüşdə tərəfləri maraqlandıran digər mövzular ətrafında da geniş fikir mübadiləsi aparıldı. 

 

Milli  Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU