MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
22 oktyabr 2014 | 05:10   
Paylaşın:        

Oktyabrın 22-də Milli Məclis Sədrinin müavini Bahar Muradova Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF-in) Azərbaycandakı yeni təyin edilmiş nümayəndəsi Andro Şilakadze ilə görüşdü.
Qonağı salamlayan Bahar Muradova bildirdi ki, Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri yüksələn xətlə inkişaf edir və onların arasında UNİCEF-in öz yeri vardır. Bu qurumla parlament səviyyəsində yüksək səviyyəli əməkdaşlıq mövcuddur. İndiyədək Milli Məclisdə UNİCEF-in dəstəyilə uşaq hüquqlarının qorunmasına həsr olunmuş bir sıra qanunlar qəbul edilmiş, bir sıra qanunlara isə dəyişikliklər olunaraq daha da təkmilləşdirilmişdir.
Bahar Muradova bundan sonra da UNİCEF-lə əməkdaşlığın uğurlu olacağına əminliyini ifadə etdi.
Görüşdə ölkənin birinci xanımı, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində görülmüş işlərdən də söhbət açıldı.
Görüş üçün təşəkkürünü bildirən  Andro Şilakadze Azərbaycanın sürətli inkişafından danışdı və UNİCEF-in də bu inkişafa öz töhfəsini verməyə hazır olduğunu diqqətə çatdırdı. Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyi yüksək qiymətləndirən qonaq cari il noyabrın 20-də Uşaq Hüquqları Konvensiyasının 25-ci ildönümü olacağını dedi. Andro Şilakadze bu əlamətdar hadisənin dünyanın bir çox ölkələrində qeyd ediləcəyini bildirdi və bununla bağlı Milli Məclisin xüsusi iclasının keçirilməsi təklifini irəli sürdü.
Söhbət zamanı Milli Məclisdə uşaq hüquqları ilə bağlı resurs mərkəzinin yaradılması və qarşılıqlı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU