Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında təhsil sahəsində əməkdaşlıq da vacib rol oynayır

XƏBƏRLƏR
29 oktyabr 2014 | 03:10   
Paylaşın:        

Oktyabrın 28-də Milli Məclisdə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Türkiyənin milli təhsil nazirinin müavini Yusif Tekinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Azərbaycan-Türkiyə münasibətlərindən danışan işçi qrupunun rəhbəri Nizami Cəfərov ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu bildirdi. O, xalqlarımızın dostluğunun tarixi köklərə söykəndiyini vurğuladı. N.Cəfərov iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində parlamentlərarası əlaqələrin rolunu xüsusi qeyd etdi, ölkəmizdə təhsil sahəsində aparılan islahatlar, ortaq türk dilinin yaradılmasının vacibliyi, Azərbaycanın iqtisadi inkişafı barədə qonaqlara məlumat verdi.
Yusif Tekin ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün təhsil sahəsində əməkdaşlığın vacibliyini vurğuladı. Bildirildi ki, elm, təhsil sahələrində əməkdaşlıq, aparılan təcrübə mübadiləsi digər sahələrdə əlaqələrin möhkəmləndirilməsinə də yaxşı töhfələr verəcək.
Söhbət zamanı Azərbaycanın və Türkiyənin üzv olduqları beynəlxalq qurumlardakı faydalı əməkdaşlığı, təhsil sahəsində təcrübə mübadiləsi, tələbələrin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər barədə fikir mübadiləsi aparıldı.
Görüşdə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eldar İbrahimov, Şəmsəddin Hacıyev, Əhməd Vəliyev, Türkiyənin ölkəmizdəki səfirliyinin əməkdaşları və digər rəsmi şəxslər iştirak edirdilər.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU