ÇİN AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞI DƏRİNLƏŞDİRMƏK NİYYƏTİNDƏDİR

XƏBƏRLƏR
04 noyabr 2014 | 04:11   
Paylaşın:        

Noyabrın 4-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Ümumçin Siyasi Məşvərət Şurasının və ÇXR-in Sülh və Tərksilah Cəmiyyətinin sədr müavini Mao Biaonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Ziyafət Əsgərov bildirdi ki, Azərbaycan Çinlə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir. Ölkələrimiz arasında diplomatik əlaqələr qurulduqdan sonra hər iki tərəfdən dövlət başçılarının və parlament rəhbərlərinin qarşılıqlı səfərləri Azərbaycan-Çin əlaqələrinin genişlənməsinə təkan verib. Son illər  siyasi, iqtisadi, ticari, mədəni əlaqələrimiz daha da intensivləşib.
Söhbət zamanı qonağa Dağlıq Qarabağ problemi, Ermənistanın təcavüzkar mövqeyi, ermənilərin ölkəmizdə törətdikləri terror aktları və Xocalı soyqırımı barədə məlumat verildi. İşğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə BMT TŞ-ın qəbul etdiyi 4 qətnamənin, həmçinin Avropa Birliyinin və Avropa Şurasının münaqişə ilə bağlı məlum qətnamələrinin yerinə yetirilməmiş qaldığı bildirildi. Dünyanın bir qism ölkələrində Xocalı soyqırımının qəbul edildiyi, bu soyqırımın digər ölkələrdə də tanınmasının vacibliyi qonağın diqqətinə çatdırıldı. Ziyafət Əsgərov dedi ki, Çin BMT TŞ-ın daimi üzvü olduğuna görə, həmin qurumun qətnamələrinin yerinə yetirilməsi istiqamətində Azərbaycana kömək edə bilər.
Görüşdə Ümumçin Siyasi Məşvərət Şurasının sədr müavini Mao Biao təmsil etdiyi qurumun sədrinin salamlarını Milli Məclisin rəhbərliyinə çatdırdı. Çin-Azərbaycan dostluğuna böyük önəm verdiklərini qeyd etdi. Bildirdi ki, ölkələrimiz arasında siyasi baxımdan qarşılıqlı etimad getdikcə dərinləşir. Parlamentlərimiz arasındakı əlaqələr mühüm əhəmiyyət kəsb edir.
Sonra qonaq ölkəsində idarəetmə sahəsində aparılan islahatlardan, Çində gedən siyasi-iqtisadi proseslərdən geniş söhbət açdı. İqtisadi əlaqələrin genişlənməsi üçün irəli sürülən təşəbbüslərdən danışdı. Azərbaycanla əməkdaşlığı, xüsusilə iqtisadi əlaqələri dərinləşdirmək niyyətində olduqlarını dedi. Milli Məclisin rəhbərliyini bir daha Çinə dəvət etdi.
Çinin sürətlə inkişaf etdiyini vurğulayan I vitse-spiker İpək Yolunun bərpası istiqamətində Azərbaycanda görülən işlərdən söz açdı, Bakı-Tiflis-Qars dəmir yolunun gələn il istifadəyə veriləcəyini bildirdi.  Qeyd etdi ki, iqtisadiyyatın sürətli inkişafı üçün sabitlik vacib amildir. Hazırda dünyanın bir sıra bölgələrində müharibə və terrordan əziyyət çəkən insanlar var. Terrorizmin və separatizmin qarşısı dövlətlərin birgə səyi ilə alınmalıdır.
Parlamentlərarası əlaqələrimizin səviyyəsindən razılıq edən Ziyafət Əsgərov ticari əlaqələrimizin genişləndirilməsi üçün böyük potensial olduğunu diqqətə çatdırdı. Azərbaycan-Çin münasibətlərinin inkişafında səfir Hong Jiuyinin xidmətlərini qeyd etdi. Qonağı maraqlandıran bir sıra məqamlara aydınlıq gətirdi.
Görüşdə Çinin ölkəmizdəki səfiri Hong Jiuyin, digər rəsmi şəxslər  iştirak edirdilər.


Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU