MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
06 noyabr 2014 | 04:11   
Paylaşın:        

Noyabrın 6-da Milli Məclisin Sədri  Oqtay Əsədov  ölkəmizdə  səfərdə olan Braziliyanın idman naziri Aldo Rebelonun başçılıq  etdiyi nümayəndə heyətini qəbul etdi.
Sədr qonağı salamlayaraq müstəqil Azərbaycanın Braziliya ilə hərtərəfli əlaqələrinin inkişafına böyük önəm verdiyini bildirdi. Qeyd  edildi ki, yüksək səviyyəli siyasi dialoq iqtisadi əlaqələrimizin inkişafı üçün də yaxşı zəmin yaradır.  Biz gələcəkdə Braziliya ilə bu sahədə əməkdaşlığımızı dərinləşdirmək niyyətindəyik. Bunun üçün geniş potensial imkanlar vardır. 
Sədr  dövlətlərarası münasibətlər  sistemində parlamentlərin rolunu vurğulayaraq,  Braziliya Parlamentinin hər iki palatasında  Azərbaycanla  dostluq qruplarının yaradılmasını təqdirəlayiq hesab etdi. Bildirildi ki, Azərbaycan parlamentində də belə bir qrup fəaliyyət göstərir. Deputatlarımızın qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq qurumlarda  mütəmadi görüşləri ümumi məqsədlərə xidmət edir.
Görüşdə Azərbaycanın idman sahəsindəki uğurlardan  söhbət  açan spiker ölkə başçısının  Milli Olimpiya Komitəsinin Sədri kimi bu sahəyə böyük diqqət yetirdiyini dedi. Qeyd edildi ki, Azərbaycan idmançılarının son dövrlərdəki uğurları, Olimpiya hərəkatının Azərbaycanda geniş vüsət alması, bu sahədə görülən işlər respublikamızı dünya  ictimaiyyətinə idman ölkəsi kimi tanıtmışdır. Ölkədə inşa edilmiş müasir idman qurğuları, olimpiya kompleksləri, beynəlxalq səviyyəli yarışların Azərbaycanda  keçirilməsi  üçün əsaslı zəmin yaratmışdır. Heç də təsadüfi  deyildir ki,  gələn il Azərbaycan  birinci  Avropa Oyunlarına  ev sahibliyi  etməyə  hazırlaşır. Bu baxımdan  bu cür  tədbirlərin keçirilməsində böyük  təcrübəsi olan  Braziliyalı mütəxəssislərlə  fikir  mübadiləsi aparmaq  bizim üçün çox önəmlidir.
Sədr Azərbaycanla Braziliya arasında idman sahəsində  əməkdaşlıqla  bağlı imzalanmış fəaliyyət planını  yüksək  dəyərləndirdi.  Qeyd  edildi ki,  futbol  üzrə Azərbaycanın braziliyalı mütəxəssislərlə, güləş üzrə isə Azərbaycan  ustalarının Braziliya idmançıları ilə təcrübə  mübadiləsi hər iki tərəf  üçün əhəmiyyətli olardı. Sonra  Sədr  ölkəmizdə idmanın müxtəlif sahələrində, o cümlədən tennisin inkişafı  və təbliğində görülən işlərdən danışdı.
Səmimi qəbula və Azərbaycanın müxtəlif  sahələrdəki uğurları barədə ətraflı məlumata görə  minnətdarlığını bildirən Aldo Rebelo  ölkəmizdə  gördüklərindən məmnun  qaldıqlarını  söylədi.  O, Milli Məclisdə  deputatlar  üçün yaradılmış  şəraiti  yüksək qiymətləndirərək Azərbaycanın uğurlarına  sevindiklərini bildirdi. Qeyd olundu ki,  Cənubi Qafqazın bu bölgəsində idmanın inkişafı  üçün görülən işlər  Braziliyanın da  diqqətini cəlb etmiş və bu sahədə  təcrübə mübadiləsi  üçün  yaxşı zəmin yaratmışdır. Qonaq  2015-ci ildə birinci Avropa Oyunlarının və 2016-cı ildə Dünya Şahmat Olimpiadasının  Azərbaycanda  keçirilməsini  ölkənin  idman  sahəsindəki  nailiyyəti kimi dəyərləndirdi.
 Qəbulda  Azərbaycanın sürətli inkişafı, ölkənin  Avropanın enerji təhlükəsizliyinə verdiyi  töhfə, Dağlıq Qarabağ münaqişəsinin sülh  yolu ilə həlli, həyatın müxtəlif sahələrində, o cümlədən idmanda  əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə fikir  mübadilədi  aparıldı.
Görüşdə ölkəmizin gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov, Braziliyanın ölkəmizdəki səfiri  Santyaqo Luis  Bento Fernandes və digər  rəsmi şəxslər iştirak edirdilər.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU