UKRAYNA-AZƏRBAYCANLI GƏNCLƏR BİRLİYİNİN ÜZVLƏRİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
14 mart 2012 | 05:03   
Paylaşın:        

Martın 14-də Milli Məclisdə Azərbaycan – Ukrayna  parlamentlərarası  əlaqələr üzrə  işçi qrupunun üzvləri  bu günlərdə  Bakıda keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının  iştirakçısı olan Ukrayna - Azərbaycanlı Gənclər  Birliyinin nümayəndələri  ilə görüşdülər.
 Gəncləri  səmimi salamlayan Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Ukrayna parlamentlərarası işçi qrupunun rəhbəri Eldar İbrahimov onlara parlamentin fəaliyyəti, komitələrin, deputatların, dostluq  qruplarının gördüyü iş,  diaspor təşkilatları ilə əlaqələr barədə  məlumat verdi. İşçi qrupunun rəhbəri ölkə Prezidentinin Ukrayna ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirdiyini vurğuladı. Eldar İbrahimov Xocalı soyqırımının ildönümü ilə əlaqədar azərbaycanlı gənclərin Ukraynada keçirdikləri  tədbirləri çox  yüksək dəyərləndirdi.  Birlik üzvlərinin gələcəkdə Ukraynanın aktiv siyasi və mədəni həyatında böyük rola malik olacaqlarına ümidvar olduğunu bildirdi, onlara  tövsiyələrini verdi.
   Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov  belə bir  görüşün  baş tutmasına  göstərdiyi köməyə görə Milli Məclisin Sədri Oqtay Əsədova  təsis qurultayının iştirakçısı olan gənclər adından dərin minnətdarlığını  ifadə  etdi. Rəhbəri olduğu  təşkilat barədə geniş məlumat verərək bildirdi ki, birliyin  şöbələri  Krım vilayətində, Nikolayev və Odessa şəhərlərində də  fəaliyyət  göstərir.  Sonra Anar Tahirov ulu öndər  Heydər Əliyevlə xaricdə təhsil alan  azərbaycanlı tələbələrin çoxsaylı  görüşlərini  xatırladı və fəaliyyət prinsiplərinin dahi liderin  dəyərli tövsiyələrinə söykəndiyini vurğuladı.
Görüşdə  Azərbaycan – Ukrayna   parlamentlərarası əlaqələr  üzrə  işçi  qrupun  üzvləri Elmira Axundova, Adil Əliyev, İqbal Məmmədov  ölkələrimiz arasındakı münasibətlərin gələcək inkişaf perspektivləri barədə öz fikirlərini  açıqladılar, bu məsələdə gənclərə   böyük ümid  bəslədiklərini  diqqətə çatdırdılar.
Söhbətdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında  gənclər  təşkilatlarının rolu,  xaricdə təhsil,  diaspor və lobbiçilik  fəaliyyətinin gücləndirilməsi  barədə  fikir  mübadiləsi  aparıldı.

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU