MARKUS LÖNİNQ: “Azərbaycana hər səfərimdə Bakıda gördüyüm inkişaf məndə xoş təəssürat yaradır”

XƏBƏRLƏR
15 mart 2012 | 02:03   
Paylaşın:        

Martın 16-da Milli Məclisdə təmsil olunan siyasi partiyaların  nümayəndələri ölkəmizdə  səfərdə olan Almaniyanın insan hüquqları və humanitar yardım üzrə müvəkkili Markus Löninqlə görüşdülər.
Qonağı salamlayan  deputat, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qonaqlara ölkəmizdə hüquqi, demokratik dövlət quruculuğu yolunda son zamanlar görülən işlər, həyata keçirilən islahatlar, parlamentin beynəlxalq münasibətləri, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verdi.
Yeni Azərbaycan Partiyasının təmsilçiləri olan deputatlar Əhliman Əmiraslanov, Əhməd Vəliyev, Ümid  Partiyasının sədri İqbal Ağazadə Azərbaycanın Almaniya ilə çoxşaxəli əlaqələrinin mövcud olduğundan  söhbət  açdılar. Bildirildi ki, Milli Məclisin Bundestaqla  əməkdaşlığı inkişaf edir. Qonağa parlamentin qanun yaradıcılığı prosesi, ölkədə insan hüquqlarının təminatı, digər ölkə və parlamentlərlə əlaqələrin perspektivi  barədə məlumat  verildi.
Almaniyanın insan hüquqları və humanitar yardım üzrə müvəkkili Markus Löninq ilk dəfə Azərbaycanda on il bundan əvvəl olduğunu, ötən müddətdə Bakıya 4 dəfə səfər etdiyini, hər gəlişində fərqli paytaxtla qarşılaşdığını dedi. Bildirdi ki, Bakının siması Azərbaycanın necə sürətlə inkişaf etdiyinin göstəricisidir. Almaniyalı qonaq ikitərəfli əməkdaşlıq münasibətlərindən söz açaraq ölkəmizin çox mühüm geosiyasi mövqedə yerləşdiyini qeyd  etdi. Dağlıq Qarabağ probleminin həllinin vacibliyindən danışan qonaq bildirdi ki, Almaniya münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə istinad edir.
Görüşdə  qarşılıqlı maraq  doğuran məsələlər ətrafında fikir mübadiləsi  aparıldı.

Milli Məclisin
Mətbuat  xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU