MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
21 noyabr 2014 | 06:11   
Paylaşın:        

Noyabrın 21-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun ölkəmizdə səfərdə olan Türkdilli Ölkələrin Parlament Assambleyası (Türk PA) üzv ölkələrinin Sosial siyasət komitələrinin nümayəndələri ilə görüşü oldu.
Ziyafət Əsgərov Türk PA nümayəndələrini ölkəmizdə görməkdən məmnunluğunu bildirdi. Qeyd edildi ki, Azərbaycan quruma üzv ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq edir və bu ölkələrin hər birinə qardaş münasibəti bəsləyir. Sədr müavini Türk dövlətlərinin prezidentlərinin qarşılıqlı səfərlərinə diqqət çəkərək Türkiyə və Azərbaycan dövlət başçılarının artıq bir ənənə yaratdıqlarını vurğulayıb. Belə ki, hər  prezident  seçkisindən sonra ilk rəsmi səfərlərini Türkiyə Prezidenti Azərbaycana, Azərbaycan Prezidenti isə Türkiyəyə edirlər.
Son 10 ildə Azərbaycanda 3,2 dəfə iqtisadi artımın mövcudluğunu dilə gətirən  birinci vitse-spiker bu artımın ildən-ilə daha da yüksəldiyini vurğuladı. Bildirildi ki, Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də qonaqlara məlumat verildi. Qeyd olundu ki, münaqişənin həlli istiqamətində ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarını dərhal boşaltması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi dörd qətnamə hələ də icra olunmayıb. Ermənistan tərəfi digər beynəlxalq təşkilatların da bu məsələ ilə bağlı qəbul etdiyi qərar və qətnamələrə  sayğısızlıqla yanaşır. Ziyafət Əsgərov əminliklə bildirdi ki, Azərbaycan istənilən yolla öz torpaqlarını azad edəcək.
Nümayəndə heyətinin rəhbəri, Türkiyə Böyük Millət Məclisinin Sağlamlıq, ailə, iş və sosial məsələlər komitəsinin sədri Necdet Ünüvar isə yenidən Azərbaycanda olmaqdan məmnunluğunu ifadə etdi. Qonaq hər dəfə Azərbaycana gələrkən fərqli, yenilənmiş  bir ölkə gördüyündən söz açdı. O, Qazaxıstanda, Qırğızıstanda, Türkmənistanda da müşahidə olunan bu  ümumi inkişafın  bütün türk ölkələrini sevindirdiyini qeyd  etdi. Qonaq belə bir  fikir ifadə etdi ki, 21-ci əsr Türk əsri olacaq.
Görüşdə TÜRK PA-nın fəaliyyəti və Azərbaycanın quruma üzv dövlətlərlə əlaqələrinin perspektivləri müzakirə olundu.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU