SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

XƏBƏRLƏR
27 noyabr 2014 | 02:11   
Paylaşın:        

Noyabrın 26-da Milli Məclisin Sosial siyasət komitəsinin növbəti  iclası  keçirildi.  İclası  açan komitə  sədri  Hadi  Rəcəbli bildirdi  ki, bugünkü iclasın gündəliyininə iki məsələ daxil edilib.
Əvvəlcə komitə  üzvləri  “Dərman  vasitələri haqqında”  qanuna  edilən  dəyişikliklər  barədə sənədi müzakirə  etdilər. Bildirildi ki, qanuna  əlavə edilən yeni maddəyə əsasən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin tarif və qiymətlərinin tənzimlənməsi, həmin qiymətlərə dövlət  tərəfindən nəzarətin həyata keçirilməsi qaydaları müəyyən ediləcək. Komitə  sədri vurğuladı ki, indiyə kimi rayonlara ayrılan dərman vasitələri ilə bağlı vəsaitlər rayonların büdcəsində cəmləşirdi. Növbəti ilin büdcəsində bu vəsaitlərin bir əldə cəmləşməsi və bunun  Səhiyyə Nazirliyi vasitəsilə həyata  keçirilməsi nəzərdə tutulur. Bundan  sonra  müxtəlif  regionlarda dərmanların qiymətlərində olan fərqlər  də aradan  qaldırılacaq.
Sonra deputatlar “Sağlamlıq  imkanları  məhdud  şəxslərin  təhsili (xüsusi  təhsil)  haqqında”  qanun layihəsinə dəyişikliklər  edilməsi ilə bağlı sənədə baxdılar. Hadi Rəcəbli bildirdi ki, sənədə əsasən evdə təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud şəxslərin valideyinlərinə və ya digər qanuni nümayəndələrinə müavinətlər veriləcək. Komitə  üzvləri qanuna edilən dəyişiklikləri sosial dəstək elementi adlandırdılar.
Müzakirələrdən  sonra  hər iki sənəd  Milli Məclisin plenar iclasına tövsiyə  edildi.


Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU