AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ KOMİTƏ İCLASLARINDA

XƏBƏRLƏR
28 noyabr 2014 | 06:11   
Paylaşın:        

Milli Məclisin deputatı Sevinc Fətəliyeva AŞPA-nın Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün dekabrın 1-də Fransanın paytaxtı  Parisə səfər edəcək.
Tədbirdə iqtisadi böhran zamanı sosial hüquqlar və sosial dialoq,  Ebola xəstəliyi ilə mübarizə, insanların tətil etmək hüququnun təmin edilməsi,  uşaqların sosial xidmətlərdən yararlanmaq imkanı və digər mövzular ətrafında müzakirələr aparılacaq.
Deputatımız müzakirə olunacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək.
Səfər dekabrın 3-də başa çatacaq.

*     *     *

Milli Məclisin deputatı Rafael Hüseynov AŞPA-nın komitə iclaslarında iştirak etmək üçün dekabrın 2-dən Parisdə səfərdə olacaq.
Qurumun Mədəniyyət, elm və təhsil komitəsində Avropada media azadlığının qorunması, bu sahədə şəffaflığın artırılması, iqtisadi böhran və böhrandan sonrakı vəziyyətdə mədəni irs, internet idarəçiliyində strategiyalar və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.
Hüquq işləri və insan haqları komitəsinin yığıncağında Avropa İnsan Haqları Konvensiyasının səmərəliliyi, Avropa Şurasına üzv dövlətlərdə qanunun aliliyi prinsipinə əməl olunması, Azərbaycanın Avropa Şurasında sədrliyi dövründə insan hüquqlarına riayət edilməsi, Şimali Qafqazda bu sahədə vəziyyət, siyasi təqib məfhumunun müəyyən edilməsi məsələlərinə baxılacaq.
Millət vəkili toplantılarda müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətini bildirəcək, rəy və təkliflərini verəcək.
Səfər dekabrın 11-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU