Ziyafət ƏSGƏROV: “AZƏRBAYCAN-KOREYA MÜNASİBƏTLƏRİ YÜKSƏLİŞ DÖVRÜNÜ YAŞAYIR.”

XƏBƏRLƏR
16 dekabr 2014 | 05:12   
Paylaşın:        

Dekabrın 16-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Koreya Milli Assambleyasının Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti ilə görüşdü.
Ziyafət Əsgərov vurğuladı ki, son illər Azərbaycan-Koreya münasibətləri yüksəliş dövrünü yaşayır. Hər iki ölkənin dövlət, hökumət və parlament rəhbərlərinin qarşılıqlı səfərləri əlaqələrin sürətli inkişafını təmin edir. Azərbaycan və Koreya parlamentindəki müvafiq dostluq qrupları səmərəli fəaliyyət göstərir. Ölkələrimiz arasında iqtisadi əlaqələr gündən-günə genişlənir. İlk dəfə Bakıda keçiriləcək 2015-ci il Avropa Oyunları üçün bir çox idman obyektlərinin hazırlanması məhz Koreya şirkətlərinə həvalə olunub. Dost ölkənin Azərbaycana daha çox investisiya yatırmasını, əlaqələrimizin daha da genişlənməsini istəyirik.
Görüşdə nümayəndə heyətinin rəhbəri, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Hvanq Younq Çeul səfərdə olduqları az müddətdə Bakının gözəlliyinə valeh olduqlarını bildirdi. Qeyd etdi ki, Azərbaycanda gedən yüksək səviyyəli quruculuq işləri güclü və məqsədyönlü dövlət idarəçiliyinin göstəricisidir. Koreya Azərbaycanla əməkdaşlığın dərinləşməsinə böyük önəm verir. Səfər zamanı buradakı Koreya şirkətlərinə də baş çəkəcəklərini deyən qonaq Azərbaycan parlamentarilərindən xahiş etdi ki, həmin şirkətlərdən dəstəklərini əsirgəməsinlər.
Sonra Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupu  sədrinin müavini  Honq Ci Man fikirlərini bölüşdü.
Söhbət zamanı hər nümayəndə heyətinin gəlişini əlaqələrin inkişafında mühüm addım kimi dəyərləndirən Ziyafət Əsgərov bu ilin aprelində Koreyada səfərdə olduqlarını,  dost ölkədəki qonaqpərvərliyə  və  tərəqqiyə heyranlıqlarını xüsusi qeyd etdi.
Milli Məclis Sədrinin birinci müavini qonaqların nəzərinə çatdırdı ki,  Azərbaycan siyasi-iqtisadi cəhətdən regionun ən nüfuzlu dövlətidir. Amma  Dağlıq Qarabağ münaqişəsi kimi problemi var. Ermənistanın təcavüzkar mövqeyi hələ də davam edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, Avropa Şurasının və Avropa Birliyinin Azərbaycanın ərazi bütövlüyünü birmənalı qəbul edən sənədləri indiyədək yerinə yetirilməyib. Ermənistanda və Azərbaycanda yaşayan soydaşlarımızın etnik təmizləmə siyasətinə məruz qaldığını vurğulayan Ziyafət Əsgərov Xocalı qətliamı barədə də məlumat verdi. Bildirdi ki, bir çox ölkələr, həmçinin ABŞ-ın bir neçə ştatı Xocalı soyqırımını tanıyıblar. Arzumuz budur ki, Koreyanın Milli Assambleyası da Xocalı soyqırımına öz qiymətini versin.
Nümayəndə heyətinin rəhbəri Hvanq Younq Çeul əmin etdi ki, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə məlumatları  Koreya parlamentinə çatdıracaq.
Görüşdə Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi Suk İn, digər rəsmi şəxslər iştirak edirdilər. 

 
Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU