AQRAR SİYASƏT KOMİTƏSİNDƏ

XƏBƏRLƏR
05 yanvar 2015 | 09:01   
Paylaşın:        

Dekabrın 25-də Aqrar siyasət komitəsinin iclasında “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanun layihəsinə baxıldı. Bildirildi ki, yeni qanun bu komitənin üzvlərinin qanunvericilik təşəbbüsü ilə hazırlanıb.
Komitənin sədri Eldar İbrahimov qeyd etdi ki, kənd təsərrüfatı informasiya-məsləhət xidməti ölkəmizdə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilən aqrar siyasətin tərkib hissəsidir. Belə bir qanunun qəbul olunması həmin sahədə çalışan sahibkarların və məhsul istehsalçılarının gərəkli iqtisadi məlumatlarla təminatında mühüm rol oynayacaq. Layihə 3 fəsil, 25 maddədən ibarətdir. Birinci oxunuşda müzakirəyə verilmiş bu sənəd  kənd təsərrüfatı informasiya-məsləhət xidmətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirir. Yeni qanun kənd təsərrüfatı informasiya-məsləhət xidmətinin subyektləri ilə məhsul istehsalçıları, dövlət və yerli özünüidarə orqanları, digər fiziki və hüquqi şəxslər arasında yaranan münasibətləri tənzimləyəcək.
Sonra iclasda Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Vilayət Əlizadə məsələ barədə geniş məlumat verdi. Bildirdi ki, məsləhətvermə və informasiya ilə təmin etmək xidməti dünyanın bütün ölkələrində mövcuddur. Qərbdə bu xidmətin 100 illik tarixi var. Azərbaycanda isə bu işə ilk dəfə 2000-ci ilin fevralında ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla başlanılıb. O dövrdə Kənd Təsərrüfatı Nazirliyi on regionda məsləhət və informasiya xidmətləri göstərən mərkəzlər yaratdı və nəticə çox səmərəli oldu, xidmətin fəaliyyəti bəyənildi. Deputatların nəzərinə çatdırıldı ki, bu xidmətin əsas amalı aqrobiznes fəaliyyəti ilə məşğul olanlara qeyri-maddi və intellektual yardım etmək, mövcud problemlərini əlverişli qaydada həll edə bilmələri üçün sahibkarları istiqamətləndirmək və optimal qərarlar qəbul etmələrinə yardımçı olmaqdır.
Məlumat dinlənildikdən sonra komitədə müzakirələrə başlandı. Deputatlar Novruzəli Aslanov, Ərəstun Cavadov, İqbal Məmmədov, Nazim Fərəcov sənədə dair rəy və təkliflərini bildirdilər. Çıxışlarda qanun layihəsinin vacibliyi, sənədin yaxşı hazırlandığı xüsusi vurğulandı.
Sonra iclasa dəvət olunmuş əlaqədar qurumların nümayəndələri fikirlərini bildirdilər. Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye, Ədliyyə nazirliklərinin, həmçinin Dövlət Statistika Komitəsinin məsul işçiləri qanun layihəsinə dair təkliflərini diqqətə çatdırdılar. Yaz sessiyasınadək yeni qanunun daha da təkmilləşdirilməsi vacibliyi qeyd olundu.
Səmərəli fikir mübadiləsindən sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin müzakirəsinə tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU