ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA

XƏBƏRLƏR
30 dekabr 2014 | 09:12   
Paylaşın:        

Dekabrın  25-də  Milli Məclisin Elm  və təhsil komitəsinin növbəti iclası  keçirildi. İclası açan komitə  sədri Şəmsəddin Hacıyev “Elm haqqında”  qanun layihəsinin müzakirə ediləcəyini diqqətə  çatdırdı.
Qanun layihəsini ətraflı şərh edən Şəmsəddin Hacıyev bildirdi ki, sənəd  Azərbaycanda elmin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirmə mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edəcək. Yeni qanun layihəsi həmçinin, ölkənin iqtisadi, sosial və mədəni inkişafının təmin edilməsi, hər bir Azərbaycan vətəndaşının elmi səviyyəsinin yüksəldilməsi sahəsində elmin aparıcı rolunu və vəzifələrini tənzimləyəcək. Komitə  sədri qeyd etdi ki, Azərbaycan öz  müstəqilliyini qazandıqdan  sonra belə bir qanun layihəsinin hazırlanmasına ehtiyac  hiss  olunub. Lakin, bu istiqamətdə xeyli işlər görülsə də, konkret bir qanun layihəsi hazırlanmayıb. Sənədin hazırlanmasına 2011-ci ildə başlanılıb. İşçi qrupunun səyləri ilə layihənin əsas strukturu 2013-cü ildə tamamlanıb. Sonra ictimai müzakirəyə təqdim olunaraq yeni fikir və təkliflər nəzərə alınıb və sənəd əsaslı şəkildə təkmilləşdirilib. Komitə  sədri   sonra  onu  da  vurğuladı ki, qanun layihəsi hazırlanarkən aidiyyəti dövlət qurumlarının, nazirliklərin, universitet və institutların, eləcə də Milli Elmlər Akademiyasının rəy və təklifləri diqqətlə  araşdırılıb. Beynəlxalq təcrübə ilə bərabər, yerli qanunvericiliyin və Konstitusiyanın tələblərinə  xüsusi  diqqət  yetirilib.
Sonra qanun layihəsi tədbir iştirakçılarının müzakirəsinə verildi.  Komitə  üzvləri ilə yanaşı müxtəlif dövlət qurumlarının,  qeyri-hökumət təşkilatlarının münayəndələri sənədlə bağlı  fikirlərini  bildirdilər. Qeyd olundu ki, bu qanunun qəbul edilməsi Azərbaycanda demokratik-hüquqi dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin formalaşmasında, milli mənafelərin qorunmasında, elmi-texniki tərəqqinin sürətləndirilməsində, davamlı inkişafın və milli təhlükəsizliyin təmin olunmasında elmin iştirakını tənzimləyəcək. Mütəxəssislər  sənədin əhəmiyyəti  barədə  dəyərli  fikirlər  səsləndirdilər.
İclasda  iştirak  edən Milli Məclis Sədrinin müavini Bahar Muradova çıxışında müzakirələrin ümumi gedişini müsbət qiymətləndirdi və QHT nümayəndələrinin də səsləndirdiyi təkliflərin layihədə nəzərə alınmasının  vacibliyinə  diqqət  çəkdi.
 Ətraflı müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU