TƏHLÜKƏSİZLİK VƏ MÜDAFİƏ KOMİTƏSİNİN İCLASINDA

XƏBƏRLƏR
05 yanvar 2015 | 09:01   
Paylaşın:        

Dekabrın 26-da Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirildi.
Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov çıxış edərək bildirdi ki, iclasın gündəliyinə “Yanğın təhlükəsizliyi haqqında” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələri daxil edilib. Qeyd olundu ki, dəyişikliklər həmin qanunların “İcbari sığortalar haqqında” Qanuna uyğunlaşdırılması məqsədi daşıyır.
“Yanğın təhlükəsizliyi haqqında” Qanunun 23-cü maddəsinə təklif olunan dəyişikliklərə görə, yanğından sığortalama könüllü, həmçinin daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növlərinin tərkibində icbari qaydada həyata keçiriləcək. Daşınmaz əmlakın, həmçinin daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari qaydada sığortalanması “İcbari sığortalar haqqında” Qanuna uyğun olaraq aparılacaq. Həmçinin  “Yanğın təhlükəsizliyi haqqında” Qanunun tələblərinin pozulmasına görə Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində məsuliyyət də nəzərdə tutulur.
Layihədə “Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq icbari qaydada dövlət tərəfindən sığortalanmalıdırlar” sözləri müvafiq olaraq “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq icbari qaydada sığorta edilirlər” sözləri ilə əvəz edilir.
Məlumat verildi ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanuna təklif olunan dəyişikliyə görə isə fövqəladə hallar orqanlarının əməkdaşlarının həyat və sağlamlığı “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanuna uyğun olaraq icbari qaydada sığorta olunacaq.
Müzakirələr zamanı çıxış edən deputatlar qanun layihələrinin əhəmiyyətini xüsusi qeyd etdilər.
İclasın sonunda hər iki qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU