MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASI BAŞA ÇATDI

XƏBƏRLƏR
05 yanvar 2015 | 09:01   
Paylaşın:        

Dekabrın 30-da Milli Məclisin payız sessiyasında son iclası keçirildi.
İclası Milli Məclisin Sədri Oqtay Əsədov açaraq gündəliyi təqdim etdi.
Sonra çıxış edən Milli Məclisin Aqrar siyasət Komitəsinin sədri Eldar İbrahimov deputatlar adından Milli Məclisin Sədri Oqtay Əsədovu qarşıdan gələn 60 illik yubileyi, Dünya Azərbaycanlılarının həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi. Komitə sədri Prezident İlham Əliyevə Milli Məclisin Sədrini yubileyi öncəsi “Şərəf” ordeni ilə təltif etdiyinə görə deputatlar adından təşəkkürünü bildirdi. Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı.
Əvvəlcə deputatlar  Gülzar Lətif qızı Rzayevanın Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında qanun layihəsini təsdiq etdilər. Sonra "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlığa dair", "Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurası arasında onun Azərbaycan Respublikası ərazisində yerləşməsi şərtləri haqqında", "Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə" kredit sazişlərini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannaməni, bu ölkə ilə sərhəd çaylarının nizamlanması və sahillərinin mühafizəsi tədbirləri üzrə əməkdaşlıq haqqında Memorandumu, Avropa Şurasının immunitet və imtiyazları haqqında Baş Sazişə dair Altıncı Protokolu, Azərbaycan Respublikası Prezidentinin və Bolqarıstan Respublikası Prezidentinin Birgə Bəyannaməsini, həmçinin "Azərbaycan Respublikası ilə Malayziya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında" Birgə Bəyannaməni təsdiq etdilər. Qeyd olundu ki, bu sənədlərin təsdiqi ölkəmizin beynəlxalq əlaqələrinin daha da inkişafına kömək edəcəkdir.
Sonra iclasda bir sıra qanunlara dəyişikliklər edildi. Belə ki, İnzibati Xətalar, Vergi, Əmək məcəllələrində, "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Dövlət qulluğu haqqında", "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında", "Aviasiya haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlara dəyişikliklər olundu. Bildirildi ki, bu dəyişikliklər ölkəmizin qanunvericilik sisteminin daha da güclənməsinə və vətəndaşların rifahının yüksəlməsinə xidmət edir.
Sonra Milli Məclis Sədrinin müavini Bahar Muradova Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin müraciətini oxudu və müraciət alqışlarla qarşılandı.
Payız sessiyasına yekun vuran Milli Məclisin Sədri Oqtay Əsədov görülmüş işlərə nəzər salaraq bildirdi ki, ötən bir ildə parlamentin fəaliyyəti səmərəli olmuşdur. 21 iclasda 286 qanun və qərar qəbul edilmişdir.
Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam həcmdə yerinə yetirilmişdir. Milli Məclis Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin hüquqi mexanizmini daha da təkmilləşdirmişdir.  
Parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində mühüm işlər görülmüşdür. Nümayəndə heyətlərimiz beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak etmişlər. İl ərzində 50-yə qədər ölkəyə 115-dən çox səfər həyata keçirilmişdir. Millət vəkillərimiz Türkiyədə keçirilən prezident seçkilərini, Serbiya, Ukrayna, Moldova və Özbəkistanda keçirilən parlament seçkilərini müşahidə etmişlər.
Bu il 60-dan çox xarici dövlətin və  beynəlxalq təşkilatın 90-a qədər nümayəndə heyəti Milli Məclisdə olmuşdur. Gələnlər arasında 6 ölkənin prezidenti və baş naziri, 11 ölkənin parlament sədri olmuşdur.
Beynəlxalq təşkilatların xətti ilə 10 tədbirə ev sahibliyi edilmişdir. Avropa Şurası Parlament Assambleyası Bürosunun və Daimi Komitəsinin iclasları, Türkdilli Ölkələrin Parlament Assambleyasının 5-ci plenar iclası, NATO Parlament Assambleyasının 86-cı Rouz-Rout seminarı, ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyası və digər mötəbər toplantılar uğurla keçirilmişdir. Təkcə bu tədbirlərə beynəlxalq parlament təşkilatlarının 1000-ə yaxın nümayəndəsi gəlmişdi.
Milli Məclisin Sədri Parlamentin 2014-cü ili uğurla başa çatdırması münasibətilə bütün millət vəkillərinə təşəkkür etdi. Oqtay Əsədov xalqın maraqları və tələbatı üzərində qurulan siyasətinə görə cənab Prezidentə minnətdarlığını bildirdi və qarşıdan gələn bayramlar – Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə onu və ailəsini Milli Məclis adından təbrik etdi, dəyərli fəaliyyətində ona yeni-yeni uğurlar arzuladı. Deputatlar Milli Məclisin Prezident İlham Əliyevə təbrikini alqışlarla qarşıladılar.
Sonra Milli Məclisin Sədri qarşıdan gələn bayramlar münasibəti ilə bütün deputatları və həmvətənlərimizi təbrik etdi, parlamentə fəaliyyətində yeni nailiyyətlər dilədi.
Milli Məclisin payız sessiyası bağlı elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Bununla da Milli Məclisin 2014-cü il payız sessiyası başa çatdı.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU