MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
17 mart 2012 | 01:03   
Paylaşın:        

Martın 17-də Milli Məclis Sədrinin müavini Bahar Muradova İsveçdə fəaliyyət göstərən “Qadın və demokratiya cəmiyyəti”nin ölkəmizə səfərə gəlmiş təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüşdü. Görüş iştirakçıları öncə ictimai-siyasi fəaliyyətinə görə Azərbaycan Prezidentinin Sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə xanım Bahar Muradovanı təbrik etdilər.
Görüşdə vitse-spiker Azərbaycanla İsveç arasında yaxşı əlaqələrin olduğunu qeyd etdi. Nümayəndə heyətinin qadınlardan ibarət olmasından məmnunluğunu bildirdi. Səfərin əhəmiyyətini yüksək dəyərləndirərək keçirilən görüşlərin xalqlarımız arasındakı münasibətlərin inkişafına yeni təkan verəcəyini söylədi. Demokratik ölkələrdə insan faktoruna, qadın amilinə xüsusi önəm verildiyini qeyd edərək bütövlükdə cəmiyyətin inkişafında və dövlətin tərəqqisində qadınların böyük rol oynadığını vurğuladı.
Bahar Muradova müstəqillik əldə etdiyi qısa müddətdə Azərbaycanın hər sahədə qazandığı nailiyyətlərdən söz açdı. Dövlət səviyyəsində ölkəmizdə yürüdülən qadın siyasətindən, seçkili orqanlarda qadınların sayının ildən-ilə artmasından bəhs etdi. Bildirdi ki, hazırda Milli Məclisdə 20 qadın deputat var. Bələdiyyələrə son seçkilərdən sonra yerli özünüidarəetmə orqanlarında qadınlar 27 faizlə təmsil olunub. Qeyd etdi ki, ümumiyyətlə, cəmiyyətdə qadın və kişi üçün bərabər imkanların yaradılması, həmçinin gender məsələsində milli adət və ənənələrin nəzərə alınması vacibdir.
Sonra İsveç nümayəndə heyətinin rəhbəri Marqareta Ling-Vannerus görüş üçün minnətdarlıqlarını çatdırdı və Azərbaycan qonaqpərvərliyindən məmnunluqlarını  bildirdi. Qonaq dedi ki, səfərin məqsədi Azərbaycan və İsveç qadınları arasında əlaqələr qurmaq və inkişaf etdirməkdir. Hələ sovet dövründən müxtəlif respublikalara dəfələrlə səfər etdiklərini deyən xanım Marqareta Ling-Vannerus karyera qurmaq istiqamətində keçdiyi həyat yolundan danışdı. Ölkəsində qadınların cəmiyyətdəki mövqeyi barədə ətraflı məlumat verdi. Bildirdi ki, Stokholm şəhərində yerli hakimiyyət nümayəndələrinin və Nazirlər Kabinetinin yarısı qadınlardan ibarətdir. Parlamentdə də qadınlar 43 faizlə təmsil olunur. Siyasi partiyalarda  qadınların sayı durmadan artır.
Görüş zamanı nümayəndə heyətinin bütün üzvləri söz alaraq özlərini təqdim etdilər və təcrübələrini bölüşdülər. Ölkələrində qadınlarla bağlı qanunvericiliyin geniş imkanlar açdığını bildirdilər. Qadının cəmiyyətdə rolu və mövqeyi barədə maraqlı fikirlər söyləndi.
Fikir mübadiləsində deputatlarımız Sahibə Qafarova və Sevinc Fətəliyeva Azərbaycan qadınının bugünü, dövlət quruculuğundakı rolu, ictimai-siyasi fəaliyyəti, ailədəki mövqeyi barədə qonaqlara məlumat verdilər.
Görüşü yekunlaşdıran vitse-spiker Bahar Muradova isveçli xanımların cəmiyyətdə zərif cinsin rolunun artırılmasına yönəldilmiş fəaliyyətlərini və ölkə-ölkə gəzərək bu sahədə qazandıqları təcrübəni bölüşmələrini müsbət dəyərləndirdi. Qeyd etdi ki, İsveç qadınlarının əldə etdikləri nailiyyətlər bir çox xalqlara örnək ola bilər, amma hər kəs bu örnəkdən öz imkanları və milli dəyərləri səviyyəsində bəhrələnməlidir.

 

Milli Məclisin
Mətbuat xidməti
 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU