MİLLİ MƏCLİSİN MƏDƏNİYYƏT KOMİTƏSİNDƏ

XƏBƏRLƏR
13 fevral 2015 | 11:02   
Paylaşın:        

Fevralın 6-da Milli Məclisin Mədəniyyət komitəsinin 2015-ci ildə ilk  iclası keçirildi. Komitənin sədri Nizami Cəfərov əvvəlcə 2014-cü ilin payız sessiyası dövründə görülən işlər barədə danışdı. Bildirildi ki, bu dövrdə komitənin 3 iclası keçirilmiş, növbəti sessiya üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı, “Kinematoqrafiya haqqında” və “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələri hazırlanmışdır.
 Yaz  sessiyası  üçün  qanunvericilik işləri planı barədə məlumat  verən Nizami Cəfərov qeyd etdi ki, komitədə “Muğam sənəti haqqında”, “Aşıq sənəti haqqında”, “Yaradıcı şəxslər və yaradıcılıq ittifaqları haqqında” qanun layihələrinin  müzakirəsi nəzərdə tutulur.
Sonra gündəlikdə duran “Televiziya və radio yayımı haqqında”  qanunda edilən dəyişiklik barədə parlament Aparatının Sosial  qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova ətraflı məlumat verdi.  Bildirildi ki, sənəddə edilmiş dəyişikliyə əsasən teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) şərtlərini və bu qanunun tələblərini pozduqda xüsusi razılığın qüvvəsi ilə hər hansı proqramın yayımı müvafiq dövlət orqanının qərarı ilə bir ay müddətinə müvəqqəti dayandırılır. Bu barədə iddia ərizəsinə məhkəmə tərəfindən, iddia ərizəsinin təqdim edildiyi gündən ən geci 15 gün müddətində baxılır və məhkəmə aktı qəbul edilir.
Bildirildi ki, Televiziya və radio yayımı ilə bağlı sənədin  tələblərinə uyğun olaraq  İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş sanskiyalar artırılır. Belə ki, dəyişikliyə əsasən sənədin 187-1 və 187-2-ci maddələrində fiziki şəxslər üçün “300 manatdan 500 manatadək” sözləri, “1500 manatdan 2500 manatadək” sözləri ilə, hüquqi şəxslər üçün isə “1000 manatdan 2000 manatdək” sözləri “5000 manatdan 8000 manatadək”  sözləri ilə əvəz edilir.
İclasda iştirak edən “Azərilmə” şirkətinin rəhbəri Vidadi Muradov  komitədə xalçaçılıqla bağlı xüsusi qanun layihəsinin hazırlanmasının vacibliyindən danışdı, bununla bağlı  təkliflərini səsləndirdi.
Komitə üzvləri müzakirə olunan qanun layihələrinin Milli Məclisin plenar iclasının gündəliyinə çıxarılması barədə qərar qəbul etdilər.


Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU