MİLLİ MƏCLİSİN SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

XƏBƏRLƏR
13 fevral 2015 | 11:02   
Paylaşın:        

Fevralın 10-da Milli Məclisin Sosial siyasət komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Hadi Rəcəbli əvvəlcə  gündəlikdəki məsələlər  haqqında  məlumat verdi.
Əvvəlcə  gündəliyə  təqdim olunan “Tibbi sığorta haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənədlə əlaqədar  danışan  komitə  sədri bildirdi ki, qanun layihəsinə  edilən  dəyişikliklər  “İcbari  sığortalar  haqqında”  qanuna  uyğunlaşdırılma  məqsədi ilə aparılıb. Qanunun 13-cü maddəsinə icbari tibbi sığorta üzrə müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari tibbi sığorta müqaviləsi bağlamaq şərti əlavə edilib.
Sonra iclasda  “Dərman vasitələri haqqında” qanunda dəyişikliklər edilməsi barədə  sənədin layihəsi müzakirə  edildi.  Qeyd  olundu ki, təklif  olunan  dəyişikliklər  dərman  vasitələrinin keyfiyyəti, səmərəliliyi  və  təhlükəsizliyi  üzərində  dövlət  nəzarətinin gücləndirilməsi  məqsədi ilə  bu  vasitələr   üzərində nəzarət  markaları vurulmasını tələb  edir.  Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları, markalara görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlər dövlət büdcəsinə köçürülür. Həmin vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması qaydası da müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənir və nəzarət markalarının hazırlanması təmin edilir.
Daha  sonra  komitədə “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsinə də baxıldı.  Bildirildi ki, qanunun 8.1-ci maddəsindəki “1 il” sözü “2 il” sözü ilə əvəzlənib. Burada əsas məqsəd vətəndaşların hüquqlarının daha güclü şəkildə qorunması, onların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. Əgər vətəndaşlar 1 il müddətinə bu hüquqdan yararlanırdılarsa, indi yenidən heç bir sənəd düzəltmədən iki il bu hüquqdan istifadə etmək imkanı əldə edəcəklər.
İclasda çıxış edən komitə üzvləri Musa Quliyev, Əhliman Əmiraslanov, Yaqub Mahmudov, Sədaqət  Vəliyeva, Rauf  Əliyev, Elmira Axundova təklif olunan əlavə və dəyişikliklərin vacibliyini bildirərək, bu yeniliklərin vətəndaşların sosial müdafiəsinə yönəldiyini vurğuladılar.
Qanun layihələri baxılmaq  üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 

Milli Məclisin
 Mətbuat  xidməti

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU