MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
11 mart 2015 | 06:03   
Paylaşın:        

Martın 11-də Milli Məclis Sədrinin müavini, ATƏT Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri Bahar Muradova ATƏT-in İnsan Alveri ilə Mübarizə üzrə əlaqələndiricisi və Xüsusi nümayəndəsi Mədinə Yarbuzinovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Vitse-spiker qonaqları səmimi salamlayaraq Azərbaycanla ATƏT arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirdi. Qeyd edildi ki, ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən onun tərkib hissəsi olan insan alveri qurbanlarının hüquqlarının qorunması sahəsində ciddi  qanunvericilik bazası mövcuddur. Bu məsələlər müstəqil Azərbaycanın Konstitusiyasında, dövlət başçısının imzaladığı müvafiq sərəncamlarında öz əksini tapmışdır. Ölkəmizdə insan alverinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın inkişafına böyük önəm verilir.
Söhbətdə xüsusi vurğulandı ki, artıq ölkəmizdə bu sahədə üçüncü dövlət proqramı -  “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı” həyata keçirilir. Adı çəkilən sənəddə insan alverinə qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyəti, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq, bu  sahədə maarifləndirmə işinin aparılması və digər zəruri məsələlər yer alıb.
Bahar Muradova diqqətə çatdırdı ki, ölkədə bu sahəyə parlament nəzarəti həyata keçirilir. Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatları dinlənilir.
ATƏT-in İnsan Alveri ilə Mübarizə üzrə əlaqələndiricisi və Xüsusi nümayəndəsi Mədinə Yarbuzinova səmimi qəbula görə minnətdarlığını ifadə etdi. Bildirildi ki, səfər çərçivəsində qonaq qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə bir sıra görüşlər keçirib. O, insan alveri ilə mübarizə sahəsində   Azərbaycanda görülən işləri, o cümlədən vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini təqdirəlayiq hesab etdi.
Görüşdə iştirak edən Milli Məclisin İnsan hüquqları komitəsinin  sədri Rəbiyyət Aslanova, Sosial siyasət komitəsinin sədri  Hadi Rəcəbli müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşdülər, qonağı maraqlandıran suallara ətraflı  cavablar verdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU