AŞPA MƏRUZƏÇİSİNİN DEPUTATLARLA GÖRÜŞÜNDƏ

XƏBƏRLƏR
13 mart 2015 | 06:03   
Paylaşın:        

Martın 12-də Milli Məclisdə təmsil olunan siyasi partiya nümayəndələrinin ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının   Siyasi  işlər  və demokratiya  komitəsinin  Dağlıq Qarabağ münaqişəsi məsələsi  üzrə məruzəçisi  Robert  Volterlə görüşü oldu.
Qonaqları salamlayan deputat, YAP İcra  katibinin müavini Siyavuş Novruzov bildirdi ki, Milli Məclisin  tərkibi Azərbaycanın siyası palitrasını özündə tam şəkildə əks etdirir. Ölkədə fəaliyyət  göstərən 50  siyasi partiyanın 11-i parlamentdə təmsil olunur. O, qonağa ölkədə insan hüquqlarının təminatı, digər ölkə və parlamentlərlə qarşılıqlı əməkdaşlığın perspektivləri barədə məlumat verdi. Azərbaycanın  Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə  yetirməsindən,  qurumla əlaqələrin  inkişafına tərəfdar  olduğumuzdan, iyun ayında Bakıda keçiriləcək I Avropa Olimpiya oyunlarına hazırlıq işlərinin gedişatından, qarşıda  duran növbəti parlament seçkilərindən söz açdı. Millət  vəkili çıxışında onu da vurğuladı ki, 20 ildən artıqdır ki, davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bütün regionun təhlükəsizliyini ciddi təhdid altında saxlayır. Son vaxtlar  Ermənistan  silahlı  qüvvələri  tərəfindən təmas  xəttində atəşkəs gün ərzində 30-35 dəfə pozulur. Deputat  öz  doğma və əzizlərinin məzarlarını ziyarət etmək üçün işğal altında olan Kəlbəcər ərazisinə keçən iki soydaşımızın üzərində qurulan qondarma “Dağlıq  Qarabağ Respublikasının məhkəmə”si  barədə də məlumat verdi.  Bunun “məhkəmə” yox,  insanlığa  vurulan yara, bir  şou olduğunu  dedi.
Görüşdə iştirak edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət  Həsənquliyev,  Ədalət  Partiyasının sədri İlyas İsmayılov, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Vətəndaş həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Ümid  Partiyasının sədri İqbal Ağazadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev çıxışlarında onları  düşündürən məsələlərdən söhbət  açdılar.
Robert Volter səmimi görüşə görə minnətdarlığını ifadə etdi. O, qeyd  etdi ki,  AŞPA-da  Dağlıq  Qarabağ məsələsi  üzrə  məruzənin  hazırlanması  və bu işin ona tapşırılması Ermənistan nümayəndə  heyəti  tərəfindən böyük  etirazla  qarşılanıb. Ermənistan  tərəfi bu məruzənin ATƏT-in Minsk  qrupu  tərəfindən  hazırlanmasını  istəyib. Qonaq  ciddi-cəhdlərdən  sonra  buna  nail ola bildiyini  və  məruzənin hazırlanmasında  ədalətin, humanizmin əsas  fəaliyyət prinsipləri olacağını bəyan etdi.  Bildirdi ki, Dağlıq Qarabağ probleminin həllinin vacibliyindən danışan qonaq bildirdi ki, münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə istinad edilməlidir.
Söhbətdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regionda və dünyada sülhün bərqərar olması üçün atılan addımlar, bu istiqamətdə səylərin gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU