AŞPA-nın KOMİTƏ İCLASINDA

XƏBƏRLƏR
18 mart 2015 | 03:03   
Paylaşın:        

Milli Məclisin deputatı Sahibə Qafarova AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün martın 19-da Fransanın paytaxtı Parisə səfərə yola düşəcək.
İclasda insan hüquqları ilə əlaqədar bir sıra məsələlərə baxılacaq. Öncə qadınların siyasətdə təmsilçiliyinin artırılması yolları araşdırılacaq, bu istiqamətdə həyata keçirilə biləcək tədbirlər müəyyənləşdiriləcək. Azərbaycan parlamentinin təmsilçisi Sahibə Qafarova AŞPA-nın növbəti iclaslarında müzakirəyə çıxarılacaq “Qadınlara qarşı zorakılıqla mübarizədə müsbət təcrübənin təşviqi” mövzusunda hazırladığı məruzənin ilkin layihəsini təqdim edəcək. Layihə ətrafında fikir mübadiləsi aparılacaq.
Sonra  Avropa cəmiyyəti üçün də yeni olan atalıq məzuniyyəti məsələsinə diqqət yetiriləcək, “Atalıq məzuniyyəti zamanı ataların hüquqlarının qorunması” mövzusu ətraflı müzakirə ediləcək.
Komitədə “Yeni irqçiliklə mübarizənin gücləndirilməsi”, həmçinin “Avropada cinsi azlıqlara qarşı diskriminasiya” mövzuları da gündəmdə olacaq. 
Deputatımız müzakirə edilən məsələlərə ölkəmizin maraqları və milli mentalitetimiz mövqeyindən münasibət bildirəcək.
Səfər martın 22-də başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU