ZİYAFƏT ƏSGƏROV: “FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏ – BİZİM ÜMUMİ QƏLƏBƏMİZDİR.”

XƏBƏRLƏR
18 mart 2015 | 06:03   
Paylaşın:        

Martın 18-də Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illiyi münasibətilə ölkəmizdə səfərdə olan MDB PA-nın nümayəndə heyəti ilə görüşdü.
Qonaqları səmimiyyətlə salamlayan Ziyafət Əsgərov Qələbənin 70 illiyi münasibətilə MDB PA çərçivəsində keçirilən görüşləri və tədbirləri yüksək dəyərləndirdi. Qeyd etdi ki, bu tədbirlər dost ölkələrimiz və xalqlarımız arasında ikitərəfli əlaqələrin inkişafına xidmət edəcək. Milli Məclis Sədrinin birinci müavini vurğuladı ki, faşizm üzərində Qələbə – bizim ümumi qələbəmizdir. Həmin Qələbədə Azərbaycan oğul və qızları müstəsna şücaətlər göstəriblər.
Bildirildi ki, 1941-1945-ci illər müharibəsində Azərbaycan əhalisinin hər beş nəfərindən biri əldə silah döyüşüb. O dövrdə cəmi 3,4 milyon nəfər əhalisi olan Azərbaycandan 681 min nəfər cəbhəyə yollanıb, onlardan 300 min nəfəri qanlı döyüşlərdə igidliklə həlak olub. Minlərlə soydaşımız döyüş orden və medalları ilə təltif olunub. 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adını alıb. Onların arasında Həzi Aslanov kimi iki dəfə bu ada layiq görülmüş oğullarımız da var.
Qonaqlara xatırladıldı ki, müharibənin odlu-alovlu illərində Azərbaycan cəbhəni neft və neft məhsulları ilə təmin edən əsas ölkə idi. O dövrdəki SSRİ-də hasil olunan neftin 70 faizdən çoxunu verən Azərbaycan neftçilərinin hünəri danılmazdır. Bakıda 130-dan çox növdə döyüş silah-sursatı istehsal olunurdu.
Qələbənin qazanılmasında ölkəmizin və xalqımızın rolu barədə ətraflı məlumat verən Ziyafət Əsgərov qeyd etdi ki, keçmişimizə hörmətlə yanaşaraq gələcəyimizi qurmaq bizimçün çox vacibdir. O bəzi postsovet ölkələrinin və Qərbin tarixi faktları saxtalaşdırmaq cəhdlərindən təəssüfləndiyini bildirdi. Rusiyada nümayiş olunan “Qaregin Njde” filminə qəti etirazını nəzərə çatdırdı. 1948-ci ildə hərbi cani kimi məhkum olunmuş bu qaniçənin həmin filmdə milli qəhrəman kimi qələmə verilməsini qətiyyətlə pislədi. Nümayəndə heyətini bu kimi hallara qarşı birgə mübarizəyə səslədi.
Görüşdə Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının üzvü Lyudmila Kozlova Azərbaycanda 1941-1945-ci illər müharibəsindəki Qələbəyə və həmin müharibənin veteranlarına bəslənilən yüksək münasibətdən böyük məmnunluqla danışdı. 9 mayda qeyd olunacaq Qələbə gününün tarixi əhəmiyyətini vurğuladı.
Sonra müharibə veteranları fikirlərini bölüşdülər.
***
Görüşdən sonra jurnalistlər üçün brifinq keçirildi. Nümayəndə heyətinin rəhbəri Lyudmila Kozlova MDB PA çərçivəsində keçirilən tədbirlər və qarşıdakı planlar barədə ətraflı məlumat verdi. Sonra MDB PA Şurası Katibliyinin müavini Valeri Nuyanzin danışdı.
Brifinqdə Azərbaycan tərəfdən Berlinədək döyüş yolu keçmiş general-polkovnik Tofiq Ağahüseynov fikirlərini bölüşdü. O, Dağlıq Qarabağ məsələsinə də toxundu.
Sonra jurnalistləri maraqlandıran suallara cavab verildi.


Milli Məclisin

Mətbuat xidməti

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU