MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
19 mart 2015 | 05:03   
Paylaşın:        

Martın 19-da Milli Məclis Sədrinin müavini Bahar Muradovanın ölkəmizdə səfərdə olan İsveçrə Konfederasiyası Dövlət katibinin  müavini, Federal Xarici İşlər Departamentinin siyasi direktor müavini Corc Martinlə  görüşü oldu.
Ölkələrimizin müxtəlif istiqamətlərdəki əməkdaşlığından danışan Milli Məclis Sədrinin müavini Bahar Muradova bildirdi ki, Azərbaycanla İsveçrənin münasibətləri dostluq, tərəfdaşlıq və qarşılıqlı yardıma əsaslanır. Sədr müavini ölkələrimizin dünyanı narahat edən məsələlərin həlli istiqamətində   beynəlxalq qurumlardakı birgə fəaliyyətini, İsveçrənin ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə  töhfə vermək istəyini qeyd etdi. Diqqətə çatdırdı ki, İsveçrə beynəlxalq hüquq prinsiplərinə müvafiq olaraq ölkələrin  ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşır.
Görüş üçün təşəkkürünü bildirən İsveçrə Konfederasiyası Dövlət katibinin müavini Corc Martin də ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli güclü əlaqələrin qurulduğunu deyərək, müxtəlif istiqamətlərdə əməkdaşlığı genişləndirmək üçün yaxşı imkanların olduğunu söylədi. Qonaq ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində maraqlı olduğunu vurğulayaraq bildirdi ki, bu gün dünyada olan bütün münaqişələrin həllinə diqqət yetirilməlidir, heç bir münaqişə “dondurulmuş” adlandırılmamalıdır. Görüşdə Corc Martin İsveçrənin Federal Xarici İşlər Departamentinin bu ölkənin Dağlıq Qarabağda keçiriləcək qondarma parlament seçkilərini tanımadığı barədə sənədi Bahar Muradovaya təqdim etdi. Sənəddə deyilir ki, Beynəlxalq hüququn prinsiplərinə müvafiq olaraq və Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə tam hörmət edərək İsveçrənin Federal Xarici İşlər Departamenti 2015-ci il mayın 3-də Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçiriləcək dırnaqarası seçkiləri etibarsız hesab edir. İsveçrənin Federal Xarici İşlər Departamenti bir daha vurğulayır ki, departament həll edilməmiş Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən xəbərdardır və müəyyən olunmuş formatlar çərçivəsində bu münaqişənin aradan qaldırılması üçün ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləməkdə davam edir.
Sonra qonaq Bakıda olduğu müddətdə ölkəmizlə, Bakının tarixi, görməli yerləri, eləcə də dünya üçün model nümunə sayıla bilən ASAN xidmətin fəaliyyəti ilə yaxından tanış olduğunu və yüksək qiymətləndirdiyini diqqətə çatdırdı.
Söhbət zamanı parlamentlərarası münasibətlərin genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU