Roman NƏSİROV : “AZƏRBAYCANDAN ÇOX ŞEY ÖYRƏNMƏK ƏZMİNDƏYİK.”

XƏBƏRLƏR
02 aprel 2015 | 05:04   
Paylaşın:        

Martın 30-da Milli Məclisdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının nümayəndə heyəti ilə görüşdülər.
Görüşdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov qonaqlara Milli Məclisin strukturu, tərkibi və fəaliyyəti, qanunvericilik prosesi barədə məlumat verdi. Ölkələrimiz arasındakı dostluq və əməkdaşlıqdan söz açaraq nüfuzlu beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etdiyimizi məmnunluqla vurğuladı. Eldar İbrahimov Ukraynanın ərazi bütövlüyünü və suverenliyini birmənalı olaraq dəstəklədiyimizi bildirdi və bu mövqenin Azərbaycanın dövlət siyasəti olduğunu qeyd etdi.
Sonra Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Ali Radada Pyotr Poroşenko Blokunun deputatı Roman Nəsirov çıxış etdi. Bu səfərə böyük əhəmiyyət verdiklərini dedi. Ötən il Ali Radaya keçirilmiş seçkilərdən sonrakı dövrdə göstərdikləri fəaliyyətdən bəhs etdi. Məlumat verdi ki, başçılıq etdiyi işçi qrupda iyirmi yeddi deputat var və onlar parlamentdəki bütün fraksiyaları təmsil edirlər. Söhbət zamanı Roman Nəsirov ölkəmizin vaxtilə üzləşdiyi çətinliklərdən uğurla çıxdığını qeyd edərək Azərbaycandan çox şey öyrənmək əzmində olduqlarını bildirdi. İqtisadi sahədə hökumətlərarası komissiyanın işinin fəallaşdırılması vacibliyinə toxundu. Parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi üçün qarşılıqlı səfərlərin vacibliyini qeyd etdi və Milli Məclisin deputatlarını Ukraynaya dəvət etdiklərini bildirdi.
Görüş zamanı deputatlardan Rüfət Quliyev, Elmira Axundova, Adil Əliyev ukraynalı həmkarlarına xoş münasibətlərini ifadə etdilər. Ölkələrimiz arasında ən müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsi üçün geniş perspektivlərin olduğu bildirildi.
Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən Sergey Taruta, Maksim Kuryaçiy əməkdaşlıqla əlaqədar təkliflərini diqqətə çatdırdılar. Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko fikirlərini bölüşdü.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU