MİLLİ MƏCLİSDƏ UKRAYNALI DEPUTATLARLA GÖRÜŞ

XƏBƏRLƏR
31 mart 2015 | 03:03   
Paylaşın:        

Martın 30-da Milli Məclisdə ölkəmizin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisindəki nümayəndə heyətinin Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşü keçirildi.
QDİƏT Parlament Məclisində nümayəndə heyətimizin üzvü, deputat Musa Quliyev qonaqları salamlayaraq ölkələrimiz və xalqlarımız arasında hər zaman möhkəm dostluq əlaqələrinin olduğunu qeyd etdi. Bildirildi ki, vaxtilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Ukrayna ilə dostluq münasibətlərinə böyük önəm verirdi. Bu gün əlaqələrimiz yüksək səviyyədədir. Ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir.
Qanunvericilik orqanları arasında münasibətlərdən bəhs edən Musa Quliyev bu sahədə Azərbaycan Milli Məclisində və Ukrayna Ali Radasında fəaliyyət göstərən parlamentlərarası dostluq qruplarının rolunu xüsusi qeyd etdi. Eyni zamanda, deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını təqdir etdi. O, hər iki ölkənin QDİƏT Parlament Məclisində təmsil olunan nümayəndə heyətləri arasındakı münasibətləri yüksək dəyərləndirdi. 
Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Roman Nəsirov ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirdi. Parlamentlərarası münasibətlərin möhkəmlənməsində dostluq qruplarının faydalı əməkdaşlığının, deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışdı. Qonaq Ukraynanın QDİƏT Parlament Məclisində nümayəndə heyətinin yeni formalaşdığını bildirdi və qeyd etdi ki, onlar azərbaycanlı həmkarları ilə qarşılıqlı təcrübə mübadiləsi çərçivəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.
Görüşdə siyasi, iqtisadi, sosial, mədəni sahələrdə əlaqələrin genişləndirilməsi, digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU