AZƏRBAYCAN-UKRAYNA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

XƏBƏRLƏR
31 mart 2015 | 05:03   
Paylaşın:        

Martın 31-də Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdülər.
Qonaqları salamlayan Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elton Məmmədov bildirdi ki, Azərbaycan və Ukrayna tarixi dostluq köklərilə bir-birilərinə bağlıdır. Azərbaycan həmişə Ukraynanın suverenliyini dəstəkləyib və dəstəkləyir. Ölkələrimiz GUAM çərçivəsində və digər beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edir və taleyüklü məsələlərdə eyni mövqedən çıxış edirlər. Azərbaycan GUAM ölkələri arasında münasibətlərin daha da inkişafı üçün əlindən gələni əsirgəmir və GUAM-ın öz fəaliyyətini genişləndirməsinin tərəfdarıdır.
Görüş üçün təşəkkürünü bildirən Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Roman Nəsirov Ali Radanın yeni tərkibinin keçən ilin sonunda formalaşdığını diqqətə çatdırdı. Qeyd etdi ki, artıq Azərbaycanla parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupu fəaliyyətə başlayıb və bu həmin qrupun Azərbaycana ilk səfəridir.
Söhbət zamanı qonaqlar dünəndən başlayaraq Azərbayacanda bir sıra faydalı görüşlər keçirdiklərini və Azərbaycanda gördükləri inkişafdan məmnunluqlarını diqqətə çatdırdılar.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU