TƏBİİ EHTİYATLAR, ENERGETİKA və EKOLOGİYA KOMİTƏSİNDƏ

XƏBƏRLƏR
06 aprel 2015 | 09:04   
Paylaşın:        

Aprelin 2-də Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası oldu. Komitənin sədri, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov bildirdi ki, gündəliyə iki məsələ daxil edilib.
Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş yeni neft sazişinin təqdimatında parlamentin on komitəsinin təmsilçiləri, Dövlət Neft Şirkətinin nümayəndələri iştirak edirdilər. Qanun layihəsini slaydlarla təqdim edən Valeh Ələsgərov bildirdi ki, “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” sənəd 34-cü neft kontraktıdır. Bu Saziş Azərbaycan Prezidentinin 22 dekabr 2014-cü il tarixli “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” sərəncamına uyğun olaraq həmin tarixdə bağlanıb. Sənəddə Sazişin əsas kommersiya prinsiplərinə dair müddəalar razılaşdırılıb.
Komitə sədri məlumat verdi ki, Sazişin müddəti üç dövrü əhatə edəcək – ilkin kəşfiyyat dövrü (30 ay), əsas kəşfiyyat dövrü (3 il), işlənmə və hasilat dövrü (23 il). Sənədə əsasən, tərəflər səmərəli və şəffaf iş görməklə bağlı öhdəliklər götürürlər.
Valeh Ələsgərov bir məqamı da xüsusi vurğuladı ki, Azərbaycan neft sahəsində bütün riskləri nəzərə alıb, istənilən Saziş bağlanarkən ilk növbədə ölkəmizin milli maraqları qorunur. BP şirkəti böyük təcrübəyə və texnikaya malik olduğuna görə, Xəzərin Abşeron yarımadasındakı dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatı ona həvalə olunur. Bununla bağlı proqnozlaşdırılan bütün maliyyə xərcləri də həmin şirkətin öhdəliyinə buraxılır.
Fikir mübadiləsi zamanı Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Elton Məmmədov, deputatlardan Sabir Rüstəmxanlı, Zahid Oruc, Bəxtiyar Əliyev, Asim Mollazadə rəy və təkliflərini bildirdilər. Qeyd olundu ki, Azərbaycan neft siyasətində dünya miqyasında özünə möhkəm yer tutmuş tərəfdaşdır. Son iyirmi ildə bağlanmış digər sazişlər kimi, bu saziş də böyük iqtisadi-siyasi əhəmiyyətə malikdir.
Çıxışlardan sonra Valeh Ələsgərov deputatları maraqlandıran suallara aydınlıq gətirdi. Komitə üzvləri bu qanun layihəsinin Milli Məclisin plenar iclasına təqdim olunmasını məqsədəuyğun saydılar.
Gündəlikdəki ikinci məsələ – “Birləşmiş Millətlər Təşkilatının  “İqlim dəyişmələri haqqında” Çərçivə Konvensiyasına dair Kioto Protokolu”na Doha düzəlişinin təsdiq edilməsi barədə” qanun layihəsi də parlamentin plenar iclasına tövsiyə edildi.


 
Milli Məclisin
Mətbuat xidməti

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU