AQRAR SİYASƏT KOMİTƏSİNDƏ

XƏBƏRLƏR
06 aprel 2015 | 09:04   
Paylaşın:        

Aprelin 3-də Aqrar siyasət komitəsində iki qanun layihəsinə baxıldı.
Komitənin sədri Eldar İbrahimov bildirdi ki, Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə daxil olmuş hər iki sənəd əhalinin sağlamlığının qorunması məqsədini daşıyır. Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində genetik modifikasiya olunmuş ərzaq məhsullarının qanunsuz dövriyyəsi ilə bağlı cərimələr artırılır.
Qeyd olundu ki, indiyədək komitədə bir sıra qanunlara geni dəyişdirilmiş məhsullarla əlaqədar dəyişikliklər edilib. Hazırda  müzakirəyə çıxarılan layihələr də qanunvericiliyin uyğunlaşdırılması məqsədi daşıyır.
İclasda Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Vilayət Əlizadə Azərbaycanın Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsinə dair qanun layihələrini ətraflı şərh etdi. Layihəyə görə, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri,  yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını bilərəkdən satmağa görə 3 min manatdan 5 min manatadək cərimə və ya 2 il azadlıqdan məhrumetmə cəzası gözləyir.
Genetik modifikasiya olunmuş bitkilərin istehsalına, həmçinin  bu bitkilərin toxum və tinglərindən istifadə edilməklə yeyinti məhsullarının  istehsalına görə 4 min manatdan 6 min manatadək cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Göstərilən əməllər külli miqdarda törədildikdə isə cərimənin miqdarı 7 min manatdan 9 min manatadək yüksəlir, həbs cəzası isə 2 ildən 5 ilədək nəzərdə tutulur.
Məlumat dinlənildikdən sonra müzakirələr başlandı. Komitə sədrinin müavini Eldar Quliyev, deputatlar Novruzəli Aslanov, İqbal Məmmədov, Arif Əşrəfov, Nazim Fərəcov, komitənin eksperti Zahid Abbasov layihələrə dair rəy və təkliflərini bildirdilər. İnsan sağlamlığının, həmçinin torpaqların münbitliyinin qorunması baxımından bu qanunların vacibliyi vurğulandı.
Səmərəli fikir mübadiləsindən sonra qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU