TƏHLÜKƏSİZLİK VƏ MÜDAFİƏ KOMİTƏSİNİN İCLASINDA

XƏBƏRLƏR
02 aprel 2012 | 09:04   
Paylaşın:        

Martın 29-da Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirildi. İclası açan parlament Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov gündəlikdəki “Silahlı Qüvvələrin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin “Hauptvaxt haqqında” qanuna dəyişiklik edilməsi ilə əlaqədar sənəd layihəsi barədə  məlumat verdi.
Komitə sədri bildirdi ki, əlavə edilən maddəyə əsasən ombudsmana və milli  preventiv qrup üzvlərinə istənilən vaxt maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən qarnizon hauptvaxtlarına daxil olmaq, saxlanılan şəxslərlə təkbətək  görüşmək imkanı verilir. Layihədə onların həmçinin qarnizon hauptvaxtların rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək, ombudsmana isə müvafiq tövsiyyələr vermək və müəyyən edilmiş müddətdə cavab almaq hüququ öz əksini tapıb. Qeyd edildi ki, bu maddə “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” Konstitusiya qanununa edilən dəyişikliklərə uyğunlaşdırılmaq məqsədi daşıyır.
Deputatlar qanuna edilən dəyişikliyi yüksək qiymətləndirərək, insan haqlarının qorunmasi istiqamətində atılan daha bir addım olduğunu qeyd etdilər.
Sonda sənəd yekdilliklə parlamentin plenar iclasına tövsiyyə olundu.


Milli Məclisin
Mətbuat xidməti

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU